| 
						 
						
						
						 Martın 
						13-də Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud 
						uşaqlar üçün 5 nömrəli internat məktəbində "Fitnə", "Şah 
						və xidmətçi" və "Humayın yuxusu" adlı cizgi filmlərinin 
						təqdimatı keçirilib.  
						
						
						Təhsil Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi 
						ilə Bakı Şəhər Kino Xidməti İdarəsi və Gözdən Əlillər 
						Cəmiyyəti tərəfindən "Sərhədsiz kino" layihəsi 
						çərçivəsində hazırlanmış bu filmlər görmə və eşitmə 
						imkanları məhdud uşaqların başa düşməsi üçün tiflo və 
						surdo şərhləri ilə təmin olunub. 
						
						
						Təqdimat mərasimində Təhsil, Mədəniyyət və Turizm, 
						Gənclər və İdman, Rabitə və Yüksək Texnologiyalar, 
						Səhiyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri 
						üzrə Dövlət Komitəsinin, Ombudsman Aparatının, Nərimanov 
						Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
						 
						
						
						Cizgi filmlərinin təqdimatından sonra məktəbin istedadlı 
						uşaqlarının ifasında bədii proqram nümayiş olunub. 
						Proqramın aparıcıları  Novruz bayramı münasibəti ilə 
						tədbir iştirakçılarını təbrik edərək xalqımızın  
						müqəddəs bayramlarından olan Novruz adət-ənənələrindən 
						danışıblar.  
						
						
						Şagirdlərin təqdim etdikləri bütün nömrələr, xüsusən də 
						Bahar qızın meydana gəlişi, təmsil etdiyi fəslin şəninə 
						söylədiyi şeir və mahnılar, Keçəllə Kosanın məzəli 
						dialoqu, ayrı-ayrı şagirdlərin ifaları, yumurta 
						döyüşdürmələri, idman nömrələri bayram iştirakçılarında 
						xoş ovqat yaradıb. 
						
						  
						
						
						
						Rəşad RAMAZANOĞLU, 
						"Azərbaycan müəllimi"   |