| 
						 
						
						Azərbaycan Dövlət Filarmoniyasında uşaq və gənclər 
						arasında xalq çalğı alətləri ifaçılarının III respublika 
						müsabiqəsi qaliblərinin yekun konserti keçirilib. 
						
						
						Konsertdə çıxış edən  mədəniyyət və turizm nazirinin 
						müavini Sevda Məmmədəliyeva və Üzeyir Hacıbəyli adına 
						Bakı Musiqi Akademiyasının professoru, xalq artisti 
						Ramiz Quliyev  müsabiqənin əhəmiyyətindən söz açıblar.  
						Bildirilib ki,  Mədəniyyət və Turizm Nazirliyinin 
						Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin 
						təşkilatçılığı ilə keçirilən müsabiqədə  əsas məqsəd 
						Azərbaycanda musiqi təhsilinin inkişaf etdirilməsi, xalq 
						çalğı alətlərinin təbliği, gənc istedadların üzə 
						çıxarılması, onların peşəkarlıq səviyyələrinin 
						yüksəldilməsidir. 
						
						
						2 turdan ibarət olan  müsabiqədə 6 ixtisas (tar, 
						kamança, kanon, qarmon, balaban, saz) və 3 yaş qrupu 
						(10-12 yaş, 13-15 yaş, 16-18 yaş) üzrə respublikada 
						fəaliyyət göstərən uşaq musiqi və incəsənət 
						məktəblərindən, musiqi kolleclərindən, Azərbaycan Milli 
						Konservatoriyasından, Respublika İncəsənət 
						Gimnaziyasından, Bülbül adına Orta İxtisas Musiqi 
						Məktəbindən, Qafqaz Universitetindən  şagird və 
						tələbələr iştirak ediblər. Müsabiqənin əsasnaməsinə 
						uyğun olaraq, birinci turda etüd, Azərbaycan və dünya 
						bəstəkarlarının pyesləri, həmçinin saz və aşıq havaları, 
						ikinci turda isə irihəcmli əsərlər, muğam, ənənəvi saz 
						və aşıq havaları ifa  olunub. Müsabiqə çərçivəsində 
						müvafiq ixtisaslar üzrə ustad dərsləri də keçirilib. 
						Birinci turda müvəffəqiyyətlə iştirak etmiş 150 şagird 
						və tələbə ikinci turda iştirak etmək  hüququ qazanıb. 
						Müsabiqədə  fərqlənənlər Mədəniyyət və Turizm 
						Nazirliyinin I, II, III dərəcəli diplomlarına və laureat 
						adına layiq görülüblər. 
						
						
						Sonda  qaliblərin  yekun konserti maraqla  
						qarşılanıb.                     
						
						
						Sifai SƏFƏROVA, 
						"Azərbaycan müəllimi"  |