| 
						 
						
						 Ağdam 
						rayonu Ağcabədi, Tərtər, Bərdə, Kəlbəcər, Əsgəran və 
						Xocavənd, həmçinin Füzuli rayonları ilə həmsərhəddir. 
						Ərazisi 1,15 min kv. km, əhalisinin sayı isə 186,1 min 
						nəfərdir (01.04.2013). Rayon kimi yaranma tarixi 08.08. 
						1930-cu il. Ağdam rayonunda 1 şəhər, 2 qəsəbə (Quzanlı, 
						Açarlı), 123 kənd vardı.  
						
						
						Rayonun mərkəzi olan Ağdam Bakıdan 362 km məsafədə, 
						Qarqar çayının sahilindən 3 km aralı, Qarabağ düzünün 
						cənub-qərbindədir. 
						
						
						Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri 
						minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib 
						çatmışdır. "Ağdam" sözü qədim türk dilində "kiçik qala" 
						deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli 
						qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik 
						qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının 
						mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağ 
						xanı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət 
						tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət 
						ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə 
						çevrilib. Bu mənada "Ağdam" - günəş şüaları ilə 
						nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam rayonunda çoxlu 
						sayda tariximizin şahidi olan memarlıq abidələri var. 
						Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində 
						yerləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki 
						Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli 
						kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd 
						kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və 
						məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun 
						nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq 
						qalası və s. memarlıq abidələri bu yurdun qədim 
						Azərbaycan torpağı olduğunu təsdiq edir. Tariximizin 
						sirdaşı, ev ünvanı olan bu abidələr Ağdamın keçmişinin 
						qaranlıqlarına işıq saçaraq dünənindən bu gününə soraq 
						verir. Rayonun ərazisində 50-ci illərdən başlayaraq 
						aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur 
						ki, Ağdamın ərazisi qədim insanların yaşayış 
						məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal 
						Nərmanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji 
						tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar 
						rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, 
						Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, 
						"misdaş" dövrü adlanır) yaşamış, qədim əkinçilik və 
						maldarlıq mədəniyyətinə bələd olmuşlar. Alim rayonun 
						digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə 
						və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji 
						tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid 
						(e.ə. II minilliyin birici yarısı) dulusçuluq, 
						metaləritmə, zərgərlik və digər sahələrə aid maddi 
						mənəvi abidələr aşkar edib. Buradan tapılan taxıl və 
						üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali 
						oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə 
						malik olmuşdur.  
						
						
						
						 Ağdam 
						ağır, yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd 
						təsərrüfatına malik rayon idi. 
						
						
						Ağdamda dəzgah avadanlıqları, aerokosmik və rabitə 
						cihazları, metis-furnitur, traktor və avtomobil təmiri, 
						asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, 
						şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça 
						fabriki, taxıl məhsulları, tikinti materialları və ət 
						kombinatları, iki dəmiryol vağzalı və aeroport, 
						avtomobillərə texniki xidmət stansiyaları, məişət 
						xidməti kombinatı, elektrik şəbəkəsi, kənd təsərrüfatı, 
						kənd təsərrüfatının mexanikləşdirilməsi və 
						elektrikləşdirilməsi stansiyaları, Üzeyir Hacıbəyov 
						adına musiqi texnikumu, Ə.Haqverdiyev adına    Ağdam 
						Dövlət Dram Teatrı fəaliyyət göstərirdi. Həmçinin, 38 
						kolxoz və sovxoz, 24 tikinti-quraşdırma idarəsi, 12 
						sənaye müəssisəsi, 74 məktəb, 105 səhiyyə müəssisəsi, 
						271 mədəniyyət evi, 67 idarə, 99 klub işğal altında 
						qalmışdır. 
						
						
						Rayon ərazisinin 1700 hektarı meşəlik, 28 min hektar 
						sahə isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət 
						idi. Kənd təsərrüfatının istiqaməti, əsasən, 
						pambıqçılıq, üzümçülük və heyvandarlıqdı. 
						
						
						Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində 
						qurmuş Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək 
						məqsədilə 1988-ci ilin fevral ayından başladığı 
						müharibəyə Ağdam rayonu da cəlb olunmuş, hadisələrin ilk 
						günlərindən ən böyük ağırlıq Ağdam rayonunun üzərinə 
						düşmüşdür, 1988-ci ilin son aylarında Ermənistandan-öz 
						dədə-baba yurd-yuvasından, daha sonra isə Dağlıq 
						Qarabağdan doğma ocaqlarından qovulub çıxarılan on 
						minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah 
						gətirmişdi. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə 
						işğal edən Ermənistan bununla kifayətlənməyərək, Dağlıq 
						Qarabağın ətrafında yerləşən rayonlara da dişini qıcadı. 
						
						
						 Ermənistanın separatçı hakimiyyəti bəzi xarici 
						dövlətlərin yaxından köməyi, bilavasitə iştirakı ilə 
						Şuşa, Laçın, Kəlbəcər rayonlarını işğal etdikdən sonra 
						Ağdamı hədəf seçdi. Ermənilər bu rayonu da ələ keçirmək 
						üçün irimiqyaslı hücum əməliyyatlarına başladılar. 
						1993-cü il iyun ayının 11-dən başlayaraq bu hücum həmin 
						ilin iyul ayının 23-də Ağdamın işğalı ilə başa çatdı. 
						1905-1907-ci illərdə, 1918-1920-ci illərdə düşmən ayağı 
						dəyməyən Ağdam beşillik mübarizədən sonra işğal olundu. 
						
						
						1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz 
						nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 
						kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini 
						işğal etməyə nail oldular. İşğal edilmiş Ağdam şəhəri və 
						rayonun 89 kəndi bəşər tarixində bənzəri olmayan bir 
						vəhşiliklə darmadağın edilərək yerlə-yeksan edildi. 
						Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı 
						döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 
						nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik 
						qazanmış, 126 min (1993) nəfərdən artıq ağdamlı öz doğma 
						ev-eşiyindən didərgin düşmüşdü.  
						
						  
						
						
						Rəsmi materialların 
						əsasında hazırlanıb  |