| 
						 
						
						 Abbasqulu Ağa Bakıxanovun 
						"Kitabi-Əsgəriyyə" hekayəsinin adından göründüyü kimi, 
						bu, müəllifin əsərinə ad qoyması ilə yanaşı, həm də onun 
						janrının müəyyənləşdirilməsi cəhdidir. "Kitabi-Dədə 
						Qorqud" dastanından başqa ədəbiyyat tariximizə 
						"Kitabi-Məhəmmədiyyə" (Məhəmməd Əfəndi Yazıçızadə, 
						İstanbul, 1863), "Kitabi-Seyfəlmülk"(1887), 
						"Kitabi-Qəhrəmannameyi-türki" (1911), 
						"Kitabi-Rüstəmnameyi-türki", "Kitabi-Dədə Muxtar" 
						(1913), "Kitabi-Muxtarnamə" kimi əsərlər də məlumdur. 
						"Kitab" sözünün bir ədəbi termin olaraq epik növün 
						irihəcmli əsərlərinin adlandırılması Qədim yunan 
						ədəbiyyatından məlumdur. Çox qədim bir tarixə malik olan 
						süjetin əsrlərlə yeni fabulada, yeni üslubda inkişafını 
						müşahidə edirik ki, bunun da ən yaxşı izahını görkəmli 
						ədəbiyyatşünas-kulturoloq Əhməd bəy Ağayevin sözləri ilə 
						verə bilərik: "Fəqət həyat bir külli-tamdır, ikiyə 
						bölünməz.., Yenilik, əskilik yoxdur. Yalnız hər hansı 
						zamanda müasirləşmək vardır. Müasirləşmək isə mazinin 
						hal ilə imtizac etməsindən ibarətdir... İştə o zaman 
						həyatın təcəllası olan ədəbiyyat da yolunu, istiqamətini 
						bularaq təqlidçilikdən qurtarır".   
						
						
						"Kitabi-Əsgəriyyə" hekayəsinin sərlövhəsinə çıxarılmış 
						baş qəhrəmanının adı da müxtəlif məna çalarlarına görə 
						diqqətəlayiqdir. Ərəb dilində daha çox "ən kiçik" 
						mənasında işlənən "əsgər" sözü həm də "dil və ürək" 
						mənasını  ifadə edir. Əsərin ekspozisiyasında Əsgərin 
						cəmiyyətdə mövqeyi "ol cavani-suxtəcan həmişə 
						rüəsi-mənabirdə və məcməi-əkabirdəvü əsağirdə 
						mərsiyəxan" kimi səciyyələndirilir ki, burada da 
						qəhrəmanın adı mövqe kimi çıxış etmiş olur. Bu xüsus da 
						Əsgər kimi kiçiklərin cəmiyyətdəki halının ifadəsini 
						müəllifin ideya istiqamətlərindən biri kimi başa 
						düşməyimizə imkan yaradır.  
						
						
						"Əsgər" adının  "Dil və ürəyin bir olmaq" ifadəsi isə öz 
						mənasını  hekayədə şeir parçasındakı "Göftarı 
						fünuni-mehrə inkar" misrasında tapır. Əsgərin 
						"Söhbətinin məhəbbət fənninə inkar olması" özünü iki 
						aspektdə göstərir. Birincisi, mərsiyəxan olmaqla Əsgər 
						İslam şəhidlərinə olan "məhəbbətini" gəlir mənbəyinə 
						çevirməlidir. "Leyli"sinə olan məhəbbətinin bəhrəsini 
						isə doğru yolla qazana bilməyəndə  hiylə yolu ilə əldə 
						etməyə çalışır. 
						
						
						  Hekayənin süjet xətti Əsgərin oxuculara təqdimi ilə 
						başlayır: "Adı çəkilmiş canı yanan sadiq aşiq və təngə 
						gətirilmiş olan halı pərişan biçarə aşiqin əhvalının 
						qısaca xülasəsi möhnəti-məlalda rəftarının izahı oldur 
						ki, Quba şəhərində Ahəngərzadə Əsgər adlı bit təzə 
						yetişmiş şirin cavan cazibədar xasiyyətli olub ki, hüsnü 
						söhbət bəyanında və gözəllikdə zahiri cəhətdən camalda 
						bənzəri yox idi". Əsgərin tərifini tamamlamaq üçün əlavə 
						etdiyi nəzm parçasında da onun daxili məziyyətlərini 
						deyil, zahiri cazibəsini tərənnüm edir və etirafnamə 
						olaraq bunu deməyi də özünə borc bilir ki, "Göftarı 
						fünuni-mehrə inkar"dır ("Söhbəti məhəbbət fənninə 
						inkardır").  Bununla da müəllif Əsgərin məşğul olduğu 
						mərsiyəxanlıq peşəsinə öz münasibətini göstərmiş olur. 
						Bakıxanovun hekayənin əvvəlində vurğuladığı kimi, 
						mövzunu "incə mətləb ilə ağıl sahiblərinə" bəyan 
						etdiyindən  və "bu ləzzətli üslubla nişanələr qələmini 
						yürütdü"yündən  həqiqətə varmaq üçün əsərin hər cümləsi 
						oxucudan dərin mühakimələr tələb edir. "Nişanələr 
						qələmilə" ifadəsi yazıçının əsərini eyhamların dili ilə 
						yazmasının etirafıdır. Bakıxanovun tənqidi münasibəti 
						əsərin girişindən etibarən özünü göstərməyə başlayır. 
						Hər iki şeir parçasında lirizmi inkar yekunlaşdırır. 
						
						
						 "Kitabi-Əsgəriyyə" hekayəsinin əsas qəhrəmanı Əsgər 
						ustadının gözəllikdə misli olmayan qızı ilə ünsiyyət 
						bağlayıb  gün-gündən məhəbbətini artırır: "...arzunun 
						əlaməti bir məqama yetdi ki, zövqi-aləmdə guya iki 
						cismdə bir ruh oldu." Bu ərəfədə müəllim olan mərsiyəxan 
						qəflətən dünyasını dəyişir. Hekayənin "zavyazkası" da 
						buradan başlayır. Hadisələrin təsviri tamamilə lirik 
						intonasiyadan çıxıb satirik-yumoristik çalar alır: "Bu 
						əsnada məlum olan müəllim hadisələr aləmindən əlaqələr 
						bağını qırıb bəzəkli hurilərlə qucaqlaşdı və şərab 
						piyaləsinin nəşəsi ilə paklaşdı (rəhmətullahi-əleyh)". 
						
						
						Mərsiyəxan son nəfəsində vəsiyyətini oz tələbəsinə edir: 
						"...əhli-beyti-naşünasın (tanınmayan ev adamlarını), 
						xüsusən, Hüseyn və Abbasın və miras qalan mal-mülkündən 
						(müxəlləfatdan)  əmmamə, pustin (kürk) və əbasın, cübbə, 
						şanə (daraq), misvak və ridasın (dərvişlərin çiyinlərinə 
						atdıqları yun qumaş), küləcə (yarımxəz üst geyimi), 
						şali-kəmərbənd (parçadan olan belbağı) və qabasın (üst 
						paltarı) ol cavana həvalə edib yerində canişin etdi". 
						Mərsiyəxan iki oğlunu, qızı və arvadını cüzi 
						"müxəlləfat" ilə yeniyetmə bir gəncin himayəsinə verir. 
						Cavan mərsiyaxanın boynuna vəlilik və vəsilik  kimi ağır 
						vəzifə qoyulur. Lakin cavan aşiq  bu yükün ağırlığından 
						xəbərdar deyil, o, hələ özgə xəyaldadır: "O, dəxi nişatü 
						nəhayət sevincdən ürəyi açılaraq görüş məkanına məhrəm 
						olub zövqlə ruzigarın keçirirdi". O zamana qədər ki, 
						 cahil mühit, bekar və sözgəzdirən adamlar bu 
						ünsiyyətdən xəbər tutur. Bu məqam əsərin yüksələn xətlə 
						inkişaf edən konfliktinin birinci mərhələsini təşkil 
						edir.  Konflikt burada, əslində, fərdlər arasında deyil, 
						ənənə və şəriət arasındadır:  formal əxlaq tərəfdarları 
						və İslamın verdiyi azad nikah haqları qarşı-qarşıya 
						gəlir. Lakin elmsiz bir cəmiyyətin sütunları yalnız 
						ənənədir: "Avam adamların idrak və mərifətlərinin yüksək 
						dərəcəsi təqliddir. Onlar heç bir halda təqliddən kənara 
						çıxmağa qadir deyillər. Etdikləri hər cür təhqiqat və 
						təfəkkür zirəklikdən deyil, adət üzündəndir". 
						
						
						Yazıçı sevgililərin qovuşmasındakı maneələri 
						"dəsti-müsibət" adlandırır. Bu maneələrdən birincisi 
						"bivəfa ərdəbillilər"dir ki, mərsiyəxanın qızının 
						dilindən onların mühiti tənqid olunur: 
						
						
						Yoxdur bizə bir rəhm qılan sahibi-namus, 
						
						
						Səd ah, səd əfsus! 
						
						
						Bu şəhirdə bir mö`münü dindar tapılmaz, 
						
						
						Gər var, tapılmaz. 
						
						
						Bu müsibət dəstinə qızın qardaşları olan Hüseyn və Abbas 
						da daxildir: "Ah bunları bu hal ilə görüb və 
						dəsti-müsibət başa vurub kim gəldi? 
						
						
						Beyt 
						
						
						Hüseyn! Hansı Hüseyn? Dudmanın şərəfi, 
						
						
						Desəm dürüstünü əhli-zəmanə naxələfi. 
						
						
						Qız öz qardaşına qarğış  edərək " Ah qardaş, kaş sənin 
						kimi naxələf ölə idi, bu günləri görməyə idi", onu 
						"əxül-idbar" da adlandırır.  
						
						
						Daha sonra yazıçı  xarakterin açılmasına kömək edən 
						dialoqa müraciət edir:  
						
						
						- Ey arami-canım! Fikr elə ki, atandan qalan əmmaməni 
						başıma qoyub, əbasın çiynimə salıb və Abbasın qucağıma 
						alıb bir nifrin eləyərəm ki, düşmənlərimizdən biri də 
						yer üzündə qalmaz. 
						
						
						- Ey aşiqi-mehribanım! Bu sözlər fayda verməz. Bir fikir 
						elə ki, bu yerə gəlmək üçün əlində bəhanə olsun və xalq 
						bədgüman etməsin. 
						
						
						Əsgərin xarakterinin açılması üçün burada yazıçı oxucunu 
						bir qədər intizarda saxlayır. Əsgərin nitqindəki 
						ironiyanın onun özünə, yoxsa müəllifə aid olduğunu hələ 
						qəti müəyyənləşdirmək olmur. Hekayədə obrazların 
						xarakteri onların öz nitqində açıldığı üçün hər bir 
						növbəti dialoq məhz bu məqsədə xidmət edir.   
						
						
						Əsgərin maneələri aşmağa qüdrəti yoxdur. Buna görə də o, 
						sevgilisi ilə bəhanəsiz görüşə bilməyəcəyi üçün hiyləyə 
						əl atmalı olur: "- Ey yari mehribanım! On şahi pul sənə 
						verim, amma məni rədd etmə, hər vaxt gəlib ol məbləği 
						geri tələb eyləsəm, hər bəhanə ilə təxir et. Bəlkə bu 
						vəsilə ilə bir-birimizi görmək müyəssər ola."  Lakin bu 
						bəhanə də "alçaqları bəsləyən aləm" içində fayda vermir. 
						Bu məsələni maraqlı bir hadisə kimi məhəllə rəisinə 
						çatdırırlar. O da öz növbəsində əmr verir ki, aşiqi 
						harada görsələr, tutub işgəncə versinlər. Əsgərin bu 
						mübarizədə silahı qanun və dəlil deyil, and və qarğış 
						olur. Axır bir gün "çörəyin üstünə kərə yaxıb yola 
						çıxır" və məhəllə rəisinə öz and və qarğışını yetirir. 
						Və bununla da yuxarıdakı bəhsimizə aydınlıq gətirilmiş 
						olur ki, Əsgərin mövhum inancları müəllifin istehza 
						obyektidir. Məhəllə rəisi üçün də məsələni qanunlar 
						deyil, qorxu və xof həll etmiş olur. Üstəlik, əgər 
						"çörəyin üstünə kərəni" rəisə bağışlanmış hədiyyə kimi 
						başa düşsək, mövzuya bir də rüşvət məsələsini əlavə 
						etmiş olarıq. Amma qeybət daha amansızdır. Məhəllə 
						adamları arasında söz-söhbət kəsilmədiyindən Əsgərin 
						sevgilisi Quba şəhərini müəyyən müddətə tərk etməli 
						olur. Bu ayrılıq məqamında sevgililərin göz yaşı, ahı və 
						naləsi mübaliğəli və xəfif bir yumoristik dillə 
						hekayənin yeni mövzusuna çevrilir: "Xülasə, növbənöv 
						nalə və şivən ilə bir-birindən vida edib, məşuqə səfər 
						qıldı"; "Ol qəmli məzlumə dəxi, gündüzlər qərarsız axan 
						göz yaşlarını yollara sübut edərdi, gecələr yataq 
						otağının şə`mini ah alovu ilə yandırardı. Göz yaşı və 
						nalə ilə qapanaraq gəzirdi, ürək qəmli, göz nəmli, hər 
						mənzilə kim vürud edər, bu növ`ilə nəğmə deməyə 
						başlayardı". Nəhayət, vüsal dəmi yetişir, lakin ardınca 
						daha böyük bir fəlakət gətirmiş olur. Konfliktin ikinci 
						düyünü: Əsgərin sevgilisi bildirir  ki, "...atan vəsfini 
						bəyan etdiyindən mehriban anam dəxi ona aşiq olmuşdur". 
						Bu yeni situasiya Əsgərin göz yaşını artırsa da, 
						oxucunun daha şiddətli gülüşünə səbəb olur. Əsərdə 
						tədbirli bir obraz kimi çıxış edən sevgili qız  qanun və 
						şəriəti yada salır: "Nə ola əgər varub şəriət ehkamında 
						diqqətlə araşdırasan, əgər caiz və mübah (şəriətcə haram 
						və məkruh olmayan şey) olsa, məni sən aldıqdan sonra 
						hörmətli validəmi də ki, böyük mövqe tutmuş validinin 
						təzvici (nikahı) ilə şad qılasan".  Gülüş getdikcə 
						şiddətlənir və yenə öz hədəfini "ustad" mərsiyəxanın 
						üzərinə yönəldir: "...əhli-beyt arasında təfriqə 
						düşməsin. Və Abbas, Hüseyn bir-birindən ayrılmasın və 
						başsız qalmış mirasın cəminə (Miras da ki məlumdur - 
						K.Nəhmətova)  malik olub alimiqdar validim  məqamında 
						onu əvəz edən ada sahib olasan". Bu cümlədə yenə 
						mərsiyəxanın zahiri atributlarla bəzədiyi həyatı 
						yazıçının satirik gülüşünə hədəf olur.    
						
						
						Əsgər məsələni şəriət baxımından aydınlaşdırmaq üçün 
						dövrünün "yeganəsi" hesab olunan "fəzilət sahibi bir 
						alimə" müraciət edir. Əsgərin sualı əsərin konfliktinin 
						əsas kulminasiya nöqtəsidir: "Bir kimsə əgər 
						həddi-büluğa çatmamış bir qızı nikah yaşına qədər 
						böyütsə, qəflətən nikahlı atasının qızın anasından 
						izdivac mənfəəti alması caizdirmi?". Lakin alim bu 
						məsələni şəriət qanunlarına əsasən həll etmək əvəzinə, 
						"məzhəbi-eşq", "fitvayi-piri-eşq" (eşq təriqətinin 
						başçısının hökmü) kimi mücərrəd və əsassız anlayışlarla 
						məsələni həllolunmazlığa qədər gətirib çıxarır. " Hələ 
						ki mətləb düyünlərinin çözümü yubanırdı" və bununla da 
						konfliktin üçüncü mərhələsi razvyazkasız finala qədəm 
						qoyur.   Lakin şəriətdə bu məsələdə heç bir maneə 
						yoxdur. Problemin təzahür etdiyi "ərdəbillilər" 
						məhəlləsinin inandığı şiə məzhəbinə görə də məsələ 
						"caiz" deyə həll olunmalıdır. Ortada ikinci bir məsələ 
						də var ki, bu da Əsgərin sevdiyi qıza, onun anasına və 
						qardaşlarına qəyyumluğudur. Lakin bu məsələdə də 
						şəriətcə heç bir qadağa görünmür, çünki  vəli olan 
						gənclə onun sevdiyi qız arasında əvvəldən heç bir 
						qohumluq əlaqəsi olmamışdır. Konflikti mürəkkəbləşdirən 
						daha mühüm bir məsələ də yalnız böyüdücü rakursdan 
						baxdıqda nəzərəçarpacaq bir xüsusdur ki, bu da qızın 
						hələ həddi-büluğa çatmamasıdır. Bu məsələni yazıçı ötəri 
						bir ifadənin içərisində gizləmişdir: "Bir kimsə əgər bir 
						səbiyyəni həbaleyi-nikahə gətirsə,..". Bütün bunlarla 
						yazıçı kiçik bir məhəllədə böyük kolliziyalar yaratmaqla 
						dövrünün minipanoramını göz önünə gətirməyə çalışmışdır. 
						
						
						Final: Əsgər o qədər  nalə və şivən qopardı ki, bihuş 
						olub zahirə açılan gözləri qapandı və bəsirət gözü 
						açıldı. Yuxu aləmində gördü ki, ustadı minbərə çıxıb 
						moizələr edərkən onu çağırıb qızını Əsgərə nikahlayır: 
						"- Ey gözümün işığı! Xoştale qızımı sənə nikahladım. 
						Bundan sonra mənim malım və əyalım sənə məxsusdur. Amma 
						gərəkdir ki, mənim Abbasımı əziz tutasan, nəvazişlər 
						edəsən". Əsgər yuxunu xeyrə yozub dostlarına danışır və 
						"cəlal sahibinin yardım edən lütfünü arzulamaqla uzun 
						müddət gözləyir". Göründüyü kimi, hekayə Əsgərin 
						xarakterinə uyğun olaraq  mövhumi sonluqla bitir və 
						konflikt həll olunmamış qalır.  
						
						
						"Kitabi-Əsgəriyyə" əsərinin çoxcəhətli xüsusiyyətləri 
						ilk tədqiqatlardan etibarən bir çox alimlərin diqqətini 
						çəkmiş və əsərin janrının müəyyənləşdirilməsi üçün 
						hərtərəfli təhlilə ehtiyac olduğunu hiss etdirmişdir. 
						Əsərin realist səpgisi, klassik ənənələrə gətirdiyi 
						yeniliklər H.Əfəndiyev, F.Qasımzadə, Z.Əsgərli və b. 
						tərəfindən Abbasqulu Ağa Bakıxanovun novatorluğu kimi 
						qiymətləndirilmişdir. Lakin bütün elmi təhlillərdə 
						"Kitabi-Əsgəriyyə" lirik hekayə kimi dəyərləndirilir. 
						Əsərin mürəkkəb tərkibli dilinin çətinliklərini aradan 
						qaldırdıqda təhkiyənin dili və üslubu, müəllifin 
						hadisələrə və obrazlara münasibəti daha aydın nəzərə 
						çarpdığından  obyektiv təhlilinə nail olmaq mümkündür.
						 
						
						
						Təhkiyənin lirik-psixoloji motivlərlə zəngin ironik 
						pafosunu, süjet xəttinin inkişafının komik dramatizmini 
						nəzərə alaraq onu  satirik-yumoristik hekayə 
						adlandırırıq. Hekayənin zəngin cəhətlərindən biri də 
						budur ki, burada gülüşün müxtəlif çalarlarından istifadə 
						olunmuşdur. Kinayə ilə yoğrulmuş müəllif təhkiyəsi 
						kolliziyaların toqquşmasında sarkazma çevrilir. Eyni 
						zamanda əsər boyunca aşiqin göz yaşlarının yumoristik 
						təsviri özünü göstərməkdədir ki, bu islahedici gülüş 
						yazıçının öz qəhrəmanına aşiqliyindən dolayı rəğbətindən 
						doğur.  
						
						
						 "Kitabi-Əsgəriyyə" hekayəsində "zövqəngiz" dillə hər 
						dövr üçün aktual olan çox ciddi ictimai-fəlsəfi problem 
						qoyulmuşdur: cəmiyyəti qanunlarmı, yaxud ənənəmi idarə 
						etməlidir?!  Bakıxanovun  didaktik əsərlərindən və bir 
						sıra rəsmi məktublarından görürük ki, qanun deyəndə ədib 
						ilk növbədə şəriət qanunlarını nəzərdə tuturdu. Yazıçını 
						narahat edən ikinci bir sual isə bu idi: Şəriət kimlərin 
						əlindədir və ondan hansı vasitələrlə istifadə edilir?  
						Bu sualı A.Bakıxanov "Kitabi-Əsgəriyyə"də eyhamla 
						qoymuş, Cəlil Məmmədquluzadə "Danabaş kəndinin 
						əhvalatları"nda açıq cavabını vermiş, Nəriman Nərimanov 
						"Bahadır və Sona" romanında və Sultan Məcid Qənizadə 
						"Məktubati-Şeyda bəy Şirvani" dilogiyasında problemin 
						bədii-estetik həllini tapmağa çalışmışlar. A.Bakıxanovun 
						öz hekayəsində tənqid hədəfinə çevirdiyi ictimai 
						stereotiplər XIX əsrin digər maarifpərvər ədiblərinin də 
						əsərlərində öz etoloji əksini tapmaqla artıq bədii 
						yaradıcılığın problematikasına çevrilmişdir.  
						
						
						Könül NƏHMƏTOVA, 
						filologiya üzrə fəlsəfə doktoru, 
						"Azərbaycan müəllimi"   |