| 
						 
						
						
						  Azərbaycanda 
						səfərdə olan Avropa Komissiyasının sədri Joze Manuel 
						Barrozu iyunun 14-də "ADA" Universitetində "Avropa 
						İttifaqı-Azərbaycan: Yeni imkanlar və çağırışlar" 
						mövzusunda mühazirə oxumuşdur. 
						
						
						AzərTAc xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, Milli 
						Məclisin deputatları, ali təhsil məktəblərinin 
						rektorları və diplomatlar iştirak etmişlər. 
						
						
						Görüşdə çıxış edən "ADA" Universitetinin rektoru Hafiz 
						Paşayev demişdir ki, Azərbaycan hazırda Avropa İttifaqı 
						ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Rektor təhsil, 
						elm, ticarət və enerji sahələrində uğurlu layihələrin 
						olduğunu bildirmişdir. H.Paşayev demişdir ki, Azərbaycan 
						Avropa İttifaqı ilə münasibətlərini daim inkişaf 
						etdirmək və yeni layihələr həyata keçirməkdə maraqlıdır. 
						
						
						Avropa Komissiyasının sədri Joze Manuel Barrozu 
						bildirmişdir ki, Azərbaycanda böyük irəliləyişlər baş 
						verir. O qeyd etmişdir ki, səfəri çərçivəsində 
						Azərbaycan və Avropa İttifaqı arasında təhsil sahəsində 
						əməkdaşlığı daha da genişləndirməklə bağlı razılıq əldə 
						olunmuşdur. J.M.Barrozu qeyd etmişdir ki, "ADA" 
						Universiteti nümunəvi təhsil ocaqlarından biri kimi bu 
						istiqamətdə böyük rol oynaya bilər. O, Avropa 
						İttifaqının təhsil proqramları çərçivəsində "ADA" 
						Universiteti ilə əməkdaşlıqdan məmnun olduqlarını 
						bildirmişdir. 
						
						
						Azərbaycanın Şərq ilə Qərb arasında körpü olduğunu deyən 
						Avropa Komissiyasının sədri ölkəmizin regional və 
						beynəlxalq məsələlərin həllində mühüm rol oynadığını 
						qeyd etmişdir. Azərbaycanın həyata keçirdiyi mühüm 
						enerji layihələrinin əhəmiyyətindən danışan J.M.Barrozu 
						"Cənub" qaz dəhlizinin reallaşdırılmasının birgə 
						prioritetlərdən olduğunu bildirərək demişdir: "Bu 
						layihənin həyata keçirilməsi Avropa İttifaqının 
						Azərbaycanın enerji resurslarına çıxışını təmin 
						edəcəkdir. Eyni zamanda, bu layihə Aİ ilə Azərbaycan 
						arasında daha dərin iqtisadi əməkdaşlığa imkan verəcək, 
						30 min yeni iş yerinin açılmasına şərait yaradacaqdır". 
						J.M.Barrozu qeyd etmişdir ki, "Cənub" qaz dəhlizi həm 
						Azərbaycanın iqtisadi inkişafına, həm də Avropanın 
						enerji təhlükəsizliyinin təmininə töhfə olacaqdır. 
						
						
						Avropa Komissiyasının sədri bildirmişdir ki, Azərbaycan 
						ilə Aİ arasında viza rejiminin sadələşdirilməsi 
						istiqamətində işlər aparılmışdır. Bu sahədə 
						irəliləyişlərin olması ünsiyyəti və əlaqələri daha da 
						asanlaşdıracaqdır. 
						
						
						Joze Manuel Barrozu vurğulamışdır ki, Dağlıq Qarabağ 
						münaqişəsi Azərbaycan üçün ağrılı məsələdir. O demişdir: 
						"Atəşkəs rejiminin əldə olunmasından 20 il keçməsinə 
						baxmayaraq, hələ də sülh əldə edilməmişdir. Biz tərəflər 
						arasında sülhə nail olunmasını istəyirik və Minsk 
						qrupunun bu istiqamətdə fəaliyyətini dəstəkləyirik. 
						
						
						Biz əlimizdən gələni etməliyik ki, Dağlıq Qarabağ 
						münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında 
						həllinə nail olaq". 
						
						
						Avropa İttifaqının Azərbaycanın suveren hüquqlarına 
						hörmətlə yanaşdığını deyən J.M.Barrozu tərəfdaşlığın 
						sülh və rifaha əsaslandığını qeyd etmişdir. O 
						bildirmişdir ki, gələcək təhsil və elmlə bağlıdır. Biz 
						Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığı bu 
						istiqamətdə qurmağa çalışırıq. 
						
						
						Avropa Komissiyasının sədri bildirmişdir ki, ilk Avropa 
						Oyunlarının Bakıda keçirilməsi Azərbaycanı dünyaya daha 
						yaxından tanıtmağa imkan verəcəkdir. J.M.Barrozu 
						demişdir: "Azərbaycanın intellektual imkanları onun 
						təbii resurslarından qat-qat üstündür. Azərbaycanda 
						qədim tarix, zəngin mədəniyyət vardır".   |