| 
						 
						
						Mayın 30-da Təhsil Problemləri İnstitutunda ulu öndər 
						Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü 
						münasibətilə təşkil edilmiş "Ən yaxşı bloq" 
						müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi 
						keçirilib. Mərasimdə Təhsil Problemləri İnstitutunun 
						direktoru Qulu Novruzov çıxış edərək bildirib ki, 
						müxtəlif fənlərdən dərs deyən, tədris bacarıqları ilə 
						seçilən müəllimlərin müəyyənləşdirilməsində bu cür 
						müsabiqələrin keçirilməsi xüsusi rol oynayır. Dövlət 
						Strategiyasında öz əksini tapmış təhsildə yeni pedaqoji 
						və informasiya texnologiyaları barədə müəllimlərin bilik 
						və bacarıqlarının   yüksəldilməsinə təkan verə biləcək 
						belə tədbirlərin keçirilməsinin davamlı olacağını 
						vurğulayan natiq müxtəlif fənlər üzrə hazırlanan 
						bloqların İnternetdə Azərbaycan dilli elektron təhsil 
						resurslarının artmasına və zənginləşməsinə kömək 
						olduğunu söyləyib.  
						
						
						Tədbirdə məlumat verilib ki, Təhsil Problemləri 
						İnstitutu  və "Demokratik Gənclər" İctimai Birliyinin 
						ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi 
						münasibətilə təşkil etdiyi "Ən yaxşı bloq" müsabiqəsinə  
						Azərbaycanın müxtəlif şəhər və rayonlarından  50-yə 
						qədər iş təqdim olunub, onlardan 39-u seçilib. 
						
						
						Müsabiqənin şərtlərinə görə, işlər "Blogspot.com" 
						saytında hazırlanmalı; bloqda "Heydər Əliyev və müasir 
						Azərbaycan təhsili" bölməsi öz əksini tapmalı idi. 
						Bloqda öz əksini tapan bütün məlumatlar əgər müəllimin 
						özü tərəfindən deyil, digər bir insan tərəfindən 
						hazırlanıbsa, o zaman müəlliflik hüquqlarının 
						qorunmasına diqqət yetirilməli, istifadə edilmiş hər 
						materialın mənbələrinə istinad mütləq göstərilməli idi.
						 
						
						
						Tədbirdə Təhsil Problemləri İnstitutunun direktor 
						müavini Ənvər Abbasov, "Demokratik Gənclər" İctimai 
						Birliyinin direktoru Ramil Süleymanov, müsabiqənin 
						təşkilat komitəsinin üzvləri  əməkdar müəllim Almaz 
						Həsrət, Vəfa Vəliyeva, Könül Təhməzova,  Bakı, Sumqayıt, 
						Zaqatala, Şəki, Şamaxı, Şirvan, Şəmkir, Göygöl, 
						Hacıqabul, Qax, Sabirabad, Mingəçevir, Ağdaş 
						şəhərlərindən gəlmiş  müsabiqə qalibləri və mətbuat  
						nümayəndələri iştirak ediblər. Müsabiqənin  "Ən yaxşı 
						dizayn", "Ən yaxşı məzmun", "Ən yaxşı veb resurs"  
						"Xüsusi bloqçu",  "Ən fəal tələbə və ən fəal şagird" 
						nominasiyaları üzrə qaliblərinə diplomlar təqdim olunub. 
						
						
						Qeyd edək ki,  I yerlərə "Ən yaxşı dizayn" nominasiyası 
						üzrə Sumqayıt şəhər fars, ingilis dilləri təmayüllü 
						internat məktəbin müəllimi Vasif Ramazanov, Bakı 
						şəhərindəki 155 nömrəli tam orta məktəbin müəllimi Vəfa 
						Məmmədova , "Ən yaxşı məzmun" nominasiyası üzrə Şəki 
						şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Nərmin 
						Musayeva,  "Ən yaxşı veb resurs" nominasiyası üzrə 
						Şamaxı şəhər 10 nömrəli tam orta məktəbin müəllimi  
						Şəhla Qəribova layiq görülüblər. 
						
						
						Sabirabad şəhər  2 nömrəli tam orta məktəbin müəllimi 
						Mircamal Haşımov  və Sumqayıt şəhər 1 nömrəli  tam orta 
						məktəbin müəllimi Aliyə Əhmədova   "Xüsusi bloqçu" 
						nominasiyası üzrə ən yüksək bal toplayıblar. 
						
						
						Şəki şəhəri 5 nömrəli  tam orta məktəbin 8-ci sinif 
						şagirdi Yusif İbrahimov "Ən fəal şagird", AMİ Şəki 
						filialının tələbəsi Nuran Mürşüdzadə "Ən fəal tələbə" 
						nominasiyaları üzrə qalib olublar.  
						
						
						Qalibləri təbrik edir, daha böyük uğurlar arzulayırıq.  
						
						
						
						Almaz HƏSRƏT, 
						əməkdar müəllim   |