| 
						 
						
						"Gənc istedadlar" liseyində "Son zəng"  
						
						
						
						 Mayın 
						30-da Bakı Dövlət Universitetinin nəzdindəki  "Gənc 
						istedadlar" liseyində "Son zəng" mərasimi keçirildi. 
						Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov, 
						Təhsil Nazirliyinin nümayəndəsi Vəfa Yaqublu, liseyin 
						müəllim-şagird kollektivi, valideynlər və digər şəxslər 
						iştirak edirdilər.  
						
						
						Tədbiri giriş sözü ilə açan akademik Abel Məhərrəmov 
						məzunları təbrik edərək onlara gələcək həyatlarında 
						uğurlar arzuladı. Qeyd edildi ki, lisey artıq altıncı 
						ildir məzunlarını Azərbaycan cəmiyyətinə yola salır. 
						Liseyi bitirən məzunların qəbul imtahanlarında yüksək 
						nəticələr göstərdiyini qeyd edən A.Məhərrəmov həmin 
						göstəricinin bu il də təkrar olunacağına ümid 
						bəslədiyini bildirdi. Diqqətə çatdırıldı ki, Tələbə 
						Qəbulu üzrə Dövlət Komissiyasının statistik məlumatına 
						əsasən 2009, 2010, 2011, 2012 və 2013-cü illərdə liseyin 
						məzunları topladıqları orta bala və düzgün cavabların 
						faizinə görə respublikada ən yüksək nəticələr 
						göstərmişdir. 2013-cü ildə liseyin məzunları qəbul 
						imtahanlarında topladıqları orta bala (508,816) görə 
						Təhsil Nazirliyinin tabeliyində olan və özəl liseylər 
						arasında I yeri tutmuşdur. Həmin məzunlardan bir qismi 
						dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alır.
						 
						
						
						Dövlət tərəfindən təhsilə göstərilən qayğıdan söz açan 
						rektor ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi 
						altında bütün sahələrdə aparılan islahatları yüksək 
						qiymətləndirdi. Respublikamızın günü-gündən 
						çiçəkləndiyini bildirən A.Məhərrəmov məzunlara dövlət 
						quruculuğunda yaxından iştirak etməyi tövsiyə etdi.
						 
						
						
						Məzunların böyük tarixə malik olan BDU-nun adını və 
						şərəfini hər yerdə ləyaqətlə daşıyacaqlarına inam ifadə 
						olundu. Liseyin 2013-2014-cü tədris ili ərəfəsində bir 
						çox nailiyyətlər əldə etdiyi nəzərə çatdırıldı. 
						Bildirildi ki, liseyin şagirdləri respublika fənn 
						olimpiadalarında, "Sabahın alimləri" III Respublika 
						müsabiqəsində və digər yarışlarda ən yüksək nəticələr 
						göstəriblər. 
						
						
						Tədbirdə çıxış edən liseyin direktoru, professor Qasım 
						Hüseynov qonaqları salamlayaraq məzunlara qarşıdan gələn 
						imtahanlarda müvəffəqiyyətlər arzuladı. Q.Hüseynov lisey 
						haqqında məlumat verərək qeyd etdi ki, bu il təhsil 
						ocağını 37 şagird bitirir. Liseyin indiyə qədər 6 
						buraxılışı olub və məzunların hər biri ali təhsil 
						müəssisələrinə daxil olub. Liseyin builki məzunlarının 
						da yüksək nəticələr göstərərək nüfuzlu ali təhsil 
						müəssisələrinə daxil olacaqlarına ümidvar olduğunu qeyd 
						edən Q.Hüseynov məzunları və onların valideynlərini 
						əlamətdar gün münasibətilə təbrik etdi. Onlara ölkəmizə 
						layiqli vətəndaş və şəxsiyyət olmalarını, daim çalışmağı 
						tövsiyə etdi. 
						
						
						Tədbirə Dövlət himnimizin sədaları altında Dövlət 
						bayrağı və BDU-nun bayrağı gətirildi. Sonra sözləri şair 
						Oktay Zəngilanlıya, musiqisi Rəşid Şəfəqə məxsus olan 
						"Biz gənc istedadlarıq" adlı liseyin himni 
						səsləndirildi. Şagirdlərin hazırladıqları bədii hissədən 
						sonra rəmzi açar onunculara verildi, "son zəng" 
						səsləndirildi.  
						
						
						
						Niyazi RƏHİMOV, 
						"Azərbaycan müəllimi"  
						 
						
						
						Gəncə Dövlət Universitetində məzun günü  
						
						
						
						 Mayın 
						30-da Gəncə Dövlət Universitetində təntənəli məzun günü 
						keçirildi. Tədbirin aparıcıları təbrik üçün sözü 
						universitetin rektoru, professor Yusif Yusibova 
						verdilər. Rektor məzunları professor-müəllim heyəti 
						adından təbrik edərək onlara gələcək həyat yollarında 
						uğurlar arzuladı. Ölkə Prezidenti İlham Əliyev 
						tərəfindən 2014-cü ilin "Sənaye ili" elan olunmasını 
						məzunların diqqətinə çatdıran rektor ölkəmizdə gənclər 
						üçün yeni perspektivlər açılacağını bildirdi. 
						 
						
						
						Dörd ildir ki, təhsil aldığınız doğma universitetinizdən 
						ayrılırsınız, - deyən Y.Yusibov gənclərdən bəzilərinin 
						təhsilini magistraturada davam etdirəcəyini, yeni iş 
						yerlərinə gedəcəyini, hərbi xidmətə yollanacağını 
						söylədi: - Harada təhsilinizi davam etdirəcəyinizdən, 
						işləyəcəyinizdən asılı olmayaraq, əminəm ki, doğma 
						vətənimizə ləyaqətli vətəndaş olacaqsınız. Həyatın 
						enişli-yoxuşlu yollarında çətinliklərə sinə gərib 
						irəliləməyinizi, bütün sınaqlardan üzüağ çıxmağınızı, 
						Gəncə Dövlət Universitetinin adını şərəflə 
						doğrultmağınızı arzulayıram. 
						
						
						Sonra təbrik üçün söz universitetin tərbiyə işləri üzrə 
						prorektoru, dosent Asif Cavadova verildi. O, məzunları 
						təbrik edərək ulu öndər Heydər Əliyevin anadan olmasının 
						91-ci ildönümü münasibətilə respublika tələbələrinin 
						bədii yaradıcılıq festivalında universitetin bədii 
						yaradıcılıq kollektivlərinin yüksək nailiyyətlər əldə 
						etdiyini, 3 məzun tələbənin qalib olduğunu bildirdi. 
						
						
						Rektor, professor Yusif Yusibov bu nailiyyətlərin 
						qazanılmasında böyük əməyi olan musiqi fənləri 
						kafedrasının müdiri, professor Sevda Qurbanəliyevaya 
						rektorluğun Fəxri fərmanını, qalib tələbələrə isə Təhsil 
						Nazirliyinin və Ali Təhsil İşçiləri Həmkarlar İttifaqı 
						Komitəsinin diplom və sertifikatlarını təqdim etdi. 
						
						
						Tədbirin bədii hissəsində iqtisadiyyat və idarəetmə 
						fakültəsi tələbələrinin xorla ifa etdiyi "Tələbə" 
						mahnısı iştirakçılar tərəfindən alqışlarla qarşılandı.   
						
						
						
						Mətbuat xidməti  
						 
						
						
						Onbirincilərin "Son zəng" həyəcanı 
						
						  
						
						
						
						 "Son 
						zəng" günündə Bakıdakı 263 nömrəli tam orta məktəbin 
						həyətində  bəlkə də indiyədək görünməmiş bir  izdiham 
						vardı. Böyüklü-kiçikli hər kəsin - şagirdlərin, 
						müəllimlərin, valideynlərin çöhrəsindəki sevinc də bu 
						günün qeyri-adiliyindən xəbər verirdi. Boyunlarından 
						asdıqları ağ lentin üstündə "Məzun -2014" yazılan 
						məktəbli oğlan və qızlar - builki məzunlar  "Koroğlu" 
						operasının uvertürasının sədaları altında  mətin 
						addımlarla meydanda  öz yerlərini tutdular.  
						
						
						Aparıcılar son dəfə şagird kimi məktəb həyətinə yığışan 
						onbirinciləri təbrik etmək üçün ən şirin, ən kövrək 
						sözlərdən çələng hördülər. Sonra məktəbin direktoru 
						Nəsimi Abbasova söz verildi. O, tədbir iştirakçılarına 
						doğma təhsil ocağının son illərdə qazandığı uğurları 
						xatırladaraq indiki məzunlardan daha böyük nəticələr 
						gözlədiyini dedi. 
						
						
						Onbirincilər ən kövrək anlarında, sevincli-kədərli 
						dəqiqələrində qayğılarını, düşüncələrini bölüşdükləri 
						sinif müəllimlərinin - Xatirə Mehdiyevanın, Arzu 
						Əliyevanın, Təranə Səmədovanın, Ənvər Mürşüdinin 
						adlarını iftixarla çəkdilər. Gözlərində-könüllərində 
						ucalıqdan heç vaxt enməyəcək ibtidai sinif müəllimləri - 
						Tahirə Hacıyeva, Ceyran Məmmədova, Nailə Həsənova, Adilə 
						Hüseynova, Nərgiz Məmmədova  bir-bir söz alıb, ən şirin 
						diləklərini məzunlara yetirdilər.  
						
						
						Aparıcılar onbirincilərin ürək sözlərinə ayna tutdular. 
						Qloballaşan dünyadan baş çıxarmaq üçün onlara elmin 
						sirlərini öyrədən, yeni texnologiyalarla dostlaşdıran 
						fənn müəllimlərindən minnətdarlıq duyğusu ilə 
						danışdılar. Sonra müəllimlərdən Sona Hüseynova, Sərfinaz 
						Həsənova, Təranə Balayeva  məzunlara  Azərbaycanımıza 
						layiq vətəndaşlar kimi yetişmələrini, cəmiyyətimiz üçün 
						faydalı olmalarını arzuladılar. Fənn olimpiadalarında 
						doğma məktəbin şərəfini daim uca tutan, bilik 
						yarışlarında uğurları ilə bütün kollektivi sevindirən 
						Yusif Əliyev, Nigar Əmiraslanova kimi məzunların qarşıda 
						onları gözləyən sınaqdan da müvəffəqiyyətlə 
						çıxacaqlarına ümid etdiklərini söylədilər. Onbirincilər 
						isə  arzularını musiqinin  könülaçan dili ilə ifadə 
						etdilər.  
						
						
						Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət 
						Qulluğu Məsələləri üzrə Komissiyanın eksperti Əhməd 
						Abbasbəyli, Xətai Rayon Gənclər və İdman İdarəsinin 
						rəisi Əfqan Rzayev orta təhsili bitirmələri münasibəti 
						ilə məzunları təbrik etdilər, təhsildə fərqlənən 
						şagirdləri fəxri fərmanla mükafatlandırdılar. 
						 
						
						
						Söz məktəb valideyn komitəsinin sədri, "Savalan" 
						qəzetinin baş redaktoru Eldar Əliyevə verildi. Eldar 
						müəllim ikiqat sevinc yaşadığını deməklə yanaşı, övladı 
						Yusifin də məzunlar arasında olmasından duyduğu həyəcanı 
						tədbir iştirakçıları ilə bölüşdü. Azərbaycan Uşaqlar 
						Birliyinin sədri Kəmalə Ağazadənin, "Savadlı Cəmiyyət" 
						Müasir Təhsilə Dəstək İctimai Birliyinin sədri Fuad 
						Dərgahlının imzaları ilə təhsildə və ictimai işlərdə 
						fərqlənən daha bir neçə şagirdə diplomlar, fəxri 
						fərmanlar verildi. Birincilərin təbriki isə tədbirə bir 
						başqa rəng qatdı. Şeirlər bir-birinə bənd oldu, nəğmə 
						nəğməyə qovuşdu...    
						
						
						
						Yusif  ƏLİYEV, 
						"Azərbaycan müəllimi"  
						 
						
						
						Tədris ocaqlarında "son zəng" mərasimi  
						
						
						Mayın 30-da Bakıdakı 239 nömrəli məktəbdə "Son 
						zəng" tədbiri keçirildi. Onbirincilərin məktəbin 
						həyətindəki meydançaya daxil olması ilə başlayan 
						tədbirdə müəllim-şagird kollektivi ilə yanaşı 
						valideynlər və qonaqlar da iştirak edirdilər. Aparıcılar 
						mərasim iştirakçılarını salamlayıb, onbirinciləri təbrik 
						etdilər. Şagirdlərin ifasında Dövlət himni 
						səsləndirildi. Üzeyir Hacıbəylinin "Koroğlu" operasının 
						uvertürasının sədaları altında əsgər paltarı geyinmiş 
						iki şagird Dövlət bayrağını meydançanın ortasına 
						gətirdi.      
						
						
						Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sədaqət 
						Əzimova məzunları təbrik etdi, onlara gələcək 
						həyatlarında uğurlar arzuladı. Bildirildi ki, bu il 
						məktəb 81 məzunu Azərbaycan cəmiyyətinə yola salır. Ötən 
						il məzunların 70 %-i ali məktəbə qəbul olaraq tələbə 
						adını qazanıb. Onlardan Aygül Süleymanlı qəbul 
						imtahanlarında 695 bal toplayaraq "ADA" Universitetinə 
						daxil olub. Bundan başqa, şagirdlərin fənn 
						olimpiadalarında və müxtəlif müsabiqələrdəki 
						nailiyyətlərindən də söz açıldı. 
						
						
						Tədbirdə çıxış edən XI c sinfinin rəhbəri, məktəbin 
						Azərbaycan dili və ədəbiyyat müəllimi Zərqələm Orucova 
						onbirinciləri kövrək hisslərlə yola saldıqlarını 
						bildirdi. Onlara gələcək müstəqil həyatlarında uğurlar 
						arzuladı. Məzunlara harada olmalarına baxmayaraq 
						Azərbaycanın adını həmişə uca tutmağı tövsiyə etdi.
						 
						
						
						Sonra onbirincilər hazırladıqları maraqlı proqramı 
						təqdim etdilər. Birinci sinif şagirdləri  onbirinciləri 
						şeirlər və mahnılarla  təbrik etdilər. 
						
						
						Nəhayət, mərasimin ən kövrək və həyəcanlı anı gəlib 
						çatdı. "Son zəng" çalındı.  
						
						
						
						*** 
						
						
						Mayın 30-da Bakı Humanitar Kollecində "Son zəng" 
						tədbiri keçirildi. Həmin gün kollecin pedaqoji və 
						mədəni-maarif və musiqi şöbəsinin tələbələri də digər 
						həmyaşıdları kimi sevincli,  həm də həyəcanlı idilər.   
						"Son zəng"lə əlaqədar kollecin akt zalında   mərasim 
						hazırlanmış,   foyedə son kurs tələbələrinin əl 
						işlərindən ibarət sərgi nümayiş olunurdu.  Mərasim 
						musiqi sədaları altında məzunların akt zalına daxil 
						olması ilə başlandı. Dövlət himni ifa olunduqdan sonra 
						tədbiri açan aparıcılar mərasim iştirakçılarını 
						salamladı, kolleci bitirən tələbələri  məzun olmaları 
						münasibəti ilə təbrik etdilər.  
						
						
						Kollecin direktor müavini Hümbət Əhmədov,  şöbə 
						müdirlərindən Talıb Zülfiyev, Rasim Mehdiyev, 
						müəllimlərdən Bahar Vəliyeva,  Şölə Ağayeva, Lalə 
						Əliyeva məzunları təbrik edərək onlara xalqımıza, 
						dövlətimizə layiq vətənpərvər şəxsiyyətlər  kimi 
						formalaşmağı  arzuladılar. 
						
						
						Yumoristik danışıqları, məzəli əhvalatları ilə 
						məzunların sevincinə şərik olan respublikanın xalq 
						artisti, Bakı Humanitar Kollecinin məzunu  Arif Quliyev 
						də məzunlara təbrikini çatdırdı, onlara gələcəkdə harada 
						işləmələrindən asılı olmayaraq təhsil aldıqları kolleci 
						və müəllimlərini heç zaman unutmamalarını tövsiyə etdi.
						 
						
						
						Məzunların hazırladıqları ədəbi-bədii kompozisiya 
						göstərildi. Onlar  sülh göyərçinlərini göyə uçurmaqla 
						kolleclə və sevimli müəllimləri ilə vidalaşdılar. 
						 
						
						
						
						*** 
						
						
						
						Bakıdakı 267 nömrəli məktəb-liseydə 
						"Son zəng" tədbiri musiqi sədaları altında 
						onbirincilərin məktəbin bayramsayağı bəzədilmiş geniş 
						həyətindəki meydançaya daxil olması ilə başladı. 
						 
						
						
						Aparıcılar mərasim iştirakçılarını salamlayıb 
						onbirinciləri məzun olmaları münasibəti ilə təbrik 
						etdilər. Şagirdlərin ifasında Dövlət himni 
						səsləndirildi. Aparıcılar ölkəmizdə son illər təhsilin 
						inkişafı yönündə görülən işlərdən, əldə olunan 
						uğurlardan, ümummilli liderimiz Heydər Əliyevin təhsilə, 
						gənclərə göstərdiyi diqqət və qayğısından danışdılar. 
						Bildirdilər ki, həmin siyasəti bu gün ölkə Prezidenti 
						cənab İlham Əliyev uğurla davam etdirir.  Onun 
						məqsədyönlü, qətiyyətli siyasəti nəticəsində ölkəmiz 
						bütün sahələrdə olduğu kimi, təhsildə də dünyada 
						tanınır.  
						
						
						 Onbirinciləri, birinciləri və onların valideynlərini 
						təbrik edən məktəb-liseyin  direktoru Adilə Orucova 
						məzunlara ən xoş arzularını bildirdi. Qeyd edildi ki, 
						məktəbdə təhsil alan 1640 şagirddən 83-ü bu gün məzun 
						olur. Dərs ili boyu qazandığı uğurları və təlim-tərbiyə 
						sahəsində yüksək göstəriciləri ilə fərqlənmiş şagird və 
						müəllimlərə mükafat və diplomlar təqdim edildi.  
						 
						
						
						Sonra onbirincilər hazırladıqları maraqlı proqramı 
						təqdim etdilər. Məzunlar onların formalaşmasında rolu 
						olan müəllimlərinə minnətdar olacaqlarını dedilər. 
						Birinci sinif şagirdləri  onbirinciləri şeirlər və 
						mahnılarla  təbrik etdilər.  
						
						
						Sonda "son zəng" çalındı.    
						
						
						
						"Azərbaycan müəllimi"  
						 
						
						
						Ulu öndərin adını daşıyan liseydə sevinc dolu anlar  
						
						
						
						 Mayın 
						31-də Bakıdakı Heydər Əliyev adına liseydə "Son zəng" 
						mərasimi keçirildi. Tədbirdə liseyin müəllim-şagird 
						kollektivi ilə yanaşı Xətai Rayon İcra Hakimiyyətinin 
						nümayəndəsi Zaməddin Əkbərov, Azərbaycan Müəllimlər 
						İnstitutunun əməkdaşı Xuraman Nağıyeva, valideynlər və 
						digər qonaqlar iştirak edirdilər.  
						
						
						Tədbiri giriş sözü ilə açan liseyin direktoru, əməkdar 
						müəllim Fikrət Xəlilov məzunları təbrik edərək onlara 
						gələcək həyatlarında uğurlar arzuladı. Liseyin 
						uğurlarından söz açan direktor qeyd etdi ki,  ötənilki 
						məzunların 109 nəfəri respublikamızın nüfuzlu ali təhsil 
						müəssisələrinə, 1 nəfəri isə xarici ölkədə yerləşən ali 
						məktəbə daxil olub. Onlardan 34 nəfərinin 500-dən yuxarı 
						bal topladığını nəzərə çatdıran F.Xəlilov yüksək 
						göstəricilərin  bu il də təkrar olunacağına ümid 
						bəslədiyini vurğuladı. Bildirildi ki, 2013-cü ildə 
						TQDK-nın statistik məlumatına əsasən lisey Təhsil 
						Nazirliyinin tabeliyində olan və özəl liseylər arasında 
						10 ən yaxşı ümumtəhsil məktəbi arasındadır. Liseyin 
						məzunlarının ulu öndər Heydər Əliyevin adını daşıyan 
						təhsil ocağının şərəfini hər yerdə ləyaqətlə 
						daşıyacaqlarına inam ifadə olundu. Təhsil müəssisəsinin 
						uğurlarının ilbəil daha da artdığını diqqətə çatdıran 
						F.Xəlilov qeyd etdi ki, liseyin VIII sinif 
						şagirdlərindən Sücaət Hüseynova və Qənirə Şirinova 
						"Ətraf Mühitin Mühafizəsi" VIII Beynəlxalq Layihə 
						Olimpiadasında (İNEPO EUROASİA) bürünc medala layiq 
						görülüblər. Bundan başqa, liseyin VII sinif şagirdi 
						Ayxan Məcidli riyaziyyat fənnindən, VIII sinif şagirdi 
						Zülfüqar Həsənli isə informatika fənnindən beynəlxalq 
						olimpiadalara seçim turlarında yüksək nəticələr 
						göstərərək hazırda xüsusi olaraq həmin olimpiadalara 
						hazırlaşırlar. Şagirdlərdən Lalə Heydərovanın rəsmləri 
						"Qalereya 69" sərgi salonunda nümayiş etdirilmiş və 
						respublikamızın nüfuzlu rəssamları tərəfindən yüksək 
						qiymətləndirilmişdir. Liseyin idman sahəsindəki 
						uğurlarından da söz açan F.Xəlilov qeyd etdi ki, təhsil 
						ocağının futbol komandası ümummilli lider Heydər 
						Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş 
						Xətai rayon məktəbləri arasında keçirilən yarışın qalibi 
						olub.   
						
						
						Dövlət tərəfindən təhsilə göstərilən qayğıdan danışan 
						direktor möhtərəm Prezidentimiz İlham Əliyevin 
						rəhbərliyi altında ölkədə aparılan islahatları yüksək 
						qiymətləndirərək məzunlara bu imkanlardan maksimum 
						dərəcədə faydalanmağı tövsiyə etdi.  
						
						
						Tədbirdə çıxış edənlər  məzunlara enişli-yoxuşlu həyatda 
						daim məğrur olmağı, vətənə, millətə sədaqətlə xidmət 
						etməyi tövsiyə etdilər, onlara gələcək həyatlarında 
						uğurlar arzuladılar. 
						
						
						Sonra birincilər onbirinciləri şeir, mahnı və rəqslərlə 
						təbrik etdi. "Məktəb illəri" mahnısının sədaları ətrafa 
						yayıldı. Onbirincilər məktəbin rəmzi açarını onunculara 
						təqdim etdikdən sonra "son zəng" çalındı.  
						
						
						
						Niyazi RƏHİMOV, 
						"Azərbaycan müəllimi"   
						 
						
						
						Unudulmaz gün  
						
						
						
						 Mayın  
						30-da    Bakıdakı 83 nömrəli məktəb-liseydə "Son zəng" 
						tədbiri   keçirildi. Dövlət himni ifa olundu. Hər bir 
						Vətən övladı üçün əziz olan üçrəngli  Dövlət bayrağı 
						təntənəli şəkildə meydana gətirildi.   
						
						
						Tədbiri giriş sözü ilə açan  direktor Yaqut Sadıqova  
						müəllimləri, şagirdləri, məzunları və onların 
						valideynlərini təbrik edərək  müasir Azərbaycanın 
						gələcəyi üçün sağlam, vətənpərvər, yüksək təhsilli 
						gənclərin yetişdirilməsində valideynlərin rolundan, 
						məktəb-liseyin uğurlarından danışdı. Bildirdi ki,  
						hazırda bu təhsil ocağında 2000 şagird təhsil alır. 
						Onların  təlim-tərbiyəsi ilə 152 müəllim məşğul olur. 
						Son illərdə məktəb-liseyin 4 nəfərinə "Əməkdar müəllim" 
						fəxri adı,  digər 4 nəfər müəlliminə "Tərəqqi" medalı 
						verilib. Bundan başqa, 4 nəfər müəllim "Ən yaxşı 
						müəllim" müsabiqəsinin, məktəb-lisey  "Ən yaxşı 
						ümumtəhsil  məktəbi" müsabiqəsinin qalibi olub.  2 nəfər 
						müəllim isə "Azərbaycan Respublikası  qabaqcıl təhsil 
						işçisi"  döş nişanı ilə təltif olunub.   6 nəfər məzuna  
						Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 
						Prezident təqaüdü verilib. "Təhsil millətin gələcəyidir" 
						deyən ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı, 
						möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının, 
						təhsilimizin inkişafında misilsiz xidmət göstərən Heydər 
						Əliyev Fondunun prezidenti, Milli  Məclisin deputatı   
						Mehriban xanım Əliyevanın təhsilə olan sonsuz diqqət və 
						qayğısından söz açıldı.    
						
						
						Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini 
						Vüsal  İsmayılov  məktəbi bitirən məzunları  rayon icra 
						hakimiyyəti başçısı adından təbrik etdi və onlara   
						qarşıdan gələn imtahanlarda müvəffəqiyyətlər, uğurlar 
						arzuladı.  Dövlət tərəfindən təhsilə göstərilən qayğıdan 
						söz açan V.İsmayılov   ölkə Prezidenti cənab İlham 
						Əliyevin rəhbərliyi altında bütün sahələrdə olduğu kimi, 
						təhsildə də aparılan islahatları yüksək qiymətləndirərək 
						məzunlara bu imkanlardan maksimum dərəcədə faydalanmağı 
						tövsiyə etdi.  
						
						
						Çıxış edən məzunlar bildirdilər ki, respublikamızda və 
						ya xaricdə öz təhsillərini davam etdirsələr belə, 
						sevimli müəllimlərini və təhsil aldıqları doğma  
						məktəblərini  heç vaxt unutmayacaqlar. 
						
						
						Şagirdlərin hazırladıqları bədii hissədən sonra rəmzi 
						açar onunculara verildi, "son zəng" çalındı və həmin gün 
						məzunların həyatında unudulmaz xatirəyə çevrildi.   
						
						
						
						Rəşad RAMAZANOĞLU, 
						"Azərbaycan müəllimi"  |