| 
						 
						
						
						"Sınaq qiymətləndirilməsinin müəllimlərə böyük faydası 
						olacaq"  
						
						
						 Səadət 
						VEYSOVA,  
						Bakı Avropa liseyinin fizika müəllimi, əməkdar müəllim  
						
						
						Məlum olduğu kimi, son günlərdə təhsil ictimaiyyətinin, 
						ümumiyyətlə, bütün  cəmiyyətin diqqət mərkəzində olan 
						müəllimlərin sınaq qiymətləndirilməsi məsələsi hər kəsin 
						müzakirə obyektinə çevrilib. 
						
						
						Sözün düzü, bəzi müəllimlərin bununla bağlı 
						narahatlığına heç cür haqq qazandıra bilmirəm. Bu, 
						sadəcə qiymətləndirmədir. Hər bir müəllimin ixtisası 
						üzrə  bilik səviyyəsinin, innovativ metodlarla, yeni 
						kurikulumlarla işləmək bacarığının, təlim prosesində 
						şagirdləri ilə canlı, səmimi ünsiyyətdə olmaq 
						qabiliyyətinin yoxlanılmasıdır. Yəni, pedaqoji fəaliyyət 
						üçün zəruri olan amillərdir və müasir dövrdə hər bir 
						müəllim öz işini bu meyarlara əsasən qurmalıdır. Ona 
						görə də peşəsinin vurğunu olanlar, işinə məsuliyyətlə 
						yanaşanlar, tədris  etdiyi fənni şagirdlərinə 
						sevdirməyə, dərindən mənimsətməyə çalışanlar, bir sözlə, 
						əsl müəllim adına layiq olanlar təhsil nazirinin bu 
						təşəbbüsünü bəyənir və dəstəkləyirlər.  
						
						
						Fikirləşirəm ki, fəaliyyətlərinin ən zəif həlqəsini 
						öyrənmək, hansı istiqamətdə daha çox çətinlik çəkdiyini 
						müəyyən edərək öz üzərində işləmək baxımından sınaq 
						qiymətləndirməsinin müəllimlərə böyük faydası olacaq. 
						
						
						Hesab edirəm ki, sınaqdan sonra müəllimlərin 
						peşəkarlığının artırılması və təkmilləşdirilməsi 
						istiqamətində çox mühüm tədbirlər həyata keçiriləcəkdir. 
						Buna misal olaraq istiqamətlər üzrə treninqlərin 
						təşkili, müəllimlərin ildə bir dəfə, ancaq yayda deyil, 
						bütün tədris ili ərzində müntəzəm olaraq treninqlərdə 
						iştirakı, bu işə peşəkar təlimçilərin cəlb edilməsi, 
						yaxşı işi ilə tanınan müəllimlərin qabaqcıl iş 
						təcrübəsinin yayılması, beynəlxalq təcrübənin 
						öyrənilməsi və s. göstərmək olar. Yəqin ki, 
						mütəxəssislər bununla bağlı öz sözlərini deyəcəklər. 
						İnanıram ki, görülən işlər son nəticədə müəllimlərin 
						biliyinin artırılmasını və pedaqoji ustalığının 
						səviyyəsinin yüksəlməsini təmin edəcəkdir.  
						 
						
						
						
						"Diaqnoz vaxtında düzgün qoyulanda müalicəni uğurla başa 
						çatdırmaq olar"  
						
						
						 Əminə 
						SƏFƏROVA,  
						Bakıdakı 6 nömrəli məktəb-liseyin Azərbaycan dili və 
						ədəbiyyat müəllimi,  
						"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi, "Tərəqqi" 
						medallı  
						
						
						Təhsil naziri Mikayıl Cabbarovun 6 may 2014-cü il 
						tarixli əmrinə əsasən bu günlərdə Bakı şəhərinin bütün 
						dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin 
						bilik və səriştəsinin sınaq qiymətləndirilməsi 
						aparılacaqdır. Bu xəbəri ilk öncə məktəbimizin direktoru 
						Gülşən Orucovadan eşitdik. O, müəllimlərlə söhbətində bu 
						yoxlamanın təhsil sahəsində çox önəmli  hadisə olduğunu 
						vurğuladı. Mövzu ətrafında gedən müzakirələr zamanı 
						kollektivimizin üzvləri də bu tədbiri müsbət 
						qarşıladıqlarını bildirdilər. 
						
						
						Məncə, bu işi hər bir müəllim müsbət qarşılamalı, 
						fəaliyyətindəki geriliyi aradan qaldırmağa hökmən səy 
						göstərməlidir. Ulu öndər Heydər Əliyev vaxtilə demişdir: 
						"Öz üzərində işləməyən müəllim yaxşı müəllim ola 
						bilməz". 
						
						
						Hər bir insan yeni dəblə geyinməyi xoşlayır. Libasımızı 
						dəyişdiyimiz kimi, təfəkkürümüzü də, işimizə olan 
						münasibəti də dəyişməyi bacarmalıyıq. "Azərbaycan 
						Respublikasında təhsilin inkişafı üzrə Dövlət 
						Strategiyası"nda təhsilalanların fərdi xüsusiyyətlərini 
						nəzərə alan innovativ təlim metodları və texnologiyaları 
						vasitəsilə təhsilin məzmununun səmərəli mənimsədilməsini 
						təmin edən yüksək nüfuzlu təhsilverənin 
						formalaşdırılması əsas hədəflərdən biri kimi 
						müəyyənləşdirilib. Mənə belə gəlir ki, müəllimlərin 
						peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini, müəllim 
						peşəsinin nüfuzunun artırılmasını, müəllimin karyera 
						inkişafı və fəaliyyətinin stimullaşdırılmasını təmin 
						edən yeni sistemin yaradılması  üçün diaqnostik 
						yoxlamanın keçirilməsi labüddür. 
						
						
						Hər müəllim bu sınaqdan alnıaçıq çıxmaq üçün var qüvvəsi 
						ilə çalışmalı, heç bir uğursuzluq onu ruhdan 
						salmamalıdır. Diaqnoz vaxtında düzgün qoyulanda 
						müalicəni uğurla başa çatdırmaq olar. Mən bütün 
						həmkarlarıma uğurlar arzulayıram.  
						 
						
						
						
						"Bu sınaq müəllimlərin özünü təsdiq etməsi üçün gözəl 
						fürsətdir"  
						
						
						 Təranə 
						ƏLİYEVA,  
						Respublika İncəsənət Gimnaziyasının ibtidai sinif 
						müəllimi,  
						"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi  
						
						
						Bildiyimiz kimi, müəllimlərin peşəkarlıq səviyyəsinin 
						diaqnostikasını aparmaq məqsədilə sınaq 
						qiymətləndirilməsi keçiriləcək. Aydındır ki, bu, 
						peşəkarlıq səviyyəsi aşağı olan müəllimlərin müəyyən 
						edilməsindən sonra onların öz işinə məsuliyyətlə 
						yanaşmasını, üzərlərində ciddi işləməsini təmin edən 
						tədbirlərin həyata keçirilməsi, eləcə də təhsilin 
						keyfiyyətinin yüksəlməsinə xidmət edəcək. 
						
						
						Müəllimlərin sınaq qiymətləndirilməsi attestasiyaya 
						hazırlıq məqsədi güdür və çox gözəl bir addımdır. Mən 
						təhsil nazirinin müvafiq əmrini alqışlayıram. Çünki 
						müəllimlərin özünü təsdiq etməsi üçün bu gözəl  
						fürsətdir. Belə ki: 
						
						
						-  sınaq qiymətləndirməsi nəticəsində peşəkar və 
						qeyri-peşəkar müəllimlərin səviyyəsi üzə çıxacaq; 
						
						
						- valideynlər, sözün əsl mənasında, yaxşı müəllimi aşkar 
						edə biləcək;  
						
						
						- müəllimlərin əməyi stimullaşdırılacaq; 
						
						
						- müəllimlərin repetitorluq etməsinə ehtiyac qalmayacaq. 
						
						
						Demək istərdim ki, özünə, savadına, peşəkarlığına 
						güvənən müəllimlər hər kəsin qabiliyyətinin üzə çıxması 
						üçün bu istiqamətdə müəyyən işlərin görülməsini çoxdan 
						arzulayırdılar. 
						
						
						Ümid edirəm ki, sınaq qiymətləndirməsi çox obyektiv 
						keçiriləcək, peşəkar müəllimlərimizin qabiliyyəti üzə 
						çıxacaq və onlar öz layiqli qiymətlərini alacaqlar. Bu 
						yolda peşəsinin bilicisi olan hər bir müəllimə uğurlar 
						arzulayıram.   
						
						
						
						"Müəllimlərin arasında yaxşı mənada rəqabət yaranacaq"  
						
						
						 Təranə 
						ƏLİYEVA,  
						Bakıdakı  20 nömrəli məktəb-liseyin ingilis dili 
						müəllimi,  
						iki dəfə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi  
						
						
						Sirr deyil ki, aramızda 45 dəqiqəni başa vurmaqla öz 
						işini bitmiş hesab edən, uzun illər boyu təlim  
						prosesini eyni metodla aparan, pedaqoji təcrübəsində heç 
						bir dəyişiklik etmədən fəaliyyət göstərən müəllimlərimiz 
						də var.  
						
						
						Buna görə də mən müəllimlərin sınaq 
						qiymətləndirilməsinin  keçirilməsinə çox normal 
						yanaşıram. Hesab edirəm ki, bu istiqamətdə hansısa 
						formada müəyyən tədbirlərin keçirilməsinin vaxtı çoxdan 
						çatmışdır. 
						
						
						Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istərdim. Bəzən 
						elə olur ki, müəllim öz təcrübəsində yenilikləri tətbiq 
						edir, dərslərini interaktiv təlim metodlarına əsasən 
						qurur və s. Amma bütün bunları formal olaraq yerinə 
						yetirir, işin mahiyyətini başa düşmür. Mən çoxsaylı 
						müşahidələrimə əsasən bu qənaətə gəlmişəm ki, müəllimin 
						nəzəri cəhətdən hər  şeyi öyrənməsi hələ onun gözəl 
						pedaqoq olmasına dəlalət etmir. Yəqin ki,  sınaqdan 
						sonra həyata keçiriləcək tədbirlər, görüləcək işlər belə 
						müəllimlərin  öz üzərində işləməsində, peşəsinin  
						bacarıqlı mütəxəssisi kimi formalaşmasında mühüm rol 
						oynayacaq. 
						
						
						Cəmiyyətdə hər bir  sahədə olduğu kimi, təhsildə də 
						rəqabət olmalıdır. Ümid edirəm ki, bu sınaq 
						qiymətləndirməsi təhsil sahəsində yeni bir mərhələnin 
						başlanğıcı olacaq, yaxşılar layiqli qiymətlərini alacaq, 
						digərləri isə onlara baxıb daha səmərəli işləməyə 
						çalışacaqlar. Bu, müəllimlərin arasında yaxşı mənada 
						rəqabətin yaranmasına, son nəticədə isə təhsilin 
						keyfiyyətinin  artmasına səbəb olacaq, şagirdlərdə 
						müəllimlərə inam yaranacaq.  
						
						
						
						"Hər kəs layiq olduğu dəyəri almalı və olduğu kimi 
						tanınmalıdır" 
						
						  
						
						
						 Qənirə 
						ƏMİRCANOVA, 
						Bakıdakı 190 nömrəli tam orta məktəbin Azərbaycan dili 
						və ədəbiyyat müəllimi, 
						 pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim  
						
						
						Bugünki təhsildən müəllim, şagird və valideynlər çox şey 
						gözləyirlər. 20 illik pedaqoji  təcrübəsi olan müəllim 
						kimi  deyə bilərəm ki, öz işinin  ustası olan  
						müəllimlərlə yanaşı, bilik və bacarığını  lazımi 
						səviyyədə  tətbiq edə bilməyən müəllimlər də yox deyil. 
						Bu məqamı da sınaq qiymətləndirməsi üzə çıxaracaq. 
						Məktəblərimiz  də  on il əvvəlki  məktəblər deyil. 
						Dövlət Strategiyasında təhsil sahəsində insan 
						resurslarının müasirləşməsi tələbi nəzərdə tutulur. Bu 
						da, öz növbəsində, innovativ təlim  metodlarının 
						tətbiqini  vacib edir. Burada məqsəd "Azərbaycan 
						Respublikasında təhsilin inkişafı üzrə Dövlət 
						Strategiyası"na uyğun olaraq təhsilin məzmununun  
						səmərəli  mənimsənilməsini  təmin  edən  yüksək  
						nüfuzlu   təhsilverənləri  formalaşdırmaq,  
						yetişdirməkdir. Bunun üçün  də müəllimlərin  peşəkarlıq  
						səviyyəsinin  daim yüksəlməsi, əlavə  təlim  
						ehtiyaclarının  müəyyənləşdirilməsi  və 
						ixtisasartırmada  müvafiq  təlim-tədris  
						proqramlarının   seçilməsinin təmin  edilməsi  çox  
						vacibdir. Nəticədə məqsəd müəllimin  karyera  inkişafı 
						və fəaliyyətinin stimullaşdırılmasını   təmin edən yeni  
						sistemin  yaradılmasını  təşkil  etməkdir. Bax  budur 
						Təhsil  Nazirliyinin  mövqeyi  və məramı: hər kəs  
						layiq  olduğu  dəyəri  almalı  və   olduğu  kimi  
						tanınmalıdır. Müəllimlik elə  bir  peşədir ki, bu  peşə  
						sahibləri   həmişə  axtarışda  olmalıdır. Əgər  müəllim  
						öz üzərində  işləmirsə, dərslərini  zamanın  tələbinə  
						uyğunlaşdırmırsa, şəxsiyyətyönümlü  tərbiyədən  söhbət 
						gedə bilməz. Əslində  sınaq qiymətləndirmə  bir  
						diaqnozdur  və  hesab edirəm ki, belə  yanaşma 
						düzgündür, çünki idarəçilik  məharəti  iki  ünsürdən - 
						ədalətlə  cəzalandırmaqdan  və ədalətlə  təltif  
						etməkdən  ibarətdir.  
						
						
						  
						 
						
						
						
						"Sınaq qiymətləndirilməsini inkişafyönümlü layihə kimi 
						dəyərləndirirəm"  
						
						
						 Sevinc 
						ƏLİYEVA,  
						Bakı Modern Məktəbinin ibtidai sinif müəllimi,  
						"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi  
						
						
						Müəllimlərin hazırlığının ilkin diaqnostikası məqsədini 
						daşıyan sınaq qiymətləndirilməsi, şübhəsiz ki, təhsilin 
						keyfiyyətinin artırılması istiqamətində atılan mühüm 
						addımlardandır. Bu sınaq müəllimlərin öz zəif 
						cəhətlərini öyrənmələrinə, bilik və peşəkarlıqlarının 
						artırılmasına xidmət edir. Digər tərəfdən, 
						qiymətləndirmənin  nəticəsindən asılı olaraq 
						müəllimlərin xüsusi kurslara göndərilməsi onların təlim 
						prosesini günün tələbləri səviyyəsində  aparmasında 
						mühüm rol oynayacaqdır. 
						
						
						Sınağın indiki dövrdə böyük əhəmiyyət daşıyan 
						sosial-iqtisadi tərəfini də unutmaq olmaz. Söhbət, təbii 
						ki, müəllim əməyinin qiymətləndirilməsindən gedir. 
						Qiymətləndirmədə yüksək nəticə göstərmiş müəllimlərin 
						əməyinin rəğbətləndirilməsi nəzərdə tutulmuşdur ki, bu 
						da sosial vəziyyətlərinin yaxşılaşdırılmasına xidmət 
						etməklə yanaşı, həm də onların öz peşə bacarıqlarını, 
						bilik və səriştələrini artırmaqda stimul rolunu 
						oynayacaqdır. 
						
						
						Sınaq qiymətləndirilməsini inkişafyönümlü layihə kimi də 
						dəyərləndirmək olar, çünki bu müəllimlərin hazırlıq 
						səviyyəsinin, bütövlükdə məktəb işinin inkişafına xidmət 
						edir. Yaxşı müəllim olmaq üçün isə daim axtarışda olaraq 
						öyrənmək, öyrənməyi bacarmaq, öyrənərək öyrətmək 
						lazımdır.  
						
						
						
						Hazırladı:  Hicran ƏKBƏROVA,  
						"Azərbaycan müəllimi"   |