| 
						 
						
						
						  Mayın 
						31-də Bakıda "Bizim Sahibkarlıq Fəaliyyətimiz" 
						(Entrepreneurial Action Us - Enactus) beynəlxalq 
						proqramı üzrə milli yarışda icra olunmuş layihələrin 
						təqdimatı keçirilib. 
						
						
						Layihələr "Enactus" meyarları əsasında qiymətləndirilib. 
						Qiymətləndirmənin nəticələrinə əsasən, 2013-2014-cü 
						tədris ilində "Enactus" proqramına qoşulmuş 11 
						komandadan Naxçıvan Dövlət Universiteti, Azərbaycan 
						Aqrar Universiteti və Naxçıvan Özəl Universitetinin 
						komandaları finala vəsiqə qazanıblar. Gərgin mübarizə 
						şəraitində keçən yarışmada Naxçıvan Dövlət 
						Universitetinin komandası çempion adını qazanaraq 
						ölkəmizi oktyabrda Çinin paytaxtı Pekində keçiriləcək 
						Dünya Kuboku yarışında təmsil etmək hüququ qazanıb. 
						
						
						Qaliblər Təhsil Nazirliyinin, Gənclər və İdman 
						Nazirliyinin, Azərbaycan Gənclər Fondunun fəxri 
						fərmanları ilə təltif olunub və onlara bir sıra 
						kommersiya qurumlarının qiymətli hədiyyələri təqdim 
						edilib. 
						
						
						Qeyd edək ki, "Bizim Sahibkarlıq Fəaliyyətimiz" adlı 
						beynəlxalq proqramı 1975-ci ildə ABŞ universitetləri 
						yaradıb. 2012-ci ilə qədər proqramın adı "Tələbələr azad 
						sahibkarlıq fəaliyyətində (Students in free enterprises 
						- SİFE)" olub. 1996-cı ildən etibarən dünyanın bir çox 
						ölkələrində proqram üzrə milli yarışların keçirilməsinə 
						başlanılıb və 2001-ci ildə ilk dəfə Londonda Dünya 
						Kuboku yarışı təşkil olunub. 2005-ci ildə "SİFE - 
						Enactus" proqramına qoşulan Azərbaycan 2006-cı ildən 
						Dünya Kuboku yarışlarında iştirak etmək hüququnu 
						qazanıb. Dünya üzrə "Enactus" proqramına 50-ə qədər 
						ölkə, 1600-dən çox ali təhsil müəssisəsi və 50000-dən 
						yuxarı tələbə qoşulub. 
						
						
						 "Enactus" proqramı üzrə milli yarışların keçirilməsində 
						məqsəd gəncləri sahibkarlıq fəaliyyətinə təşviq etmək, 
						azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ 
						etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və 
						komandada işləmək bacarıqlarını inkişaf etdirməkdən 
						ibarətdir. Proqramın sosial əhəmiyyəti - insanların 
						həyat və yaşam standartlarının yaxşılaşdırılması, 
						gənclərin məşğulluğuna dəstəyin göstərilməsi və biznesin 
						gücü vasitəsilə insanların həyatlarının müsbətə doğru 
						dəyişdirilməsidir. "Enactus" proqramı üzrə yarış biznes 
						və təhsil sahəsində işgüzar danışıqların aparılması 
						məqsədilə gənclər üçün yaradılmış platformadır. 
						
						
						"Enactus" proqramı üzrə milli yarışda iştirakçı 
						komandalar liqalara bölünür və qələbə uğrunda mübarizə 
						aparır. İnnovativ yanaşmaya, layihələrin sosial 
						effektinə, ekoloji standartların qorunmasına, biznes 
						etikasının gözlənilməsinə, maliyyə idarəçiliyinə, nitq 
						qabiliyyətinə və digər meyarlara əsasən qalib komanda 
						müəyyən edilir.   
						
						
						
						
						www.edu.gov.az  |