| 
						 
						
						
						 İyunun 
						2-də Polşanın ilk təyyarəçi-kosmonavtı Miroslav 
						Hermaşevski Bakı Slavyan Universitetinin qonağı olub. O, 
						BSU-da fəaliyyət göstərən Polyak Dili və Mədəniyyəti 
						Mərkəzində, polşaşünas tələbələrin Azərbaycan və polyak 
						dillərinə tərcümə etdikləri kitablarla tanış olub. 
						Universitetin rəhbər heyəti, müəllim və tələbələrin 
						iştirakı ilə keçirilən görüşdə rektor,  professor Asif 
						Hacıyev qonağı salamlayaraq onu bu təhsil ocağında 
						görməyinə şad olduğunu bildirib. BSU haqqında qonağa 
						geniş məlumat verən rektor 2000-ci ildə ulu öndərimiz 
						Heydər Əliyev tərəfindən əsası qoyulmuş Bakı Slavyan 
						Universitetinin inkişafında möhtərəm Prezidentimiz İlham 
						Əliyevin əvəzsiz rolu olduğunu qeyd edib. Bildirilib ki, 
						dövlət başçısının "Bakı Slavyan Universitetinin 
						maddi-texniki bazasının yaxşılaşdırılması haqqında" 7 
						mart 2008-ci il tarixli sərəncamı buna bariz nümunədir. 
						Respublikamızın son illər ərzində əldə etdiyi uğurlar 
						BSU-dan yan keçməyərək  universitetin  bir çox xarici 
						ölkələrin ali məktəbləri ilə çoxşaxəli əlaqələr 
						qurmasına şərait yaratmışdır. A.Hacıyev Polşa ali 
						məktəbləri ilə BSU arasında olan əməkdaşlıq 
						əlaqələrindən, burada fəaliyyət göstərən Polyak Dili və 
						Mədəniyyəti Mərkəzindən və  Polyak dili Bazar Günü 
						Məktəbindən danışıb. Qeyd edilib ki, qarşılıqlı 
						əlaqələrin əsası BSU yaradıldığı gündən qoyulub. Rektor 
						Heydər Əliyev İrsini  Araşdırma Mərkəzinin nəzdindəki 
						Tərcümə Laboratoriyası tərəfindən dilimizə tərcümə 
						olunmuş "Çəkisizliyin yükü" adlı kitabın təqdimatının 
						keçiriləcəyini bildirib. 
						
						
						Azərbaycana ilk səfəri olduğunu qeyd edən kosmonavt bu 
						ölkəyə heyran olduğunu vurğulayıb, BSU haqqında hələ 
						Polşada olarkən müəyyən məlumat topladığını qeyd edib. 
						O  belə bir universitetdə azərbaycanlı gənclər 
						tərəfindən polyak dilinin öyrənilməsinin sevindirici hal 
						olduğunu, buraya gəldikdə düşündüyündən daha səmimi 
						qarşılandığını bildirib. İştirakçılara öz həyatından   
						danışan qonaq kosmonavt olmağı uşaqlıqdan arzuladığını 
						və çətin hazırlıq mərhələsindən keçərək 1978-ci ilin 27 
						iyun tarixində öz arzusuna çatdığını - "Soyuz-6" kosmik 
						gəmisi ilə göyləri fəth etdiyini söyləyib. 
						
						
						Sonda kosmonavtın "Çəkisizliyin yükü" adlı kitabının 
						təqdimatına dair film nümayiş olunub. M.Hermaşevski  
						BSU-nun  müəllim və tələbələrinin çoxsaylı suallarını 
						cavablandırıb və kitablarını görüş iştirakçılarına 
						hədiyyə edib.   
						
						
						
						Şakir CƏFƏROV, 
						"Azərbaycan müəllimi"  |