| 
						 
						
						 Azərbaycan 
						jurnalistlərinin ağsaqqalı Şirməmməd müəllimin belə bir 
						sözü var: "Böyük şəxsiyyətlərdən yazmaq üçün öncə özün  
						şəxsiyyət olasan gərək!". Bu gün ədəbiyyatşünaslığa, 
						mətbuatşünaslığa dair faydalı və məhsuldar  
						araşdırmaları ilə tanınan Alxan Bayramoğlunun böyük 
						Azərbaycan şairi Mirzə Ələkbər Sabirə müraciət etməsi 
						məntiqlidir və başa düşüləndir. "Bənzərəm bir qocaman 
						dağa ki..." monoqrafiyası Sabir şəxsiyyətinin və ədəbi 
						irsinin bir çox məqamlarını araşdırmaq, elmi təhlil 
						süzgəcindən keçirmək, şairin yaradıcılığına yeni 
						prizmadan nüfuz etmək baxımından və M.Ə.Sabirin qarşıdan 
						gələn 150 illik yubileyinə qiymətli töhfədir. Alxan 
						Məmmədovun əvvəllər işıq üzü görmüş "Şamaxıda maarif və 
						maarifçilik (XIX əsrin ortalarından 1918-ci ilə qədərki 
						ədəbi mühit)", "Azərbaycan Demokratik Respublikası 
						dövründə ədəbiyyat", "M.Ə.Sabir (qısa tərcümeyi-halı)", 
						"Azərbaycan mühacirət mətbuatına dair mühazirələr", "Y.V.Çəmənzəminli: 
						Müstəqilliyimizi istəyiriksə..." və s. kitabları  onun 
						araşdırıcılıq məharətindən, geniş, böyük həvəs və yüksək 
						erudisiya sahibi olmasından, böyük elmi potensialından, 
						zəngin mənəviyyat sahibi olmasından xəbər verir. 
						 
						
						
						Professor Alxan Bayramoğlunun "Bənzərəm bir qocaman dağa 
						ki..." tədqiqatını da böyük söz ustadının bioqrafiyası 
						ilə yazıları arasındakı boşluğu, şəxsiyyət və sənətkar 
						tandeminin uyarlığını təsdiqləmək baxımından çox uğurlu 
						alınmış yaradıcılıq nümunəsi kimi  qiymətləndirmək olar. 
						 
						
						
						A.Bayramoğlu  M.Ə.Sabirin elmi tərcümeyi-halını yazarkən 
						"qiymətli tarixi sənəd"  kimi ədibin öz əsərlərinə də 
						müraciət etmişdir.  Belə ki, şairin həyatında baş verən 
						ən mühüm hadisələr ədibin müxtəlif mətbuat orqanlarında 
						dərc edilmiş əsərlərində bu və ya başqa şəkildə öz 
						əksini tapmışdır. Tədqiqatçı alim də elmi tərcümeyi-halın 
						yazılmasında bunun vacibliyini önə çəkir və qeyd edir ki,  
						"...avtobioqrafik notlar satirik şeirlərdə tipin ifşası 
						zamanı, lirik əsərlərdə isə qəhrəmanın lirik-psixoloji 
						əhvali-ruhiyyəsi fonunda özünü büruzə verir". İctimai 
						məzmunun üstünlük təşkil etdiyi bu satiralarda şairin "mən"i 
						dayanır.  
						
						
						Kitabda ədibin "Şərqi-rus", "Həyat", "İrşad", "Tazə 
						həyat" "Səda" qəzetlərində, "Molla Nəsrəddin" jurnalında 
						fəaliyyətinin əsas xüsusiyyətləri,   onun naməlum müxbir 
						yazıları tədqiq edilir, həm də digər tədqiqatçıların 
						araşdırmalarından kənarda qalan məqamlara aydınlıq 
						gətirilir.  
						
						
						O dövrün  digər mətbuat orqanları - "Həyat", "İrşad", "Tazə 
						həyat", "Tərəqqi", "Molla Nəsrəddin", "İttifaq", "Səda", 
						"Həqiqət", "Yeni həqiqət", "Günəş" və s. vətəndaş şairin  
						həyatına, şəxsiyyətinə və yaradıcılıq taleyinə biganə 
						qalmamış, onun həyat və fəaliyyətinin müxtəlif 
						məqamlarını işaqlandırmaqla ədibin elmi tərcümeyi-halının 
						yazılmasında, eləcə də bugünkü sabirşünaslıqda qiymətli  
						mənbə rolunu oynamaqdadır. 
						
						
						Tədqiqatda  M.Ə.Sabirin "Həyat" qəzeti ilə əməkdaşlığı,  
						onun qəzetdəki poetik və publisistik əsərləri, sonuncu 
						nömrəsindəki müxbir yazısı, Ə.Hüseynzadə və Ə.Ağaoğlu 
						ilə yaradıcılıq əlaqələrinə aydınlıq gətirilir.  
						 
						
						
						A.Bayramoğlu Sabirin  öz satira ədəbi məktəbinin poetik 
						"manifestini" hələ "Molla Nəsrəddin" jurnalının 
						nəşrindən xeyli əvvəl - 10 fevral 1906-cı ildə "Həyat"  
						qəzetində dərc olunan "Bir məclisdə on iki kişinin 
						söhbəti"  satirası  ilə elan etdiyi  qənaətinə gəlir.  
						Həmin satirada oxucuya təqdim olunan tiplər - vəkil, 
						həkim, tacir, molla, sofi,  şair, əvam, qəzetəçi və s. 
						rüsvayçılıq kürsüsünə çıxaraq hərəsi təmsil etdiyi  
						ictimai zümrəni oxuculara təqdim edir. "Sabiranə poeziya 
						üslubu" adlandırılan   bu vasitə öz geniş meydanını 
						"Molla Nəsrəddin"də tapdı. Müəllif yazır: "Sabir dərhal  
						öz yaradıcılıq proqramını həyata keçirməyə başladı. Onun 
						"Molla Nəsrəddin"in  oxucularına təqdim etdiyi ilk 
						əsərdə satira oxuna hədəf olan tip  on iki kişinin 
						məclisində qəbul olunan qərara uyğun olaraq özünü 
						oxuculara öz dili, satirik monoloqu ilə təqdim etdi". 
						Burada şairin "Millət necə tarac olur olsun, nə işim 
						var?!" satirasından da söhbət açılır, hər iki satirik 
						əsər ("Bir məclisdə on iki kişinin söhbəti", "Millət 
						necə tarac olur olsun, nə işim var?!") arasında mövzu, 
						ideya-bədii və üslub əlaqələrinin möhkəmliyindən söhbət 
						açılır,  Sabirə  məxsus keyfiyyətlər -  bütün 
						hadisələrin, ifşa hədəfinin daxili  aləminin özünün 
						bütün eybəcərlikləri ilə satirik tipin dialoq və  
						monoloqları ilə açılması qabardılır və eyni poetik 
						təfəkkürün - Sabir sənətkarlığının təcəssümü kimi 
						qiymətləndirilir.   
						
						
						Yeni kitabda "Həyat", "İrşad" və "Tazə həyat" 
						qəzetlərinin Şamaxı üzrə xüsusi müxbiri olmuş 
						M.Ə.Sabirin Şamaxı və ətraf obalarda baş verən 
						hadisələrə dair  diqqətdən kənarda qalan müxbir 
						yazılarına həsr edilən təhlillər də maraq doğurur. 
						
						
						1906-1907-ci illərdə Bakıda müsəlman müəllimlərinin iki 
						qurultayı olmuşdur. M.Ə.Sabirin həmin qurultaylara olan 
						marağının bir çox cəhətlərini işıqlandıran A.Bayramoğlu  
						ədibin maarifçilik sahəsində xidmətlərini yüksək  
						qiymətləndirir.  Qafqaz məktəblərində  müntəzəm bir 
						proqram olmadığından şagirdlərə öyrədilən dərsdən bir 
						fayda hasil olmadığını  öz yazılarında göstərən Sabir bu 
						mühüm işin nizam və intizam dairəsinə sığmadığını  
						vurğulayır, problemi aradan qaldırmaq üçün təkliflərini 
						verir. 
						
						
						1906-cı ildə müəllimlər qurultayının qəbul etdiyi 
						qərarlardan sonra  yeni tipli dərsliklərin  tərtibi və 
						nəşri  məsələsində canlanma hiss olunur.  Bu işdə 
						yaxından iştirak edən Sabir həmin dərsliklərdə çap 
						olunmaq üçün  "Uşaq və buz", "Yaz günləri", "Cütçü", "Qarğa 
						və tülkü" və s. klassik uşaq əsərlərini qələmə alır. 
						A.Bayramoğlu ədibin "Dəbistan", "Rəhbər" jurnallarının 
						fəal müəllifi kimi bu sahədə atdığı addımlardan söhbət 
						açır.  
						
						
						Sabirşünaslıqda M.Ə.Sabirin məktəbdarlığı, o cümlədən 
						şairin Şamaxıda açdığı "Ümid" məktəbi, ədibin pedaqoji 
						fəaliyyətindəki bir sıra uğurlar haqqında söhbət açılır. 
						Tədqiqatçılar  "Ümid" məktəbinin açılması və 
						fəaliyyətində Sabirin oynadığı rəhbər rolu Haşım bəy 
						Vəzirovun "Yol qeydləri" məqaləsi və Şamaxıdan 
						göndərilən müxbir məktubları əsasında aydınlaşdırmağa 
						çalışırlar. Bu boşluğu A.Bayramoğlunun tapıntısı - 
						M.Ə.Sabirin  "Təşəkkür" məktubu  aradan  qaldırdı. "Şamaxı 
						"Ümid" məktəbinin müəllimi və müdiri Ələkbər Sabir 
						Tahirzadə, lisani-rus müəllimi Hacıbala Zamanov" imzası 
						ilə "Tərəqqi" qəzetinin 17 dekabr 1908-ci il tarixli 
						129-cu nömrəsində dərc edilən  bu məqalə  bir çox 
						məsələlərə aydınlıq gətirir. "Ümid" məktəbinə  məhz  
						Sabirin müdirlik etdiyini təsdiqləyən  bu imzanın 
						əhəmiyyətini vurğulayan A.Bayramoğlu qeyd edir ki, 
						məktubun imzasındakı təqdimat Sabirin "Ümid" məktəbini 
						Hacıbala Zamanovla şərikli açması haqqında ehtimalı puça 
						çıxarmış olur və Hacıbala Zamanovun adının qarşısında 
						yazılan "lisani-rus müəllimi" sözləri məktəbdə rus dili 
						dərslərinin də tədris olunduğunu təsdiq edir. 
						
						
						Uğurlu tapıntılardın biri də M.Ə.Sabirin tədqiqatlardan 
						kənarda qalan, "Tazə həyat" qəzetinin 2 iyun 1908-ci il 
						tarixli 125-ci sayında redaksiyanın "Xüsusi 
						müxbirimizdən. Şamaxıdan" qeydi ilə çap olunan  "Cümə" 
						məqaləsidir.  
						
						
						Monoqrafiyada Sabirin banisi olduğu poeziya məktəbi, 
						onun xüsusiyyətləri, nümayəndələri, həmçinin şairin 
						irsinin nəşr tarixi, tədqiqi mərhələləri, 
						sabirşünaslığın  uğurları və problemləri haqqında da 
						maraqlı mülahizələr irəli sürülür. Şübhə yoxdur ki, "Bənzərəm 
						bir qocaman dağa ki..." monoqrafiyası oxucular 
						tərəfindən rəğbətlə qarşılanacaq və müəllifə böyük 
						şöhrət gətirəcəkdir.  
						
						
						
						Aygün ƏZİMOVA, 
						filologiya üzrə fəlsəfə doktoru  
						
						
						Professor Alxan Bayramoğlunun "Bənzərəm bir qocaman dağa 
						ki..." kitabı Azərbaycan Respublikasının Dövlət 
						mükafatına təqdim edilib.  |