| 
						 
						
						 "Əgər 
						akademiki ölümündən 10 il sonra hələ xatırlayacaqlarsa, 
						deməli, o, elm klassikidir".   Bu sözlər hələ sağlığında 
						ikən bütün dünyada fizika elminin  canlı klassiki hesab 
						olunan akademik, 2 dəfə Sosialist Əməyi Qəhrəmanı, 
						görkəmli sovet fiziki, sovet elminin təşkilatçılarından 
						biri, böyük elm, yüksək səviyyəli eksperimentator və 
						istedadlı konstruktor  Pyotr Kapitsaya məxsusdur. 
						
						
						  
						
						
						
						Uşaqlıq illəri 
						
						   
						
						
						Pyotr Leonidoviç Kapitsa  1894-cü il iyulun 9-da 
						Kronştadda hərbi mühəndis general Leonid Kapitsanın 
						ailəsində anadan olub. Atası təhsilli ziyalı, istedadlı 
						mühəndis idi, o,  rus silahlı qüvvələrinin inkişafında 
						mühüm rol oynayıb. Anası Olqa İeronimovna təhsilli qadın 
						olub. O, ədəbiyyat, pedaqoji və ictimai fəaliyyətlə 
						məşğul olub. Rus mədəniyyəti tarixində özünəməxsus iz 
						qoyub.  
						
						
						Pyotr əvvəlcə gimnaziyada, daha sonra Kronştad real 
						məktəbində oxuyub, oranı "əla" qiymətlərlə bitirib. 
						Fizika və elektrotexnikaya ciddi maraq göstərməsi ilə 
						fərqlənib. Xüsusi qabiliyyətinə görə ona məktəbin  
						laboratoriyasında müstəqil surətdə təcrübələr aparmağa 
						icazə verilib. Müxtəlif kimyəvi və fiziki təcrübələr 
						qoyan Pyotr cihazları özü  təmir edirdi. Xüsusən də 
						saatları dağıtmaq və onları yenidən yığmaq ona çox 
						maraqlı gəlirdi.  
						
						
						1902-ci ildə  Pyotr Sankt-Peterburq Politexnik 
						İnstitutuna daxil olub. 1914-cü ilin avqustunda Birinci 
						Dünya müharibəsi başlayıb. 3-cü kurs tələbəsi olan 
						Kapitsa bir çox yaşıdları kimi orduya çağırılıb. Bir 
						müddət müharibənin  Polşa cəbhəsində  sanitar dəstəsində 
						sürücü olub, yaralıları daşıyıb. 1916-cı ildə ordudan 
						tərxis olunan Pyotr instituta qayıdıb. O vaxt məşhur 
						fizik Abram İoffe onu fizika laboratoriyasında 
						eksperimentlərə cəlb edib. Elə həmin il Kapitsanın "Rus 
						fizika-kimya cəmiyyəti jurnalı"nda ilk məqaləsi dərc 
						olunub. 1918-ci ildə İoffe Peterburqda ağlagəlməz 
						çətinliklər şəraitində Rusiyada ilk elmi-tədqiqat fizika 
						institutlarından birini yaradıb. Kapitsa bu  mərkəzin 
						ilk əməkdaşlarından olur. İnstitut sovet  
						fizika, nəzəri və texniki fizika elminin inkişafında çox 
						mühüm rol oynayır. İnstitutu bitirdikdən sonra onu 
						fizika-riyaziyyat fakültəsində müəllim saxlayırlar. 
						İnqilabdan sonra olduqca mürəkkəb bir dövrdə İoffe var-qüvvəsi 
						ilə alim və  tələbələrini,  gənc fizikləri qoruyub 
						saxlamağa can atırdı. Onların arasında Kapitsa da var 
						idi.  Kapitsanın hələ 18 yaşı var idi, sovet fizika 
						elminin gələcək banisi olan Abram İoffe onu  Peterburq 
						Politexnik İnstitutunda elmi tədqiqat işlərinə cəlb 
						etmişdi. Seminarların bütün iştirakçıları 
						eksperimentator idilər və çox çətin vəziyyətdə 
						işləyirdilər; zəruri avadanlıqlar, cihazlar, alətlər 
						çatışmırdı. Hətta eksperiment aparılacaq  cihazı yığmaq 
						üçün sadə məftil belə yox idi. Buna baxmayaraq, olduqca 
						mürəkkəb eksperimentlər qoyulurdu. 1920-ci ildə Kapitsa 
						və N.Semyonov (sonralar Nobel mükafatına layiq görülmüş 
						kimyaçı alim) atomun maqnit sahəsini müəyyən etməyə cəhd 
						etdilər. İoffe Kapitsanın xarici elmi ezamiyyətə 
						göndərilməsində israr edirdi. Lakin yeni qurulmuş 
						bolşevik hökuməti buna icazə vermirdi. Bu  məsələ yalnız 
						proletar yazıçısı, ölkədə böyük nüfuza sahib Maksim 
						Qorkinin müdaxiləsi  ilə həll olundu. Nəhayət, Kapitsaya 
						Böyük Britaniyaya getməyə icazə verildi.  
						
						
						Lakin tezliklə Rusiya tarixi mərhələyə - inqilab  və 
						müharibə mərhələsinə daxil oldu. Onun taleyinə faciəli 
						qismət düşdü. Bir ay ərzində o atasını, gənc arvadı 
						Nadejda Çernosvitovanı, 2 yaşlı oğlunu, yenicə doğulmuş 
						qızını itirdi. Bu 1919-cu ilin qışında vətəndaş 
						müharibəsi zamanı baş verdi. O zaman ölkədə "ispanka" 
						adlandırılan qrip epidemiyası tüğyan edirdi.  
						
						
						Taleyinə ağır günlər düşmüş Kapitsa tam ümidsizliyə 
						qapılmışdı. Ən yaxınlarını itirdikdən sonra yaşamaq 
						getdikcə mənasızlaşırdı...  Onun üçün xaricə elmi 
						ezamiyyət taleyüklü və müəyyən qədər də xilasedici oldu. 
						Şagirdinin daxili iztirablarını çox yaxşı anlayan İoffe 
						onu xaricə göndərilən rus elmi qrupuna daxil etdi.  Bu 
						qrup Avropanın elm mərkəzləri ilə əlaqə yaratmalı idi. 
						Kapitsanın payına  İngiltərə, Kembric düşdü.  
						
						
						
						Müəllim-tələbə dostluğu 
						 
						
						
						 Kapitsa 
						1921-ci ilin mayında İngiltərəyə yollanıb. O, məşhur 
						fizik Ernest Rezervordun bütün dünyada məşhur olan 
						Kavendiş laboratoriyasına düşə bilib. Lakin Rezervordun 
						elm məktəbinə  düşmək heç də asan deyildi. Özünün bütün 
						səmimiyyəti ilə Rezervord rusiyalı gəncə bildirib ki, 
						xaricilər üçün onun cəmi 30 yeri var və onların hamısı 
						artıq tutulub. Kapitsa başa düşəndə ki, itirməyə bir 
						şeyi qalmayıb, Rezervorddan soruşub: "Professor, sizin 
						tədqiqatların dəqiqliyi neçə faiz təşkil edir?". "Hardasa,  
						5 faiz",-deyə Rezervord cavab verir. "Əgər 30-a daha bir 
						nəfəri əlavə etsək, onda tədqiqatın dəqiqlik faizi 
						eksperiment səhvləri çərçivəsində olacaq, elə deyilmi 
						professor",-deyə Kapitsa alimə sual verib. "Çünki siz 
						böyük dəqiqlik  dalınca qaçmırsınız". Gəncin məntiqli 
						sual-cavabı qarşısında tutulan böyük Rezervord  "Yaxşı, 
						qalın!", - deyərək Kapitsanı laboratoriyasına qəbul  
						edib. Lakin o,  bu sözləri də əlavə etməyi unutmayıb: "Əgər 
						siz elmi iş əvəzinə bolşevik təbliğatı ilə  məşğul 
						olsanız, mən buna dözə bilməyəcəyəm". Pyotr Kapitsa məhz 
						bu cür Kembricdə özünə yol açıb. Rezervord bundan heç 
						vaxt heyfsilənməyib. Müəllim-tələbə münasibəti dostluğa 
						çevrilib.  Onların uzun illik əməkdaşlığı (1921-1934-cü 
						illər) dünya əhəmiyyətli bir sıra elmi kəşflərə yol açıb. 
						Kapitsanın ikinci həyatı belə başlayıb.   
						
						
						"Mən ona və onun mənə qarşı münasibətinə çox borcluyam", 
						- deyə sonralar Kapitsa müəllimi barədə yazırdı. 
						Rezervordun mühazirələrində iştirak etməklə yanaşı, 
						Kapitsa eyni zamanda Kavendiş laboratoriyasında yeni işə 
						başlayan gənc fiziklər üçün  məcburi  olan fiziki 
						praktikumlardan keçməli idi.  Bu praktikumlara Ceyms 
						Çedvik (Nobel mükafatı laureatı) rəhbərlik edirdi.    
						Praktikumlar iki ilə nəzərdə tutulmuşdu, lakin cəmi 2 
						həftə ərzində bütün zaçotları verən Kapitsa laboratoriya  
						əməkdaşları və Rezervordun özünü belə heyrətləndirdi. 
						Kapitsanın qabiliyyətini  görən Rezervord ona alfa 
						zərrəciklərini öyrənməyi tapşırdı. Bunlar Rezervordun "sevimli" 
						zərrəcikləri idi. Onun bütün tələbələri alfa 
						zərrəcikləri ilə məşğul idi. Kapitsa zərrəciklərin 
						impulsunu müəyyən etməli idi. Bunun üçün Kapitsaya güclü 
						maqnit sahəsi lazım idi.  Çox güclü maqnit sahəsinin 
						yaradılması üzrə işlər getdikcə müstəqil xarakter aldı 
						və o, alfa zərrəciklərinin impulsunun öyrənilməsi 
						işindən,  nüvə fizikasından uzaqlaşdı. Lakin onun 
						1922-ci ildə Kembricdə müdafiə etdiyi doktorluq işi 
						"Alfa zərrəciklərinin maddələrdən keçməsi və maqnit 
						sahəsinin alınması" idi.    
						
						
						 Kembricdə 
						işləyərkən Kapitsa   tərəfindən  çox güclü maqnit 
						sahələrinin yaradılması problemi öz həllini tapdı. O, 
						buraya Vilson kamerasını yerləşdirməyi təklif etdi. 
						Nəticədə ilk dəfə olaraq maqnit sahəsi tərəfindən 
						əyilmiş alfa zərrəciklər əldə olundu. Zərrəciklərin 
						hərəkət trayektoriyasının əyrilik radiusu əsasında 
						hissəciyin yükünü, enerjisini, kütləsini müəyyən etmək 
						mümkün oldu.  Lakin Pyotr Kapitsanın aşağı temperatur,  
						aşağı temperaturlu texnika və fizika sahəsində uğurları 
						xüsusilə dəyərli oldu. 1937-ci ildə Kapitsa  əvvəllər 
						elmə məlum olmayan maye heliumun yüksəkaxıcılıq 
						qabiliyyətini kəşf etdi.   Bundan başqa, Kapitsa cəmi 
						6-7 atmosfer təzyiqdə qazların durulaşdırılması üçün 
						unikal maşın yaratdı. Əvvəlki maşınlarda qazı 200-300 
						atmosferə qədər sıxmaq lazım idi.  
						
						
						Kapitsa məhz aşağı temperaturlar fizikası sahəsindəki bu 
						nailiyyətlərinə görə fizika sahəsində Nobel mükafatı 
						laureatı olub.  
						
						
						
						"Rusiyadan olan dahi"  
						 
						
						
						Ötən əsrin əvvəlləri - 20-ci illər müasir fizikanın 
						təşəkkülündə ən səmərəli və məhsuldar dövr hesab olunur. 
						Kavendiş laboratoriyasında və Avropanın digər elmi 
						mərkəzlərində ən ağlagəlməz eksperimentlər qoyulurdu. 
						Elmi dairələrdə çox gərgin elmi diskussiyalar davam 
						edirdi. Kvant qanunauyğunluqlarının öyrənilməsinə ilk 
						cəhdlər edilirdi. Kavendiş  laboratoriyası müzakirələr 
						və mübahisələr meydanına çevrilmişdi.  Pyotr Kapitsa da 
						tezliklə bu mühitə daxil oldu. İoffe məktəbi ona  bu 
						sahədə ilk elmi baza bilikləri vermişdi. Gənc fizik 
						yenilikçi mühəndis risklərinə tam hazır  idi. Baxmayaraq  
						ki, Kapitsanın güclü maqnit sahəsinin alınması məqsədilə 
						apardığı eksperimentlər laboratoriyada güclü 
						partlayışlarla müşayiət olunurdu, o, bundan əsla 
						qorxmurdu. Kapitsanın eksperimentləri Kavendişin  köhnə 
						divarlarında tez-tez əks-səda yaradırdı, eksperimentlər 
						isə maddə və sahənin quruluşu barədə əvvəlki  bilikləri 
						zənginləşdirirdi. Kembricdə Kapitsanın elmi nüfuzu 
						sürətlə artırdı. 1929-cu ildə London Kral Cəmiyyəti ona 
						professor fəxri adı verdi.  Müəllimi  Rezervord "Rusiyadan 
						olan dahi"nin təşəbbüsləri üçün xəsislik etmirdi. Artıq 
						30-cu illərdə Kavendiş laboratoriyasının əməkdaşları 
						Rezervordun  qüsurlarından söz düşəndə qeyd edirdilər ki, 
						ser Rezervord Pyotr Kapitsanın tədqiqatları üçün həddən  
						çox vəsait xərcləyir.  Əlbəttə ki, söhbət 
						laboratoriyanın həyətində Pyotr Kapitsa üçün ayrıca 
						müasir laboratoriyanın (Mond laboratoriyası) 
						tikintisindən gedirdi.   Rezervordun təkidi ilə London 
						Kral Cəmiyyəti xüsusi olaraq Kapitsa üçün yeni 
						laboratoriya yaratdı. Laboratoriya alman əsilli sənayeçi 
						və kimyaçı Lüdviq Mondun Kral Cəmiyyətinə vəsiyyət 
						etdiyi vəsait hesabına inşa olunmuşdu və onun şərəfinə 
						Mond laboratoriyası adlanırdı.    
						
						
						Rezervord tələbəsinə inanırdı, ona böyük ümidlər 
						bəsləyirdi.  Bu qədər maliyyə xərcləri və şərəfə 
						Rezervordun heç bir şagirdi layiq görülməmişdi. Mond  
						laboratoriyasında çox güclü maqnit sahəsi tədqiq 
						olunurdu. Tezliklə Kapitsa ən müasir elmi problemlərin 
						müzakirə olunduğu seminarlar təşkil edir. Avropanın ən 
						istedadlı alimləri bu seminarlarda iştirak edirdilər. 
						"Kapitsa klubu" adlandırılan bu seminarlarda bəzən ən 
						aktual elmi problemlər ətrafında qızğın müzakirələr 
						aparılırdı. Klubun ən məşhur qonaqları qismində tez-tez 
						Nils Bor, Born, Ernest Rezervord və digər məşhur alimlər 
						iştirak edirdi. Mond laboratoriyasında Kapitsa aşağı 
						temperaturları öyrənirdi. O, tez-tez Rusiyaya gəlirdi. 
						13 il İngiltərədə yaşayan Kapitsa vətəndaşlığını 
						dəyişməmişdi. Baxmayaraq ki, ingilis  həyat tərzi onun 
						üçün artıq yad deyildi. 
						
						
						 1934-cü 
						ildə sovet hakimiyyəti növbəti dəfə vətənə gələn 
						Kapitsaya  Kembricə qayıtmağı qadağan etdi. Ona hətta öz 
						müəllimi Ernest Rezervordla danışmağa belə icazə 
						vermədilər.   
						
						
						
						"Məni qala tikməyə, kanal qazmağa  məcbur etmək olar, 
						lakin  mənim ruhumu heç kim ala bilməz..."  
						
						
						Sovet hökumətinin Kapitsaya İngiltərəyə qayıtmağı 
						qadağan etməsi  onun müəllimi Ernest Rezervord və Avropa 
						elmi cəmiyyətləri tərəfindən hiddətlə qarşılandı. 
						Rezervord sevimli tələbəsinin müdafiəsinə qalxdı. O 
						bəyan etdi ki,  Kapitsa Mond laboratoriyası olmadan, 
						laboratoriya da onsuz yaşaya bilməz.  1934-cü il aprelin 
						24-də London qəzetləri "Kembric Sovetlərin qərarından 
						şokdadır", "Kembric tədqiqatlarının sonu", "Rusiya 
						professoru saxlayıb; İngiltərə böyük alimi itirir", "Elm 
						aləmi üçün fəlakət" kimi başlıqlarla dərc olunmuşdu.
						 
						
						
						İngiltərədə yaşadığı 13 il ərzində Kapitsa Londonda 
						ikinci dəfə evləndiyi Anna Krılova ilə bir neçə dəfə 
						mühazirələr oxumaq və kurortların birində dincəlmək üçün 
						vətənə qayıtmışdı. Kremldə Kapitsanı "uzunmüddətli 
						xarici ezamiyyətdə olan sovet fiziki" kimi tanıyırdılar. 
						Sovet rəsmi hakimiyyət orqanları dəfələrlə müraciət 
						edərək ondan Sovet İttifaqında daimi yaşamağı xahiş 
						etmişdilər. O bu təklifə maraqla baxırdı, lakin öz 
						şərtini də irəli sürürdü. Bu şərt isə əsasən Kapitsanın 
						Avropa səfərlərinə əngəl yaradılmaması ilə bağlı idi. 
						Məhz bu şərti Moskva qəbul etmirdi və nəticədə bu məsələ 
						həll olunmamış qalırdı. 1934-cü ilin yayında Kapitsa 
						növbəti dəfə arvadı ilə Sovet İttifaqına səfərə gəldi. 
						Lakin İngiltərəyə dönmək istəyəndə məlum oldu ki, 
						onların Avropaya qayıtmaq vizaları ləğv olunub. Sovet 
						rəhbərliyi ilə kəskin və faydasız toqquşmadan sonra 
						Kapitsa vətəndə qalmağa məcbur oldu. Onun arvadına isə 
						İngiltərəyə uşaqlarının yanına dönməyə icazə verdilər. 
						Beləliklə də  sovet rejimi akademik Kapitsanı ailəsindən, 
						sevimli işindən, laboratoriyasından ayırdı. O, 
						sarsılmışdı.  
						
						
						Alimin yaşadığı ruhi-mənəvi sarsıntıları onun 
						İngiltərəyə arvadına göndərdiyi məktublar sübut edir. 
						Məktublardan birində o yazırdı: "İndi həyat mənim üçün 
						son dərəcə mənasızdır. Mənim yumruqlarım sıxılır və mən  
						saçlarımı yolmağa  və dəli olmağa  hazıram. Mənim 
						laboratoriya cihazlarım, mənim ideyalarımla başqaları 
						yaşayır və işləyir, mən isə burada oturmuşam,  başa düşə 
						bilmirəm ki, bu, nə üçün lazımdır. Bəzən mənə elə gəlir 
						ki, mən dəli oluram". 
						
						
						Bir neçə müddətdən sonra Anna Alekseyevna Moskvaya 
						ərinin yanına köçdü, daha sonra isə oğlanları (Sergey və 
						Andrey Kapitsalar sonralar sovet elminin görkəmli 
						nümayəndələri oldular) da vətənə döndülər. Rezervord 
						sovet hakimiyyətindən Kapitsanın elmi işlərini davam 
						etdirməsi üçün İngiltərəyə dönməsinə icazə  verməsini 
						xahiş etmişdi. Lakin bütün müraciətlər nəticəsiz qaldı.  
						1935-ci ildə Kapitsaya SSRİ Elmlər Akademiyasının yeni 
						yaradılmış Fiziki Problemlər İnstitutunun direktoru 
						postunu təklif etdilər. Lakin Kapitsa bir il bu təklifi 
						rədd etdi. Öz sevimli tələbəsini itirməsi ilə barışmaq 
						məcburiyyətində qalan Rezervord sovet hökumətinə Mond 
						laboratoriyasını satın almağı və onu dəniz yolu ilə SSRİ-yə 
						çatdırmağa razılıq verdi. Laboratoriyanın daşınması və 
						onun Fiziki Problemlər İnstitutunda bərpası üzrə 
						danışıqlar bir neçə il davam etdi. Rezervordun özü üçün 
						də Kapitsanın Rusiyada qalması əsl dram idi və nəticədə 
						sevimli tələbəsindən uzaq düşən Rezervord tezliklə 
						həyatla vidalaşdı.   
						
						
						Kapitsa sovet hökumətinin düzgün hesab etmədiyi bir çox 
						qərarlarını açıqca tənqid edirdi. O, yalnız tədricən 
						totalitar sistemin reallıqlarını anlamağa başladı. Alim 
						sanki qəfəsdə idi.  Bəzən o, ümidsizliyə qapılırdı. "Məni 
						qala tikməyə, kanal qazmağa  məcbur etmək olar, lakin  
						mənim ruhumu heç kim ala bilməz. Əgər məni ələ salmaq 
						istəsələr, onda mən alnıma güllə sıxaraq həyatıma son 
						qoyacam".   
						
						
						
						Bu hələ son deyil  
						
						
						 "Qəm yemə və kədərlənmə. Həyat ən mürəkkəb problemləri 
						həll edir, əgər ona kifayət qədər vaxt verilsə",-deyən 
						Kapitsa bu qənaətdə idi ki,  elmi həqiqət həyatda hər 
						zaman özünə yol açacaq. Lakin bu yolu sürətli və daha 
						düz etmək birbaşa insanların özündən asılıdır. 
						
						
						Və Kapitsa artıq Moskvada öz işlərini təşkil etməyə 
						qərar verdi. Hər şey sıfırdan başlanmalı idi. Onun artıq 
						40 yaşı var idi. Lakin tükənmək bilməyən elm yanğısı onu 
						dinc qoymurdu. 1938-ci ildə Kapitsa "SSRİ Elmlər 
						Akademiyasının məruzələri" və "Nature" jurnalları 
						redaksiyasına  qeyri-adi xəbər göndərdi: "Mayelərin 
						müqavimət olmadan yüksəkaxıcılıq qabiliyyəti kəşf olunub". 
						Bu görünməmiş fiziki hadisə yalnız aşağı temperaturlarda 
						maye heliumda müşahidə olunurdu.  Maye heliumun 
						yüksəkaxıcılıq qabiliyyətinin  kəşfi heç şübhəsiz ki, 
						istedadlı alimin ən parlaq elmi nailiyyəti idi. Maye 
						heliumu öyrənmək, laborator tədqiqatları aparmaq 
						məqsədlə kifayət qədər helium  əldə etmək üçün Kapitsa 
						xüsusi qurğu işləyib hazırlamışdı. Bu işdə də  
						Kapitsanın uşaqlıqlan böyük maraq göstərdiyi ixtiraçılıq 
						qabiliyyətinin böyük rolu olmuşdu.  Tezliklə Kapitsanın 
						elmi uğuru Avropanın bütün elmi cəmiyyətləri tərəfindən 
						maraqla qarşılandı və qəbul olundu.   
						
						
						
						Gənc alimlərin havadarı 
						 
						
						
						Sovet hakimiyyətinin Kapitsanı Mond laboratoriyasından 
						ayırması onun elmi taleyinə ilk yüksək zərbə idi. 
						Müharibədən bir il sonra, 1946-cı ildə ona daha bir 
						zərbə vuruldu:  Moskva Texniki İnstitutunun nəzdində öz 
						əlləri ilə  yaratdığı laboratoriyanı da əlindən aldılar. 
						Kapitsanı müstəqilliyinə və nadir müşahidə olunan 
						cəsarətli davranışlarına  görə vəzifəsindən azad etdilər.  
						Bu cəsarət və müstəqilliyini o, müharibəyə qədər 3 dəfə 
						- 1935, 1937, 1938-ci illərdə nümayiş etdirdi.  1935-ci 
						ildə görkəmli rus riyaziyyatçısı Nikolay Luzinin 
						müdafiəsi üçün sovet rəhbərliyinə məktub yazdı. Öz 
						məktubu ilə Kapitsa riyaziyyatçını həbsdən xilas etdi. 
						1937-ci ildə tanınmış fizik-nəzəriyyəçi Vladimir Fok 
						həbs olundu. Yenə də Kapitsa özündə cəsarət toplayaraq 
						Stalinə ünvanladığı məktubda riyaziyyatçının azad 
						olunmasını xahiş etdi. Alimin təkidli xahişlərindən və 
						açıqca nümayiş etdirdiyi cəsarətin təsirindən  Stalin bu 
						xahişi rədd etmədi.  
						
						
						1938-ci ilin aprel günlərindən birində Fiziki Problemlər 
						İnstitutunun əməkdaşı,  sovet nəzəriyyəçi fiziklərin 
						rəhbəri Lev Landau işə gəlmədi. Dərhal da hamıya məlum 
						oldu ki,  bunun səbəbi nədir. Yenə də Kapitsa dərhal 
						Stalindən Landaunun işinə müdaxilə etməsini və onun 
						tezliklə azad olunmasını tələb etdi. Əks halda, 
						rəhbərlik etdiyi institutdan istefa verəcəyi ilə 
						hədələdi. Landau bir ildən sonra azadlığa buraxıldı.   
						
						
						
						Kapitsa və totalitar sovet rejimi  
						
						
						Böyük Vətən müharibəsi illərində Kapitsanın alim-mühəndis 
						dahiliyi düşmən üzərində hərbi üstünlüyün təmin 
						olunmasında qiymətsiz idi. Müharibə illərində Kapitsa 2 
						dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adına , 2  Stalin 
						mükafatına layiq görüldü, "Qırmızı Əmək Bayrağı" ordeni 
						ilə təltif olundu.  Sovet rejimi bir dahi alim,  elm 
						təşkilatçısı kimi onunla hesablaşmağa məcbur idi... 
						
						
						1945-ci ilin avqustunda Kapitsa akademik İqor Kurçatovla 
						birlikdə SSRİ atom bombasının hazırlanması üzərində 
						işləyən Xüsusi komitənin tərkibinə daxil olur. Onlara 
						fövqəl etimad göstərildi.  Komitədə yalnız  2 fizik - 
						Kapitsa və Kurçatov təmsil olunurdu, komitəyə isə 
						Lavrenti Beriya rəhbərlik edirdi.  Bu isə tezliklə 
						fəlakətə gətirib çıxardı. Kapitsa əmin oldu ki, belə bir 
						adamın rəhbərliyi altında işləyə bilməyəcək, ona görə də 
						Stalinə 2 məktub yazaraq Beriya  haqda bütün 
						narazılıqlarını əsaslandırdı. Məktublarında Kapitsa heç 
						nəyi gizlətmədi. Bundan əlavə,  məktubu Beriyanın özünə 
						də göstərməyi xahiş edirdi! Məktubda isə qeyd olunurdu 
						ki, Beriya atom layihəsinə rəhbərlik edir, lakin işlərin 
						mahiyyətindən bixəbərdir. Kapitsa Beriyanı notu oxuya 
						bilməyən dirijora bənzədirdi. Bütün bunlar rejimə boyun 
						əyməyən akademikə qanlı divan tutmaq üçün kifayət idi. 
						Məlumdur ki, Stalin onun haqqında - "bütün alimlərin 
						dostu" ifadəsini  işlətmişdi. "Mən onu işdən azad edirəm, 
						lakin sən ona toxunma",-deyə  Stalin Beriyaya Kapitsa 
						barədə tapşırıq  vermişdi. Kapitsanı gözdən saldılar, 
						lakin o, Beriya ilə qarşıdurmadan sağ qaldı. Məşhur 
						fiziki Xüsusi komitədən uzaqlaşdırdılar. Ev dustağı oldu. 
						Yaratdığı institutdan kənarlaşdırıldı. 1949-cu ilin 
						dekabrında bütün ölkə Stalinin 70 illiyini qeyd edəndə 
						Kapitsa tədbirlərə qatılmadı. Buna görə də M.Lomonosov 
						adına MDU-da professor vəzifəsindən də kənarlaşdırıldı. 
						Lakin bütün bu təzyiqlər onun iradəsini sındırmadı. 
						Yaratdığı laboratoriyadan, başına topladığı 
						əməkdaşlarından məhrum olan Kapitsa bir neçə aydan 
						sonra  özünün bağ evində kiçik laboratoriya yaratdı.   
						O, burada hidrodinamika ilə məşğul olmağa  başladı. 
						Məşhur akademiklə hər hansı əlaqədən qorxan keçmiş 
						əməkdaşları gizlində ona kömək edirdilər. Yalnız 
						Stalinin ölümündən 2 il sonra Kapitsa instituta qayıda 
						bildi. 1955-ci ilin yanvarında Kapitsa Fiziki Problemlər 
						İnstitutunun direktorluğuna bərpa olundu. O, ömrünün 
						sonuna kimi instituta rəhbərlik etdi.  Sonrakı illərdə 
						Kapitsa plazma fizikası  ilə məşğul oldu. 1965-ci ildə 
						30 illik fasilədən sonra Kapitsa Kembricə səfər etdi.   
						  
						
						
						
						Gecikmiş mükafat  
						
						
						Nobel mükafatını Kapitsa çox gec, 1978-ci ildə 84 
						yaşında ikən  aldı. 1978-ci ildə İsveç Nobel komitəsi 
						P.Kapitsaya teleqram göndərərək ona aşağı temperaturlar 
						fizikası sahəsində fundamental tədqiqatlarına görə Nobel 
						mükafatına layiq görüldüyünü xəbər verdi. Demək olar ki, 
						mükafat tam 40 il gecikmişdi.   Alimin silahdaşları onun 
						mükafatı çox gec almasını ədalətsiz qərar 
						adlandırmışdılar. "Problemi görmək onu həll etməkdən çox 
						çətindir. Birinci üçün təxəyyül, ikinci üçün isə yalnız 
						bacarıq lazımdır", - deyən Kapitsaya görə,  işgüzarlıq 
						olmadan heç bir istedad nəticə verə bilməz. O bu 
						prinsipə ömrü boyu əməl etmişdi.   
						
						
						Pyotr Kapitsa 1984-cü il aprelin 8-də özünün  90 yaşına 
						3 ay qalmış vəfat edib.    
						
						
						
						Hazırladı:  Oruc MUSTAFAYEV   |