| 
						 
						
						Azərbaycan Dillər Universitetində İspan dili mərkəzinin 
						açılış mərasimi keçirildi.  Açılış rəmzini bildirən 
						qırmızı lent kəsildi. Mərasimdə çıxış edən ADU-nun 
						rektoru Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil 
						ocağında tarixi bir gün yaşandığını bildirdi. Cənubi 
						Qafqaz regionunda ən böyük Amerika mərkəzinin ADU-da 
						fəaliyyət göstərdiyini deyən S.Seyidov təhsil 
						müəssisəsində 15-ə yaxın əcnəbi dilin tədris olunduğunu, 
						eləcə də mərkəzlərinin fəaliyyət göstərdiyini qeyd etdi.  
						Bir müddət öncə ADU-da Höte İnstitutunun filialının 
						fəaliyyətə başlamasından danışan rektor  təhsil 
						müəssisəsində  ispan dili mütəxəssislərinin, həmçinin 
						İspaniyadan gələn müəllimlərin çalışdığını vurğuladı.  
						ADU-nun rektoru ispan dilinin Azərbaycanda 
						öyrənilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini söylədi.    
						Rektor mərkəzin ispan dilinin, mədəniyyətinin 
						öyrənilməsində tələbələrə, eləcə də bütün maraqlı 
						şəxslərə yararlı olacağına əminliyini ifadə etdi. O, 
						mərkəzin İspaniya mədəniyyətinin Azərbaycanda, 
						Azərbaycan mədəniyyətinin İspaniyada təbliği 
						istiqamətində vacib rol oynayacağını dedi. ADU-nun 
						rektoru şəxsi kitabxanasından İspan dili mərkəzinə 
						kitablar hədiyyə etdi.  
						
						
						Tədbirdə çıxış edən İspaniya Krallığının Azərbaycandakı 
						fövqəladə və səlahiyyətli səfiri Kristobal Qonsales - 
						Aller Xurado dost münasibətinə və mərkəzin fəaliyyəti 
						üçün yaradılan şəraitə görə ADU-nun rektoruna öz 
						təşəkkürünü bildirdi. Mərkəzin açılmasında əməyi olan 
						şəxslərə  minnətdarlığını ifadə edən  Kristobal Qonsales 
						- Aller Xurado mərkəzin ispan dilinin tədrisində və 
						təbliğində mühüm rola malik olduğunu qeyd etdi: "Ölkələrimiz 
						arasında olan mədəni, eləcə də digər əlaqələrin bundan 
						sonra da artan tempdə inkişaf edəcəyinə ümidvaram. 
						Mərkəzin gələcək inkişafı üçün öz dəstəyimi 
						əsirgəməyəcəyəm". İspan dili kafedrasının müəllimi, 
						İspaniya vətəndaşı Anxel Konde Munyoz isə çıxışında 
						pedaqoji fəaliyyətinə toxundu. ADU-da peşəkar ispan dili 
						mütəxəssislərinin olduğunu deyən A.K.Munyoz belə bir 
						kollektivdə çalışmaqdan məmnun olduğunu bildirdi. 
						İspaniyalı pedaqoq mərkəzin açılmasını ispan dilinə və 
						mədəniyyətinə verilən töhfə kimi qiymətləndirdi. 
						
						
						İspan dili mərkəzinin təmsilçisi, II kurs magistri  
						Günel Hacıyeva "İspan dili günləri",  İspan dili 
						kafedrasının müəllimi, DELE imtahanlarının 
						Azərbaycandakı təmsilçisi Elvira İmanova  İspaniyanın 
						Servantes İnstitutunda keçirilən DELE imtahanları və 
						əhəmiyyəti,  "Azərbaycan-Latın Amerika Gəncləri" İctimai 
						Birliyinin sədri, ADU-nun tərcümə fakültəsinin IV kurs 
						tələbəsi Mahir Qurbanov isə rəhbəri olduğu təşkilat, 
						onun fəaliyyət istiqamətləri və həyata keçirdiyi 
						tədbirlər haqqında məlumat verdilər. İspan dili 
						kafedrasının müdiri Aybənisə Əliyeva Azərbaycanda ispan 
						dilinin tədrisinin 20 ilinin tamam olduğunu, bununla 
						bağlı tədbirlər planı həyata keçiriləcəyini  bildirdi. 
						
						
						Sonda tədbir iştirakçıları İspan dili mərkəzində 
						yaradılmış şəraitlə tanış oldular.  
						
						
						
						Şakir CƏFƏROV   |