| 
						 
						
						 Dünyanın 
						dörd qitəsindəki 62 universitetlə qarşılıqlı əməkdaşlıq 
						əlaqələrini uğurla davam etdirən, bir sıra beynəlxalq 
						səviyyəli elm və ali təhsil qurumlarında təmsil olunan 
						Naxçıvan Dövlət Universitetinin tərəfdaş olduğu ali 
						məktəblərin sırasına Yaponiya universitetləri də daxil 
						olmuşdur. Yaponiyanın Elm, Təhsil, Mədəniyyət və İdman 
						Nazirliyinin təşkil etdiyi "Ali məktəblərin səmərəli 
						idarə olunmasında yapon modeli" mövzusuna həsr olunmuş 
						beynəlxalq seminarda NDU-nun nümayəndə heyəti də iştirak 
						etmişdir. Seminarda Azərbaycanla yanaşı Rusiya, Ukrayna, 
						Qazaxıstan, Qırğızıstan, Tacikistan universitetlərinin 
						nümayəndələri də təmsil olunmuşlar.  
						
						
						Beynəlxalq seminarın birinci günü "Yapon universitet 
						modeli: uğurlu nəticələr, problemlər və perspektivlər" 
						mövzusunda müzakirələrə həsr edilmişdir. Müzakirələrdə 
						Yaponiya Universitetlər Assosiasiyasının baş katibi, 
						professor Xidebumi Koydemin əsas mövzu ilə bağlı 
						məruzəsi dinlənilmişdir. Bundan başqa, seminarda ali 
						təhsilin qiymətləndirilməsi üzrə Yaponiya təşkilatının 
						direktoru, professor Toşikiro İkonun, Təcrübi Elmlər 
						üzrə Akkreditasiya Şurasının Prezidenti professor 
						Katsuxiko Kakexinin və  Elmi Dərəcələr üzrə Milli 
						İnstitutun Elmi tədqiqatlar şöbəsinin müdiri, professor 
						Miçikata Kononun məruzələrində yapon ali təhsil 
						modelinin müxtəlif aspektləri barədə iştirakçılara geniş 
						məlumat verilmişdir. Müzakirələrdə Naxçıvan Dövlət 
						Universitetinin rektoru, akademik İsa Həbibbəyli də 
						çıxış etmişdir. 
						
						
						Beynəlxalq seminarın əhatə etdiyi günlərdə Yaponiya Açıq 
						Universitetində, İdarəetmə Akademiyasında, Tokio Elmlər 
						Universitetində,  Elektro-Kommunikasiya Universitetində, 
						Sofya Universitetində və Xosey Universitetində ali 
						məktəb rəhbərləri ilə görüşlər keçirilmiş, ali 
						məktəblərin idarəetmə strukturu, maddi-texniki bazası, 
						inkişaf istiqamətləri, mühüm nəticələri ilə tanışlıq 
						turları təşkil olunmuşdur. Akademik İsa Həbibbəyli 
						Yaponiya İdarəçilik Akademiyasında və Xosey 
						Universitetində çıxış etmiş, rəhbərlik etdiyi ali təhsil 
						müəssisəsinin inkişaf yolu haqqında məlumat vermiş, 
						qarşılıqlı əməkdaşlığa dair təkliflər irəli sürmüşdür. 
						Xosey Universitetinin prezidenti rəsmi olaraq Naxçıvan 
						Dövlət Universitetinə dəvət olunmuşdur. 1903-cü ildən 
						fəaliyyət göstərən Xosey Universiteti Yaponiyada 
						reytinqinə görə universitetlər arasında altıncı yerdə 
						dayanır. Səfər çərçivəsində NDU-nun beynəlxalq 
						münasibətlər kafedrasının müəllimi Seymur Talıbov 
						Yaponiya universitetlərində Şərq-Qərb əlaqələrinin və 
						ölkələrarası münasibətlərin tədqiq edilib öyrənilməsi 
						təcrübəsi ilə yaxından tanış olmuş, onu maraqlandıran 
						suallara cavab almış, bu barədə əldə olunmuş konkret 
						nəticələrlə əyani tanışlıq imkanı əldə etmişdir. 
						
						
						Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti xüsusi 
						olaraq Tokiodan Xirosima şəhərinə səfər etmişdir. Burada 
						vaxtilə, yəni 6 avqust 1945-ci ildə dünyada ilk dəfə 
						atom bombasının sınaqdan çıxarılmasından sonra yaranmış 
						siyasi-tarixi vəziyyətlə tanış olan Naxçıvan nümayəndə 
						heyəti Xirosima muzeyinin təmsilçiləri ilə və yerli 
						turizm şirkətlərinin nümayəndələri ilə görüşüb söhbətlər 
						aparıb. NDU-nun rektoru, akademik İsa Həbibbəyli 
						Xirosima muzeyinə və onları müşayiət edən yaponiyalılara 
						Naxçıvanla əlaqədar kitablar, xalça, əl sənəti işləri 
						hədiyyə etmişdir. Beynəlxalq münasibətlər kafedrasının 
						müəllimi Seymur Talıbov müasir dünyada müharibə əleyhinə 
						mübarizədə və sülh uğrunda hərəkatda Xirosima 
						faktorundan istifadəyə dair zəruri tarixi materiallara 
						baxmışdır. 
						
						
						Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti 
						Yaponiya Elm və Texnologiya Muzeyində robot 
						texnologiyası ilə tanış olmuş, danışan və hərəkət edən 
						robotların şousuna baxmışdır. Yaponiyanın rəmzi sayılan 
						Fuci dağına səfər də bu ölkə ilə hərtərəfli tanışlığa 
						imkan yaratmışdır.  
						
						
						Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti səfər 
						zamanı  Azərbaycan Respublikasının Yaponiyadakı 
						səfirliyində səfir Gürsel İsmayılzadə ilə görüşərək 
						Yaponiya universitetləri ilə elm və ali təhsil sahəsində 
						əməkdaşlığa dair söhbətlər aparmışdır. 
						
						  
						
						
						Mehriban SULTAN  |