| 
						 
						
						 Mən 
						Naxçıvan şəhərində doğulsam da orta təhsilimi Bakıda, 
						Bağça-Məktəb-Lisey Kompleksində almışam. Hazırda Şimali 
						Kipr Doğu Akdeniz Universitetində təhsil alıram. 
						
						
						Şimali Kiprdə yeganə dövlət ali təhsil müəssisəsi olan 
						Doğu Akdeniz Universitetində yerli gənclərlə yanaşı, 
						dünyanın 68 ölkəsindən gəlmiş tələbələr də təhsil alır. 
						Burada oxuyan 600-dən çox azərbaycanlı tələbə təhsil 
						haqqının yalnız 50 faizini ödəyir. 
						
						
						Mən universitetdə fəaliyyət göstərən Azərbaycan 
						Cəmiyyətinin vitse-prezidentiyəm. Biz azərbaycanlılar 
						ölkəmizin bütün milli bayramlarını və tarixi günlərini 
						qeyd etməyə çalışırıq. Əsas məqsədimiz vətənimizin milli 
						mənəvi dəyərlərini və mədəniyyətini  təbliğ etmək və  
						burada təhsil alan əcnəbi tələbələrin vasitəsilə dünyaya 
						tanıtmaqdır. Bu mənada cəmiyyətimizin xətti ilə çox 
						əhəmiyyətli işlər görür, maraqlı tədbirlər keçirir, 
						görüşlər təşkil edirik. Belə tədbirlərdən biri də ötən 
						ayın sonlarında cəmiyyətimizin təşkilatçılığı ilə 
						keçirilən Azərbaycan mədəniyyəti gecəsi idi. 
						
						
						Doğu Akdeniz Universitetinin rektoru və professor-müəllim 
						heyətinin, azərbaycanlı, eləcə də çoxsaylı əcnəbi 
						tələbələrin iştirak etdiyi gecə açıq elan olunduqdan 
						sonra Azərbaycanın tarixi və mədəniyyətindən bəhs edən 
						tanıtım filmi nümayiş etdirildi. Azərbaycanlı 
						tələbələrin ifasında milli rəqslərimiz təqdim olundu. 
						
						
						Şimali Kipr Doğu Akdeniz Universitetinin rektoru, 
						professor Abdullah Öztopraq çıxışında belə tədbirlərin 
						keçirilməsinin əhəmiyyətindən söz açdı. O, Azərbaycan 
						tələbələrinin öz mədəniyyətlərini təbliğ etmək məqsədilə 
						keçirdiyi çoxsaylı tədbirləri təqdir etdiyini və yüksək 
						dəyərləndirdiyini vurğuladı. 
						
						
						Gecədə azərbaycanlı tələbənin ifasında səslənən "Azərbaycan" 
						şeiri hamının alqışına səbəb oldu. Sonra respublikamızın 
						əməkdar artisti, tanınmış muğam ifaçısı Bəsti Sevdiyeva 
						solo-konsertlə çıxış etdi. Konserti "Çırpınırdı Qara 
						dəniz" mahnısı ilə açan müğənninin ifa etdiyi xalq 
						mahnıları və muğamlar tədbir iştirakçıları tərəfindən 
						maraqla qarşılandı. Konsert "Yaşa, Azərbaycan" mahnısı 
						ilə başa çatdı. 
						
						
						Professor Abdullah Öztopraq tanınmış muğam ustasını 
						rəhbərlik etdiyi təhsil ocağında görməsindən məmnun 
						olduğunu dedi və tədbirdə iştirak etdiyi üçün ona 
						təşəkkürünü bildirdi.  
						
						
						
						Tofiq HÜSEYNOV, 
						Şimali Kipr Doğu Akdeniz Universitetinin tələbəsi  |