| 
						 
						
						2012-ci ilin aprel ayında Təhsil Nazirliyinin "Qaynar 
						xətt" xidmətinə (telefon: 146; faks: 496-37-61; elektron 
						poçt ünvanı: 
						qaynar-xett@edu.gov.az) 1265 müraciət daxil olub. 
						
						
						 Müraciətlərin 1167-si telefonla, 98-i elektron poçt 
						vasitəsilə qəbul edilib. Bütün müraciətlər dinlənilib, 
						qeydə alınıb, araşdırılıb və cavablandırılıb. 
						
						
						Müraciətlərin əksər hissəsi ümumi təhsil məktəblərinə, 
						digər bir qismi ali və orta ixtisas təhsili, texniki 
						peşə təhsili müəssisələrinə, eləcə də xaricdə təhsil 
						məsələlərinə aiddir. 
						
						
						Sorğu xarakterli müraciətlər ölkə və beynəlxalq fənn 
						olimpiadaları, təhsil sisteminin maliyyələşdirilməsi, 
						xaricdə təhsil, əlavə təhsil, ayrı-ayrı təhsil 
						pillələrinə qəbul, ümumi təhsil məktəblərinin buraxılış 
						siniflərində, ali və orta ixtisas təhsili sistemində 
						yeni qiymətləndirmə sistemi, təhsil sənədlərinin 
						alınması, nostrifikasiyası, buraxılış imtahanlarının, 
						fənn olimpiadalarının təşkili, keçirilməsi və 
						nəticələrinin öyrənilməsi, təhsil müəssisələrinə, 
						xüsusilə ümumi təhsil məktəblərinə vakant yerlərə 
						müəllimlərin müsabiqə yolu ilə işə qəbulu qaydaları, 
						növbəti dərs ilində birinci siniflərə şagird qəbulu, 
						müəllimlərin dərs yükü normaları, dərs yükünün bölünməsi 
						və digər məsələlərlə əlaqədar olub. Bütün bu sorğular "Qaynar 
						xətt" xidmətinin növbətçi əməkdaşları tərəfindən qəbul 
						edilib, qeydə alınıb və cavablandırılıb. 
						
						
						Aprel ayında daxil olmuş 65 şikayət məzmunlu müraciətin 
						təhlili göstərir ki, onların çoxu yenə də ümumi təhsil 
						məktəbləri ilə əlaqədardır. Belə ki, Bakı şəhər ümumi 
						təhsil məktəblərindən 21, digər şəhər ümumi təhsil 
						məktəblərindən 6 (Gəncə və Mingəçevir şəhərlərinin hər 
						birindən 1, Sumqayıtdan 4), Abşerondan 5, Şəki, Yevlax, 
						Kəlbəcər və Biləsuvar rayonlarının hər birindən 2, 
						Cəlilabad, Şamaxı, Göygöl, Ağsu, Kürdəmir, Sabirabad, 
						Hacıqabul, Salyan, Gədəbəy, Lerik rayonlarının ümumi 
						təhsil məktəblərinin hər birindən 1 şikayət məzmunlu 
						müraciət daxil olub. 
						
						
						Ümumi təhsil məktəbləri ilə bağlı şikayətlərin əsas 
						hissəsini məktəb direktorlarının idarəetmədə yol verdiyi 
						nöqsanlar, dərs bölgüsündən narazılıq, bir sıra 
						məktəblərdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin 
						əməkhaqlarından qanunsuz tutulmalar ilə əlaqədar 
						məsələlər təşkil edir. Qeyd etmək lazımdır ki, bu 
						müraciətlərin araşdırılması zamanı yenə də xeyli sayda 
						müraciətdə ad, soyad, telefon nömrəsi göstərilsə də 
						onların anonim olduğu aşkarlanıb, böyük bir qisim 
						müraciətdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb. 
						
						
						Hesabat ayında internat məktəblərindən 1 şikayət qəbul 
						edilib. Bu müraciət araşdırılaraq həllini tapıb. Texniki 
						peşə təhsili müəssisələri ilə əlaqədar 2, dövlət ali və 
						orta ixtisas təhsili müəssisələri ilə bağlı 10, özəl ali 
						təhsil müəssisələri ilə əlaqədar 2 müraciət daxil olub. 
						
						
						Dövlət ali və orta ixtisas təhsili müəssisələrindən 
						daxil olan şikayətlərdə əsasən təhsil sənədlərinin və 
						təqaüdlərin gecikdirilməsi ilə bağlı məsələlər öz əksini 
						tapıb.  |