| 
						 
						
						  Mayın 
						15-də Bakı Slavyan Universitetində ümummilli lider 
						Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü 
						münasibətilə ilk peşə-ixtisas təhsili şagirdləri və orta 
						ixtisas təhsili müəssisələrinin tələbələri arasında 
						keçirilmiş ifa üzrə II Respublika müsabiqəsi 
						qaliblərinin yekun konserti və mükafatlandırılması 
						mərasimi keçirildi.  Tədbirdə təhsil nazirinin müavini 
						Qulu Novruzov, BSU-nun rektoru Kamal Abdullayev, Milli 
						Məclisin deputatları Jalə Əliyeva, Fuad Muradov, gənclər 
						və idman nazirinin müavini İntiqam Babayev, Təhsil 
						Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr 
						şöbəsinin müdiri Ağababa İbrahimov və digər şəxslər 
						iştirak edirdilər.  
						
						
						Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin 24 oktyabr 
						2011-ci il tarixli 1696 və 1698 nömrəli əmrlərinə 
						müvafiq olaraq təşkil edilib. Müsabiqənin keçirilməsində 
						məqsəd ilk peşə-ixtisas təhsili şagirdləri və orta 
						ixtisas təhsili müəssisələri tələbələrinin ifa 
						mədəniyyətlərini yüksəltmək, musiqi alətlərində 
						Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnılarının 
						səsləndirilməsi istiqamətində aparılan işləri daha da 
						yaxşılaşdırmaq, milli rəqslərimizi yaşatmaq, xüsusi 
						istedada malik gəncləri üzə çıxarmaqdan ibarətdir. 
						
						
						Mərasimdə öncə ümummilli lider Heydər Əliyevin həyat və 
						fəaliyyətini əks etdirən film nümayiş olundu. 
						 
						
						
						Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini 
						Qulu Novruzov ümummilli lider Heydər Əliyevin xalqımız 
						qarşısındakı misilsiz xidmətlərindən söz açdı. Belə 
						tədbirlərin keçirilməsinin gənc ifaçıların gələcək 
						həyatına müsbət təsir edəcəyinə və onların bir peşəkar 
						kimi yetişməsində müsbət rolu olacağına ümidvar olduğunu 
						bildirdi. Regionlarda olan təhsil müəssisələrinin 
						şagirdləri və tələbələrinin müsabiqəyə xüsusi maraq 
						göstərdiklərini bildirən nazir müavini müsabiqənin 4 
						mərhələ üzrə keçirildiyini və münsiflər heyəti 
						tərəfindən qaliblərin müəyyənləşdirildiyini qeyd etdi. 
						Qalibləri təbrik edən və onlara gələcək həyatlarında 
						uğurlar arzulayan Qulu Novruzov müsabiqənin növbəti 
						illərdə də keçirilərək bir ənənə halı alacağını bildirdi. 
						
						
						Milli Məclisin deputatları Jalə Əliyeva, Fuad Muradov, 
						BSU-nun rektoru Kamal Abdullayev, gənclər və idman 
						nazirinin müavini İntiqam Babayev çıxış edərək qalibləri 
						təbrik etdilər. 
						
						
						Müsabiqənin Respublika mərhələsində I, II, III yerləri 
						tutan şagird və tələbələrə Təhsil Nazirliyinin diplom və 
						hədiyyələri təqdim olundu. 
						
						
						Qaliblərin ifasında mahnılar, rəqslər və şeirlər 
						iştirakçılara xoş ovqat bəxş etdi.  
						
						
						
						Niyazi RƏHİMOV  |