| 
						 
						
						Bakının Nizami rayonundakı 238 nömrəli tam orta məktəbin 
						bir qrup müəllim və şagirdi "Qardaş məktəb" layihəsi 
						çərçivəsində Türkiyə Əmlak Bankı İlkögrətim məktəbinin 
						dəvəti ilə 19-26  aprel  tarixlərində  Türkiyədə olub.  
						238 nömrəli tam orta məktəbin direktoru İlqar Talıbovdan 
						aldığımız məlumata görə, nümayəndə heyəti  Mustafa Kamal 
						Atatürkün məzarını ziyarət etmişdir.  
						
						
						Qonaqlar hər il Türkiyədə keçirilən 23 aprel - Milli 
						Suverenlik və Uşaq Bayramında iştirak etmişdir. Tədbirdə 
						Azərbaycanın və Türkiyənin Dövlət himnləri ifa 
						olunmuşdur. Hər iki məktəbin şagirdləri maraqlı 
						nömrələrlə çıxış etmişlər. Tədbirdə çıxış edənlər 
						məktəblilərin timsalında bütün türk dünyasının 
						uşaqlarını Milli Suverenlik və Uşaq Bayramı münasibəti 
						ilə təbrik etmişlər.  
						
						
						Aprelin 24-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 
						məktəbin nümayəndə heyəti ilə görüşmüşdür. Rəcəb Tayyib 
						Ərdoğan nitqinə ulu öndər Heydər Əliyevin "Biz bir 
						millət, iki dövlətik"  sözləri ilə başlamışdır. O, 
						uşaqları bayram münasibəti ilə təbrik etmişdir. V sinif 
						şagirdi Aydan Heydərli Baş nazirə bütün azərbaycanlı 
						uşaqlar adından "Bir ürəkdə iki can, Türkiyə - 
						Azərbaycan" deyərək gül dəstəsi vermişdir. Baş nazir 
						uşaqlarla şəkil çəkdirmişdir.  
						
						
						Sonra  azərbaycanlı qonaqlar Türkiyənin bir sıra tarixi 
						yerlərində, muzey və qoruqlarında olmaqla qardaş xalqın 
						adət-ənənələri  və tarixi  ilə yaxından tanış olmaq 
						imkanı qazanmışlar.  
						
						
						
						Rəşad ZİYADOV   |