| 
								 
								 Minirə 
								Nəcəfzadə  Azərbaycan Milli Konservatoriyasının 
								tərkibində Respublika İncəsənət Gimnaziyasının  
								VIII sinif şagirdidir. Yaşıdlarından  qeyri-adi 
								istedadı ilə fərqlənən Minirə fortepiano 
								ifaçılığının sirlərini uşaq yaşlarından 
								öyrənməyə  başlayıb. Dərslərini "əla" oxumaqla 
								bərabər, Azərbaycan və xarici ölkə 
								bəstəkarlarının əsərlərini məharətlə ifa edən  
								M.Nəcəfzadə dəfələrlə fəxri fərman və 
								diplomlarla təltif olunub.       
								
								O, özünü ilk dəfə  birinci sinfi  bitirərkən 
								2003-2004-cü tədris ili üzrə  məktəbin  
								Azərbaycan  Dövlət Filarmoniyasının Kamera və 
								Orqan Musiqi alətləri zalında  keçirilən  yekun 
								hesabat konsertində  Ü.Hacıbəyli adına  
								Azərbaycan Dövlət Simfonik Orkestrinin 
								müşayiəti  və respublikanın əməkdar incəsənət 
								xadimi, maestro  Azad Əliyevin dirijorluğu ilə 
								ifa olunan İ.Berkoviçin "Fortepiano ilə simfonik 
								orkestr üçün konsert" də  sınayıb. Minirə II 
								sinifdə oxuyarkən  "Fortepiano və orkestr üçün 
								konsertlərin ən yaxşı ifası" müsabiqəsinin  ən 
								gənc ifaçısı adına, "Pyeslərin ən yaxşı ifası" 
								müsabiqəsində isə II dərəcəli diploma layiq 
								görülüb. Dünya şöhrətli violençel ifaçısı Yo-Yo 
								Ma 2006-cı ilin mayında  Milli 
								Konservatoriyanın  müəllim və tələbələri ilə 
								keçirilən  ustad dərsində  III sinif şagirdi  
								M.Nəcəfzadənin fortepianoda ifa etdiyi Niyazinin 
								"Xoreoqrafik vals" əsərini dinləyərək onun 
								ifasını çox yüksək qiymətləndirib. 
								
								13 yaşlı Minirənin ifası artıq xarici ölkələrin  
								musiqi  ictimaiyyəti tərəfindən  də bəyənilir. 
								O, 2008-ci ilin aprelində  Parisdə keçirilən 
								Nikolay Rubinşteyn adına IX, 2009-cu ilin 
								mayında  İtaliyanın Bari şəhəri yaxınlığında 
								keçirilən  Pietro Argento  adına XII beynəlxalq 
								musiqi müsabiqələrinin laureatı kimi II yeri 
								tutaraq  müvafiq  diplomlara  və "Pietro 
								Argento" medalına layiq görülüb. 2010-cu ildə 
								isə İspaniyanın  Palma de Mallorca şəhərində 
								keçirilən fortepiano ifaçılarının XVIII 
								beynəlxalq  musiqi müsabiqəsinin "Laureat-I Yer" 
								zirvə mükafatını qazanıb. Həmin il İngiltərənin 
								Nyukasl şəhərində keçirilən  gənc fortepiano 
								ifaçılarının beynəlxalq musiqi  müsabiqəsində də 
								I dərəcəli  diploma sahib olub.  
								
								Azərbaycan Respublikasının   Prezidenti İlham 
								Əliyevin 17 sentyabr  2010-cu il tarixdə 
								imzaladığı "Gənc istedadların xüsusi təqaüdə 
								layiq görülməsi haqqında" Sərəncamı ilə  
								Nəcəfzadə Minirə İlham qızının adı Azərbaycanın 
								gənc istedadlarının "Qızıl kitabı"na yazılmaqla  
								o, xüsusi aylıq  təqaüdə layiq görülüb.  
								
								
								
								Sifai SƏFƏROVA   |