| 
								 
								Bəşəriyyətin inkişafında və tarixi maddi və 
								mənəvi dəyərlərin qorunub saxlanılmasında və 
								çağdaş dövrdə qaynaq kimi rol oynamasında 
								nəsillərin sınağından çıxmış, özünün 
								əhəmiyyətini təsdiqləmiş ənənələr milli 
								faktorlardan olduğunu təsdiqləyir. Bu gün, 
								qloballaşmalar dövründə, Təhsil əsrində belə 
								təlim, tədris və tərbiyə proseslərində dövlət və 
								hökumətin qayğısı, dünya qurumlarının dəstəyi 
								ilə reallaşdırılan islahatlar məhz maarif, 
								təhsil sahəsində ənənələrə və müasir 
								texnologiyalara əsaslanır. Odur ki, ümumiyyətlə 
								tədrisdə ənənələrin və müasir metodların 
								mahiyyət və məzmununun, müasir dünya təcrübəsi 
								fonunda şərhi və təhlili aktuallıq kəsb edir. Bu 
								istiqamətdə elmi-pedaqoji və metodik 
								araşdırmaların aparılması və bunların praktik 
								faktlar əsasında dərs vəsaiti kimi 
								ümumiləşdirilməsi faydalıdır. 
								
								 Sumqayıt 
								Dövlət Universitetinin Azərbaycan dili və 
								ədəbiyyatının tədrisi metodikası kafedrasının 
								müdiri, pedaqoji elmlər üzrə fəlsəfə doktoru 
								Yusif Aslanovun "Ədəbiyyat tədrisi: ənənə və 
								müasirlik" dərs vəsaiti (elmi redaktoru ADPU-nun 
								dosenti S.Hüseynoğlu, rəyçilər pedaqoji elmlər 
								doktorları, professorlar Ş.Mikayılov və 
								R.Hüseynzadə, dosentlər A.Məmmədov və 
								F.Yusifovdur) məhz bu ehtiyacı ödəmək baxımından 
								hazırlanmışdır. 
								
								ADPU-nun dosenti B.Muradov "Ön söz"də müstəqil 
								ölkə üçün yaradıcı, təşəbbüskar vətəndaşların 
								tərbiyə edilməsi vəzifəsinin təsiri ilə təhsildə 
								köklü dəyişikliklər aparıldığını, əsas fənlərdən 
								biri kimi ədəbiyyat tədrisi metodikası elminin 
								yeni axtarışlara yönəldildiyini qeyd etmişdir. 
								Ön sözün müəllifi fənlərin məzmunu və 
								öyrədilməsi ilə bağlı tədqiqatlarda ənənəvi 
								təlimin faydalı nəticələrinin diqqətdən kənarda 
								qalmadığını xüsusi vurğulamışdır. Bu da qələmə 
								alınıb ki, ənənələr nəzərə alınmaqla yanaşı, bu 
								istiqamətdə yeni texnologiyalar da işlənib 
								hazırlanmalıdır. 
								
								Dərs vəsaiti iki fəsildən ibarətdir. Müəllif 
								çoxsaylı ədəbiyyat müəllimlərinin ehtiyacını 
								nəzərə olaraq birinci fəsli "Ədəbiyyat 
								dərslərinin təşkilinin elmi-metodik əsasları" 
								adlandırmış, birinci yarımfəsildə  ədəbi 
								təhsildə, ədəbi-bədii inkişafda mühüm vasitə 
								olan ədəbiyyat dərsləri tədqiq olunmuşdur. 
								Y.Aslanov ədəbiyyat tədrisi tarixinə retroloji 
								nəzər salmış, ədəbiyyat öyrədilməsinin ilk 
								müəlliminin xalq olduğunu təsdiq etməklə, 
								ədəbiyyatın bədii mədəniyyətdə rolunu təhlilə 
								çalışmış, ədəbiyyat tədrisinin inkişaf 
								mərhələlərinə aydınlıq gətirmişdir. Y.Aslanov 
								didaktika sahəsində ədəbiyyata istinad etməklə 
								ədəbiyyat dərslərinin inkişafını təsvir, 
								dərslərin əsas xüsusiyyətlərini ümumiləşdirərək 
								təhlil etmişdir. 
								
								Birinci fəslin ikinci yarımfəslində dərsə 
								verilən müasir tələbləri və dərsə yeni 
								yanaşmanın başlıca istiqamətləri əsas tədqiqat 
								predmeti kimi alınmışdır. Son 10 il ərzində 
								professor Ş.Mikayılovun, dosentlər S.Hüseynoğlu, 
								B.Həsənli və F.Yusifovun əsərlərində ədəbiyyat 
								dərslərində təlim texnologiyaları, fəal/aktiv 
								təlimin nəzəri və praktik məsələləri şərh 
								olunmuşdur. 
								
								Pedaqoji elmlər üzrə fəlsəfə doktoru Y.Aslanov 
								mövcud qaynaqlara əsaslanmaqla ədəbiyyat 
								müəlliminə verilən mənəvi-psixoloji tərəfləri 
								təsvir etmiş, elmi fikirlər əsasında ədəbiyyat 
								dərslərində elmilik, ideyalılıq, dərsin 
								intensivləşdirilməsi, emosionallıq, dərsdə 
								texniki vasitələrdən istifadə, fənlərarası və 
								fəndaxili əlaqələri mühüm tələblər kimi vacib 
								saymışdır. Dərs vəsaitində pedaqoji 
								ədəbiyyatdakı ümumiləşdirmələrə istinadən dərsə 
								verilən: hər bir dərs məntiqi və psixoloji 
								cəhətdən tam olmalıdır; şagirdlər fəal 
								olmalıdırlar; dərslərdə müxtəlif üsul və 
								vasitələrdən istifadə edilməlidir; dərsdə 
								kollektiv və fərdi iş uzlaşdırılmalıdır kimi 
								ənənəvi tələblərlə yanaşı, dərsdə yüksək təhsil 
								və tərbiyə səmərəsi əldə edilməlidir kimi müasir 
								tələblər qeyd olunmuşdur. Bu baxımdan kitabda 
								verilən ayrı-ayrı dərs nümunələri uğurla 
								seçilmişdir. 
								
								Birinci fəslin üçüncü yarımfəslində ədəbiyyat 
								dərslərinin tipləri və formaları elmi-pedaqoji 
								və metodik ədəbiyyat əsasında təhlil və təqdim 
								olunmuşdur. 
								
								Sonrakı yarımfəsildə ədəbiyyat dərslərində yeni 
								təlim texnologiyaları geniş araşdırmalara 
								istinad olunmaqla şərh edilmişdir. 
								
								Ədəbiyyat tədrisinin mühüm tərkib hissələrindən 
								biri ədəbiyyatımızı yaradan sənətkarların xalqın 
								mədəniyyəti və tarixi ilə sıx bağlı olan 
								tərcümeyi-hal materiallarının öyrədilməsidir. 
								Azərbaycanda tərcümeyi-hal materiallarının 
								tədrisi elmi-metodik baxımdan Ə.Qarabağlı, 
								C.Əhmədov, A.Babayev, A.Hacıyev, F.Yusifov, 
								S.Hüseynoğlu və b. tərəfindən araşdırılmışdır. 
								Yusif Aslanovun dərs vəsaitinin ayrıca bir fəsli 
								- 75 səhifəlik hissəsi tərcümeyi-hal 
								materiallarının öyrədilməsi yollarına həsr 
								olunmuşdur. Özünə qədərki mənbələri diqqətlə 
								öyrənmiş müəllif birinci yarımfəsildə 
								tərcümeyi-hal tədrisinin elmi-metodik əsaslarını 
								işləmiş, bu tədris materiallarının 
								təlim-tərbiyəvi əhəmiyyətini bir daha 
								qiymətləndirməyə çalışmışdır. 
								
								Mövcud ədəbiyyat proqramının tələblərini nəzərə 
								alan vəsait müəllifi V-VII siniflərdə öyrədilən 
								bioqrafik materiallarının məzmunu ilə X-XI 
								siniflərdə tərcümeyi-hal materiallarının məzmunu 
								arasında fərqi nəzərə alaraq hər bir mərhələ 
								üçün faydalı və səmərəli öyrətmə priyom və 
								vasitələrini dərs nümunələrində qələmə almışdır.
								 
								
								10 çap vərəqi həcmində olan kitabın (Bakı: 
								ADPU-nun nəşriyyatı, 2011) sonunda nəticə, 
								istifadə olunmuş ədəbiyyat siyahısı verilmişdir. 
								
								Ədəbi irsin öyrədilməsində ədəbiyyat dərslərinin 
								rolu tarixi prosesin inkişaf mərhələlərinə uyğun 
								olaraq araşdırıldığı, dərsə verilən müasir 
								tələblərin, təhsil sisteminə yeni yanaşma 
								istiqamətlərinin son tədqiqatlar əsasında 
								dəqiqləşdirildiyi dərs vəsaiti filoloq 
								tələbələr, magistrant və ədəbiyyat müəllimləri, 
								tədqiqatçılar üçün faydalı olacaqdır.  
								
								
								
								Ş.MƏMMƏDOV, 
								pedaqoji elmlər üzrə fəlsəfə doktoru, 
								 
								
								
								
								E.ƏBDÜLOV, 
								ADPU-nun dissertantı  |