| 
								 
								Ümumtəhsil məktəblərində hazırda özünün geniş 
								tətbiqini tapmış fəal təlimi son illər ölkəmizdə 
								həyata keçirilən təhsil islahatlarının ən uğurlu 
								nəticələrindən biri hesab etmək olar. Dərsin 
								səmərəliliyini yüksəltməyə böyük imkanlar açan 
								fəal təlimin ən mühüm üstünlüyü onun tədris 
								prosesini maraqlı və cəlbedici etməsi, 
								şagirdlərdə biliklərə yiyələnmək həvəsi 
								yaratmasıdır. Mütəxəssislərin qeyd etdiyi kimi, 
								fəal təlim real idrak motivasiyası yaradır ki, 
								bu da idrak fəaliyyətinin gedişində şagirdlərin 
								təfəkküründə gerçək ziddiyyətlərin həlli 
								imkanlarına əsaslanır. Real ziddiyyətlərdən 
								yaranan emosiyalar əqli ehtiyatların 
								səfərbərliyini təmin edir, idrak prosesini 
								fəallaşdırır, diqqəti uzun müddət cəmləməyə 
								imkan yaradır. Təfəkkürün fəallaşdırılması 
								nəticəsində isə biliklər daha müstəqil, sərbəst 
								qavranılır və mənimsənilir, şagirdlərdə məntiqi, 
								tənqidi və yaradıcı təfəkkür, habelə 
								problemlərin həlli və qərar qəbuledilmə üzrə 
								bacarıq və vərdişlər formalaşdırılır. 
								 
								
								 Əlbəttə, 
								bütün bunlar təlim prosesində müəllimin iştirakı 
								və istiqamətverici fəaliyyəti hesabına baş 
								verir. Bu isə fəal təlimlə işləyən hər bir 
								müəllimdən dərsə hərtərəfli hazırlaşmağı, 
								yaradıcı axtarışlar aparmağı, dərsin bütün 
								mərhələlərində şagirdlərin təfəkkür fəallığını, 
								müstəqil fəaliyyətini təmin edən suallar, 
								çalışmalar, tapşırıqlar hazırlamağı, hər bir 
								mövzu üzrə inteqrasiya imkanlarını axtarıb 
								tapmağı tələb edir. Bütün bunları nəzərə alaraq 
								mən tədris apardığım 4-cü sinifdə hər bir dərsə 
								ciddi hazırlaşır, onları fəal təlim metodları və 
								iş formaları ilə qurmağa çalışıram.  
								
								Tədris prosesində hər bir dərsin məqsədlərinin 
								düzgün müəyyənləşdirilməsi, onun planının 
								mükəmməl hazırlanması, bu planda dərsin 
								mərhələlərinin göstərilməsi və hər mərhələdə 
								müəllimin fəaliyyətinin əsas məqamlarının qeyd 
								olunması da mühüm şərtdir. Çünki hər bir dərs 
								onun üçün müəyyənləşdirilmiş məqsədlərin əldə 
								olunması prosesidir və bu proses o vaxt müsbət 
								qiymətləndirilə bilər ki, dərsin sonunda həmin 
								məqsədlərə çatılmış olsun. Məhz buna görə də mən 
								dərsə hazırlaşarkən keçəcəyim mövzu üzrə 
								məqsədlərin düzgün müəyyənləşdirilməsinə, 
								mövzuya uyğun resursların, təlim metodları və 
								üsullarının seçilməsinə xüsusi diqqət yetirirəm. 
								Resursları müəyyənləşdirərkən təkcə əldə 
								olanlarla kifayətlənmir, mövzuya uyğun şəkillər, 
								digər əyani vəsaitlər, təmrin və tapşırıqlar 
								yazılmış iş vərəqləri də hazırlayıram. 
								
								Dərsin səmərəliliyi iş forması və üsullarının 
								məqsədəuyğun seçilməsindən də xeyli dərəcədə 
								asılıdır. Mən dərslərimi müasir təlim 
								üsullarından necə gəldi deyil, mövzuya uyğunluğu 
								əsas götürülməklə istifadə edirəm. Bütövlükdə 
								isə çalışıram ki, seçdiyim hər bir üsul 
								şagirdlərdə dərsə marağı artırsın, onların 
								təfəkkür fəallığını təmin etsin. Böyük və kiçik 
								qruplarla iş, oyun, yarışma və s. kimi iş 
								üsulları, beyin həmləsi, diskussiya, venn 
								diaqramları, krossvord, evrestik müsahibə və s. 
								kimi fəal təlim üsulları bu baxımdan əksər 
								mövzuların tədrisində səmərəli nəticə verir.
								 
								
								Fəal təlimin əsas məqamlarından biri də dərsdə 
								motivasiyanın yaradılması və problemin 
								qoyuluşudur. Hər hansı bir tədqiqata başlamaq 
								üçün, ilk növbədə, problem müəyyənləşdirilməli, 
								tədqiqat sualı formalaşdırılmalıdır. Məhz 
								tədqiqat sualı dərsdə şagirdləri yeni biliklərin 
								kəşfinə aparan bələdçi rolunu oynayır. Problemin 
								qoyulması həm də idrak fəallığının yaranması 
								üçün ilk addım hesab edilir. 
								
								Dərsdə motivasiya yaratmaq üçün suallar 
								müəyyənləşdirərkən şagirdlərin mövcud 
								biliklərini, təsəvvürlərini və dünyagörüşünü, 
								keçilən mövzunun həyati əhəmiyyətini əsas 
								götürür və ilk baxışda o qədər də çətin olmayan, 
								şagirdləri əsas tədqiqat suallarına 
								istiqamətləndirən suallar verirəm. Problemin 
								həlli mərhələsində istifadə etmək və şagirdləri 
								müstəqil işlətmək üçünsə elə suallar, 
								tapşırıqlar seçirəm ki, onlar şagirdləri irəli 
								sürülmüş problemin həllinə məqsədyönlu şəkildə 
								aparsın və özündə yeni informasiya daşısın. 
								
								Tədqiqatı müxtəlif formalarda - ya bütün siniflə 
								birgə, ya kiçik qruplarda, ya da cütlük şəklində 
								və fərdi şəkildə aparıram. Fəal təlim interaktiv 
								xarakter daşıdığından və bu baxımdan kiçik 
								qruplarla, cütlərlə iş daha səmərəli nəticə 
								verdiyindən bu iş formalarını tez-tez tətbiq 
								edirəm. Kiçik qruplarla iş zamanı şagirdlər daha 
								sərbəst olur, tapşırığın həlli prosesinə hər kəs 
								öz töhfəsini verməyə çalışır, bir-birləri ilə 
								mübahisə edir, biri-digərinin cavabını dinləyib 
								müzakirə edir, təsdiq və təkzib edirlər ki, bu 
								da onlarda təfəkkür prosesini fəallaşdırır, həm 
								də həyatda vacib olan kollektivlə işləmək 
								bacarıq və vərdişləri aşılayır. 
								
								Fəal təlimlə aparılan dərsin mühüm 
								mərhələlərindən biri olan qiymətləndirmənin 
								təşkilinə də xüsusi diqqət yetirirəm. Dərsin bu 
								mərhələsinə də xüsusi hazırlaşır, hər qrup üçün 
								meyar cədvəli hazırlayıram. Bu cədvəldə adətən 4 
								meyar nəzərdə tuturam: fikrini bildirir, nəticə 
								çıxarır, təqdim edir, əməkdaşlıq edir. Hər meyar 
								üzrə 4 səviyyə - zəif, orta, yaxşı, 
								əla-müəyyənləşdirir və qiymətləndirməni "müsbət" 
								və "mənfi" işarələri ilə göstərirəm. Çox vaxt 
								çalışıram ki, qiymətləndirmədə şagirdlər özləri 
								də fəal iştirak etsinlər və bir-birlərinin 
								fəaliyyətini qiymətləndirsinlər. Belə olduqda 
								onlar aldıqları qiymətləri daha obyektiv hesab 
								edirlər. 
								
								Çoxillik təcrübəmdən bu qənaətə gəlmişəm ki, 
								ancaq müəllimin xüsusi hazırlığı, fəal 
								axtarışları nəticəsində keçilən dərslər fəal 
								təlimin qarşıya qoyduğu tələbləri ödəyir və 
								gözlənilən səmərəni verir.  
								
								
								
								Tamella MƏMMƏDOVA, 
								Bakıdakı 164 nömrəli tam orta məktəbin  
								ibtidai sinif müəllimi  | 
								  |