| 
								 
								Bakıdakı 35 nömrəli tam orta məktəbin V "b" 
								sinfində ümummilli lider Heydər Əliyevin anadan 
								olmasının 88-ci ildönümünə həsr olunmuş "açıq 
								dərs" keçirildi.    
								
								 Əvvəlcə 
								tədbir iştirakçıları məktəbin foyesində ulu 
								öndərin həyat və fəaliyyətinin bəzi məqamlarını 
								əks etdirən fotolardan ibarət sərgi ilə tanış 
								oldular. Təhsil ocağının direktoru Rəna Naibova  
								iştirakçıları müstəqil Azərbaycanın qurucusu, 
								ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci 
								ildönümü münasibətilə məktəbdə görülən işlərlə 
								tanış etdi.  
								V 
								"b" sinfində təşkil olunan "açıq dərs"də əvvəlcə 
								şagirdlərin ifasında Dövlət himni səsləndi və 
								ümummilli lider Heydər Əliyevin xatirəsi bir 
								dəqiqəlik sükutla yad edildi. Ulu öndərə həsr 
								olunmuş  film nümayiş olundu.  
								
								Məktəbin tarix müəllimi Zinaida Musayeva   
								tarixi mənbələrə əsaslanaraq Heydər Əliyevin 
								Azərbaycan xalqı qarşısındakı misilsiz 
								xidmətlərindən danışdı. Sonra  bilik yarışması 
								başladı.  Yarışma üçün seçilmiş suallar ulu 
								öndərin həyatı, fəaliyyəti və əsasən 
								Azərbaycanın 30 ildən çox tarixi haqqında idi.  
								Sinif üç qrupa bölünmüşdü. Şagirdlər ilk 
								mərhələdə verilmiş müxtəlif sualları 
								cavablandırdılar. 
								
								Şagirdlərin yarışmada fəallığı və maraqlı 
								fikirlər söyləməsi onların ulu öndərə olan 
								sevgisindən irəli gəlirdi. Hər qrupa münsiflər 
								heyəti tərəfindən verilən qiymət yazı lövhəsində 
								qeyd olunurdu.  
								
								Növbəti mərhələdə müəllim əsas mövzunu üç 
								hissəyə bölərək hər qrupa bir mövzu verdi.  
								Birinci  qrupun şagirdlərinə Heydər Əliyevin 
								həyatı haqqında məlumat toplamaq tapşırıldı. 
								Şagirdlərdən İsmixan və Xavər mövzunu daha 
								ətraflı izah edərək yüksək hazırlıq nümayiş 
								etdirdilər. İkinci qrupun şagirdləri ümummilli 
								liderin Azərbaycan  KP MK-nın  birinci katibi 
								işlədiyi illərdə ölkədə gedən quruculuq 
								işlərindən, xalqımızın maddi rifahının 
								yüksəlməsində göstərdiyi əvəzsiz xidmətlərindən 
								danışdılar. Şagirdlər  Heydər Əliyevin böyük  
								lider və tarixi şəxsiyyət   kimi qəbul 
								olunmasında onun hələ sovet dövründə gördüyü 
								işlərin müstəsna rol oynadığını vurğuladılar.  
								Üçüncü qrupun şagirdləri isə bu ölməz 
								siyasətçinin müstəqil Azərbaycanın qurucusu  
								kimi fəaliyyətindən söz açdılar. Qeyd edildi ki, 
								1990-cı ilin 20  Yanvarında xalqına qarşı 
								törədilən qanlı faciəyə öz etiraz səsini  bir 
								vətəndaş kimi bütün dünyaya çatdıran  Heydər 
								Əliyev sonralar ölkənin müstəqilliyini təmin 
								edən ümummilli liderə çevrilmişdi.  
								
								III mərhələ isə intellektual mərhələ idi. Burada 
								ulu öndərin müəyyən bir qərarının tarixini və ya 
								hər hansı bir tarixin konkret  hadisəylə bağlı 
								olduğunu göstərmək üçün hər üç qrupa tapşırıq 
								verildi. Yenə də şagirdlər öz yüksək 
								hazırlıqlarını nümayiş etdirdilər.  
								
								Qonaqlar dərsin  gedişindən razı qaldıqlarını, 
								şagirdlərin bilik səviyyəsinin yüksək olduğunu 
								bildirdilər.   
								
								
								
								Rəşad ZİYADOV  |