| 
								 
								Bakının Sulutəpə qəsəbəsindəki E.Sultanov adına 
								217 nömrəli tam orta məktəbdə dərslərini fəal 
								təlimin tələbləri əsasında quran, interaktiv 
								təlim üsullarından səmərəli istifadə edən 
								müəllimlər çoxdur. Onlardan üçü bu sahədəki 
								təcrübəsini aprelin 15-də müxtəlif siniflərdə 
								apardıqları "açıq dərs"lərdə nümayiş etdirdi. 
								"Açıq dərs"lərdə məktəbin müəllimləri ilə 
								yanaşı, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik 
								Mərkəzindən, Binəqədi rayonundakı bir sıra 
								məktəblərdən nümayəndələr də iştirak edirdilər. 
								
								 Tədbirin 
								proqramına uyğun olaraq qonaqlar əvvəlcə 
								məktəblə, burada tədris üçün yaradılmış şəraitə 
								tanış oldular. Direktor Bənövşə Cəfərova 
								rəhbərlik etdiyi tədris ocağı, kurikulumların 
								tətbiqi, tədrisin keyfiyyətinin yüksəldilməsi 
								ilə bağlı son illər məktəbdə görülmüş işlər 
								haqqında onlara ətraflı məlumat verdi. Sonra 
								Azərbaycan dili və ədəbiyyat müəllimi Həqiqət 
								Əliyevanın VIII "e" sinfində, ibtidai sinif 
								müəllimləri Lütfiyyə Hüseynovanın, III "ç" 
								sinfində Azərbaycan dilindən, Ülviyyə 
								Dünyamalıyevanın II "ç" sinfində riyaziyyatdan 
								apardıqları "açıq dərs"lər dinlənildi. 
								
								VIII "e" sinfində ədəbiyyatdan aparılan dərsin 
								mövzusu "Mirzə Səfər" hekayəsinin təhlili idi. 
								Təcrübəli müəllim Həqiqət Əliyeva qruplarla iş 
								formasından, işgüzar səs-küy, söz 
								assosiasiyaları, əqli hücum, rollu oyunlar, 
								diskussiya kimi fəal təlim üsullarından, İKT-dən 
								bacarıqla istifadə etdiyi dərsdə öncə təşkilati 
								hissəyə qısa vaxt ayırdı. Hər birində 6 şagird 
								olan 4 qrupun liderləri davamiyyət haqqında 
								məlumat verib təmsil olunduqları "Zirvə", 
								"Kəpəz", "Şəfəq", "Zəfər" qruplarını qısa şeir 
								parçaları ilə təqdim etdilər. Sonra dərsin 
								motivasiyanın yaradılması - dərketmə mərhələsi 
								üzrə iş aparıldı. Müəllim bir neçə şagirdə 
								əsərin planını oxutdurdu. Əsərin məzmunu ilə 
								bağlı tərtib olunmuş suallar proyektor vasitəsi 
								ilə lövhədə əks etdirildi. Qrupların hər biri 
								özlərinə ünvanlanmış 3 suala cavab verdi. 
								Şagirdlərin cavabları yoldaşları tərəfindən 
								edilən əlavələrlə daha da dolğunlaşdırıldı və 
								dəqiqləşdirildi, beləliklə, əsərin məzmunu tam 
								əhatə olundu. 
								
								Sonra müəllim şagirdlərin qarşısına belə bir 
								problem sualı qoydu: "Hekayədə təsvir olunan 
								hadisə, sizcə, hansı dövrdə baş vermişdir? Həmin 
								dövr haqqında nə bilirsiniz?". 
								
								Sualları cavablandıran şagirdlər hekayədə təsvir 
								olunan hadisənin baş verdiyi dövr haqqında öz 
								fikir və mülahizələrini bildirdilər, hekayənin 
								müəllifi Ə.Haqverdiyev, onun əsərləri haqqında 
								danışdılar. Müəllim isə öz şərhində şagirdlərin 
								fikirlərini inkişaf etdirərək hekayənin 
								yazıldığı dövr və şərait haqqında daha geniş 
								məlumat verdi. 
								
								Hekayənin ayrı-ayrı məqamları üzərində də iş 
								getdi. Şagirdlər müəllimin "Mirzəyə hər yerdə 
								ehtiram göstərilirdi" cümləsi haqqında 
								düşünmüşsünüzmü" sualına da düzgün cavab verərək 
								Mirzə Səfərə göstərilən ehtiramın səbəbini onun 
								düz işləməsi, rüşvət almaması ilə 
								əlaqələndirdilər. 
								
								Sonra "Papaq" bədii filmindən fraqmentlər 
								nümayiş olundu, şagirdlər Həsən ağa ilə Mirzə 
								Səfərin dialoqunu səhnələşdirdilər. Daha sonra 
								müəllim şagirdlərlə Mirzə Səfərlə Həsən ağanın 
								xarakterik xüsusiyyətlərini müəyyənləşdirməyə 
								imkan verən "Kim tez tapar" oyunu keçirdi. 
								Şagirdlər verilmiş iki sxem üzrə hər iki surətə 
								xas xüsusiyyətləri qeyd etdilər. 
								
								Dərsin yaradıcı tətbiqetmə mərhələsində müəllim 
								şagirdləri krossvord üzərində işlətdi və yekunda 
								onların fəaliyyətlərini lövhədən asılmış xüsusi 
								qiymətləndirmə cədvəli üzrə qiymətləndirdi. 
								
								İbtidai sinif müəllimi Lütfiyyə Hüseynovanın III 
								"ç" sinfində Azərbaycan dilindən "açıq dərs"i də 
								həmkarlarının və qonaqların böyük marağına səbəb 
								oldu. "Kərpickəsən qocanın hekayəti" mövzusunda 
								dərs görkəmli sənətkarımız Bülbülün ifasında 
								Üzeyir Hacıbəylinin məşhur "Sevgili canan" 
								romansının dinlənilməsi ilə başlandı. 
								
								Müəllimin mahnının müəlliflərinin kimliyi, 
								onların hansı əsərlərini tanıdıqları barədə 
								verdiyi sualları cavablandıran şagirdlər Üzeyir 
								Hacıbəyli, Nizami Gəncəvi haqqında kifayət qədər 
								məlumatlı olduqlarını nümayiş etdirdilər. 
								
								N.Gəncəvinin poemaları haqqında növbə ilə 
								məlumat verən qruplar həmin poemaların adları 
								ilə adlandırıldı.  
								
								"Kərpickəsən qoca və cavan" hekayəsindən bir 
								səhnəni əks etdirən şəkil lövhədən asılaraq 
								hekayə üzərində iş aparıldı. Müəllim özü 
								hekayəni ifadəli oxuduqdan sonra onu hissə-hissə 
								şagirdlərə də oxutdu. Oxunmuş hər hissənin 
								təhlili aparıldı. Müəllim dərsin fənlərarası 
								inteqrasiya imkanlarından da faydalanaraq 
								"kərpickəsən" sözünü quruluşuna görə şagirdlərə 
								təhlil etdirdi.  
								
								Daha sonra müəllim hekayənin mahiyyətini açmağa 
								kömək edən suallarla qruplara müraciət etdi  və 
								alınan cavabları  ümumiləşdirərək həmin əsərində 
								Nizaminin insanları öz halal zəhməti ilə 
								dolanmağa çağırdığını bildirdi. Bu məsələnin 
								indi də aktual olduğunu deyən müəllim, hazırda 
								ölkəmizdə korrupsiyaya, rüşvətxorluğa qarşı 
								geniş mübarizə aparıldığını bildirməklə əsəri 
								müasir həyatımızla bacarıqla əlaqələndirdi. 
								
								Dərsin növbəti mərhələsində şagirdlərə iş 
								vərəqləri paylanaraq onlara mövzu ilə bağlı 
								atalar sözləri yazmaq təklif olundu. 5-10 dəqiqə 
								ərzində şagirdlər müstəqil işləyərək tapşırığı 
								yerinə yetirdilər və onun təqdimatını etdilər. 
								Sonra 3 şagird hekayəni səhnələşdirdi. 
								 
								
								İbtidai sinif müəllimi Ülviyyə Dünyamalıyevanın 
								II "ç" sinfində riyaziyyatdan "Təqvim" 
								mövzusunda "açıq dərs"i də çox maraqlı keçdi. 
								Müəllim "Təqvim", "Saat", "Həftə", "İl" 
								adlandırılan qrupları təqvimə, adlarını 
								daşıdıqları zaman vahidlərinə dair çox maraqlı 
								hazırlanmış iş vərəqləri üzərində müstəqil 
								işlətdi. Hər qrup öz təqdimatlarında təqvim və 
								zaman vahidləri haqqında dolğun məlumat 
								verdilər. Dərslik üzərində iş aparıldı. Qruplara 
								təqvimlər paylanaraq onlar əsasında şagirdlər 
								həftənin günləri, ilin ayları, hansı ayların 
								neçə gün olması və s. kimi çoxsaylı sualları 
								cavablandırdılar, məsələ və misallar həll 
								etdilər. 
								
								Dərslər başa çatdıqdan sonra onların müzakirəsi 
								aparıldı. 
								
								Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik 
								Mərkəzinin direktor müavini Sitarə Məmmədova, 
								mərkəzin Nəsimi-Binəqədi bölməsinin müdiri Həvva 
								Əsgərova, 83 nömrəli məktəb-liseyin direktoru 
								Yaqut Sadıqova, 297 nömrəli məktəbin ədəbiyyat 
								müəllimi Şəhla İmanova və başqaları çıxış edərək 
								dinlədikləri dərsləri, müəllimlərin və 
								şagirdlərin hazırlığını yüksək 
								qiymətləndirdilər, müəllimlərin dərslərdə 
								interaktiv təlim metodları və üsullarından geniş 
								və düzgün istifadə etdiklərini, fənlərarası 
								inteqrasiyaya diqqət yetirdiklərini, çox zəngin 
								resurslar hazırladıqlarını qeyd etdilər, bəzi 
								tövsiyələr verdilər.  
								
								
								
								Yusif ƏLİYEV  |