| 
								 
								Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman 
								Akademiyasında apardığımız müşahidələr bəzi 
								qənaətlərə gəlməyə imkan vermişdir. 
								Psixoloqların tədqiqatlarına istinadən söyləmək 
								mümkündür ki, hər bir insanın təlim və tərbiyə 
								prosesində əqli keyfiyyətlərinin inkişaf 
								etdirilməsi bəzən təsadüfi hallarla bağlı olsa 
								da belə, onun emosional vəziyyətinə, 
								mədəni-mənəvi hisslərinə təsirsiz ötüşmür, bütün 
								varlığının tədricən müsbət axında 
								təkmilləşməsinə şərait yaradır. Biliklərin 
								mənimsənilməsi, hər bir tələbənin fərd olmaq 
								etibarı ilə intellektual inkişafı onun bütün 
								daxili aləmində izlər buraxmadan ötüşmür. Buna 
								görə də onların mahiyyətini, başvermə 
								səbəblərini, eləcə də hər bir fərdin özü ilə 
								bağlılığını aydınlaşdırmaq yerinə düşərdi. 
								Tələbənin davranış qaydaları, onun mənəvi 
								tələbatlarının ödənilməsi, bunlarla əlaqədar 
								olan digər zəruri amillərin inkişaf etdirilməsi, 
								yaxud neqativ halların meydana gəlməsi sosial 
								davranış formaları ilə səciyyələnir. Tələbə 
								həyatında mənəvi-siyasi, əqli və estetik hisslər 
								mühüm əhəmiyyət kəsb edir.  
								
								Tələbələrlə fəaliyyətin təşkilində təqdim olunan 
								biliklərin mənimsənilməsi, onların ildən-ilə 
								genişləndirilməsi və dərinləşdirilməsi mühüm 
								əhəmiyyət kəsb edir. Bu hisslərlə yaşamaq, 
								tələbə şəxsiyyətinə hörmət hissi ilə yanaşı, 
								onun seçdiyi ixtisasın dərinliklərinə 
								yiyələnməsi üçün məsuliyyət hissini artırır. 
								
								Tələbə fəaliyyətini istiqamətləndirmək, yalnız 
								bir sıra sahələri əhatə edən əxlaqi, tarixi, 
								estetik və s. məlumatların çatdırılması ilə həll 
								edilə bilməz. Biliklər sürətli templə arta 
								bilər, lakin fəaliyyətə olan yaradıcı münasibət 
								səmərəli olmaya bilər. Ona görə də inkişafda 
								fasiləlik yaranmaması üçün biliklərin obrazlı 
								şəkildə, emosionallıqla, inandırıcılıqla 
								çatdırılması daim diqqət mərkəzində 
								saxlanılmalıdır. Məşğələlər üçün seçilən faktlar 
								və nümunələr elə olmalıdır ki, tələbəni daxilən 
								həyəcanlandırsın, coşqun münasibət yaratsın, elə 
								keyfiyyətlər aşkarlansın ki, onların tərbiyə 
								olunması zəruri hal alsın. Bunun üçün vacib 
								hesab olunan şərtlərdən biri tələbələrə həm 
								təhsil prosesində, həm də onların ictimai 
								fəaliyyətində müstəqilliyin təmin edilməsidir. 
								Bu olmadan zehni və iradi fəallıq nümayiş 
								etdirmək, biliklərin praktiki əhəmiyyətini 
								təsəvvür etmək, elmi yaradıcılığı inkişaf 
								etdirmək çətinləşə bilər. Digər amillərdən biri 
								də təlim prosesinə olan maraqlara əsaslanan fəal 
								dərketmənin inkişaf etdirilməsidir. Belə 
								olduqda, tələbələr mənimsədikləri məzmun və 
								formaların mahiyyətcə qiymətləndirilməsini 
								bacarır, davranış formalarına yiyələnməkdə davam 
								edirlər. Qiymətləndirmələr, eləcə də tədricən 
								qazanılan təcrübə, birinci növbədə, 
								dünyagörüşün, elmi biliklər sisteminin və mədəni 
								münasibət formalarının bərqərar olmasına şərait 
								yaradır. Bu baxımdan, Azərbaycan Dövlət Bədən 
								Tərbiyəsi və İdman Akademiyasının çoxillik 
								təcrübəsinə müraciət etmək yerinə düşərdi. 
								Burada ənənəvi olaraq birinci kurs tələbələrilə 
								müxtəlif tədbirlər keçirilir.  
								
								Tələbələrdə mənəvi keyfiyyətlərin inkişaf 
								etdirilməsində milli mentalitetlə bağlı olan 
								nümunələrdən istifadə etməyin əhəmiyyəti 
								böyükdür.  
								
								Professor-müəllim heyəti, məşğələlərin 
								gedişində, nəzərdə tutulan məsələləri bacarıqla 
								həll etməklə, tələbələrdə yaratdığı münasibətin 
								formalaşdırılması, onların müstəqil çalışmaq 
								vərdişlərinə yiyələnmələri, tapşırıqların 
								həllində şəxsi fəallıqlarının təmin edilməsi və 
								s. həyata keçirir. Tələbələrə müntəzəm 
								diqqətlilik, onlara hörmətlə yanaşma müsbət 
								çalarlar yaratmaqla tərbiyəvi tədbirlərin təsir 
								gücünü artırır. 
								
								Tələbələr arasında dostluq və səmimi yoldaşlıq 
								münasibətlərinin yaradılması da mühüm 
								məsələlərdən biridir. Belə münasibətlərin 
								formalaşdırılması onlarda gümrahlıq yaradır, 
								həyat eşqini gücləndirir, daha çox çalışmaq, 
								qarşıya çıxan çətinlikləri aradan qaldırmaq 
								əhvali-ruhiyyəsi yaradır, eqoizm, 
								mənəm-mənəmlik, düşünülməmiş hərəkətlər etmək, 
								kobudluq, hörmətsizlik göstərmək kimi hallar 
								tədricən aradan qalxır. 
								
								Tələbələrin fəaliyyətinin təşkilində gələcək 
								peşə fəaliyyətində nailiyyətlər qazanmaq üçün 
								onlara hansı hissi-emosional təcrübənin lazım 
								olacağı da nəzərə alınmalıdır. Ali məktəbi 
								bitirdikdən sonra əmək fəaliyyətinin ilkin 
								mərhələsində bir sıra xoşagəlməz hallarla 
								rastlaşmaq mümkündür, halbuki, onların baş 
								verəcəyi ehtimalları ali məktəb illərində nəzərə 
								alınmalıdır. Ona görə də təlim prosesi elə 
								təşkil olunmalıdır ki, tələbələrdə formalaşan 
								keyfiyyətlər, onların əmək fəaliyyətində 
								rastlaşacaqları vəziyyətlərlə, təxmini də olsa, 
								yaxın olsun. Bütün bunlara, təlim prosesinin 
								vəzifə və şərtlərini əmək fəaliyyətinin 
								tələblərinə yaxınlaşdırmaqla nail olmaq 
								mümkündür. 
								
								Tələbə fəaliyyətinə verilən pedaqoji tələblərdən 
								biri özünütərbiyə prosesinin təşkilidir. Öz 
								hərəkətlərini düzgün qiymətləndirməyi bacarmaq, 
								insanlara xoş təsir bağışlamaq, məsuliyyətli 
								olmaq, şəxsi ləyaqətini qorumaq, şərəf hissini 
								artırmaq kollektiv münasibətə xoş təsir 
								bağışlayır. Mərifətli olmaq, tələbələrdə öz 
								hisslərini qiymətləndirmək bacarıqlarını 
								formalaşdırmaq və onların daim 
								təkmilləşdirilməsi qayğısına qalmaq gündəlik 
								fəaliyyətin təxirəsalınmaz vəzifələridir. 
								 
								
								Məlum olduğu kimi, mühazirələrdə, seminar 
								məşğələlərində ixtiyari diqqətin fəaliyyəti daha 
								fəaldır. Çıxışlara, məruzələrə hazırlıq, 
								müstəqil iş bütövlükdə mütəşəkkillik, təkidlik, 
								özünənəzarət və tənqidi münasibət tələb edir, 
								müstəqillik və təşəbbüskarlıq göstərilir. Bütün 
								bunlara rəğmən iradi keyfiyyətlərin inkişafı 
								tələbələr üçün vacib psixoloji və pedaqoji 
								tələblər sayılır. Yalnız bu yolla fəaliyyətdə 
								baş verən çətinliklər aradan qaldırıla bilər, 
								xüsusilə birinci kurslarda bunun əhəmiyyəti daha 
								böyükdür, işgüzarlığın göstərilməsi və 
								nailiyyətlərin qazanılmasında iradi fəaliyyət 
								intensivləşdirilməlidir. 
								
								İradə və iradi keyfiyyətlər tələbələrin fərdi 
								fəallığı, özünütənzim, imkanlarını səfərbər 
								etmək, davranışlarını idarə etmək işində də 
								özünü qabarıq göstərir. Eyni zamanda, burada 
								təcrübə, bilik və bacarıqlar, vərdişlər, fərdi 
								xüsusiyyətlər, motivlər, dünyagörüş də az 
								əhəmiyyət kəsb etmir. Deyildiyi kimi, iradi 
								fəaliyyətin başlıca xüsusiyyətlərindən biri də 
								motivasiya ilə sıx bağlılıqdır. Şəxsi, situativ 
								xarakterli hər bir iradi keyfiyyət ümumi 
								cəhətlərilə bərabər, xüsusi cəhətlərə də 
								malikdir. Belə ki, məqsədyönümlük tələbə 
								həyatında, onun gündəlik fəaliyyətində konkret 
								məqsədə istinad edir (məqsəd yaxın və uzaq 
								məsafəli də ola bilər). İntizamlı olmaq, əxlaqi 
								baxımdan, inamın tərkib hissəsidir. Bu, yalnız 
								müxtəlif şəraitlərdə özünüidarə ilə 
								məhdudlaşmır, eyni zamanda, biliklərə, 
								təfəkkürə, emosiyalara, eləcə də tələbələrin 
								fiziki keyfiyyətlərinə istinad edir. 
								Müstəqillik, təşəbbüskarlıq, qətiyyətlik, 
								təkidlik, mərdlik və s. bu kimi iradi 
								keyfiyyətlər bir-birilə sıx əlaqədə olmaqla, 
								tədricən inkişaf etdirilir, tələbələri zərərli 
								təsirlərə düşməkdən qoruyur, çətin şəraitlərdə 
								səmərəli fəaliyyəti təmin edir. 
								
								Biz tələbələrə "Ali məktəbdə hansı şəxsi 
								keyfiyyətləri əxz etmək istərdiniz" sualı ilə 
								müraciət etmişdik. Onların əksəriyyəti 
								cavablarda mərdlik keyfiyyətinə üstünlük 
								vermişdir. İradi davranış qaydalarına  əməl 
								edilmədikdə, təlim prosesində, eləcə də təlimdən 
								kənar fəaliyyətlərdə ciddi nöqsanlar meydana 
								gəlir, tələbələr süni qıcıqlandırıcılara, süni 
								yollarla zövq almağa meyillənirlər ki, bu da 
								mənfi halların yaranmasına səbəb olur. 
								
								Təlim prosesindəki müvəffəqiyyətsizlik, tələbə 
								fəaliyyətinin səmərəliliyinə mənfi təsir edir. 
								Belə hallarda konkret səbəblər araşdırılmalı, 
								tələbədə çətinliyi aradan qaldırmaq üçün həvəs 
								yaradılmalı, inandırılmalıdır ki, onda maneələri 
								dəf etmək üçün bütün imkanlar vardır, o buna 
								qadirdir. Əgər tələbədə öz qüvvəsinə inam 
								yoxdursa, verilən tapşırıqları 
								müxtəlifləşdirmək, tərifləməkdən, başqalarına 
								nümunə göstərmək kimi üsullardan istifadə etmək 
								olar. 
								
								Tələbələrin müstəqil çalışmaq vərdişlərinə 
								yiyələnmələri onların fəaliyyəti üçün geniş 
								imkanlar yaradır. Müxtəlif kurs tələbələri 
								qarşıya çıxan çətinlikləri özünütərbiyə yolu ilə 
								aradan qaldırmağa çalışırlar. Bu məqsədlə onlar 
								özünənəzarət, özünəinam, özünəəmr, "özü ilə 
								mübarizə" kimi vasitələrdən istifadə edirlər. 
								Hər bir kiçik qələbə insanı daha da qüvvətli 
								edir. Bədəni məşq etdirməklə insan sağlam, 
								gümrah, dözümlü və çevik olduğu kimi, ağlı da, 
								psixoloji prosesləri də məşq etdirməklə psixi 
								vəziyyəti sazlamaq mümkündür. 
								
								Tələbə fəaliyyətinin təşkili ali təhsil 
								illərində müxtəlif istiqamətlər kəsb edir. Əgər 
								birinci kursda təhsildə yüksək göstəricilərə 
								nail olmaq üçün səy göstərilirsə, yuxarı 
								kurslarda ixtisasla bağlı məsələlər ön plana 
								çəkilir, gələcək peşə fəaliyyəti daha çox 
								düşünülür. Bu, onunla izah olunur ki, birinci 
								kurs tələbələri orta məktəblə bağlı olan bəzi 
								ədalarla mübarizə aparmalı olur, fəaliyyətin 
								yeni formalarına yiyələnirlər. Yuxarı kurslarda 
								isə onlar artıq əmək fəaliyyətinə hazırlaşırlar.
								 
								
								Fəaliyyətə yaradıcı münasibət, mövcud biliklərin 
								səfərbər edilməsi və düzgün tətbiqi olmadan, 
								gündəlik məlumatların təhlili aparılmadan, 
								onlardan istifadə üçün müxtəlif vasitələri 
								tətbiq etmədən qeyri-mümkündür. 
								
								Tələbələrdə idrak proseslərini fəallaşdırmağın 
								yeganə yolu ayrı-ayrı problemlər üzrə qabaqcadan 
								zəruri məlumatların əldə edilməsidir. 
								 
								
								Ali məktəb tələbələrinin təhsil illərindəki 
								fəaliyyəti, eləcə də davranışları üç əsas tipə 
								ayrılır: birinci tip tələbələrin ali məktəbdə 
								təlimin məqsəd və vəzifələrinə hərtərəfli 
								münasibət göstərməyi nəzərdə tutur; ikinci tip 
								məhdud peşəyə meyillənmə cəhdi ilə səciyyələnir. 
								Tələbələrin dərketmə qabiliyyəti artıq tədris 
								proqramlarından kənara çıxır, öyrənilənlərin 
								daha da dərinləşdirilməsi prosesi gedir; üçüncü 
								tip bilik və bacarıqların, vərdişlərin 
								qazanılmasını tədris proqramları həcmində 
								nəzərdə tutur, fəallıq, yaradıcı münasibət o 
								qədər də yüksək olmur. 
								
								Hər bir fənnin tədrisində tələbəyə mənimsədiyi 
								biliyin səviyyəsinə görə yanaşılmalıdır. 
								Psixoloji ədəbiyyatlarda belə səviyyələrin 
								müxtəlifliyi qeyd olunmuşdur. Birinci səviyyə 
								dərketmə, fərqləndirmə, tanıma və obyektin 
								öyrənilməsidir. İkinci səviyyə öyrənilənlərin 
								yadda saxlanılması və yada salınması ilə 
								xarakterizə olunur. Üçüncü səviyyə isə ən yeni 
								texniki nailiyyətlərin tətbiqi ilə əlaqədardır. 
								
								Təhsil illərində tələbələrin əmək fəaliyyətinə 
								hazırlanması ali məktəb rəhbərliyinin, 
								professor-müəllim heyətinin, bütün ictimai 
								təşkilatların həyata keçirdikləri təlim-tərbiyə 
								işinin mühüm vəzifəsidir. 
								
								Tələbələrin əmək fəaliyyətinə hazırlığının 
								çoxcəhətli proses olduğu nəzərə alınarsa, bunu 
								şərti olaraq üç mərhələyə bölmək olar. Birinci 
								mərhələ, abituriyentin peşə təmayülü baxımından 
								seçimidir. İkinci mərhələ təlimdə əmək 
								fəaliyyəti ilə əlaqədar formalaşdırılma 
								prosesidir. Üçüncü mərhələ isə peşə fəaliyyətinə 
								hazırlığın başlanmasıdır. 
								
								Bir məsələni də mütləq qeyd etmək lazımdır ki, 
								bəzi tələbələr elmi tədqiqat işi üçün mövzular 
								seçir, lakin az sonra onun perspektivli olmadığı 
								haqqında şübhəyə düşürlər. Bununla da inamsızlıq 
								yaranır. Bu da onun peşə fəaliyyətinə hazırlıq 
								işinə mane olur. 
								
								Ali məktəb həyatında tələbə fəaliyyəti üçün 
								əhəmiyyətsiz məsələ yoxdur. Psixoloji nəzarətin, 
								təhlil və tövsiyələrin verilməsi həmişə vacib 
								amil hesab olunur.  
								
								
								
								Tomas İSMAYILOV, 
								Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman 
								Akademiyasının dosenti,  
								respublikanın əməkdar müəllimi,  
								
								
								
								Bəhruz CABBARLI, 
								ADBTİA-nın baş müəllimi  | 
								  |