| 
								 
								Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət 
								Universitetində Azərbaycanın görkəmli sənətkarı, 
								xalq artisti Şəmsi Bədəlbəylinin anadan 
								olmasının 100 illiyi qeyd edildi. Ölkəmizin 
								mədəniyyət, sənət həyatına, xüsusən də teatr 
								dünyasına əvəzsiz xidmətlər göstərmiş Şəmsi 
								Bədəlbəylinin məhz bu təhsil ocağında anılması 
								təsadüfi deyildir.   
								
								 Çünki 
								o, bu sənət məbədində təhsil almış, pedaqoji 
								fəaliyyət göstərmiş kadrlarla işləmiş, onlarla 
								birgə saysız-hesabsız səhnə əsərlərini meydana 
								çıxarmışdır. 
								
								Görkəmli sənətkara həsr olunmuş tədbiri giriş 
								sözü ilə açan ADMİU-nun rektoru, professor 
								Timuçin Əfəndiyev Ş.Bədəlbəylinin şərəfli sənət 
								ömrü, məşhur nəsil şəcərəsi, mədəniyyət 
								tariximizdəki uca mövqeyi barədə ətraflı məlumat 
								verdi. Sənətkarın yaradıcılıq yönü, üslubu, 
								milli səhnəqrafiyaya gətirdiyi yeniliklər barədə 
								universitetin müəllimi, professor Məryəm 
								Əlizadənin geniş məruzəsi böyük maraqla 
								dinlənildi. ADMİU-nun prorektoru, sənətşünaslıq 
								doktoru Rafiq Sadıqov Şəmsi Bədəlbəylinin 
								yaradıcılıq bioqrayifasında əhəmiyyətli yer 
								tutan məqamları sadaladı. Respublika Teatr 
								Xadimləri İttifaqının sədri, professor Azər Paşa 
								Nemətov Şəmsi müəllimin uzun illər onun başçılıq 
								etdiyi Gənc Tamaşaçılar Teatrının kollektivinə 
								atalıq qayğısından, təmənnasız yardımından, 
								ümumiyyətlə, insani keyfiyyətlərindən son dərəcə 
								maraqlı detallarla söhbət açdı. 
								
								Vaxtilə Şəmsi Bədəlbəyli ilə sıx yaradıcılıq 
								ünsiyyətində olmuş, bu gün isə öz təcrübələrini 
								gənclərlə bölüşən sənətçi-alimlərdən 
								professorlar Ağakişi Kazımov, İlham Namiq Kamal, 
								Ramiz Əzizbəyli, xalq artisti Amalya Pənahova 
								yubilyar haqqında şirin xatirələrini auditoriya 
								ilə bölüşdülər. 
								
								Tədbirin sonunda Şəmsi Bədəlbəylinin oğlu, 
								dünyaca məşhur musiqiçi Fərhad Bədəlbəyliyə söz 
								verildi. Fərhad müəllim belə hərarətli, səmimi 
								bir mərasimi təşkil etdiyinə görə hörmətli 
								rektor T.Əfəndiyev başda olmaqla ADMİU-nun 
								çoxsaylı kollektivinə ailəsi adından 
								minnətdarlığını bildirdi. Çıxışında Fərhad 
								Bədəlbəyli atası ilə bağlı ən unudulmaz, həyati 
								məqamları özünəməxsus şux, əlvan boyalarla ilk 
								dəfə konfrans iştirakçılarına sürpriz olaraq 
								yetirdi. 
								
								Tədbirin sonunda Şəmsi Bədəlbəylinin həyatını 
								əks etdirən fotostend və 10 dəqiqəlik videofilm 
								nümayiş etdirildi.  
								
								
								
								İntiqam MEHDİZADƏ, 
								ADMİU-nun mətbuat katibi  | 
								  |