| 
								 
								Distant təhsil ənənəvi təhsilə inteqrasiya olmuş 
								bütöv bir şəbəkə halında olan müəllimlərin 
								rəhbərliyi altında aparılan təhsil formasıdır. 
								Bunun əsasını isə kompüter telekommunikasiyası, 
								İnternet-texnologiyası təşkil edir. Məhz bu 
								texnologiyaların yayılması universitetlərdə, 
								peşə təhsili sistemində, məktəblərdə, habelə 
								ixtisasartırma sahəsində təhsilin bu yeni 
								formasına tələbatı  günbəgün artırır və onun 
								kifayət qədər intensiv tətbiq olunmasına səbəb 
								olur. Ölkə Prezidenti cənab İlham Əliyevin 3 
								iyul 2007-ci il tarixli 2282 nömrəli Sərəncamı 
								ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 
								texniki peşə təhsilinin inkişafı üzrə Dövlət 
								Proqramı (2007-2012-ci illər)" texniki peşə 
								təhsilinin təkmilləşdirilməsi, onun günün 
								tələbləri səviyyəsində qurulması istiqamətində 
								mühüm bir addım olmuş, texniki peşə təhsili 
								müəssisələrində tədris prosesində müasir 
								informasiya və kommunikasiya texnologiyalarının 
								geniş istifadəsinə nail olunması, məsafədən 
								təhsil kimi müasir təhsil formalarından istifadə 
								imkanlarının araşdırılması, onların real 
								praktikada həyata keçirilməsi əsas məsələlərdən 
								biri kimi önə çəkilmişdir.  
								
								Distant təhsil, ilk növbədə, məsafədən təhsil 
								formasıdır. Burada vaxt sərf edərək və pul 
								xərcləyərək təhsil yerinə getməyə ehtiyac qalmır, 
								İnternetə çıxışı olan kompüterin olması 
								kifayətdir.  Məsafədən təhsil fərdi qaydada 
								sizin üçün rahat olan istənilən məkan və zamanda 
								həyata keçirilir. Siz dərs cədvəli, tədris 
								qrupları və əyani təhsilə xas olan digər 
								atributlarından asılı olmayaraq, tədrisin  
								sürətini və təlim intensivliyini müstəqil olaraq 
								özünüz  müəyyən edirsiniz.  
								
								Təhsilin strateji məsələləri üzrə mütəxəssislər 
								distant təhsili XXI əsrin təhsil sistemi 
								adlandırırlar. Bu gün ona böyük ümidlər 
								bəslənilməkdədir. Əvvəllər texnologiya sahəsində 
								cəmləşdirilən cəmiyyətin sosial tərəqqisinin 
								nəticələri bu gün informasiya sahəsində 
								cəmləşdirilməkdədir ki, bu da distant təhsil 
								mövzusunu daha da aktual edir. Artıq informasiya  
								erasını yaşamaqdayıq. Hazırda onun inkişaf 
								mərhələsini telekommunikasiya mərhələsi kimi 
								xarakterizə etmək olar. Bu, rabitə, informasiya 
								və bilik sahəsidir. Elm və texnikanın, 
								texnologiyanın sürətlə inkişaf etdiyi müasir 
								dövrdə peşə biliklərinin  daha tez köhnəlməsi 
								labüddür, onların daim yeniləşdirilməsinə 
								ehtiyac vardır. Distant təhsil forması  məkan və 
								zaman, məsafədən asılı olmayaraq kütləvi 
								fasiləsiz təhsil sistemini, qlobal informasiya 
								mübadiləsi sistemini yaratmağa imkan verir. 
								Bundan əlavə, distant təhsil sosial durumundan 
								asılı olmayaraq, ölkənin istənilən rayon və 
								şəhərində, xarici ölkələrdə təhsil almaq və 
								informasiya əldə etmək hüququnun həyata 
								keçirilməsi üçün bütün insanlara  (şagirdlər, 
								tələbələr, mülki şəxslər və hərbiçilər, işsiz və 
								s.)  bərabər şərait yaradır. Məhz bu sistem 
								cəmiyyətin ehtiyaclarına və hər bir vətəndaşın 
								təhsil almaq kimi konstitusiya hüququnun həyata 
								keçirilməsinə ən adekvat və çevik cavab verə 
								bilir. Yuxarıda göstərilən amilləri nəzərə 
								alaraq, distant təhsilin mütəxəssis hazırlığı və 
								peşə səriştəliliyini daim  yüksək səviyyədə 
								saxlamağa imkan verən  ən effektiv sistem kimi 
								həyatımıza geniş daxil ediləcəyi qənaətinə gələ 
								bilərik. 
								
								Təhsilin bu formasının son zamanlar daha geniş 
								yayılmasına baxmayaraq onun tarixi daha qədimdir. 
								Belə ki, XVIII əsrin sonlarında Avropada 
								müntəzəm fəaliyyət göstərən poçt rabitəsinin 
								yaranması "korrespondent təhsil"in yaranmasına 
								səbəb olmuşdur. Bu formada təhsil alanlar tədris 
								materiallarını poçt vasitəsilə əldə edir, 
								müəllimlərilə yazışır və imtahanları isə referat 
								şəklində və ya onların vəkil edilmiş şəxslərinə 
								verirdilər.  
								
								XX əsrin əvvəlləri texnologiyanın, xüsusilə 
								telefon və teleqrafın sürətli inkişafı ilə 
								xarakterizə olunur. Lakin bunların təhsildə 
								istifadəsi barədə dəqiq faktlar yoxdur. Bununla 
								belə "korrespondent təhsil" dövrü davam etməkdə 
								idi, dünyada çoxlu sayda təhsil müəssisələri 
								təhsilin bu formasından istifadə etmiş və indiyə 
								kimi də istifadə etməkdədir. 
								
								Radio və televiziyanın gəlişi məsafədən təhsil 
								formasının inkişafına böyük təkan verdi. 
								Təhsilin bu formasından yararlananların sayı yüz 
								dəfələrlə artdı. 50-ci illərin əvvəllərindən 
								başlayaraq təlim məqsədilə gedən televiziya 
								proqramları indiyə kimi çoxlarının yadındadır. 
								Lakin təhsil alanların əks istiqamətdə rabitədən 
								məhrum olmaları televiziya və radionun əsas 
								çatışmazlığı idi.  
								
								1969-cu ildə dünyada ilk dəfə olaraq Böyük 
								Britaniyada məsafədən təhsil verən universitet 
								açılmışdır. Qiymətlərin ucuz olması və 
								auditoriya dərslərində mütəmadi iştirak 
								edilməsinə ehtiyacın olmaması səbəbindən 
								çoxlarının orada oxumağının mümkünlüyünü xüsusi 
								qeyd etmək üçün onu Böyük Britaniyanın Açıq 
								Universiteti adlandırmışdılar. 
								
								Xarıcdə məsafədən təhsil proqramları olan digər 
								məşhur universitetlər yaranmışdır: Cənubi Afrika 
								Universiteti, Xeqan Açıq Universiteti 
								(Almaniya-1974), mühəndis ixtisasları üzrə 
								məsafədən təhsil proqramları olan Milli 
								Texnologiya Universiteti (ABŞ, 1984), 
								İNTEC-Keyptaun Kolleci (CAR), Avstraliya Zona 
								Məlumat Şəbəkəsi. 
								
								80-ci illərin sonlarında fərdi kompüterlərin 
								məişətə geniş daxil olması təhsilin əldə 
								edilməsinin sadələşdirilməsi və 
								avtomatlaşdırılması istiqamətində yeni imkanlar 
								açdı.  
								
								90-cı illərin əvvəlində distant təhsil forması 
								kütləvi inkişafa doğru hələ ilk kövrək 
								addımlarını atarkən çoxları bunu uzaqdan məlumat 
								bazasından istifadə ilə və ya elektron 
								vasitələrlə təhsil kimi adlandırırdı. Hazırda 
								fərdi kompüterlərin əldə olunmasının asanlığı və 
								İnternetə çıxışın kütləviliyi məsafədən təhsilin 
								daha geniş və sürətlə yayılması üçün münbit 
								şərait yaratmışdır. Radio və televiziyadan 
								fərqli olaraq İnternetin bu səpgidə irəliyə 
								sıçrayışı müqayisə olunmazdır. Yerləşdiyi 
								məkandan asılı olmayaraq hər bir şagirdlə 
								danışmaq və əks istiqamətdə rabitə qurmaq mümkün 
								olmuşdur. "Sürətli İnternet"in genişlənməsi 
								təhsildə "onlayn" seminarların keçirilməsinə 
								imkan yaratmışdır. Bütün bunlar distant təhsil 
								formasının artıq dünyanın bir çox ölkəsində 
								geniş yayılmasına səbəb olmuşdur. 
								
								Distant təhsil haqqında çoxlu sayda mənbələrin 
								təhlilinə əsaslanıb praktikada daha geniş 
								istifadə olunan aşağıdakı texnologiyaları qeyd 
								edə bilərik:  
								
								1. Keys - texnologiyası; 
								
								2. İnteraktiv televiziya; 
								
								3. İnternet şəbəkə texnologiyası. 
								
								  
								Keys - texnologiyası zamanı xüsusi tədris 
								metodiki materialları toplam şəklində 
								komplektləşdirilir. Bu toplam müstəqil öyrənmək 
								üçün şagirdlərə göndərilir. Müəllimlərlə - 
								məsləhətçilərlə ünsiyyət, bu məqsəd üçün 
								yaradılmış regional tədris mərkəzlərində həyata 
								keçirilir.  
								
								Müəllimin müxtəlif məsafədə olan auditoriya ilə 
								vizual olaraq birbaşa əlaqə yaratmaq imkanının 
								olması interaktiv televiziyaya əsaslanan 
								təhsilin əsas üstün cəhətidir. Tədris prosesinin 
								ənənəvi metodikaya və ya müasir pedaqoji təlim 
								texnologiyalarından istifadəyə əsaslanmasına 
								baxmayaraq, tədris prosesinin faktiki olaraq adi 
								təlim prosesini təkrarlaması onun əsas mənfi 
								cəhətlərindəndir. Unikal metodikanın, nümunəvi 
								laboratoriya eksperimentlərinin, yeni 
								texnologiyaların, təlim və istehsal üsullarının, 
								habelə yeni bilik və bacarıqların bu üsuldan 
								istifadə etməklə nümayişi  məqsədəuyğundur. 
								Əlbəttə, təhsilin bu distant forması 
								interaktivdir, kadrların ixtisasartırma və 
								mütəxəssis hazırlığı  sistemində çox 
								perspektivli hesab edilə bilər. Amma hazırda bu 
								təlim texnologiyası nisbətən bahalı 
								texnologiyalardan hesab olunur. 
								
								Şəbəkə texnologiyalarına lokal və qlobal 
								hesablama şəbəkələrinin imkanlarından yararlanan 
								İnternet-texnologiyalar aiddir. 
								İnternet-texnologiyada "Ümumdünya hörümçək toru" 
								oxuyanların tədris-metodik materiallarıyla 
								təminatı üçün, həmçinin öyrənənlə müəllim 
								arasında interaktiv qarşılıqlı əlaqə üçün 
								istifadə olunur. "Çoxlarının - çoxları ilə" 
								əlaqə yaratmaq imkanının olması 
								İnternet-texnologiyanın distant təhsilin başqa 
								texnologiyalarından prinsipial fərqidir. 
								
								Adətən distant təhsil prosesində adı yuxarıda 
								çəkilən texnologiyalardan müxtəlif nisbətlərdə 
								istifadə olunur. 
								
								Bir çox hallarda distant təhsili ənənəvi qiyabi 
								təhsillə eyniləşdirməyə çalışırlar. Əslində isə 
								bu belə deyil. Qiyabi təhsildə eyni ixtisasda 
								təhsil alanlar üçün tədris plan və proqramı, 
								yoxlama və kurs işlərinin, habelə imtahanların 
								da verilmə müddətlərinin hamı üçün ümumi olması 
								nəzərdə tutulduğu halda, distant təhsildə fərdi 
								proqram və qrafik üzrə təlimi asanlıqla 
								reallaşdırmaq mümkündür.  
								
								Təhsil standartlarının tələblərini və şagirdin 
								bacarıq və imkanlarının daha  dəqiq və dolğun 
								nəzərə alınmasının mümkünlüyü distant təhsilin 
								əsas effektiv amillərindəndir. Adətən təlim 
								prosesinin eyni zamanda bir neçə ünsiyyət 
								vasitəsinin köməyilə aparılması, tələbəyə təlim 
								materiallarını yaxşı mənimsəməyə imkan verməklə 
								yanaşı,  öyrənmə prosesində müvafiq bilik 
								sahələrinin son inkişaf və nailiyyətləri ilə 
								tanış olmağa imkan verir. Bundan əlavə, öyrənmə 
								prosesi zamanı tələbələrin müəllim ilə operativ 
								əlaqə saxlamaq imkanının olması, anlaşılmayan 
								mövzu üzrə məsləhət almaq, sual vermək imkanının 
								olması distant təhsilin xeyrinə olan ən güclü 
								arqumentlərdən biridir. Distant təhsil müəllimə 
								şagirdin tədris fəaliyyətinə daimi nəzarəti asan 
								reallaşdırmağa imkan verir. Bu isə şagirdi 
								sıçrayışsız və geriləməyə yol vermədən müntəzəm,  
								deməli daha səmərəli işləməyə məcbur edir. 
								
								Peşə təhsili müəssisələrində çalışan mühəndis 
								pedaqoji kadrların mütəmadi olaraq  
								ixtisasartırma, təkmilləşdirmə, 
								yenidənhazırlanma, təcrübəkeçmə, bir sözlə, 
								fasiləsiz əlavə təhsilin təşkilində distant 
								təlim  texnologiyalarının müstəsna rolu vardır. 
								Regionlarda  işləyən  kadrların  paytaxta  
								uzunmüddətli və ya  qısamüddətli kurslara ezam 
								olunmasına  ehtiyac qalmır.  
								
								Çoxsaylı mənbələrin araşdırılması nəticəsində 
								distant təhsil formasının aşağıdakı üstün  
								cəhətlərini qeyd edə bilərik: 
								
								* 
								Təlim prosesinə sərf olunan vəsait azalır (tədris 
								binasının icarəsinə, şagird və müəllimlərin 
								təhsil yerinə gəlib-getmələri üçün nəqliyyat və 
								s. xərclərinə daha ehtiyac qalmır); 
								
								* 
								Təhsilin bu formasının əyani təhsil almaq 
								imkanları olmayan şikəst uşaqlar və bu 
								kateqoriyadan olan digər şəxslər üçün əhəmiyyəti 
								xüsusi qeyd olunmalıdır; 
								
								* 
								Bəzən iri yaşayış məntəqələrində peşə-ixtisas 
								təhsili müəssisəsinin olmaması və ya mövcud 
								peşə-ixtisas təhsili müəssisəsində hazırda 
								ehtiyac duyulan peşələrin hazırlanması mümkün 
								olmadığı hallarda distant təhsilin köməyilə 
								problemi həll etmək olar; 
								
								* 
								Distant təhsil işdən ayrılmadan peşə 
								səriştəliyini artırmaq və ya yeni peşələrə 
								yiyələnmək üçün imkanlar açır; 
								
								* 
								Müasir təlim vasitələrindən və 
								texnologiyalarından  istifadə olunması hesabına 
								təlimin keyfiyyətini artırmaq olur;  
								
								* 
								Materiallar interaktiv formada təqdim edildiyi 
								üçün onun daha keyfiyyətli mənimsənilməsinə 
								imkan yaradır; 
								
								* 
								Təhsil prosesi bütövlükdə müəllimlər tərəfindən 
								dəstəklənir. Materialın mənimsənilməsinə, 
								tapşırıqların yerinə yetirilməsi prosesinə 
								müəllimlər tərəfindən nəzarət edilir, 
								şagirdlərin sualları cavablandırılır, yaranmış 
								problemlərin aradan qaldırılmasına köməklik  
								göstərilir; 
								
								* 
								Təcrübə göstərir ki, distant təhsil alan şagird 
								daha müstəqil, məsuliyyətli və çevik olur. Çünki 
								bu keyfiyyətləri olmasa o, sadəcə oxuya bilməz. 
								Bu keyfiyyətlər əvvəlcədən olmasa belə, təhsil 
								almağa olan istək və səbəblər o dərəcə güclü 
								olur ki, təlimin sonunda onlar əmək bazarının 
								tələblərinə tam cavab verən mütəxəssislər kimi 
								yetişə bilirlər;  
								
								* 
								Amerika Birləşmiş Ştatlarında aparılmış sorğuda 
								iştirak etmiş müəllimlərin  57%-i məsafədən 
								təlimin nəticələrinin ənənəvi təlim üsulundan 
								geri qalmadığını, hətta daha yaxşı nəticələrin 
								əldə edildiyini, 33,3%-i isə yaxın gələcəkdə 
								distant təhsil formasının auditoriya təlimi 
								üsulundan daha geniş yayılacağını hesab etmişlər. 
								
								Bunlarla yanaşı, distant təhsilin çatışmazlığına 
								dair  aşağıdakılar da qeyd olunmalıdır: 
								
								* 
								Müəllim və şagird arasında, habelə şagirdlərin 
								öz aralarında  təcrübə mübadiləsi üçün canlı 
								ünsiyyətin olmaması; 
								
								* 
								Tədris prosesində müəllimin təkidi və daimi 
								dəstəyi olmadan müstəqil öyrənmənin çətinliyi; 
								
								* 
								Əldə edilmiş bilik və bacarıqların və ya yaranan 
								sualların xüsusi praktiki nümunələr üzərində 
								dərhal müəllim ilə araşdırılması imkanının 
								olmaması; 
								
								* 
								Şagirdlərin heç də hər zaman kifayət qədər 
								texniki avadanlıqları -  kompüter və daimi 
								İnternet bağlantısını əldə edə bilməməsi; 
								
								* 
								Biliklərin mənimsəmə dərəcəsini yoxlayarkən 
								istifadəçilərin identifikasiyası İnternet - 
								tədrisin əsas problemlərindən biri kimi 
								qalmaqdadır.  
								
								Müasir təlim texnologiyalarından biri olan 
								distant təlim texnologiyalarından istifadə 
								etməklə neft kapitalını insan kapitalına 
								çevirmək Dövlət Proqramının əsas  məqsədlərindən 
								biridir. Buna nail olmaq üçün dünya ölkələrinin 
								bu sahədəki təcrübələrindən yararlanmalıyıq. İlk 
								növbədə, distant təhsil formasının təşkili üçün 
								informarsiya-kommunikasiya texnologiyaları ilə 
								təminat yaxşılaşmalı, İnternetə sərbəst çıxış 
								təmin olunmalıdır. Bu istiqamətdə işlər 
								görülməkdədir. Belə ki, peşə təhsili 
								müəssisələrinin İKT avadanlıqları ilə təminatı 
								nisbətən yaxşılaşmış, bir çox ilk peşə-ixtisas 
								təhsili müəssisəsində lokal şəbəkələr qurulmuş 
								və İnternetə çıxış təmin edilmişdir, habelə 
								bəzilərinin İnternet saytı yaradılmışdır. Özündə 
								respublikada fəaliyyət göstərən peşə-ixtisas 
								təhsili müəssisələrinin mövcud maddi-texniki 
								bazası, işçi və şagird kontingenti haqqında olan 
								məlumatları əks etdirən "İlk peşə-ixtisas 
								təhsili müəssisələrinin Məlumat Bazası" 
								yaradılmış, habelə peşə təhsili şöbəsinin 
								İnternet saytı istifadəyə verilmişdir. 
								
								Distant təhsil yolu ilə hazırlanacaq ixtisasın 
								və ya peşənin tələblərinə uyğun olaraq təlimin 
								formasının seçimi də  xüsusi əhəmiyyət kəsb edir: 
								
								1) Tamamilə distant; 
								
								2) Qismən distant.  
								
								  
								Aydındır ki, xüsusi əmək vərdişləri tələb edən 
								peşələrin tədrisi zamanı ikinci təlim formasının 
								seçilməsi daha məqsədəmüvafiqdir. 
								Respublikamızın müxtəlif iqtisadi rayonlarında 
								mövcud olan ilk peşə-ixtisas təhsili 
								müəssisələrinin mövcud potensialından 
								yararlanmaqla, onları texniki və texnoloji 
								avadanlıqlarla zənginləşdirməklə, lazımi kadr 
								potensialı ilə təmin etməklə regional təlim 
								mərkəzləri yaratmaq olar. Distant təhsil alan 
								şagirdlərin qısamüddətli praktiki təlimlərini, 
								təlimin müxtəlif mərhələlərində şagirdlərin 
								biliklərinin qiymətləndirilməsini həmin təlim 
								mərkəzlərində təşkil etmək mümkündür. Məncə, 
								Qəbələ və İsmayıllıda son zamanlar istifadəyə 
								verilmiş təlim-tədris mərkəzləri bu məqsəd üçün 
								daha münasibdir. 
								
								Artıq respublikada ilk distant peşə təhsili 
								portalı (www.avel.edu.az) istifadəyə verilmişdir. 
								Portalda müxtəlif inteqrativ dərslikləri, 
								İnternet texnologiyalarına əsaslanan multimedia 
								vəsaitləri, həmçinin mühazirələr, videodərslər 
								və trenajor kompleksləri, interaktiv tapşırıqlar, 
								testlər, tematik müzakirələr və digər vəsaitləri 
								yerləşdirmək mümkündür. Portalda distant 
								təhsilin təşkili üçün lazım olan bir çox 
								imkanlar nəzərdə tutulmuşdur. 
								
								Dünya İnternet şəbəkəsinin baza və 
								xidmətlərindən səriştəli və effektiv istifadə 
								etməyi bacaran mühəndis-pedaqoji kadrların 
								hazırlanması aktual məsələ kimi qalmaqdadır. 
								Distant təhsil üçün müəllimlərin hazırlanması 
								proqramının yaradılmasına da ehtiyac 
								duyulmaqdadır. Praktiki olaraq bütün inkişaf 
								etmiş ölkələrdə artıq buna uyğun müvafiq 
								proqramlar reallaşdırılmaqdadır və təbii ki, 
								onların bu istiqamətdə təcrübələrindən istifadə 
								olunmalıdır.  
								
								
								
								İlqar NADİROV, 
								Təhsil Nazirliyinin baş məsləhətçisi,  
								texniki elmlər üzrə fəlsəfə doktoru  |