| 
								 
								Müstəqillik yolları ilə mətin addımlarla 
								irəliləyən Azərbaycan Respublikasında Təhsil 
								İslahatı Proqramının əsas konseptual ideyası və 
								təməl prinsiplərinin başlıca mahiyyəti 
								xalqımızın unudulmaz milli lideri Heydər 
								Əliyevin "Təhsil millətin gələcəyidir" müdrik 
								ifadəsində layiqincə dəyərləndirilmişdir. 
								
								Bu gün isə bu strateji təhsil siyasəti ulu 
								öndərin davamçısı,  ölkə Prezidenti cənab İlham 
								Əliyev tərəfindən uğurla davam etdirilir. "XXI 
								əsr intellekt əsridir" deyən dövlət başçısı qeyd 
								edir ki, "dünyada gedən tərəqqinin əsas əlaməti 
								və səbəbi bilikdir, bacarıqdır, savaddır. Ona 
								görə Azərbaycanda yeni gənc nəslin 
								yetişdirilməsi və tərbiyə olunmasında təhsilin, 
								məktəbin çox böyük əhəmiyyəti var". 
								
								Təhsilimiz bu gün sürətlə inkişaf edir, 
								təkmilləşir, yeni forma və məzmunla zənginləşir. 
								Artıq inkişaf dinamikası elə bir vüsət almışdır 
								ki, uzun illər alışdığımız, nəticələrini müsbət 
								və proqressiv zənn etdiyimiz ensiklopedik bilik 
								sistemindən ibarət olan hafizə məktəbinin, 
								qaçılmaz reallığımız olan bazar iqtisadiyyatı və 
								mövcud ictimai-siyasi mühitin tələbləri ilə 
								uyğunlaşaraq idrak və təfəkkür məktəbinə 
								çevrilməsi prosesinin dönməzliyini təmin 
								etmişdir. Biz müəllimlər, bu prosesin fəal 
								iştirakçıları olmalıyıq. Qarşımızda duran ən 
								başlıca məqsəd ondan ibarət olmalıdır ki, 
								təhsilini başa çatdıran hər bir gənc potensial 
								imkanlarından tam istifadə etsin, həyatın bütün 
								tələblərinə uyğun dünyəvi bilik, bacarıq və 
								vərdişlərə yiyələnsin, ümumi təhsil məktəb 
								məzunu üçün müəyyən edilən ən vacib 
								kompetensiyalara yiyələnsin. 
								
								Sözsüz ki, bütün bunlara nail olmaq üçün, ilk 
								növbədə, məktəbin idarə edilməsi yeni forma və 
								məzmunla zənginləşdirilməli, fəaliyyət 
								strukturunun demokratik prinsiplər əsasında 
								qurulması təmin edilməlidir. Bununla yanaşı, 
								təhsilimizdə baş verən böyük dəyişikliklərin, 
								yenilik və islahatların, yeni təlim 
								texnologiyalarının nəbzini gecikmədən tutmağı 
								bacarmalıyıq, daim öz üzərimizdə çalışmalı, 
								təkmilləşməliyik, əlavə təhsil almalıyıq. 
								
								Bu baxımdan 2000-ci ildə ümummilli liderimiz 
								Heydər Əliyevin fərmanı ilə fəaliyyətə başlamış 
								Azərbaycan Müəllimlər İnstitutu hər bir təhsil 
								müəssisəsinin pedaqoji kadrlarının 
								ixtisasartırma, yenidənhazırlanma və əlavə 
								təhsil almaq ehtiyaclarını ödəyən əvəzolunmaz 
								tədris ocağıdır desəm, yəqin ki, səhv etmərəm. 
								Uzaqdan öz səliqə-sahmanı ilə hər kəsi cəlb edən 
								institutun gül-çiçəkli həyətinə daxil olduqda, 
								ilk növbədə, heyrətlə baxdığım "Heydər Əliyev 
								Mərkəzi" oldu. Öyrəndim ki, onun yaradıcısı 
								institutun rektoru, professor Aqiyə 
								Naxçıvanlıdır. O, ümummilli lider haqqında 
								zəngin material toplamış, dahi rəhbərimizin 
								bütün həyat və fəaliyyətini eksponatlarda əks 
								etdirmişdir. Ümumiyyətlə, A.Naxçıvanlının rektor 
								kimi fəaliyyət dövrünü institutun tarixində, 
								sözün əsl mənasında, intibah dövrü adlandırsaq, 
								səhv etmərik. 
								
								İnstitutda hökm sürən ciddi nizam-intizam, 
								professor-müəllim heyətinin yüksək davranış 
								mədəniyyəti, bu tədris müəssisəsində çalışmaqdan 
								duyduqları fərəh hissi müəllim peşəsinin nə 
								qədər müqəddəs olduğunu təsdiq edir. Elə hiss 
								etdim ki, burada fəaliyyət göstərən hər bir 
								müəllim özü də şagirddir və təlim-tərbiyə 
								prosesinin fəal iştirakçısıdır. 
								
								Təhsil müəssisəsinin idarə olunması aspektləri 
								ətrafında dinlədiyim müzakirə və dialoq 
								mahiyyətli mühazirələrdə gələcək iş fəaliyyətim 
								üçün konkret və real addımlar müəyyən etdim. Bu 
								gün tətbiqinə geniş yol açılmış innovasiyaların 
								təqdimatı mexanizmləri qaçılmaz reallıqlar 
								prizmasından və süzgəcindən keçirilir və 
								institutda vahid istiqamətdə məqsədli fəaliyyət 
								təhsil islahatının gələcək uğurlarından xəbər 
								verir. 
								
								İnstitutda müasir tələblərə cavab verən 
								maddi-texniki baza yaradılmış, əlavə təhsil üzrə 
								kabinetlər müasir tələblərə cavab verən texniki 
								vasitələrlə təchiz edilmişdir. Əksər 
								kabinetlərdə İKT avadanlıqları vardır. 
								
								Azərbaycan Müəllimlər İnstitutunda təhsilin 
								məzmununa, onun keyfiyyətinin artırılmasına daim 
								diqqət yetirilir. Əlavə təhsil üzrə 
								dinləyicilərin arzu və təklifləri sorğu 
								anketləri vasitələri ilə öyrənilir. Dinlədiyim 
								mühazirələrdə institutun geniş beynəlxalq 
								əlaqələri barədə məlumat aldım. Beynəlxalq 
								təhsil sisteminə inteqrasiya olunmaq üçün Fransa, 
								Almaniya, ABŞ, İngiltərə, Türkiyə, Rusiya ilə 
								əlaqələr yaradılıb və təcrübə mübadiləsi 
								aparılır, layihə və memorandumlar imzalanır. 
								
								İnstitutun Əlavə təhsil üzrə prorektoru Rahim 
								Əzizov, ixtisasartırma və yenidənhazırlanma 
								fakültəsinin dekanı, dosent Telman Haqverdiyev,  
								professor Ramiz Məmmədzadə, professor Sərdar 
								Quliyev, dosent Əsabəli Quliyev, dosent Rəşid 
								Cabbarov, dosent Atəş Abdullayev, dosent Sirac 
								Rəsulov, baş müəllim Firəngiz Kərimova təhsilin 
								idarə olunmasında müasir yanaşmaların aktual 
								problemlərinin təhlilini apararaq bizi 
								maraqlandıran sualları cavablandırdılar. Müasir 
								təlim texnologiyaları ilə məlumatlandıq və yeni 
								idarəetmə strategiyalarını öyrəndik. 
								
								İnstitutda təlim almağa gəlmiş müəllimlər üçün 
								çox rahat yataqxana və keyfiyyətli qidalarla 
								zəngin olan yeməkxana təşkil edilib. 
								
								Bütün yuxarıda qeyd olunanlara rəğmən mən 
								təcrübəli məktəb rəhbəri və müəllim kimi 
								Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyinə, 
								professor-müəllim heyətinə, xüsusən institutun 
								rektoru, professor, millət vəkili Aqiyə xanım 
								Naxçıvanlıya bu nəcib və vacib işdə uğurlar 
								arzulayıram. Müəllimlər İnstitutu pedaqoji 
								işçilərin istinadgahı və məbədgahıdır.  
								
								
								
								Elmira QASIMOVA,  
								Quba şəhər 4 nömrəli humanitar fənlər təmayüllü 
								məktəb-liseyin direktoru  | 
								  |