| 
								 
								Əsası 2001-ci ildə qoyulmuş Heydər Əliyev adına 
								Müasir Təhsil Kompleksi Azərbaycanın özəl təhsil 
								müəssisələrindəndir. Kompleksin məqsədi milli 
								ruhda nümunəvi tərbiyə və təhsil sistemi 
								yaratmaqdır. 
								
								 Kompleksimiz  
								milli təhsil ənənələri ilə müasir təlim 
								texnologiyalarını özündə birləşdirir. Dərslər 
								həm ənənəvi formada, həm də mühazirə, diskussiya, 
								laborator məşğələlər, tədqiqatlar, 
								inkişafetdirici oyunlar, ekskursiyalar və s. 
								şəklində aparılır. Tədris prosesində daim 
								müxtəlif innovasiyalar tətbiq olunur. 
								
								Kompleksimizdə informasiya və kommunikasiya 
								texnologiyalarının tətbiqinə də mühüm yer 
								verilir. 
								
								Tədris ocağımız müxtəlif müasir İKT vasitələri - 
								kompüterlər, proyektorlar, interaktiv lövhələr 
								və digər interaktiv tədris vasitələri ilə tam 
								təmin olunmuşdur. 200-dən artıq kompüteri özündə 
								birləşdirən məktəb kompüter şəbəkəsi mövcuddur. 
								İnformatika fənninin tədrisinə çox böyük diqqət 
								yetirilir. Kompüterlə tanışlıq bağçada yuxarı 
								yaş qrupundan başlanılır. İnformatika fənninin 
								tədrisi isə artıq 1-ci sinifdən başlayaraq 
								aparılır. İbtidai siniflərdə informatika 
								fənninin tədrisi əyləncəli öyrədici kompüter 
								oyunları və məntiqi məsələlər vasitəsilə həyata 
								keçirilir. Yuxarı siniflərdə isə kompüterin 
								cihaz hissələri ilə tanışlıq, müxtəlif 
								istifadəçi proqramları və proqramlaşdırma 
								dilləri tədris olunur. Şagirdlərin bu biliklərə 
								tam yiyələnməsi üçün müəllimlər tərəfindən əlavə 
								dərslər və praktiki məşğələlər aparılır. 
								İnformatika fənninə marağı daha da artırmaq üçün 
								şagirdlər arasında müxtəlif yarış və müsabiqələr 
								keçirilir. O cümlədən, İKT sahəsində fəaliyyət 
								göstərən müxtəlif elmi institutlara və 
								istehsalat müəssisələrinə ekskursiyalar, bu 
								sahənin görkəmli nümayəndələri ilə görüşlər 
								təşkil edilir.  
								
								Uğurlarımız çoxdur. Son illər şagirdlərimiz bu 
								sahədə respublikamızda keçirilmiş bir çox 
								müsabiqə və yarışların, o cümlədən "Virtual rinq" 
								oyununun, Təhsil Nazirliyinin keçirdiyi 
								məktəblilər arasında  "Gənc  kompüter 
								istedadları" adlı I Respublika müsabiqəsinin 
								qalibləri olmuşlar. 
								
								Fənn müəllimləri tərəfindən tədris prosesində 
								İKT-dən geniş istifadə olunur. Müəllimlərimiz 
								tədris etdikləri fənlərə dair müxtəlif elektron 
								resurslar yaradır və dərs zamanı istifadə 
								edirlər. Bu da dərsin effektivliyinin 
								artırılmasında və daha yaxşı mənimsənilməsində 
								böyük rol oynayır.  Təsadüfi deyil ki, keçən il 
								Təhsil Nazirliyinin keçirdiyi "Elektron təhsil" 
								müsabiqəsində kompleksimizin müəllim və 
								şagirdlərinin   təqdim etdiyi işlərdən 4-ü 
								müsabiqənin qalibi olmuş, 3-ü isə müsabiqədə 
								fərqləndiyinə görə mükafata layiq görülmüşlər. 
								
								Elektron tədris vasitələrinin yaradılmasına da 
								kompleksimiz öz töhfəsini vermişdir. 
								Müəllimlərimiz tərəfindən kimya və həndəsə 
								fənlərindən interaktiv elektron dərsliklər 
								hazırlanaraq şagirdlərin istifadəsinə 
								verilmişdir (www.derslik.az). 
								
								Tədris prosesinin idarə olunmasında da İKT geniş 
								tətbiq olunur. Kompleksimizdə hazırlanmış 
								elektron idarəetmə sistemi elektron formada test 
								imtahanlarının keçirilməsi və tədris prosesi ilə 
								bağlı bir çox məsələlərin daha tez və çevik 
								həllini tapması üçün tətbiq olunur. Daha dəqiq 
								desək, bu sistem - test imtahanlarının tam 
								elektron formada keçirilməsinə, şagirdlərin 
								dərsə davamiyyəti və fənlərdən aldığı 
								qiymətlərin elektron formada qeydiyyatının 
								aparılması və emalına, kompleks kitabxanasının 
								elektron kataloqunun və kitabların elektron 
								formasının yaradılmasına imkan verir.  Artıq 4 
								ildir ki, bu sistem kompleksimizdə uğurla tətbiq 
								olunur. 
								
								Kompleksin daim yenilənən İnternet saytı 
								fəaliyyət göstərir (www.mtk.edu.az). Saytımız 
								kompleks haqqında ətraflı məlumat verməklə və 
								kompleksimizin gündəlik həyatını işıqlandırmaqla 
								yanaşı, həmçinin valideynlə məktəb arasında 
								qarşılıqlı əlaqəni təmin edir. Belə ki, 
								valideynlər saytımıza daxil olaraq övladlarının 
								fənlərdən aldığı qiymətləri, onların imtahan 
								nəticələrini, müəllimlərin yazdığı qeydləri görə 
								bilər və öz arzu, istək və təkliflərini yaza 
								bilərlər. 
								
								Bu yaxınlarda müəllimlərimiz daha bir uğura imza 
								atmışlar. Kompleksimizin müəllimləri Əlinazim 
								Mahmudzadə və Rəna Əhmədova  
								"Microsoft-Azerbaijan" şirkətinin Təhsil 
								Nazirliyinin dəstəyi ilə keçirdiyi "İnnovativ 
								müəllimlər" müsabiqəsində "Vızıltılı 
								superkompüterlər" adlı layihə ilə uğurla çıxış 
								edərək respublikamızın 20 finalçı məktəbi 
								arasında birinci yerə layiq görülmüşlər. 
								 
								
								Həmin layihə Azərbaycanı təmsil etmək üçün  
								21-24 mart tarixində  Moskvada keçirilən 8-ci 
								Avropa Forumuna təqdim olunmuşdur. Bu forumda 
								Avropanın 44 ölkəsindən olan 285 iştirakçı 
								mübarizəyə qoşulmuşdu. Burada da müəllimlərimiz 
								uğurla çıxış edərək "Dərsdənkənar tədris 
								fəaliyyətləri" nominasiyasında 3-cü yerə layiq 
								görülmüş və bu ilin noyabrında ABŞ-ın Vaşinqton 
								şəhərində keçiriləcək Ümumdünya İnnovativ Təhsil 
								Forumunda Avropanı təmsil edəcək 24 müəllim 
								sırasına düşmüşlər. 
								
								Şübhəsiz ki, bütün bu uğurlarımız bizi çox 
								sevindirir və təhsilimizin daha da inkişaf 
								etməsi üçün şövq ilə çalışmağa ruhlandırır.  
								
								
								
								Ramil HƏSƏNOV, 
								Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 
								İKT üzrə rəhbəri  |