| 
								 
								Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində 
								Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq 
								Tətbiqi Sənəti Dövlət Muzeyi "EkoMədəniyyət" 
								Mərkəzi ilə birgə 15 Aprel - Ümumdünya Gənclərin 
								Ekologiyaya Xidmət Gününə həsr olunmuş "Təbiətdən 
								ilmələrə" mövzusunda tədbir keçirmişdir. 
								 
								
								AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən 
								təhsil kompleksinin direktoru Sara Xanlarova 
								hazırda dünyanın diqqət mərkəzində olan ekoloji 
								problemlərdən danışmış, tədbirin əhəmiyyətini 
								vurğulamışdır.  
								
								Bildirmişdir ki, 15 Aprel - Ümumdünya Gənclərin 
								Ekologiyaya Xidmət Günü 1988-ci ildən dünyanın 
								100-dən artıq ölkəsində qeyd edilir. Gənclərə və 
								uşaqlara ətraf mühitə xidmətin mənasını aşılayan 
								bu kampaniya təbiətin mühafizəsi, ekoloji 
								tarazlığın bərpası, təbii ehtiyatlardan səmərəli 
								istifadəyə dair ekoloji maarifləndirmə işinin 
								həyata keçirilməsində böyük əhəmiyyət kəsb edir.
								 
								
								Kompleksin biologiya müəllimi Xanım Muradova 
								Prezident İlham Əliyevin ölkəmizdə ekoloji 
								tarazlığın bərpasına yönəlmiş fərman və 
								sərəncamları, "Ekologiya ili"nin yekunları və "Adama 
								bir ağac əkək" kampaniyası barədə ətraflı 
								məlumat vermişdir.  
								
								Beynəlxalq ekspert, Azərbaycan Turizm 
								İnstitutunun müəllimi Gila Altmann şagirdlər 
								qarşısında "Azərbaycanın ekoloji marşrutları" 
								mövzusunda məruzə ilə çıxış etmişdir. 
								 
								
								Azərbaycanın ekoloji problemləri barədə məlumat 
								verən Beynəlxalq Ekoenergetika Akademiyasının 
								professoru, ekoloq-ekspert Lətifə Hüseynova "EkoMədəniyyət" 
								Mərkəzinin yuxarı sinif şagirdləri arasında 
								biomüxtəlifliyə, "Qırmızı kitab"a daxil edilmiş 
								flora və fauna növlərinə həsr olunmuş esse və 
								təqdimatlar müsabiqəsinin qaliblərinə 
								sertifikatlar təqdim etmişdir.  
								
								Tədbirdə mövzu ilə bağlı videoçarx, slaydlar 
								təqdim olunmuş, həmçinin şagirdlərin ifasında "Əlbir 
								olaq" musiqili-ekoloji tamaşa göstərilmişdir.   
								
								
								
								AzərTAc  |