| 
								 
								
								
								Azərbaycanın  təhsil  tarixi  hər birimizin fəxr 
								etdiyi nailiyyətlərlə zəngindir. 
								İlham ƏLİYEV  
								
								Muzeylər hər hansı bir xalqın əsrlər boyu 
								yaratdığı milli mənəvi dəyərləri, maddi və 
								mədəni irsini qoruyub saxlayan, nəsildən-nəslə, 
								keçmişdən gələcəyə ötürən bir məbəddir. "Muzey" 
								anlayışı latın mənşəli yunan sözü olan "museion" 
								- muzalar məbədi, "musa" - muza sözündəndir. 
								Muza - qədim yunan mifologiyasında incəsənət və 
								elm ilahəsinin adıdır, ilham mənbəyi deməkdir.  
								"Muzeylər haqqında" Azərbaycan Respublikasının 
								Qanununda "muzey - maddi - mədəniyyət 
								abidələrinin komplektləşdirilməsi, mühafizəsi, 
								öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin 
								həyata keçirildiyi mədəniyyət, elmi - tədqiqat 
								müəssisəsi" kimi təsbit edilmişdir.  Muzeylər 
								tarixi abidələri qoruyub saxlayan bir elmi - 
								maarif müəssisəsi, hamı üçün müyəssər olan 
								tarix, elm, incəsənət, mədəniyyət xəzinəsidir. 
								
								Muzeylər çox qədim tarixə malikdir. İlk muzeylər 
								e.ə.XVI əsrdə Kritdə, e.ə.XIII - XII əsrlərdə 
								Çində, e.ə. VII əsrdə Nineviyada (İraq), e.ə. 
								III əsrdən qədim Yunanıstanda və Romada əsasən 
								saraylarda sənədlər, şəhadətnamələr və estetik 
								dəyərə malik əşyalar kompleksi şəklində, 
								həmçinin məbədlərin və bəzi şəxslərin 
								kolleksiyaları kimi meydana gəlmişdir. 
								 
								
								Azərbaycanda müasir tipli muzeylər XIX əsrin 
								sonu, XX əsrin əvvəllərində meydana gəlsə də, 
								onun sələfi olan kolleksiyaçılıq ənənələrinin 
								tarixi çox qədimdir. E.ə. sonu, eləcə də 
								eramızın ilk əsrlərində Atropatena və 
								Albaniyanın  hökmdar saraylarında, məbəd və 
								kilsələrdə qiymətli əşyaların, nadir sənət 
								əsərlərinin, dünyəvi və dini məzmunlu zəngin 
								kitabların, əlyazmaların qorunub saxlanıldığı 
								məlumdur. Azərbaycan hökmdarları - Cavanşir (VII 
								əsr), Məhəmməd Cahan Pəhləvan (XII əsr), Qızıl 
								Arslan (XII əsr) və bir çox başqaları 
								mədrəsələr, məscidlər, rəsədxanalar, 
								karvansaralar, ovdanlar, xəstəxanalar 
								tikdirməklə yanaşı zəngin kitabxanalar yaratmış, 
								öz saraylarında poeziya, musiqi, rəsm məclisləri 
								təşkil etmiş, alimlərə, şairlərə, sənətkarlara 
								hamilik etmişlər. 
								
								Elxanilər və Eldənizlər dövründə Azərbaycanda 
								mədəniyyət daha da inkişaf etmişdi. Görkəmli 
								dövlət xadimi, alim və şair Fəzlullah 
								Rəşidəddinin (1247-1318) təşəbbüsü ilə XIII 
								əsrdə Təbriz yaxınlığında salınan Rəşidiyyə 
								şəhərciyində digər tikililərlə yanaşı, 60 mindən 
								artıq kitab fondu olan iki böyük kitabxana da 
								fəaliyyət göstərirdi. Öz dövrünün bu böyük elm 
								mərkəzində qiymətli sənət əsərləri, nadir 
								əlyazmalar mühafizə olunur, tanınmış alimlər, 
								hakimlər, şairlər, rəssamlar çalışırdılar. 
								
								Görkəmli dövlət xadimlərindən Uzun Həsənin 
								(1468-1478) Təbrizdə tikdirdiyi Nəsriyyə və 
								Məqsudiyyə mədrəsələrində elm və sənət inciləri 
								mühafizə olunurdu, Ağqoyunlu hökmdarı Sultan 
								Yaqub (1478-1490) isə zəngin kitabxanası, 
								əlyazma fondu, mədrəsələri və xəstəxanası olan, 
								dünya memarlığının şah əsərlərindən sayılan Həşt 
								behişt (Səkkiz cənnət) saray kompleksini (1483) 
								inşa etdirmişdi. Bu sarayda dövrün müasir 
								muzeyçilik fəaliyyətinin prototipi olan 
								kolleksiyaçılıq ənənələri daha da inkişaf 
								etdirildi. Həmin dövrdə qiymətli əşyalar, 
								əsasən, xəzinələrdə və saray kitabxanalarında 
								qorunub saxlanılırdı. Saray kitabxanası sadəcə 
								kitabxana olmayıb, həm də böyük elm və incəsənət 
								mərkəzi, təhsil ocağı, muzey əşyalarının 
								qorunduğu böyük bir dövlət müəssisəsi rolunu 
								oynayırdı. I Şah İsmayılın, I Təhmasibin 
								dövrlərində Təbriz və Qəzvinin saray 
								kitabxanalarında və rəssamlıq emalatxanalarında 
								dövrünün tanınmış azərbaycanlı rəssamları - Mir 
								Müsəvvir, Mir Seyid Əli, Mirzə Əli Təbrizi, 
								Müzəffər Əli və b. yaradıcılıqla məşğul olurdu. 
								XVI əsrin sonlarında Məhəmmədi, Sadıq bəy Əfşar, 
								Siyavuş bəy, Mir Zeynalabdin Təbrizi kimi 
								Azərbaycan sənətkarları Qəzvində və İsfahanda 
								saray kitabxanalarında işləmiş, bu 
								kitabxanalarda qorunub saxlanılan qiymətli 
								əşyalar fondunu gözəl rəsm əsərləri ilə 
								zənginləşdirmiş, İsfahan miniatür məktəbinin 
								meydana gəlməsində və inkişaf etməsində  
								həlledici rol oynamışlar. 
								
								XIX əsrdə Azərbaycandakı ictimai-siyasi 
								pərakəndəlik bütövlükdə mədəniyyətə, o cümlədən 
								muzey və kolleksiyaçılıq ənənələrinə ciddi ziyan 
								vurdu. Ara çəkişmələri, müharibələr nəticəsində 
								bir çox qiymətli maddi-mədəniyyət abidələri məhv 
								edildi, qalanları isə yad ölkələrə aparıldı. XIX 
								əsrin əvvəllərində Rusiya imperiyasının 
								Azərbaycana təcavüzü nəticəsində Gəncə, Qarabağ, 
								İrəvan, Talış xanlıqlarının xəzinələri qarət 
								olundu, buradakı qiymətli əşyalar, nadir kitab 
								nüsxələri talan edildi. 
								
								1826-1828-ci illər Rusiya-İran müharibəsinin 
								sonunda rus generalları Şeyx Səfi kompleksinə 
								məxsus zəngin, qiymətli əşyaları apardılar.
								 
								
								Çarizm dövründə Azərbaycanda muzeylərin təşkili 
								işi məqsədyönlü şəkildə ləngidilir, bu ərazidə 
								aşkar edilən qiymətli arxeoloji abidələr Tiflis, 
								Moskva, Peterburq muzeylərinə göndərilirdi. 
								
								Azərbaycanda müasir tipli muzeylərin təşkili 
								tarixi XIX əsrdən başlayır. Həmin əsrin 
								axırlarında Naxçıvanın Nehrəm kənd məktəbində 
								C.Məmmədquluzadənin təşəbbüsü və yaxından 
								iştirakı ilə muzey yaradılması faktı məlumdur. 
								XX əsrin əvvəllərində Bakıda, xalq məktəbləri 
								müdiriyyəti nəzdində Pedaqoji Muzey, həmçinin 
								Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi 
								nəzdində qapalı muzey olmuşdur. 
								
								Azərbaycanda dövlət səviyyəsində ilk rəsmi muzey 
								Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) 
								dövründə yaradılmış İstiqlal Muzeyidir. 
								
								Muzey 1919-cu il dekabrın 7-də Azərbaycan 
								Parlamentinin işə başlamasının ildönümü 
								münasibətilə onun binasında açılmış və 
								parlamentin nəzdində fəaliyyət göstərmişdir. 
								Muzeyin təsisi ilə əlaqədar "Azərbaycan" qəzeti 
								(1919, 23 sentyabr) yazırdı: "Sənələrdən bəri 
								bəslədiyimiz bir arzu var ki, o da vətənimiz 
								Azərbaycanda bir milli muzey təsisidir... bu gün 
								fərdimizin köksünü qabardan istiqlal şüarı 
								olmasına görə, "İstiqlal" muzesi olmasını 
								əhəmiyyətli görürüz". 
								
								Muzeydə Azərbaycanın azadlıq və istiqlalına dair 
								sənəd və materiallar, tarixi və maddi-mədəniyyət 
								örnəkləri, arxeoloji tapıntılar, silahlar, 
								numizmatika nümunələri, rəsm əsərləri, xalça və 
								xalça məmulatı, bədii tikmələr, dulus və mis 
								qablar, bəzək əşyaları və digər sənət əsərləri, 
								Qurani-Kərimin nadir nüsxələri, müxtəlif 
								əlyazmalar və s. toplanmışdı. Muzeyin açılışına 
								hazırlıq görülərkən 1919-cu il noyabrın 6-da 
								tərtib olunmuş bir sənəddə muzeyin əsasnaməsi, 
								uçot-mühafizə üzrə təlimat, fond - satınalma 
								komissiyası haqqında müddəalar yığcam şəkildə 
								əks olunmuşdu. Sənəddə göstərilirdi ki, muzeyə 
								verilən hər bir əşya milli sərvətdir, əşya 
								sahiblərinin ailə üzvləri gələcəkdə onları tələb 
								edə bilməzlər. Muzeyə hədiyyə olunmuş əşyalar 
								geri qaytarılmır. Sənədin 3-cü bəndində 
								deyilirdi: "İstiqlal muzeyi milli bir müəssisə 
								olduğu üçün muzeydə mövcud bütün əşya milli mal 
								hesab edilir. Heç kəs və heç bir müəssisə o 
								şeylərə sahib ola bilməz". 
								
								Muzeyin təşkili və fəaliyyəti ilə bağlı bütün 
								xərclər Azərbaycan Parlamenti rəyasət heyətinin 
								hesabına idi. Aprel işğalından (1920) sonra 
								"İstiqlal" muzeyinin eksponatları yeni təşkil 
								olunmuş Azərbaycan Dövlət Muzeyinə verildi. 
								Sonralar eksponatların bir hissəsi, o cümlədən 
								Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, 
								"İstiqlal bəyannaməsi"nin əsli, Azərbaycan 
								Parlamentinin materialları, Quranın nadir 
								nüsxələri, müxtəlif əlyazmaları, dekorativ - 
								tətbiqi sənət nümunələri və s. Moskvadakı 
								İnqilab muzeyinə aparıldı.  
								
								Muzey beş aya yaxın fəaliyyət göstərmişdir. 
								
								Azərbaycanda sovet hakimiyyəti qurulduqdan 
								sonra, 1920-ci il iyunun 15-də Azərbaycan SSR 
								Xalq Maarifi Komissarlığında muzey - ekskursiya 
								şöbəsi açılmış və onun ilk iclasında xüsusi 
								tədris muzeylərinin təşkil edilməsi qərara 
								alınmışdı. 1920-ci ilin oktyabrında Azərbaycan 
								SSR Dövlət Muzeyi yaradıldı. 
								
								XX əsrin 20-ci illərində Bakıda İnqilab və Əmək 
								Muzeyi, Kənd Təsərrüfatı Muzeyi, həmçinin Gəncə, 
								Naxçıvan, Şəki, Lənkəran və b. şəhərlərdə 
								tarix-diyarşünaslıq muzeyləri təşkil olunmuşdu. 
								Sonralar Azərbaycan SSR Dövlət Muzeyinin müvafiq 
								şöbələri əsasında Azərbaycan Təbiət Tarixi 
								Muzeyi (1930), Azərbaycan Dövlət Teatr Muzeyi 
								(1934) və Azərbaycan Dövlət İncəsənət Muzeyi 
								(1936) yaradıldı. Dövlət Muzeyi 1936-cı  ildən 
								Azərbaycan Tarixi Muzeyi adlanır. 
								
								1935-ci ildə SSRİ EA-nın Azərbaycan filialı 
								nəzdində Din Tarixi və Ateizm Muzeyi təşkil 
								olundu. 1939-cu ildə Nizami Gəncəvinin anadan 
								olmasının 800 illiyi münasibətilə Bakıda Nizami 
								Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin 
								yaradılması qərara alındı. Həmin muzey 1945-ci 
								ilin may ayından fəaliyyət göstərir. 1945-ci 
								ildə  Azərbaycanda 22, 1969-cu ildə isə 29 muzey 
								var idi. 50 - 60-cı illərdə Azərbaycanda xeyli 
								yeni muzeylər yaradıldı. 
								
								Respublikada görkəmli ictimai-siyasi, dövlət və 
								mədəniyyət xadimlərinin, tanınmış yazıçıların 
								ev-muzeylərinin, həmçinin xatirə - memorial 
								komplekslərinin geniş şəbəkəsi yaradılmışdır. 
								
								Respublikanın əksər rayonlarında 
								tarix-diyarşünaslıq muzeyləri yaradılmışdır. 
								Bakı, Gəncə, Naxçıvan, Quba, Şəki, Şamaxı, 
								Lənkəran və b. şəhərlərdə, bir sıra rayonların 
								ərazisində tarixi - memarlıq abidələri bərpa 
								edilmiş, bu abidələrdə maraqlı ekspozisiyalar 
								qurulmuşdur. Həmin muzeylərdə əsasən regional 
								əhəmiyyət daşıyan arxeoloji materiallar, 
								maddi-mədəniyyət nümunələri, incəsənət əsərləri, 
								müxtəlif əşyalar, fotoşəkillər, sənədlər, 
								dekorativ - tətbiqi sənət məmulatları və s. 
								saxlanılır.  
								
								Azərbaycanda muzey şəbəkəsi XX əsrin 70-ci 
								illərindən başlayaraq daha intensiv inkişaf 
								etdirilmişdir. Respublikada 1969-2006-cı illər 
								arasında 100-dən artıq yeni muzey yaradılmışdır. 
								
								Keçən əsrin 80-90-cı illərində Ermənistanın 
								Azərbaycana təcavüzü nəticəsində işğal olunmuş 
								ərazilərdə tarixi-memarlıq abidələri, 
								xatirə-memorial kompleksləri və muzey-qoruqlar 
								tamamilə dağıdılmışdır. Şuşa şəhərində 
								Natəvanın, Üzeyir Hacıbəyovun, Bülbülün, 
								Əbdürrəhim bəy Haqverdiyevin və b.-nın 
								ev-muzeyləri məhv edilmiş, rəsm qalereyası, Şuşa 
								şəhər Tarix Muzeyi, Xocalıdakı Tunc dövrünə aid 
								kurqanlar, Ağdam Çörək Muzeyi, bir çox başqa 
								muzeylər dağıdılmışdır. 
								
								Azərbaycan Respublikası Dövlət Statistika 
								Komitəsinin məlumatına görə, hazırda ölkəmizdə 
								223 muzey (Azərbaycanın statistik göstəriciləri 
								- 2010. səh.268) fəaliyyət göstərir. Onlardan 
								biri də Təhsil Nazirliyi sistemində olan Xalq 
								Təhsili Muzeyidir. 
								
								Azərbaycan SSR Xalq Komissarları Soveti 
								Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 
								(1920) və Zaqafqaziya Federasiyasının 
								yaradılmasının (1922) 10 illiyinə həsr edilmiş 
								sərginin keçirilməsi ilə əlaqədar 1930-cu ildə 
								xüsusi qərar qəbul edir. Bu sərgilərdə xalq 
								təsərrüfatının digər sahələri kimi, xalq 
								maarifinin də inkişafını əks etdirən bölmə 
								yaradılır. Sərginin xalq maarifi üzrə 
								ekspozisiyası 1930-cu ildə Leninqradda 
								(Peterburqda) keçirilən Ümumittifaq, bir müddət 
								sonra isə Almaniyanın Leypsiq şəhərində 
								keçirilən beynəlxalq sərgidə nümayiş etdirilmiş, 
								mütəxəssislər tərəfindən müsbət 
								qiymətləndirilmişdir. 
								
								Azərbaycan SSR Xalq Komissarları Soveti 
								sərgilərdə uğurla nümayiş etdirilən xalq maarifi 
								ekspozisiyasının bazasında "Xalq Maarifi 
								Muzeyi"nin yaradılması haqqında 1932-ci il 
								aprelin 27-də 651 nömrəli qərar qəbul etdi. 
								
								Xalq Təhsili Muzeyində Azərbaycanda ən qədim 
								zamanlardan başlayaraq müasir dövrə qədər 
								pedaqoji fikrin, elm və təhsilin inkişaf 
								tarixini əks etdirən sənəd, material və 
								fotoşəkillər, nadir dərs vəsaiti və 
								ləvazimatlar, dərslik və proqramlar, tədris 
								prosesində istifadə edilən texniki və əyani 
								vəsaitlər, şagird, tələbə və müəllimlərin əl 
								işləri, albomlar, maketlər, hədiyyələr, məktəb, 
								məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə 
								müəssisələrinin iş təcrübəsindən nümunələr və s. 
								nümayiş etdirilir.  
								
								Hazırda Xalq Təhsili Muzeyi qədim zamanlardan 
								başlayaraq müasir dövrə qədər Azərbaycanda 
								pedaqoji fikrin və təhsilin inkişafı tarixini 
								əks etdirən, bütövlükdə təhsil sisteminin 
								nailiyyətlərini təbliğ edən respublika 
								əhəmiyyətli müəssisədir. Muzeydə təhsil 
								sahəsində böyük xidmətləri olan maarifçilər, elm 
								xadimləri, pedaqoq - alimlər, ziyalılar, iş 
								təcrübəsi geniş yayılan qabaqcıl müəllimlərə və 
								təhsil müəssisələrinə dair sənəd və materiallar 
								nümayiş etdirilir. 
								
								Muzeyin xronoloji ardıcıllığa riayət edilməklə 
								elmi-tarixi əsaslar üzərində qurulmuş daimi 
								ekspozisiyası 6 salonda yerləşdirilmişdir. 
								I 
								salonun ekspozisiyası qədim zamanlardan 
								başlayaraq XIX əsrin II yarısına qədər olan 
								dövrdə, II salondakı materiallar XIX əsrin 
								ikinci yarısı və  XX əsrin əvvəllərində,  III 
								salonun ekspozisiyası 1918-1940-cı illərdə 
								təhsilin inkişaf tarixini əks etdirir. Burada 
								Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsilə 
								xüsusi bölmə ayrılmışdır.  IV  salonun 
								ekspozisiyası Azərbaycanda ali və orta ixtisaslı 
								kadrların hazırlanmasına və ixtisasartırmaya aid 
								sənəd və materialları əhatə edir. 1941-1980-ci 
								illərdə təhsilin, xüsusilə texniki  peşə 
								təhsilinin inkişaf tarixinə, həmçinin uşaq 
								evləri, internat-məktəblər və axşam 
								fəhlə-gənclər məktəblərinin yaranmasına dair 
								sənəd və materiallar muzeyin V salonunun 
								ekspozisiyasında işıqlandırılmışdır.  
								
								Muzeyin VI salonu - böyük salon müstəqillik 
								illərində Azərbaycanda təhsilin inkişafına həsr 
								olunmuş və üç bölmədən ibarətdir. Azərbaycan 
								dövləti və hökumətinin təhsilə göstərdiyi diqqət 
								və qayğı bu salonun ekspozisiyasının əsas 
								istiqamətidir. 
								
								Salonun "Heydər Əliyev və təhsil" adlı birinci 
								bölməsində xalqımızın ümummilli lideri Heydər 
								Əliyevin Azərbaycan təhsilinin inkişafı və  
								keyfiyyətinin yüksəldilməsi naminə fəaliyyətinə 
								həsr edilmişdir.  
								
								Azərbaycan Respublikasının Prezidenti İlham 
								Əliyevin təhsilə göstərdiyi diqqət və qayğının 
								parlaq təcəssümü olan sənəd və materiallar 
								salonun bu bölməsində nümayiş etdirilir. 
								 
								
								Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana 
								yeni məktəb" və "Təhsilə dəstək" layihələri 
								çərçivəsində fəaliyyəti həmin bölmədə əks 
								etdirilir. 
								
								Salonun ikinci bölməsində müstəqillik illərində 
								Azərbaycan təhsil sisteminin fəaliyyətini əks 
								etdirən sənəd və materiallar, statistik 
								məlumatlar, nəşr nümunələri, yeni dərsliklər, 
								maketlər və digər eksponatlar nümayiş etdirilir. 
								
								Həmin bölmədə Təhsil Nazirliyinin fəaliyyətini 
								və təhsil sahəsində beynəlxalq əlaqələri əks 
								etdirən sənəd, material və hədiyyələrə xüsusi 
								yer ayrılmışdır. Burada həmçinin pedaqoji 
								kadrlara göstərilən qayğıya və Azərbaycan 
								müəllimlərinin XI - XIII qurultaylarına dair 
								materiallar da nümayiş etdirilir.  
								
								Salonun üçüncü bölməsində nümayiş etdirilən 
								sənəd və materiallar məktəbdənkənar 
								müəssisələrə, uşaq, yeniyetmə, gənclərin 
								vətənpərvərlik, mənəvi və estetik tərbiyəsinə 
								həsr edilmişdir. Vitrinlərdə uşaq, yeniyetmə və 
								gənclərin, həmçinin müəllimlərin hazırladıqları 
								tətbiqi sənət nümunələri, müxtəlif əl işlərinə 
								də  yer verilmişdir.  
								
								Xalq Təhsili Muzeyi zəngin mütərəqqi ənənələrə, 
								milli mənəvi dəyərlərə və beynəlxalq təcrübəyə 
								əsaslanaraq inkişaf edən müasir Azərbaycan 
								təhsilinin nailiyyətlərini əhatə edən sənəd və 
								materialları qoruyub saxlayır və muzeyə 
								gələnlərə nümayiş etdirir.  
								
								Hazırda muzeyin əsas fondunda 31741 eksponat 
								vardır ki, onlardan 2000-ə qədəri ekspozisiyada 
								nümayiş etdirilir. Pedaqoji kadr hazırlığı ilə 
								məşğul olan ali və orta ixtisas təhsili 
								müəssisələri, digər ali məktəblərin pedaqoji 
								yönümlü fakültələri "Pedaqogika" və "Pedaqogika 
								tarixi"ndən  müvafiq mövzular üzrə mühazirə və 
								seminarları muzeyin salonlarında keçirə 
								bilərlər. Bunun üçün muzeydə müvafiq şərait 
								vardır. Şagirdlərin, tələbələrin, müəllimlərin, 
								alim-pedaqoqların ekskursiyalarının da təşkil 
								edilməsi təlim-tərbiyə işinin vacib 
								məsələlərindəndir.  
								
								Respublika Xalq Təhsili Muzeyi eyni zamanda 
								təhsil müəssisələrində fəaliyyət göstərən 
								muzeylər üçün elmi-metodik mərkəzdir. Hazırda 
								ölkəmizin təhsil müəssisələrində 300-dən artıq 
								muzey fəaliyyət göstərir ki, onların böyük 
								əksəriyyətini "Heydər Əliyev", "Hərbi 
								vətənpərvərlik" və "Tarix - diyarşünaslıq" 
								muzeyləri təşkil edir. Bu muzeylərin 
								imkanlarından səmərəli istifadə edən pedaqoji 
								kollektivlər gənc nəslin təlimi və tərbiyəsinin 
								keyfiyyətini yüksəltməkdə müvəffəqiyyətə nail 
								olurlar.  
								
								Cəmiyyətin muzeylərə olan mənəvi tələbatı 
								durmadan artır. Bu proses hazırda bütün dünyada 
								gedir. İnsanların artan mənəvi və intellektual 
								ehtiyaclarını müasir tələblərə uyğun ödəmək üçün 
								Xalq Təhsili Muzeyinin əməkdaşları daim 
								axtarışdadırlar.  
								
								
								
								Arif MURADOV, 
								muzeyin direktor müavini,  respublikanın əməkdar 
								müəllimi  | 
								  |