| 
								 
								Aprelin 21-də Bakı Dövlət Universitetində 
								Azərbaycanda ali jurnalistika təhsilinin 
								görkəmli təşkilatçısı, yazıçı-publisist Nurəddin 
								Babayevin anadan olmasının 90 illiyinə həsr 
								edilmiş tədbir keçirildi. 
								
								Tədbirdə N.Babayevin keçmiş tələbələri, ailə 
								üzvləri, tanınmış ziyalılar, alimlər, 
								universitetin professor-müəllim və tələbə 
								heyəti, eləcə də KİV təmsilçiləri iştirak 
								edirdilər. 
								
								BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov 
								tədbiri açaraq iştirakçıları salamladı və dəvəti 
								qəbul edən qonaqlara təşəkkürünü bildirdi. 
								
								A.Məhərrəmov giriş sözündə jurnalistika 
								fakültəsinin ilk dekanı olmuş professor Nurəddin 
								Babayevin yaradıcılığının və pedaqoji 
								fəaliyyətinin gənclərin əxlaqının 
								formalaşmasında və Azərbaycanda istedadlı 
								jurnalist kadrlarının yetişməsində əhəmiyyətli 
								rolundan bəhs etdi. 
								
								Sonra jurnalistika fakültəsinin dekanı, 
								professor Yalçın Əlizadə "Professor Nurəddin 
								Babayevin elmi-pedaqoji və yaradıcılıq 
								fəaliyyəti" mövzusunda geniş məruzə etdi. 
								
								Görkəmli yazıçı-publisistin anadan olmasının 90 
								illiyinə həsr edilmiş xatirə günündə daha sonra 
								BDU-nun kafedra müdirləri, professorlar İzzət 
								Rüstəmov və Qulu Məhərrəmli, "Azərbaycan" 
								qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar 
								Sadıqov, Azərbaycan Respublikası Milli Arxivlər 
								İdarəsinin müdiri Ataxan Paşayev, tarix elmləri 
								doktoru Solmaz Rüstəmova, "Gənc reportyorlar" 
								klubunun rəhbəri, jurnalistika fakültəsinin III 
								kurs tələbəsi Məhəmməd Ağayev, əməkdar jurnalist 
								Əlövsət Bəşirov və başqaları çıxış etdilər. 
								
								Xatirələrdə Nurəddin Babayevin şəxsi nümunəsi və 
								publisistik əsərləri ilə gənclərə yüksək mənəvi 
								keyfiyyətlər aşılamasından söz açıldı. 
								Çıxışlarda müasir tələbələrin onun adını və 
								ideyalarını yaşadacağına ümid ifadə olundu.  
								
								
								
								Hicran ƏKBƏROVA  |