| 
								 
								Məlum olduğu kimi,  bu il 8-19 aprel 
								tarixlərində Bakıda "İNEPO-AVRASİYA" Ətraf 
								Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadası 
								keçirildi. Yarışmaya 35 ölkənin məktəbli 
								komandaları tərəfindən İnternet vasitəsilə 
								400-dən çox layihə təqdim edilmiş, onlardan 
								115-i yarışmaya qəbul olunmuşdu. Olimpiadaya 
								təqdim olunan layihələr  4 əsas mövzu (ətraf 
								mühit, mühəndislik, enerji və sosiologiya) 
								üzərində qurulmuşdu. Həmin layihələrin 58-i 
								Azərbaycanın müxtəlif regionlarındakı təhsil 
								ocaqlarını, o cümlədən Bakı Slavyan Universiteti 
								Məktəb-Lisey Kompleksini təmsil edən müəllim və 
								şagirdlər tərəfindən hazırlanıb təqdim 
								edilmişdi.  
								
								 Bizim 
								təqdim etdiyimiz layihə "Uşaqdan-Uşağa Ekoloji 
								Şəbəkə" adlanırdı. Layihə beynəlxalq 
								olimpiadanın məqsədlərini özündə əks etdirən  
								aşağıdakı məsələləri əhatə edirdi: Uşaqların 
								artıq gənc yaşlarından dünyanın qlobal 
								problemlərindən biri - ekologiyanın çirklənməsi 
								probleminə inteqrasiyası, nəticədə onlarda 
								ekoloji tərbiyə və mədəniyyətinin yaranması və 
								inkişafı, həmin sahə üzrə maariflənməsi; sağlam 
								ətraf mühitin təmin edilməsi sahəsində dövlətin 
								öhdəliklərini əks etdirən Uşaq Hüquqları 
								Konvensiyasının müddəaları (maddə 24.2) üzrə 
								maariflənmə;  ətraf mühitin çirklənməsi 
								nəticəsində baş verən fəlakətlər və törəyən 
								xəstəliklər haqqında məlumatlanma, nəticədə 
								sağlam həyat tərzi  və yaşayış bacarıqlarına 
								yiyələnməyə istiqamətlənmə;  ölkədə və 
								beynəlxalq müstəvidə sağlam ətraf mühitin 
								qorunması sahəsində həyata keçirilən tədbirlər 
								haqqında, bu sahədə fəaliyyət göstərən yerli və 
								beynəlxalq təşkilatlar barədə məlumatlanma; 
								şagirdlərdə araşdırma və təhliletmə bacarığının 
								yaranması və inkişafına kömək məqsədi ilə layihə 
								çərçivəsində onlar tərəfindən sosioloji sorğunun 
								aparılması və əldə olunan nəticələrin təhlili.
								 
								
								Layihə bu sətirlərin müəllifinin rəhbərliyi ilə 
								kompleksin VII və X sinif şagirdləri Leyla 
								Hacılı və Lalə Darcınova tərəfindən  Heydər 
								Əliyev adına Əl Oyunları Sarayında  nümayiş 
								etdirildi. Nümayiş zamanı iştirakçılara layihəni 
								əks etdirən bukletlər paylandı. Olimpiada 
								müddətində şagirdlərin ekologiyaya dair 
								hazırladıqları  rəsm və əl işləri slaydlar 
								şəklində işıqlandırıldı, hazırlanmış stend və 
								maketlər böyük marağa səbəb oldu. Bununla 
								yanaşı, olimpiadanı təmsil edən hər ölkə 
								nümayəndəsi tərəfindən qurumuş ağaca yaşıl 
								yarpaqla birgə öz dövlətinin bayrağının 
								bərkidilməsi aksiyası təşkil olundu. Bu isə 
								onların hər birinin simvolik olaraq ətraf 
								mühitin yaşıllaşmasında iştirakını bir daha 
								vurğuladı.    
								
								Olimpiadada nümayiş etdirilən layihələr 
								iştirakçı ölkələrin təcrübəli elm adamlarından 
								ibarət münsiflər heyəti tərəfindən 
								qiymətləndirildi. Sonda qaliblər müxtəlif 
								nominasiyalar üzrə qızıl, gümüş və bürünc 
								medallarla təltif olundu. Qaliblər sırasında 
								Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksi 
								də vardır. Biz çox sevinirik ki, təqdim 
								etdiyimiz layihə ekspertlər tərəfindən yüksək 
								səviyyədə bəyənilmiş və "ətraf mühit" 
								nominasiyası üzrə qızıl medala layiq 
								görülmüşdür.  
								
								
								
								Gülnar RÜSTƏMOVA, 
								Bakı Slavyan Universiteti Məktəb-Lisey 
								Kompleksinin biologiya müəllimi  |