| 
								 
								 Təhsil 
								Nazirliyinin 1 aprel 2011-ci il tarixli əmrinə 
								əsasən Bakı Pedaqoji Kadrların İxtisasartırma və 
								Yenidənhazırlanma İnstitutunun nümayəndə heyəti 
								11-16 aprel tarixlərində Ukraynada səfərdə 
								olmuşdur. Səfərdən məqsəd Ukrayna Təhsil 
								Menecmenti Universiteti, Kiyev Vilayət Pedaqoji 
								Kadrların Diplomdansonrakı Təhsil İnstitutu, 
								İnformasiya Texnologiyaları İnstitutu, Bakı 
								Pedaqoji Kadrların İxtisasartırma və 
								Yenidənhazırlanma İnstitutu, Moskva Vilayət 
								Diplomdansonrakı Təhsil Pedaqoji Akademiyası və 
								ABŞ-ın San-Dieqo Milli Universitetinin birgə 
								təşkilatçılığı ilə 14-15 apreldə keçirilən 
								"İnnovativ təhsil fəaliyyəti: regional 
								aspektlər" beynəlxalq elmi-praktik konfransını 
								təşkil etmək idi. Son üç ildə BPKİYİ-nin 
								təşkilatçılığı ilə Azərbaycanda və Ukraynada 
								keçirilən sayca IV beynəlxalq elmi konfransda 
								adıçəkilən ölkələrin ali məktəblərinin və 
								elmi-tədqiqat institutlarının yüksək ixtisaslı 
								mütəxəssisləri dörd bölmədə - təhsildə innovativ 
								proseslər və onların regional aspektləri, 
								diplomdansonrakı pedaqoji təhsil şəraitində 
								pedaqoqların innovativ fəaliyyətə hazırlanması, 
								informasiya-tədris mühiti təhsildə qlobal və 
								regional inteqrasiya vasitəsi kimi, ali və orta 
								təhsil müəssisələrində innovativ fəaliyyətin və 
								təcrübi-eksperimental işlərin idarə edilməsi 
								bölmələrində məruzələrlə çıxış etmişlər. 
								Təhsilin inkişafının mühüm problemlərinin 
								həllinə yönəldilmiş maraqlı məruzələrlə zəngin 
								olan beynəlxalq konfransda fizika-riyaziyyat 
								elmləri doktoru, professor Asəf Zamanov 
								"Azərbaycanın orta təhsil sahəsində innovativ 
								islahatların əsas istiqamətləri", pedaqoji 
								elmlər üzrə fəlsəfə doktoru Polad Mədədov 
								"Qloballaşma şəraitində elm və təhsilin 
								inteqrasiyası" mövzularında məruzə etmişlər. 
								Konfransın materiallarında Azərbaycanın, o 
								cümlədən BPKİYİ-nin yüksək ixtisaslı 
								mütəxəssislərinin 12 elmi əsəri dərc edilmişdir. 
								
								Qeyd etmək yerinə düşər ki, son üç ildə 
								BPKİYİ-nin əsas təşkilatçılığı ilə dörd 
								beynəlxalq elmi konfrans keçirilmişdir:  1) 
								"Qloballaşma şəraitində pedaqoji kadrların 
								ixtisasının artırılması: reallıqlar və 
								perspektivlər" (Azərbaycan, Bakı, noyabr 2008); 
								2) "Diplomdansonrakı pedaqoji təhsil: Avropa 
								oriyentirləri və regional prioritetlər" 
								(Ukrayna, Belaya Çerkov, sentyabr 2009); 
								3)"İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf" 
								(Azərbaycan, Bakı, noyabr 2010); 4) "İnnovativ 
								təhsil fəaliyyəti: regional aspektlər" (Ukrayna, 
								Belaya Çerkov, aprel 2011). Beynəlxalq 
								konfransların hər birinin materialları yüksək 
								poliqrafik və elmi səviyyədə dərc edilmişdir. 
								
								Səfər zamanı beynəlxalq konfransda iştirak edən 
								müvafiq ali məktəblərin rəhbərlikləri ilə 
								gələcək əməkdaşlığa dair məsələlər də müzakirə 
								edilmişdir. Həmçinin, Ukrayna Təhsil Menecmenti 
								Universiteti ilə Bakı Pedaqoji Kadrların 
								İxtisasartırma və Yenidənhazırlanma İnstitutu 
								arasında elm və təhsil sahəsində əməkdaşlığa 
								dair müqavilə imzalanmışdır. Təhsil işçilərinin 
								ixtisasının artırılması və yenidənhazırlanması, 
								professional hazırlığının elmi-metodik 
								müşayiəti, ixtisasartırma və yenidənhazırlanma 
								kurslarının qarşılıqlı fəaliyyət sistemi ilə 
								tanışlıq, ixtisasartırma və yenidənhazırlanma 
								üzrə proqram mübadiləsi və onların 
								qiymətləndirilməsi, distant təlim kurslarının 
								birgə işlənməsi, kurs müdavimləri və tələbələr 
								üçün birgə məşğələlərin keçirilməsi, 
								elmi-tədqiqat fəaliyyətində birgə iştirak, 
								seminar və mühazirələrin keçirilməsi üçün 
								professor-müəllim heyətinin mübadiləsi, iş 
								təcrübəsini öyrənmək və innovativ layihələrin 
								hazırlanması məqsədilə pedaqoji və rəhbər işçi 
								qruplarının mübadiləsi, beynəlxalq təhsil 
								layihələrində birgə iştirak, birgə regional və 
								beynəlxalq elmi-praktik simpoziumların, 
								konfransların, seminarların, treninqlərin 
								keçirilməsi, nəşriyyat məhsullarının mübadiləsi 
								məqsədi daşıyan müqaviləni universitetin 
								rektoru, akademik V.V.Oleynik və BPKİYİ-nin 
								rektoru, professor A.Zamanov imzalamışlar. 
								
								Adıçəkilən müqavilə BPKİYİ və xarici ölkələrin 
								müvafiq ali məktəbləri arasında imzalanmış sayca 
								12-ci sənəddir. Belə ki, 2008-ci ildən 
								başlayaraq Belarus, Qazaxıstan, Fransa, Latviya, 
								Rusiya və Ukraynanın 12 ali məktəbi ilə elm və 
								təhsil sahəsində əməkdaşlığa dair müqavilələr 
								imzalanmış, müvafiq işlər görülmüşdür. Yuxarıda 
								adları göstərilən beynəlxalq konfranslar, 
								həmçinin ali məktəblərin professor-müəllim 
								heyətinin təcrübə mübadilələrinin reallaşması da 
								bu müqavilələr əsasında həyata keçirilmişdir. 
								
								 Sonda onu da qeyd edək ki, nümayəndə heyətinin 
								rəhbəri, professor A.Zamanov səfər zamanı onlara 
								göstərdiyi yüksək diqqətə görə ölkəmizin 
								Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri 
								cənab Eynulla Mədətliyə qəzetimizin vasitəsilə 
								minnətdarlığını bildirir.   
								
								
								
								Hicran ƏKBƏROVA   | 
								  |