| 
								 
								"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin isə 
								III turu başa çatıb  
								
								 Azərbaycan 
								Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil 
								məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis 
								edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli 
								sərəncamına uyğun olaraq 2010-2011-ci dərs 
								ilində keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" 
								müsabiqəsinin III turu başa çatıb və "Ən yaxşı 
								müəllim" müsabiqəsi isə davam edir. 
								
								Builki "Ən yaxşı müəllim" müsabiqəsində iştirak 
								üçün 425 müəllim sənəd təqdim edib. Onlardan 
								10-unun sənədi müvafiq tələblərə cavab vermədiyi 
								üçün baxılmayıb, 415 müəllimin sənədi isə 
								ekspertizadan keçirilib. 
								
								Sənəd verənlərdən 156 nəfər (37,5 faiz) Bakının, 
								42 nəfər (10 faiz) Təhsil Nazirliyinin 
								nəzdindəki məktəblərin, 39 nəfər (9,3 faiz) 
								Sumqayıtın, 178 nəfər isə digər rayon və 
								şəhərlərin müəllimləridir. Bu il Naftalan 
								şəhəri, Ağdam, Qobustan, Daşkəsən, Yardımlı, 
								Kəlbəcər, Neftçala, Gədəbəy, Laçın, Tərtər, 
								Saatlı, Sabirabad, Xocavənd, Xocalı rayonlarının 
								məktəblərindən heç bir müəllim müsabiqəyə sənəd 
								təqdim etməyib. 
								
								"Ən yaxşı müəllim" müsabiqəsinə sənədləri qəbul 
								edilmiş müəllimlərin göstəricilərinin 
								ekspertizasının nəticələrinə görə, 415 nəfərdən 
								217-si (52,2 faiz) 1,3-3,8 civarında bal 
								toplayaraq müsabiqənin ikinci mərhələsində 
								iştirak etmək hüququ qazanıb ki, bu da ötən 
								ildəkindən 13 nəfər çoxdur. Müsabiqənin ikinci 
								mərhələsində iştirak edən 217 nəfərdən 57-si 
								ibtidai sinif, 35-i ingilis dili, 25-i 
								Azərbaycan dili və ədəbiyyat, 23-ü tarix, 20-si 
								riyaziyyat, 12-si coğrafiya, 11-i biologiya, 9-u 
								fizika, 6-sı fransız dili, 5-i kimya, 4-ü 
								informatika, 2-si alman dili, 2-si musiqi, 2-si 
								rus dili (rus bölməsi), 1-i fiziki tərbiyə, 1-i 
								gənclərin çağırışaqədərki hazırlığı, 1-i rus 
								dili (Azərbaycan bölməsi), 1-i təsviri incəsənət 
								müəllimidir. 
								
								Müsabiqədə iştirak edən 217 müəllimdən 55-nin 
								təqdimatı müvafiq komissiya tərəfindən 
								qiymətləndirilib. Gələn ayın sonunadək qalan  
								müəllimlərin təqdimatlarının da dinlənilərək 
								qiymətləndirilməsi nəzərdə tutulur. 
								
								Yekun nəticələrə görə, onlardan ən yaxşı 95-i 
								müsabiqənin qalibi adına layiq görüləcəkdir. "Ən 
								yaxşı müəllim" müsabiqəsinin 5 qalibi isə hər il 
								olduğu kimi, Naxçıvan Muxtar Respublikasının 
								müəllimləri arasından seçiləcəkdir. 
								
								Bu il "Ən yaxşı ümumtəhsil məktəbi" 
								müsabiqəsində iştirak üçün respublikamızın əksər 
								bölgələrini təmsil edən 145 məktəb Təşkilat 
								Komitəsinə müraciət edib. Bu isə keçən illə 
								müqayisədə 22 məktəb çoxdur. Onlardan 63-ü (43 
								faiz) Bakının, 82-si (57 faiz) digər rayon və 
								şəhərlərin məktəbləridir. 
								
								İştirak üçün sənədləri qəbul edilmiş məktəblərin 
								göstəriciləri əvvəlki illərdə olduğu kimi, 10 
								ballıq sistem üzrə qiymətləndirilib. 
								Ekspertizanın nəticələrinə görə, 145 məktəbdən 
								108-i (74 faiz) 2,3-7,8 arasında bal toplayaraq 
								növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. 
								Onlardan 4 məktəbin direktoru üzrlü səbəblərdən 
								üçüncü mərhələdə - təqdimat mərhələsində iştirak 
								etməyib. Müvafiq qaydalara görə, 104 məktəb üzrə 
								ikinci mərhələnin nəticələri isə IX və XI sinif 
								şagirdlərinin yoxlama imtahanlarında fənlər üzrə 
								əldə etdikləri keyfiyyət faizi əsasında 
								müəyyənləşdiriləcəkdir (hazırda bu istiqamətdə 
								iş aparılır). Artıq III turu başa çatmış 
								müsabiqənin hər üç mərhələsinin nəticələrinə 
								Təşkilat Komitəsində baxılaraq qalib olan 47 
								ümumtəhsil məktəbi müəyyən ediləcək. "Ən yaxşı 
								ümumtəhsil məktəbi" müsabiqəsinin 3 qalibi isə 
								ötən illərdə olduğu kimi, Naxçıvan Muxtar 
								Respublikasının tədris ocaqları arasından 
								seçiləcəkdir.  | 
								  |