| 
								 
								Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji 
								Universitetində ümummilli liderimiz Heydər 
								Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr 
								olunmuş "Boloniya prosesində ali təhsildə 
								keyfiyyətin idarə olunması" mövzusunda 
								beynəlxalq elmi konfrans keçirildi. 
								
								 Azərbaycan 
								Respublikasının Təhsil Nazirliyi, Azərbaycan 
								Dövlət Pedaqoji Universiteti və Qafqaz 
								Universitetinin birgə təşkilatçılığı ilə 
								keçirilən tədbirdə nazirliyin Mərkəzi 
								Aparatının, müvafiq şöbə və struktur 
								bölmələrinin rəhbərləri, ölkəmizdə fəaliyyət 
								göstərən ali məktəblərin nümayəndələri, tanınmış 
								alimlər, müəllimlər, tələbələr və KİV 
								təmsilçiləri iştirak edirdilər. 
								
								Azərbaycan Respublikasının təhsil naziri Misir 
								Mərdanov tədbiri açaraq iştirakçıları salamladı 
								və türkiyəli qonaqları onlara təqdim etdi. Bu 
								konfransın ADPU və Qafqaz Universitetinin 
								təşəbbüsü ilə keçirilməsinin təsadüfi olmadığını 
								vurğulayan təhsil naziri bildirdi ki, son illər 
								bu universitetlərdə təhsilin keyfiyyətinin 
								yüksəldilməsi ilə bağlı konkret işlər görülmüş, 
								tədris prosesində informasiya texnologiyalarının 
								tətbiqi, şəffaflığın təmin edilməsi 
								istiqamətində müsbət nəticələr əldə edilmişdir. 
								Professor Misir Mərdanov giriş sözündə qeyd etdi 
								ki, ölkəmizdə ali təhsil sistemində aparılan 
								islahatların əsas məqsədi ali təhsilin Avropa 
								təhsil məkanına inteqrasiyası, onun məzmununun 
								Boloniya prosesi prinsiplərinə uyğun qurulması, 
								informasiya cəmiyyətinin və biliklərə əsaslanan 
								iqtisadiyyatın tələblərinə uyğun kadr 
								potensialının yaradılması, keyfiyyətli və 
								səmərəli ali təhsil sisteminin 
								formalaşdırılması, əhalinin müasir tələblərə 
								cavab verən ali təhsil almaq imkanlarının 
								genişləndirilməsi, ali təhsil müəssisələrinin 
								akkreditasiyasının təkmilləşdirilməsi, bu 
								prosesə beynəlxalq ekspertlərin cəlb edilməsini 
								təmin etməkdən ibarətdir. Bununla bağlı ali 
								təhsildə keyfiyyətin təmin olunması 
								istiqamətində həyata keçirilən islahatlar 
								Boloniya Bəyannaməsinin tələblərinə uyğun 
								aparılmalıdır. Ali təhsilimizin Boloniya prosesi 
								ruhunda yenidən formalaşdırılması üzrə konkret 
								addımlar Təhsil Nazirliyi və digər aidiyyəti 
								idarəetmə orqanları ilə yanaşı, ən çox 
								universitetlərin özlərinin işi, onların 
								təşəbbüsü və yaradıcılığının məhsulu olmalıdır.
								 
								
								Boloniya prosesi tələbləri səviyyəsində 
								fəaliyyət göstərmək istəyən universitetdə bu gün 
								ali təhsildə keyfiyyətin idarə edilməsi 
								sisteminin yaradılmaqda olduğunu deyən nazir 
								bildirdi ki, bu sistemin formalaşması və tətbiqi 
								universitetin bütün struktur bölmələrinin öz 
								işini yeni standartlar səviyyəsində qurmasını 
								tələb edir. Müasir ali təhsil müəssisəsinin 
								keyfiyyət sahəsində siyasətinin əsas məqsədi 
								şəxsiyyətin, cəmiyyətin, dövlətin, universitetin 
								bugünkü və perspektiv tələblərinə uyğun olaraq 
								innovativ, yüksək ixtisaslı pedaqoji, elmi, 
								idarəçi və s. kadrların hazırlanmasından ibarət 
								olmalıdır. 
								
								Keyfiyyətin idarə olunması təhsil prosesinin 
								nəticələrinin mərhələlərlə müşahidə edilməsi 
								(monitorinqi), bununla da hər bir mərhələdə 
								qarşıya qoyulmuş vəzifələrin optimal yerinə 
								yetirilməsi səviyyəsinin aşkarlanması vasitəsilə 
								həyata keçirilir. 
								
								Monitorinq müasir idarəetmə sistemində ən mühüm 
								sahələrdən biridir. Monitorinq vasitəsilə 
								universitetin fəaliyyətinin faktiki nəticələri 
								və onların son məqsədlərə uyğunluğu təhlil 
								olunur. Fəaliyyət prosesində yol verilmiş 
								kənaraçıxmaların dərəcəsi, istiqaməti və 
								səbəbinin düzgün müəyyənləşdirilməsi təmin 
								edilir. 
								
								Bütün hallarda təhsilin keyfiyyətinin 
								monitorinqi təhsilin keyfiyyətinin idarə 
								olunması ilə nəticələnir, çünki hər iki proses 
								universitet səviyyəsində sistemli və müntəzəm 
								şəkildə müvafiq məlumatların toplanmasını 
								nəzərdə tutur. 
								
								Təhsil naziri Misir Mərdanov çıxışının sonunda 
								bu tədbirin böyük əhəmiyyət kəsb etdiyini 
								bildirdi və konfransın işinə uğurlar arzuladı. 
								
								Daha sonra tədbirdə  Türkiyə Cümhuriyyəti Yüksək 
								Öyrətim Kurulunun (YÖK) icraçı heyətinin üzvü 
								Şaban Çalış, Mərmərə Universitetinin rektoru 
								Zafer Gül, Sakarya Universitetinin rektoru 
								Muzaffer Elmas, Azərbaycan Tibb Universitetinin 
								rektoru Əhliman Əmiraslanov və Türkiyənin 
								Azərbaycandakı səfirliyinin nümayəndəsi Kaya 
								Bakkalbaşı çıxış etdilər. Tədbirin sonunda 
								türkiyəli qonaqlara plaketlər təqdim olundu. 
								
								Bununla da konfransın plenar iclası başa çatdı.  
								
								
								
								Hicran ƏKBƏROVA  |