| 
								 
								 Təhsil 
								Nazirliyindən aldığımız məlumata görə, cari 
								tədris ilinin sonunda ümumi təhsili xüsusi 
								nailiyyətlərlə başa vuran məzunlara qızıl və  
								gümüş medallar təqdim olunacaq. Məlumat üçün 
								bildirək ki, ümumi təhsili xüsusi nailiyyətlərlə 
								başa vuran məzunların qızıl və ya gümüş medalla 
								təltif olunması qaydası Azərbaycan Respublikası 
								Nazirlər Kabinetinin xüsusi qərarı ilə hələ ötən 
								ilin əvvəlində təsdiq olunub. Bu günlərdə isə 
								hökumət "Təhsildə xüsusi nailiyyətlərə görə" 
								qızıl və gümüş medalların təsvirini təsdiq edib.
								 
								
								Qaydaya əsasən qızıl və ya gümüş medalla 
								ümumtəhsil məktəbində təhsil aldığı müddətdə 
								təlim nəticələri və nümunəvi davranışı ilə 
								fərqlənən tam orta təhsil səviyyəsinin məzunları 
								təltif olunurlar. Namizədlər irəli sürülərkən 
								təhsilalanın ümumi orta təhsil səviyyəsini 75 
								faiz "əla" qiymətlərlə bitirməsi, tam orta 
								təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə 
								cari qiymətlərinin ən azı 75 faizinin, bütün 
								fənlərdən illik qiymətlərinin isə "əla" olması 
								və nümunəvi davranışı ilə fərqlənməsi əsas 
								götürülür. 
								
								Namizədliyin verilməsi zamanı habelə 
								təhsilalanın respublika fənn olimpiadalarının 
								yekun mərhələsində, rayon (şəhər), ölkə və 
								beynəlxalq səviyyəli bilik yarışlarında, 
								müsabiqə və layihələrdə mükafata layiq görülməsi 
								də nəzərə alınır.
								 Təhsilalanların 
								qızıl və ya gümüş medalla təltifi üçün 
								namizədliyin verilməsi məsələsinə sinif 
								rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji 
								şurasında baxılır və müvafiq qərar qəbul edilir. 
								Onu da qeyd edək ki, namizədliyi verilmiş 
								təhsilalanlardan attestata yazılan yekun 
								qiymətləri yalnız "əla" olanlar qızıl medala, 
								attestata yazılan yekun qiymətlərindən ən çoxu 
								ikisi "yaxşı" (tədris dili və riyaziyyat istisna 
								edilməklə) olanlar isə gümüş medala layiq 
								görülürlər. Qızıl və gümüş medal almış 
								məzunların adları oxuduqları məktəbin "Şərəf 
								kitabı"na yazılır.  
								
								Ölkə üzrə medallara namizədliyi irəli 
								sürülənlərin fərdi siyahısının Təhsil 
								Nazirliyinə təqdim olunma müddətinin sonuna - 
								mayın 20-ə hələ xeyli vaxt qalsa da, Bakı şəhəri 
								üzrə belələrinin sayı artıq məlumdur. Belə ki, 
								bu il paytaxtın ümumtəhsil müəssisələrində tam 
								orta təhsil səviyyəsi üzrə məzun olacaq 27 nəfər 
								qızıl və gümüş medallara namizəddir. Həmin 
								şagirdlər iyunda keçiriləcək mərkəzləşdirilmiş 
								buraxılış imtahanlarından yüksək qiymətlər 
								alsalar, medallara sahib olacaqlar.  
								
								
								
								Y.ƏLİYEV  |