Əbədiyyət üfüqlərində doğan bir günəş

Mütəfəkkir şair Seyid Əli İmadəddin Nəsimi nəinki Azərbaycan ədəbiyyatında fəlsəfi şeirin əsasını  qoymuş, nəinki Azərbaycan dilinin zəngin imkanlarının gücü ilə bədii fəlsəfi irs yaratmış, o həm də Allahın yaratdığı varlıqlar içərisində insanı fövqəlbəşəri qüvvə kimi tərənnüm etməklə dünya ədəbiyyatına böyük sənətkarlıq təsiri göstərmişdir.  Həyat və kainatın sirlərini dərk etməyə səy göstərən Nəsiminin adı panteizm mövqeyində çəkilsə də, özündən əvvəlki panteistlərdən (ruhun cəmadat- cansız aləm, nəbatat və heyvandan keçərək insana doğru inkişafı qəbul edənlər) fərqli olaraq öz fikirlərini  hürufilik mövqeyindən izah edir.

 

Nəsimi özündən əvvəlki panteistlərdən  fərqli olaraq Allahı insanda axtarmamış, onları eyniləşdirməmiş, çox sadə şəkildə özünün hürufi fəlsəfəsinin gücü ilə insanın dəyərini yüksək səviyyəyə qaldırmaqla lirik “mən”ini ilahiləşdirmişdir. O, həyat gözəlliklərini təsdiq və tərənnüm edən,  ondan bəhrələnməyə çağıran nikbin ruhlu şair və mütəfəkkirdir.

 

Nəsimi  yaradıcılığını və bütövlükdə onun hürufi ideyalarının təsiri altında yazdığı şeirlərini dərin düşüncə süzgəcindən qiymətləndirsək belə deməyə tam əsas var ki, şairin yaradıcılığı, fəlsəfi  görüşləri  kamil insan ideyasını diqqətdə saxlayır. Nəsimi insanların könül dünyasını, mənəvi  dəyərlərini misilsiz ustalıqla bədii-fəlsəfi araşdırmadan keçirmiş, nəticədə insanı kainatın ən kamil varlığı kimi ulu Yaradanın mahiyyətinə yaxınlaşdırmış təlimin poetik nümunələrini yaratmağa nail olmuşdur. Nəsiminin insanlıq, kamil şəxsiyyət haqqında təsəvvürləri və qənaəti mükəmməl və gerçəkliyə uyğundur.

 

Nəsimi nəfsi insan mənəviyyatının ən pis nümunəsi kimi ön plana çəkir və bu zərərli xislətə qarşı eşq yolunu ən dəyərli vasitə kimi təlqin edir. Şair ideal bir baxışla insanın bəşəri keyfiyyətlərini poetik səviyyədə mənalandırır və onu əqidəyə çevirir.

 

Nəsimiyə görə “mən” mənəmlik deyil, insanın özünü dərk etməsidir.

 

Kəndi vücudunda çün gördü Nəsimi səni,

 

 

Tanıdı kim, kəndidir məzhəri-ənvari-zat

 

- deyən şair özünü dərk etməyin haqqı dərk etməyə gətirib çıxardığını izhar edir.

 

Nəsiminin “mən”i  həm də zülmə və ədalətsizliyə qarşı bir çağırışıdır.

 

Şairin “Bəhrüləsar” adlı fəlsəfi ruhlu qəsidəsi bu baxımdan qiymətlidir.

 

Bir ovuc tozdur küləklər qarşısında bu bədən

 

Ömrümüz qar tək ərir hər an günəşdən, şölədən

 

 

İnsan üçün mərifətdən özgə yoxdur bir bəzək

 

Aqil insan zər üçün öz ömrünü verməz hədər.

 

Şairin fəlsəfi müddəalarından biri də budur ki, həyatını var-dövlət  yığmağa sərf edənlər gərəksiz və özünə qalmayacaq (“yığdın yadındır”) yük üçün əlləşirlər ki, bu  əzablı işdən bir şey əldə edə bilməyəcəklər.

 

Nəfsini biləndir ki, yəqin Rəbbini bildi...

 

Nəfsini bilən bil ki, Haqqı bildi həqiqət.

 

Nəsimi insan mənəviyyatını böyük ustalıqla bədii-fəlsəfi süzgəcdən keçirmiş, insanın bəşəri keyfiyyətlərini araşdırmış, mənalandırmış və bədii ustalıqla gələcək nəsillərə çatdırmışdır.

 

Şairin yaradıcılığında bəzən dərin kədər, dünyadan narazılıq və şikayət motivlərinə də rast gəlinir. İstilaçıların zülmü, hakim təbəqənin azğınlığı, apardığı silahsız mübarizədəki uğursuzluqlar şairi müvəqqəti olaraq sarsıdır. Lakin bədbinlik motivləri şairin poeziyası üçün səciyyəvi deyildir.

 

“Nəsimi idrakda “yəqinliyin elmi” (“elm əl-yəqin”) və yəqinliyin eyni” (“eyn əl-yəqin”) və “yəqinliyin həqiqəti” (“haqq əl-yəqin”) mərhələlərini nəzərdən keçirmişdir. Onlardan birincisi bilik, ikincisi görmə və üçüncüsü haqqa çatmadır. O yazır:

 

Bildigim elmül-yəqindir, gördügüm eynül yəqin,

 

Eynəl - yəqin haqqı görən gözdür.

 

Onun fikrincə, idrak (mərifət), fəzilət və hünər yaradan xalis qızıldır”.

 

(Zakir Məmmədov, Azərbaycan fəlsəfəsi tarixi, Bakı 2006, səh.255).

 

“Şərq peripatetikləri bütün varlıqları səbəb və nəticə  asılılığında görür, onları qarşılıqlı surətdə bir-biri ilə əlaqədar tədqiq edirlər. Nəsimi isə səbəb və nəticəni deyil, səbəblərin başlanğıcı saydığı cövhəri bilməyə diqqəti yönəldirdi:

 

Ey hikmətin rəisi,məlulu illəti qoy,

 

Əvvəl bu cövhəri bil kim, məbədəi-iləldir.

 

(Zakir Məmmədov, Azərbaycanın fəlsəfi tarixi. Bakı 2006.səh 253).

 

“Nəsiminin fəlsəfi fikirlərini sufilərin fəlsəfəsindən fərqləndirən başlıca xüsusiyyət onun hürufi rəmzlərindən istifadə etməsidir. 28, yaxud 32 hərf şairin mühüm ifadə vasitələrindəndir.

 

O, bir sıra şeirlərində hərfləri xüsusi mövzuya çevirmiş, birincidən otuz ikinciyədək, yaxud əksinə, hər bir hərflə bağlı fikir söyləmişdir...

 

Gör Nəsimi ki, surəti məni,

 

Aşkarü nihan otuz ikidir”.

 

Böyük sələfi Nizami Gəncəvidən sonra ədəbiyyatımızda və fəlsəfi fikir tariximizdə humanizm, bəşərilik və ədalət ideyalarının dönməz carçılarından biri olmuş Nəsiminin zəngin bədii fəlsəfi irsi insanlığa saflaşdırıcı gücü bu gün də önəmli və təsirlidir.

 

Şairin dərin humanizmini qlobal-bəşəri mahiyyətə yüksəldən poetik məharəti, dilinin şirinliyi və axıcılığı, heyrətamiz şeiriyyət ahəngi və ilk növbədə  İ.Nəsiminin  milli özünə məxsusluğuna əlavə rövnəq verdiyi doğma xalqına bizim günlərdə də  mənəvi zənginlik gətirir.

 

Nəsimi ərəb, fars və ana dillərində yazmışdır ki, bu, o dövrün ab-havasına uyğun seçim idi və şairin oxucu auditoriyasını xeyli genişləndirməyə imkan verirdi. Yaşadığı  dövrün xalq dilinin üslub-qrammatik və yazılı ədəbi dilin formalaşmasına təsirini araşdırmaq baxımından da Nəsimi şeirləri və şeirlərindəki fəlsəfi fikirləri misilsiz bir qaynaq və milli sərvətimizdir.

 

Nəsimi yaradıcılığındakı dini-fəlsəfi mövzunu  dünyəvi ideya axtarışları üzvi surətdə tamamlayır.

 

Nəsiminin yaradıcı varlığından yeddi əsr keçsə də tam əminliklə demək olar ki, o, bəşəriyyəti düşündürən dahi sənətkar və şəxsiyyət olmaqla, öz əqidəsi, bəşəri ideyaları yolunda canından keçmiş Azərbaycan şəhididir.

 

Zaman keçdikcə şairin fəlsəfi fikirləri müasir sayılmış və özü demişkən “o təkcə Azərbaycana deyil, bəşəriyyətə lazımam” səmimi iddiasını doğrultmuş və gərçəkləşdirmişdir.

 

Nəsiminin yaradıcılığı yeni və  gənc nəslin tərbiyəsi və pedaqoji təlimlər üçün də dəyərli mənbədir.

 

Şairin yaradıcılığı yol ayrıcında qalanlara, özünü və qüvvəsini dəyərləndirməyi bacarmayanlara da istiqamətləndirici bir mayak rolunu oynayır.

 

Şair dönə-dönə təlqin edir ki, özünü tanımaq, qüdrət sahibi olmaq kamil insana xas olan keyfiyyətlərdir.

 

Nəsimi Azərbaycan  ədəbiyyatında  ana dilındə yazılmış fəlsəfi qəzəlin banisi olub. Allaha sevgi və onun yaratdığı varlıqlar içərisində ən qiymətlisi olan insana sevgi və ona dəyər vermək Nəsiminin fəlsəfi şeirlərində açıq seçilir ki, bu da onu ateist və dinsiz adlandıranların yad ideologiyalardan tutulmuş kor gözlərinə və qərəzli münasibətlərinə dəlil-sübutdur.

 

Məsələn:    

 

Sən mənə yar ol ki,

 

                   Könlüm bir dəxiyar-istəməz

 

Könlümün dildarı sənsən,

 

                   Özgə dildar istəməz...

 

Bu misralardakı həm yar, həm də dildar Allaha sığınmaq və ona sevgi mənasında işlədilmişdir.

 

Təəssüf ki, həm XIV-XV əsrlərin islam feodal, həm də XX əsrin sovet ideoloqları böyük fiolosof şairin yaradıcılığını və fəlsəfi görüşlərini öz cəng arabasına qoşaraq onu milli və müsəlman ruhundan, başlıcası bəşəri dəyərlərdən uzaqlaşdırmağa, ayrı salmağa cəhd etmişlər.

 

Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində ilk dəfə müstəzad, mürəbbe və tərzibəndlər yazmışdır. Onun rübailəri, tyuruqları bədii quruluş və məzmunca orijinal və qiymətlidir. Rübailərində hürufiliyin müddəaları, şairin fəlsəfi görüşləri, həyat və kainat haqqında düşüncələri yığcam və məntiqi bir dildə ifadə olmuşdur.

 

Nəsiminin şeirləri hələ sağlığında Azərbaycanda, Yaxın Şərqdə, İraqda, Kiçik Asiyada və Suriyada, orta Asiyada və uğurlar içərisində geniş şöhrət tapmışdı.

 

Əsərlərində Nəsimi humanizmi, nəcib əməlləri, saf məhəbbəti, təmənnasız dostluğu, mənəvi ucalığı, sədaqəti, təbiətin sonsuz gözəlliklərini tərənnüm, zülm və əsarəti, ədalətsizliyi, fanatizmi, nadanlığı, acgözlüyü, paxıllığı, riyakarlığı kəskin tənqid edib.

 

Nəsiminin ana dilində yazdığı şeirlər Şah İsmayıl Xətai, M.Füzuli, M.P.Vaqif kimi böyük sənətkarların yaradıcılığına qüvvətli təsir göstərmişdir. XV əsrin I yarısında yaşamış  Qaraqoyunlu  hökmdarı, Həqiqi təxəllüsü ilə yazıb yaratmış Cahanşah ana dilində Nəsimiyə nəzirələr yazmışdır.

 

Nəsiminin fəlsəfi görüşlərinin təsiri ədəbiyyatda iki istiqamətdə davam etmişdir . Onun görüşlərini qəbul edən hürufi şairlər (Xəlili, Süruri, Tüfeyli və b.) Nəsiminin mövzularını təkrar qələmə almışlar.Hürufi olmayan şairlər isə onun irsindən sənətkarlıq baxımından faydalanmışlar. Şairin poetikası, fəlsəfi görüşləri XV əsrdən etibarən bütün türkdilli ədəbiyyata qüvvətli təsir göstərmişdir. Türk şairi Rəfii “Bəşərətnamə” əsərində Nəsimini özünün ustadı və müəllimi  adlandırmışdır.

 

Türkmən şairi Əndəlib, özbək şairi Əsiri Nəsimiyə poema həsr etmişdir. Özbək şairi Ə.Nəvai “Nəsayim ül məhəbbət” əsərində Nəsiminin yaradıcılığına yüksək qiymət vermişdir. Şairin  əlyazmaları dünyanın bir sıra kitabxanalarında saxlanılmaqdadır. Əsərləri dəfələrlə və kütləvi tirajda çap edilmişdir. 1973-cü ildə UNESCO-nun qərarı ilə Nəsiminin anadan olmasının 600 illiyi beynəlxalq miqyasda qeyd olunmuşdur. Azərbaycanda və Moskvada keçirilən yubley tədbirlərində dünyanın bir çox ölkələrindən gəlmiş nümayəndələr iştirak etmişlər. Yubiley tədbirləri ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə keçirilmişdir.

 

Nəsimi özü dediyi kimi, “Əbədiyyət üfüqlərində doğan bir günəşdir”. Zaman keçdikcə onun kamil eşqi libasına bürünmüş misraları dünyanı fəth etməkdədir.

 

2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında Nəsiminin ölümünün 600-cü ildönümü bəşəri bir tarix kimi yad edilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nəsiminin 650 illik yubileyinin keçirilməsi və Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında müvafiq sərəncamlar imzalayıb.

 

Bu, dövlətimizin və xalqımızın öz dahi şairinə, böyük əqidə sahibinə verdiyi layiqli qiymətdir ki, onu bütün dünyaya nümayiş etdirir.

 

 

Əmiraslan BƏŞİROV,

Yevlax şəhər 5 nömrəli tam orta məktəbin müəllimi, “Əməkdar müəllim”, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

 



31.08.2019 | 10:10