Uğur əngəl tanımaz...

Tanıtım. Aysel Sadıq qızı Məmmədova 21 noyabr 1986-cı ildə Goranboyda anadan olub. 2008-ci ildə Bakı Slavyan Universitetinin filologiya fakültəsini, 2010-cu ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura pilləsini bitirib. 2011-ci ilin sentyabrın 30-dan 219 nömrəli evdə təhsil tam orta məktəbində çalışır. Diaqnostik qiymətləndirmədə ixtisası üzrə 31 bal toplayıb.

 

 

Bir gecədə 30-40 yaş böyüyə bilərmi insan? Ola bilirmiş, oldu, böyüdüm...

 

24 yaşında, gənc, gözəl sayıla biləcək qədər bütün kriteriyalara cavab verə bilən, gələcəkdən ümidləri, arzuları, karyerası ilə bağlı geniş  planları olan bir “qızcığaz” ikən, taleyin gözlənilməz sürprizi ilə birdən-birə hər şey dəyişdi həyatımda.

 

Ömrüm boyu (24 illik ömür qısa da olsa) heç bir neqativliklə qarşılaşmamışdım. Yəni, elə də böyüdüləcək qədər çətin, ağır uşaqlığım, sıxıntılarım, “acı tale”yim, “silinməz xatirələr”im olmayıb. Əksinə, həyat mənə çox əliaçıq davranmışdı (Sən demə, mən elə zənn edirmişəm). Qayğıkeş, savadlı anam, çoxlarının qibtə etdiyi, ailəcanlı atam, ağıllı bacım, sakit, firavan mühit. İnsana başqa nə lazımdır ki? Bircə, cansağlığı...

 

Bəli, cansağlığı. “Təki sağlıq olsun”. Bu ifadəni dəfələrlə eşitmişdim, çox sevdiyim filoloq peşəsinə də yiyələnmişdim, hətta ixtisasım üzrə magistr dərəcəsi də almışdım, sənədlərimi aspiranturaya təqdim etməyə hazırlaşırdım, idealist fikirlərim var idi... Amma  bircə mürəkkəb söz - “cansağlığı” sözünün tam mahiyyətini dərk etmədən, linqvist olmağa hazırlaşasan, böyük əsərlərin dil xüsusiyyətlərini, dilimizin qrammatik, leksik, semantik quruluşunu öyrənəsən-təzada baxın. Ədəbiyyatşünaslıqda “aksimoron” deyirlər buna.

 

Həyat ən böyük müəllimdir. Ölkənin ən sayılıb-seçilən dilçi-alimlərindən 6 il boyunca öyrənə bilməmişdim bu sözün mənasını, həyat bircə günə öyrətdi mənə. Bir itki və bir tapıntı- sağlamlığımı itirdim, amma ixtisasımla bağlı böyük tapıntı idi- “cansağlığı” sözünün leksik mənasını iliklərimə işləyənəcən hiss edərək öyrəndim. Məncə, pis  gəlir deyil.

 

Uşaqlıqdan öz yaşıdlarımdan həmişə boyca hündürlüyümə görə fərqlənmişəm. Boyun hündürlüyü addımların ölçüsünü artırır (Ucaboy insanlar bunu yaxşı bilir) və adam digərlərindən cəld yeriyir, hədəfinə daha tez çatır, çevik olursan. Mən də beləydim, yadımdadır, həm məktəbdə, həm universitetdə nə tələsik bir iş olsa yoldaşlarım məni göndərərdi.

 

Həmişə cəld yeriyən, sürətlə addımlayan, liftdən istifadə etməyən mən. Bir gün adicə günlərdən birində “28 may” metrosundan çıxıb universitetə doğru həmişəki kimi cəld, çevik yeriyərkən yeriyə bilmədiyimi, sanki addımlarımın ağırlaşdığını, müvazinətimin itdiyini, yorulduğumu hiss etdim. Özümü toplayıb universitetə çatdım.  Filologiya fakültəsinə ayrılan otaq III mərtəbədə yerləşir - pilləkənləri qalxa bilmirəm, “Mənə noldu belə? Bu diplom müdafiəsi lap haldan saldı məni! Tez  Bilal müəllimlə vidalaşım, kitabxanaya düşüm çıxışımı alım gedim daha bir az dincəlim, magistr tələbəsiyəm artıq daha” dedim öz-özümə.

 

Dəhlizdə magistr yoldaşım Səadəti gördüm. Zarafatcıl, şən qız idi Səadət.  Onun zarafatla verdiyi “Ay qız nə olub sənə? Səkkiz yaza-yaza niyə  gəlirsən? Yıxılacaqsan bu dəqiqə. Diplom sərxoşusan?”  sualları bundan sonra mənim həyatımın ən mərkəzi, ən önəmli gündəm məsələsinə çevriləcəkdi. Bəli, yerişim və bütün hərəkətlərimin koordinasiyası itmişdi. Şokdaydım, əllərim, ayaqlarım hamısı sağlamdır, yerindədir, görürəm, amma sanki mənə tabe deyillər daha, bədənim əsir, ürəyim sanki ayaqlarımda döyünür... Mütləq hardansa tutub müvazinətimi tarazlayıb yeriməliyəm. YERİYƏ BİLMİRƏM.

 

İlk vaxtlar insan qəbul etmək istəmir bunu. Qəribə bir inkar mexanizmi işə düşür. Həm özündə, həm ailə üzvlərində. Ətrafdan bəzi deyənlər,  narahatlıq, qorxu, ən nəhayət qəbul edib həkimə gedirsən. Uzun, cansıxıcı, ağır araşdırmalar, analizlər, heç vaxt görmədiyim tibbi avadanlıqlar, nəhayət ki, diaqnozum qoyuldu, ölkəmizdən xaricdə mümkün oldu bu.

 

“FRİDERİCH ATAKSİYASI” bu iki kəlmə ömrümün bundan sonrakı fəslinin adına çevrildi. Analizlərin nəticələri yazılmış kağızlardan birinin küncündə ingilis dilində yazılmış “Friderich ataxi” sözlərini görəndə mənə elə gəldi ki, “F” hərfinə münasibətim soyudu. Bununla da, 24 illik qısa həyatım iki hissəyə bölündü-   I hissə “Sağlamlıq”, II hissə “Əlillik”. Təəssüf ki, II hissənin sonu olmayacaqdı. Bu qeyri-adi, nadir və irsi xəstəliyin heç bir müalicəsi yoxdur. Nadir xəstəlikdir, “deməli mən də nadir rast gəlinən insanam”. Qəribədir, diaqnozu eşidəndə ilk reaksiyam bu oldu. Ən əsası isə ağlamadım, ona görə yox ki, güclüyəm, əyilmədim və sairə. Sadəcə vaxtım olmadı. Çünki, artıq qəbul etmiş, həqiqətlə barışmışdım. “Mən əliləm və həyat tərzimi, gələcək planlarımı buna uyğun dəyişməliyəm”. Yuxusuz keçirtdiyim o gecənin nəticəsi bu oldu. Səhər açılanda sanki o gənc, idealist düşüncəli, ərköyün qız  getmiş, 50-60 yaşlı müdrik, realist, soyuqqanlı bir insan əvəz etmişdi məni.  Böyüdüm.  Elə bil, bədənim xəstələnmiş, zəifləmiş, xarakterim isə əvvəlkindən ikiqat artıq sağlamlaşmışdı. Həyata baxış prizmam dəyişdi. Artıq dinamik gənclik, aktiv həyat geridə qalmışdı. Təəssüf ki, cəmiyyətdə hər şey birmənalı qarşılanmır. Fiziki məhdudiyyətlər sanki insanın digərlərindən fərqi, əksikliyi, ayıbı,  ya da hansısa günahının cəzası kimi qiymətləndirilir. İlk vaxtlar ağır gəlir acıyan baxışlar, gizli pıçıltılar, ələ salıcı təbəssüm və gülüşlər, “heyif”, “getdi daha onun taleyi”, “ailə də qurammadı”, “harda işləyəcək ki, bu?” kimi ifadələr. Amma qısa vaxtda özümə söz verdim: “Təslim olmayacam, ayağa qalxacam, bu xəstəliyi məni seçdiyinə peşman edəcəm. Həyatın məndən əsirgəməyə cəhd etdiyi hər şeyi bircə-bircə ondan döyüşə-döyüşə alıb yerinə qoyacam. Üstümə yapışmaq istəyən “yazıq uşaq” etiketini cırıb atacam. “Güclü qadın” olacam. Ailə də quracam, ana da olacam, sevdiyim, parlaq, şərəfli bir peşəm də olacaq”. Hamısını elədim!

 

İnsan gücü bütün şablonları yıxıb dağıda bilər. İnadla, həyata qarşı mübarizəylə ANA oldum. 2010-cu ildə “F” hərfindən küsmüşdüm. Bir filoloqa, dilçiyə yaraşmazdı. “F” ilə sülh imzaladıq  2013-cü ildə. Qızımın adı  FƏRƏH oldu. İndi ən sevimli hərfimdi “F”. Kitablardan, romanlardan, şeirlərdən təxmini tanıdığım analıq hissi şəxsi həyatımda bir qədər fərqlidir. Burada analıq hissi, övlad sevgisiylə bağlı səhifələrlə yaza bilərəm, pafoslu ifadələr sıralaya bilərəm. Amma sadə dillə izah edəcəyəm. Mənim üçün Fərəh uzun bir yolda piyada gəzməkdir, çoxmərtəbəli bir binanın pilləkənləri ilə birnəfəsə sürətlə çıxıb düşməkdir, saatlarla rəqs etmək, qaçmaqdır, uca bir zirvəyə təkbaşıma qalxmaqdır. Qələbə çalmaqdır.

 

 Müəllim olmaq arzum 2011-ci ilin oktyabr ayında məni gətirib 219 nömrəli evdə təhsil məktəbinin Distant Təhsil Mərkəzinə çıxardı. İkinci həyatımın dönüm nöqtəsi. Bura başqa bir aləm idi. Tamamilə mənə, vəziyyətimə, fiziki məhdudiyyətimə uyğun bir iş şəraiti, belə insanlarla rəftar qaydalarına mükəmməl bələd olan iş yoldaşları. Sadəcə otururam və çox sevdiyim Azərbaycan dili və ədəbiyyatı tədris edirəm. Bundan böyük xoşbəxtlik ola bilərmi? Var. Bəli, ən böyük xoşbəxtliyim, sevincim, şansım, uğurum, həyatımın mənası - ŞAGİRDLƏRİM. Düz 9 ildir ki, hər dəfə şagirdlərimin gözündə yaranan ən kiçik bir sevinc parıltısı, simalarındakı  təbəssüm uğrunda az qala bütün varlığım, bilik və bacarığımla çalışıram. Xüsusi qayğıya ehtiyacı olan əziz balalarım- sevimli şagirdlərim ömrümün ikinci hissəsinin aparıcı obrazlarına çevrilib. Əminəm ki, onlar da məni sevir, ən çox mənə güvənirlər. Monitordan hər birinin gözlərindən oxuyuram bunu. Çünki vəziyyətimdən, əlilliyimdən xəbərdar edirəm onları, əyani şəkildə şəxsi təcrübəmlə göstərirəm ki, əsas şikəstlik mənəvi şikəstlikdir.

 

Fiziki məhdudiyyətlər uğur qazanmağa, cəmiyyətə fayda verməyə, həyatda öz yerini tapmağa əngəl deyil.

 

Hər fürsətdə başa salıram ki, onlar da güclüdür, istəyib əldə edə bilməyəcəkləri heç nə yoxdur. Mən o uşaqlara təkcə dilimizi və ədəbiyyatımızı öyrətmirəm, onlara həm də canlı şəkildə həyat dərsi verirəm. Xüsusən qız şagirdlərimin gələcəyin güclü anaları, uğur qazanmış xanımları olması üçün əlimdən gələni əsirgəmirəm. Məsafədən təhsil mənim üçün təkcə “iş” deyil, mübarizə əzmim, qələbə simvolumdur. Hər dəfə kompüterin qarşısında əyləşib dərsə başlayanda, özümü fiziki cəhətdən o qədər güclü hiss edirəm ki,  necə deyərlər, “Dağı dağ üstə qoyaram”. Bu, işini sevmək deyil, tamam başqa məfhumdur, işiylə var olmaqdır, həyata işiylə bağlanmaqdır. Uğura aparan yoldur. Məsafədən tədris mənim şagirdlərimin gələcəyə ümididir. Dəfələrlə, müxtəlif vaxtlarda, müxtəlif şagirdlərimin ağzından çıxan “Müəllim, mən də böyüyəndə sizin kimi müəllim olacam, çalışacam, özüm kimi uşaqlara dərs keçəcəm” ifadələri bunun sübutudur. Məsafədən tədris təkcə xüsusi qayğıya ehtiyacı olan uşaqlara yox, bu günün və gələcəyin saysız-hesabsız fiziki məhdudiyyətli müəlliminə əvəzolunmaz bir hədiyyədir.

 

Bizlər: mən, şagirdlərim və bizim kimi olan hər kəs, əsla, fərqli deyilik! Yeganə fərqimiz odur ki, daha güclüyük, hər kəsin asanlıqla əldə etdiyi hər şeyi biz mübarizəylə qazanırıq. Bizim uğurlarımız daha qiymətlidir.

 

 

Aysel MƏMMƏDOVA,

219 nömrəli evdə təhsil tam orta məktəbin müəllimi

 

 



24.05.2019 | 10:53