Elina, Gülnarə, Alimə... | |
Özgənin şəxsi həyatını, ağzından çıxan kəlməni, “kələ-kötür” efirləri, yarıtmaz məmurları, oğruları, quldurları, fahişəliyin sürətlə yayılmasını, ailə üzvünün namusuna sataşan “kişilər”in statistikasını, qohum-əqrəbası ilə sevişən qadınların çoxalmasını, bunu çəkib yayan qohumların varlığını, medianın bu qəbil hadisələr və onu tirajlamaq üçün “sino getməsini” müşahidə etmək ən ağır işdir. Biz ittihamçı cəmiyyət olmuşuq.
Müzakirələrimizdə ritorika, rişxənd, ələ salmaq, söymək, ağıl verməkdən başqa nəsə tapılmır. Məsələn, baş verən hər hansı hadisəyəcən nələr olub ki, nəticə belə acınacaqlıdır? Bir də niyə sevgisiz, duyğusuz oluruq get-gedə? Biri ailə başçısını sevə bilmir, biri evin xanımını, biri dövləti, milləti, başqa biri özünü sevə bilmir. Biri də var ölkəsini sevmir. O biri deyir, ümumiyyətlə, qonşum niyə var axı?! Xəbislik ruhunu sarıb çünki. Əslində bizdə kimsə intihar eləmir, hamı sevgisizlikdən yorulur, ölür. Elina sevgisizlikdən öldüyünü yazıb qoydu dəftərinin küncündə...
Elinanın ölümü yadıma iki qızı saldı. Onları da biz “öldürmüşük”, illər öncə cəmiyyət olaraq, amma “yaşayırlar” hələ...
Eyni məktəbdə oxuyurduq. Biri məndən böyük, biri yaşıdım idi. Birinin başının biti üzündə gəzərdi. Biti tanımayan mən “üzünə cücü qonub” - deyə, onun sifətini tumarlayıb siləndə xoşbəxt olmuşdu, gülümsəmişdi Gülnarə. Sonra əlimi yumamış, məktəb bufetindən bulka alıb çayla qəlyanaltı edəndə yeməyimi bölüşmək istədiyim sinif yoldaşım “fuuu, əlin Gülnarənin bitinə dəyib” deyəndə isə sevinmişdim, “əladır, bulkam özümə qaldı, bit və Gülü sağ olsun!” deyə pozitiv düşünmüşdüm. Sonra eşitdim məktəbi bitirən kimi Gülnarəni ərə veriblər. Hər il bir uşağı olurdu. Bir gün də eşitdim on altı yaşlı, məktəb, oxuma, yazma bilməyən, əkin sahələrində işləyən, pul qazanan balaca qızını artıq ərə verib Gülnarə. Bir neçə ildən sonra o da üç övlad anası idi. Günlərin birində yazı yazdım öz rayonumda baş verən hadisədən “Qara Qovaq altında qətl” adlı... Araşdırma zamanı “kimin qızıdır?” soruşdum, “bitdi Gülnarənin” dedilər. Cəmiyyət ona uşaqlıqda vurduğu “yarlığı” unutmamışdı. Onu hələ də belə çağırırlar rayonda yaşıdım olan kişilər və qadınlar, qocalar, hətta yeni nəslin uşaqları da. “Bitdi Gülü xala”. İllər fikirlərini dəyişmir. Bu qədər amansız cəmiyyətin yetişdirmələriyik biz.
***
...Alimə isə evin böyüyü idi. Onun işgüzarlığına, zəhmətinə ürək ağrısı ilə baxırdım həmişə. Özündən balaca çoxlu bacı-qardaşı vardı. Hamısını o saxlayar, yedirdər, yatırdardı. Özünə, dərsinə zamanı qalmazdı. Pis oxuyardı. Üst-başı çirkli olardı. Amma sevə bilirdi. Onu sevməyən hamını sevə, hər şeyini bölüşə bilirdi. Qəribədir. Onunla yolu bir olan heç kim gedib-gəlməzdi. Əlindəki pulla bufetdən aldığı hər şeyə isə çox adam şəriklik edərdi. Sonra onu yenə saymazdılar. Məhəllələrinin başından çağırırdım onu, hər səhər məktəbə gedəndə. Zəhmətə o qədər alışıq idi ki, yanıma çatan kimi əlini çantama uzadırdı. Alıb aparsın deyə. Bəlkə qorxurdu, başqaları kimi ondan uzaq dura bilərdim axı. Çanta daşıyan kimi görünsə də ona yanıyoldaşlı getmək, dostlu görünmək sərfəli idi. Bunu bilirdim, çantamı özüm daşıyırdım. Ona rəhmim gəlirdi, həmişə də mənə dəyərli olduğunu bilməsini istəyirdim. Onunla da yollarımız ayrıldı məktəbdən sonra. Bir də eşitdim etmədiyi oğurluq üzündən məhbəsə düşüb. Kimsə onu müdafiə etməyib, sevgisizlikdən layiq olmadığı cəzanı alıb gənc yaşında. Bir dəfə şəhərdə üz-üzə gəldik... “Sən Aliməsən?” soruşdum, diqqətlə üzümə baxdı. “Yooo, yooox, mən deyiləm, mən deyiləm!” söyləyib sürətlə uzaqlaşdı... Əminəm, o idi, çox dəyişmişdi, utandığı üçün qaçdı. İçi mən qarışıq əli adamlardan çoxdan üzülüb axı. Durduğu yerdə onu oğru elədilər. Sevgisinin qarşılığı olaraq...
İndi deyirlər Elina ölüb. Anasını, direktoru, sinif yoldaşlarını günahlandırırlar. Biri saymayıb, biri məktəbdə aşağılanmasına göz yumub, biri ələ salıb. Hamısı ittihamdır, qınaqdır. Və hamı dərs keçir, ağıl verir. Biri nazirə əmr verir ki, filankəsi işdən at! O biri anaya deyir ki, niyə ikinci dəfə ərə gedib? Direktor deyir, o, pozğun ailənin uşağıdır, anası ikinci dəfə ailə qurub.
...Elina, Alimə, Gülnarə... Bu qızlar, bu uşaqlar hər dövrdə olub, olacaq. Onlar bizə sevgisizliyin nəticəsi olan faciələrin göstəricisi, nümunəsidir. Qaldı o ki, illərdir yatan biz, oyanaq. Oyanacağıqmı? Heç nəyimiz olmasa da iki qolumuzu açıb intihara doğru gedənlərə “qorxma, getmə, ölmə, səni sevirəm” deyəcəyikmi? Bilmirəm! Bir onu bilirəm ki, biz bunu anlayan, sağlam cəmiyyət olanacan hələ çox gülnarələri bit basacaq, balasının başı kəsiləcək, çox alimələr tutulacaq, çoxlu elinalar pəncərədən atlanıb öləcək. Sizsə hələ də “günah keçisi” axtarın, əzizlər, cəmiyyəti, özünüzü suçlamayın, adam axtarın ki, məsuliyyəti boynuna atıb sizi titrədən vicdanınızı rahatladasınız. Deyəsiniz ki, məndən yoxdur!..
Jalə MÜTƏLLiMOVA
|
|
12.04.2019 | 13:06 | |
|
|
|