Ölmək olmaz yaşamaq

1974-cü ildə amerikalı sosioloq Devid Filips XVIII əsrdə Avropada Hötenin “Gənc Verterin əzabları” əsərinin işıq üzü görməsindən sonra baş alıb gedən özünəqəsd hallarının təbiətini öyrənmək qərarına gəlir. Tezliklə Filips sübut edir ki, insanlara özünəqəsd faktından daha çox onun barəsində xəbər və məlumatlar təsir edir. Əgər əks-səda miqyaslıdırsa, “təqlid edənlər”in də sayı artır. Bununla belə, psixoloqlar hesab edirlər ki, getdikcə dünyada ciddi təhlükəyə çevrilən özünəqəsd problemi barədə nəinki susmaq, onu hər vəchlə aktuallaşdırmaq lazımdır. Zarafat deyil, dünyada hər il təqribən 1 milyon nəfər həyatına özünə qəsd etməklə son qoyur.

 

 

Statistika aldatmaz

 

 

Statistikaya görə, hər 40 saniyədən bir kimsə özünü öldürməyə cəhd edir. 2012-ci ildə 15-29 yaşlı gənclərin ölüm səbəbləri sırasında özünəqəsd ikinci yerdə qərarlaşıb. Vaşinqton Universitetinin beynəlxalq araşdırma qrupu müəyyən edib ki, 1990-cı ildən 2016-cı ilədək dünyada özünəqəsd hallarının sayında təqribən 3 dəfə azalma müşahidə olunub. Ancaq bu statistikanın bütün dünyadakı vəziyyəti əhatə etməsinə baxmayaraq, elə ölkələr var ki, orada “artım” görünür. Məsələn, Rusiyada 26 ildə bu göstərici artıb və hazırda hər 100 min nəfərə 30,6 intihar halı düşür. Daha bir maraqlı nüans ondan ibarətdir ki, rifah halı yüksək olan ölkələrdə intihar daha çox qeydə alınır. Məsələn, Yaponiya və Cənubi Koreya bu kontekstdə “Asiya çempionları”dır. Yaponiyada hətta “özünəqəsd mədəniyyəti” adını almış fenomen də mövcuddur. Cənubi Koreyada həddindən artıq sərt və tələbkar təhsil sistemi minlərlə məktəbli və tələbənin özünü öldürməsinə başlıca səbəb kimi göstərilir. Orta statistik koreyalı məktəblinin ənənəvi şikayəti təqribən bu məzmunludur: “Bu iki il də gəlib keçsəydi, məktəbi başa vurub, canımı qurtarardım. Yoxsa gecə-gündüz ancaq özümü öldürmək barədə düşünürəm!”.

 

“Global Burden of Disease Study” (Xəstəliklərin qlobal yükü) layihəsini həyata keçirən Vaşinqton Universitetində müəyyən ediblər ki, 1990-2016-cı illərdə dünya üzrə özünəqəsd halları 762 mindən 817 minə qalxıb. Ancaq bu müddət ərzində dünya əhalisinin sayı da artdığından belə çıxır ki, intihar statistikasında enmə baş verib.

 

Özünəqəsd Şərqi və Mərkəzi Avropa, Şimali Amerika, Asiya-Sakit okean bölgəsində olduqca tez-tez rast gəlinən ölüm növüdür. Ən yüksək göstəricilər qeyd etdiyimiz kimi, əhalinin iqtisadi durumu yaxşı olan ölkələrdədir. Nə qədər paradoksal olsa da, bu baxımdan ən aşağı özünəqəsd statistikası Livan, Suriya və Fələstinin payına düşür. Hər 100 min nəfərə müvafiq olaraq 2,4, 2,5 və 2,7 nəfər. 26 il ərzində Çində özünəqəsd statistikasında 64% enmə müşahidə olunub. Danimarkada bu göstərici 60, Filippində 58, İsveçrədə 50,3%-dir. Ekspertlər bunu iqtisadi yüksəliş, rifah halının yaxşılaşması və urbanizasiyanın miqyası ilə izah edirlər.

 

Qeyd olunan müddətdə özünəqəsd ən çox kişilər arasında rast gəlinib. Ancaq 19-25 yaşlı gənclərdən ən çox xanımlar özlərini öldürməklə həyatla vidalaşırlar. 26 yaşdan sonra qadınlarda özünəqəsd statistikası 49, kişilərdə isə 24% aşağı düşüb. Ekspertlər proqnozlaşdırırlar ki, 2020-ci ilədək özünəqəsd halları daha 10% azalacaq. Ancaq bu da yetərli deyil, çünki hazırkı tendensiya qalarsa, 2030-cu ilədək dünya ölkələrinin yalnız 3%-i intihar statistikasında təqribən 3 dəfə azalmaya nail olacaq.

 

İntiharın tarix boyu ən yayılmış səbəbi çətin həyat olub. Əsrlər əvvəl də belə idi, indi də. Təbii ki, müxtəlif və çoxsaylı subyektiv səbəbləri kənara qoyuruq. Məsələn, Cənubi Koreyada 15 yaşlı gənc xanım saç kəsim tərzindən narazı qaldığına görə özünü 17-ci mərtəbədən yerə atıb. Ölümündən əvvəl isə belə bir yazı qoyub gedib: “Həyatı yaşamaq mənim üçün çox çətindir”. Əgər üç əsr əvvəl Avropada Hötenin bir depressiv əsərini oxuyub özlərini öldürürdülərsə, indi dahi mütəfəkkirdən yüzminlərlə çox kitab yazan onminlərlə pessimist janr təmsilçisi yazıçılar var. Ədəbiyyatı qoyun kənara, sosial şəbəkələrə nə qəlib?! İstənilən şəbəkədə “pəncərə” açıb “özünəqəsd” kəlməsini yazsanız, yüzlərlə profil çıxacaq. Həyat və ölüm mövzusunda diskussiyalar baş alıb gedir. Depressiv xarakterli şəkil və kollajların sayı lap çoxdur. Rusiyanın Sibir bölgəsinin şəhərlərindən birində 17 yaşlı qız və oğlan oteldə özlərini öldürüblər. Məlum olub ki, onlar otel nömrəsində cəmi bir saat əvvəl məskunlaşıblarmış. Sən demə, gənclər xeyli müddətdir özünəqəsd məzmununda virtual diskussiya aparıb, gələcək planlarını detallı şəkildə müzakirə ediblər. Maraqlıdır ki, onlar Rusiya boyda ölkənin müxtəlif coğrafi qütblərinin sakinləri olublar.

 

Depressiv gənclərin həyatlarına son qoyma səbəbləri müxtəlifdir. Ancaq onlar sosial şəbəkələrdə birləşib dəstək və məsləhət axtarışına çıxırlar. Ən çox müraciət mövzusu təqribən belədir: özümü necə öldürə bilərəm ki, həm ağrısız olsun, həm də bədənimə çox xəsarət dəyməsin? Bir sözlə, internet və rəqəmsal inqilab əsrində sosial şəbəkələr özünəqəsdin statistikasına ciddi təsir göstərən amillərdən birinə və bəlkə də birincisinə çevrilib.

 

 

Ölüm instinkti

 

 

Ziqmund Freyd psixologiyada “ölüm instinkti” anlayışının müəllifidir. Freydə görə, “ölüm instinkti” fərddə təbiət tərəfindən əsası qoyulmuş özünüməhv meylidir. Bütün canlılar hər vəchlə yaşamağa və ölməməyə çalışdıqları halda, ayrı-ayrı fərdlər öz həyatlarını korlamaq və hətta ona son qoymaq üçün hədsiz enerji sərf edirlər.

 

İnsan çox ziddiyyətli məxluqdur - o, özünü öldürə bilər, ölümə doğru müəmmalı meyil yalnız ona məxsusdur və digər heç bir canlıda rast gəlinmir.

 

Psixoterapevtlər intiharı kəskin psixozədələyici situasiyaların təsiri ilə insanın özünü öldürməsi halı olaraq qiymətləndirirlər. Bir məqama xüsusi önəm vermək lazımdır ki, özünəqəsdə insan həyatının mənasını itirdikdən sonra əl atır. İnsanın həyatına son qoymağa yönəlmiş istənilən daxili və xarici aktivlik özünəqəsd kimi qiymətləndirilir. Ekspertlərə görə, əgər daxili aktivlik vaxtında aşkarlanıb üzə çıxarılarsa, həyata son qoymaq üçün sərf olunan xarici aktivliyin qarşısını almaq mümkün olar. Özünəqəsdin ümumi səbəbi psixozədələyici situasiyaların təsiri ilə meydana gəlmiş dezadaptasiyadır. Ancaq gənclərdə və yeniyetmələrdə bu, total halda müşahidə olunmur. Gənc nəslin nümayəndələrində başlıca səbəb ailə daxilindəki gərgin münasibətlər və yaxın ətrafla münaqişəli vəziyyətdir. Yeniyetmələrin intihara meyillilikləri bir sıra daxili və xarici özünəqəsd cəhdləri ilə müəyyən oluna bilər:

 

* Daxili əlamətlər:

 

- Özünəqəsd məzmunlu fikirlər, ölüm məzmunlu fantaziyalar;

 

- Özünəqəsd niyyətləri - ölüm üsulları, alət və vaxt seçimi;

 

- İradə komponenti - insan özünü ölümə hazırlayır.

 

* Xarici əlamətlər:

 

- Özünəqəsd cəhdləri - ölümlə nəticələnməyən, ancaq ölüm niyyətli davranışlar;

 

- Baş vermiş özünəqəsd - ölümlə nəticələnən akt.

 

Hesab edilir ki, özünəqəsd qərarı vermiş şəxs psixoloji vəziyyətini dəyişmək istəyir: dözülməz fikirlərə son vermək, zədələyici şəraitdən qaçmaq, ətrafdan kömək, dəstək və iştiraka nail olmaq, öz problemlərinə diqqəti cəlb etmək. Yeniyetmələrdə isə bu hal daha çox “təqlidçi” kimi xarakterizə olunur. Gənclər ətrafda baş verənləri, TV-dən gördüklərini, ədəbiyyatdan oxuduqlarını təkrar edirlər, yaxud etməyə çalışırlar. Yeniyetmələrdə bu hal xüsusilə yayılıb: qoy mənim ölümüm onlara göstərsin ki, mənə qarşı necə haqsız idilər!

 

Yeniyetmələr arasında qeydə alınan özünəqəsd hallarının aşağıdakı əlamətləri mövcuddur:

 

- Yaxınlarla (ailədə, məktəbdə, dostlar arasında) mövcud olan qısamüddətli və obyektiv baxımdan o qədər də ağır olmayan münaqişələr;

 

- Bu münaqişələrdən doğan daxili böhran və hadisələrin dramatikləşdirilməsi;

 

- Özünəqəsdin romantik-qəhrəmanlıq müstəvisində qiymətləndirilməsi, sanki bu, bir qətiyyətli addımdır;

 

- Özünəqəsd aktında ictimaiyyətə “oynamaq” niyyəti;

 

- Atılan addım affekt xarakterlidir, heç bir düşünülmüş, hesablanmış, dəqiq, tarazlaşdırılmış cəhd yoxdur.

 

Özünəqəsd profilaktikasının aktuallığından çıxış edən mütəxəssislər belə bir sualla üz-üzə qalırlar: intihar etmək istəyən şəxsi əvvəlcədən müəyyən edib, onun niyyətinin qarşısını almaq mümkündürmü? Özünəqəsdin qəti aşkar əlamətləri yoxdur, ancaq bir sıra ümumi məqamlar mövcuddur:

 

- Planlaşdırılan intiharın göstəriciləri (ölüm məzmunlu söhbətlər, yuxuda təhdid olunma, yaxud yuxuda ölüm, həyatın mənasızlığı barədə müzakirələr, vida xarakterli məktublar, yaxud ismarıclar);

 

- Özünəqəsd təcrübəsinin olması, yaxud yaxın ətrafda - dostlar, qohumlar, valideynlər arasında özünəqəsd hallarının qeydə alınması;

 

- Həyat şəraitinin obyektiv ağırlığı: çətin uşaqlıq, gərgin ailədaxili münasibətlər, yaxın adamın itirilməsi, hamı tərəfindən təcrid, ağır xəstəlik və s;

 

- Şəxsiyyət resurslarının aşağı düşməsi, depressiya, ümidsizlik, köməksizlik, stress halı və s.

 

Özünəqəsdə hazırlıq görən yeniyetmədə izlənən davranışlar:

 

- Həyəcanlı davranış, tələskənlik;

 

- Narahat, kataklizmlər, təqiblər, qorxulu heyvanlar barədə yuxular;

 

- Depressiya, apatiya, susqunluq, məsuliyyət və vəzifələrdən qaçma, mənasız vaxt keçirmə, yuxululuq;

 

- Günah kompleksi, hədsiz utancaqlıq, özünə aşkar inamsızlıq;

 

- Alkoqol, psixotrop maddələr və narkotiklərin qəbulu.

 

Xarici şərtlər:

 

- Uğursuz ailə, ağır psixoloji mühit, valideynlər arasında münaqişə, ailədə alkoqolizm, valideynlərin itirilməsi;

 

- Himayənin yoxluğu;

 

- Yeniyetmənin ailə daxilindəki əlverişsiz durumu, həddindən ziyadə himayə, qəddarlıq, daimi tənqid;

 

- Dostların yoxluğu, qrupda təcrid, təhsildə uğursuzluq və s.

 

 

Məktəb və özünəqəsd

 

 

Gənclər arasında özünəqəsdin iki növü var: gerçək və nümayiş üçün nəzərdə tutulan (şantaj). Unutmamaq vacibdir: nümayiş üçün nəzərdə tutulmuş özünəqəsd hər an gerçək ola bilər. Şantaj özünəqəsdi sanki özünü öldürmənin təqlididir, “icraçı” bilir ki, ölməyəcək, ancaq ətrafdakıları möhkəm qorxudacaq. Şantajçıların bir çoxunun planı, bununla belə, reanimasiyada bitir.

 

Qəzetimizin səhifələrində müxtəlif ölkələrin təhsil sistemləri barədə dərc olunan yazılarda da qeyd etmişik ki, bir sıra yerlərdə məktəblər tək savad deyil, həm də gərginlik mənbəyidir. “Asiya pələngləri” adlanan bir qrup ölkə təhsil sisteminin sərtliyi ilə fərqlənir. Bu sərtlik təhsil sahəsində ciddi sıçrayışa və bunun nəticəsi kimi iqtisadi artıma yol açsa da, ciddi psixoloji fəsadlara da səbəb olur. Məsələn, yuxarıda da qeyd etdiyimiz kimi, Yaponiya, Cənubi Koreya, Sinqapur kimi ölkələrdə orta və ali məktəblərdə tədris yükünün ağırlığına tab gətirməyən məktəblilər və yeniyetmələr çıxış yolunu həyatlarına qəsd etməkdə görürlər. Və bu fakt hamı tərəfindən qəbul edilir: şagirdlərinin akademik uğurları üçün ən ağır bədəli ödəyən Cənubi Koreya rəqabətədözümlü təhsil layihəsini davam etdirir.

 

Məktəbdə özünəqəsd dünyanın hər yerində var. Hətta yaşlı nəslin “bizim vaxtımızda belə şeylər yox idi” məzmunlu şikayətlərinə baxmayaraq, problem sovet dönəmində də olub. SSRİ-də doğulmuş və yaşamış istənilən şəxs Rolan Bıkovun çəkdiyi və Yuri Nikulinlə Kristina Orbakaytenin baş rolları ifa etdikləri “Müqəvva” filmini xatırlayarlar. Filmin məzmunu hətta sovet dönəminin məhdudiyyətlərinə görə də olduqca sərtdir.

 

Bu gün ABŞ-da məktəblərdə silahlı zorakılıq halları mövcuddur. Kiberterrora meyillilik, alkoqol və narkotiklərə aludəçilik az qala hər yerdə var. Bu hallar hələ yetkin olmayan azyaşlıların psixikasına ciddi təsir edir. Bu səbəbdən yeniyetmələrdə özünəqəsd hallarının azaldılması, yaxud aradan qaldırılması istiqamətində məktəblə valideynlərin səyləri koordinə edilmiş şəkildə həyata keçirilməlidir.

 

Hər bir şagirdin fiziki, psixoloji, pedaqoji inkişafı onun məktəbə daxil olduğu gündən müşahidə altına alınmalıdır. Bir çox hallarda özünəqəsdə meyil valideynlərdən və qohumlardan keçmə olur. Ona görə də sinif rəhbəri, məktəb psixoloqu hər bir uşağın şəxsi işi ilə yaxından tanış olmalı və daima diqqətdə saxlamalıdırlar. Pedaqoqun uşaqla mütəmadi ünsiyyəti məktəblidə olan özünəqəsd əlamətlərinin aşkarlanmasına kömək edə bilər. Müəllimin bu cəhdi mütləq məhsul verməlidir, sadəcə, bir az can yandırmaq lazımdır.

 

Mütəxəssislər hesab edir ki, valideynlər uşaqlarının özünəqəsdinin iştirakçısıdırlar, çünki normal münasibətli ailələrdə özünəqəsd halları olmur. Çünki uşağın ürəyini açmağa, dərdini deməyə kimisə var. Bəzi hallarda valideynlər uşağın özünəqəsdinin həm də səbəbi olurlar. Ev uşağın dünyasıdır. Əgər bu dünyada münasibətlər gərgindirsə, yaşamağa dəyərmi? Gəlin unutmayaq: özünəqəsd də bir qətldir, dəxli yoxdur insan bunu öz əlləri ilə edir, ya yox.

 

 

Rüstəm QARAXANLI



12.04.2019 | 10:22