Hər beş şagirddən dördü oxuyur, bəs, biri? | |
Azərbaycanda dördüncü sinifdə oxuyan hər beş şagirddən dördü oxu bacarığına malikdir. Ölkə mətbuatında əksini tapan bu qənaət YUNESKO-nun Statistika İnstitutunun BMT-nin davamlı inkişaf sahəsində dördüncü hədəfinə - keyfiyyətli, hərtərəfli, ədalətli təhsilin təmin olunması, insanların həyatı boyu oxumağa həvəsləndirilməsinə həsr olunmuş hesabatına istinadən ortaya çıxıb. Bəs, bu qənaət nə qədər əsaslıdır?
Hesabatda bildirilib ki, ölkədə dördüncü sinif şagirdlərinin 80 faizi minimum (təməl) oxu səviyyəsini mənimsəyib. Azərbaycan bu baxımdan tədqiqata cəlb olunmuş ölkələr arasında orta göstəriciyə malikdir. Bəs, yerdə qalan 20 faiz? Onlar haqqında qətiyyətlə “oxuya bilmir” demək mümkündürmü?
IV sinifdə oxu bacarığı necə müəyyənləşdirilir?
Azərbaycan təhsil ictimaiyyətinə də məlum olduğu kimi, IV sinfin sonunda ölkə üzrə heç bir qiymətləndirmə aparılmadığından şagirdlərin oxu bacarığı səviyyəsini hər hansı şəxsin və ya qurumun müəyyənləşdirməsi mümkün deyil. IV sinfin sonunda hər məktəbdə daxili qiymətləndirmə, yəni Böyük Summativ Qiymətləndirmə (BSQ) imtahanı keçirilir. Ancaq 4443 məktəb üzrə bu qiymətləndirmə nəticələri toplanmadığından mərkəzi qaydada heç bir qurumda IV siniflərin oxu bacarığı səviyyəsinə dair məlumatlar mövcud deyil. Bu məlumatı əldə etmək üçün yeganə mənbə IV siniflər arasında keçirilən PIRLS imtahanı ola bilər. Qeyd edək ki, bu imtahana cəmi 6000 şagird qatılsa da, iştirakçılar bütün ölkə məktəbliləri arasından təsadüfi seçimlə seçildiyindən onun nəticələri ölkə üzrə səviyyənin göstəricisi sayıla bilər.
Bəs, PIRLS nə deyir?
Məlumat üçün qeyd edək ki, ümumi təhsil sahəsində dünyada üç əsas beynəlxalq qiymətləndirmə proqramı mövcuddur. Bunlar PIRLS, PISA və TIMSS proqramlarıdır. Ölkəmiz hər üç proqramda iştirak edir. Proqramların məqsədi müxtəlif yaşlı şagirdlərin bilik və bacarıqlarını ölçərək ölkələr arasında müqayisə aparmaq və hər ölkənin nailiyyətini müqayisəli şəkildə təqdim etməkdir.
Azərbaycan hər 5 ildən bir IV sinif şagirdləri arasında keçirilən PIRLS - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatında (Progress in International Reading Literacy Study) iştirak edir. Sonuncu dəfə keçirilən PIRLS 2016 tədqiqatında 4-cü sinif şagirdlərinin oxu bacarıqları qiymətləndirilib və nəticələr digər ölkələrlə müqayisə olunub.
Azərbaycanda ölkə üzrə 170 ümumi təhsil müəssisələrində PIRLS 2016 tədqiqatının əsas mərhələsi keçirilib. Həmin PIRLS imtahanının nəticəsi əsas 4 səviyyə üzrə belə müəyyənləşib:
Mükəmməl 2 faiz (625 bal və yuxarı)
Yüksək 16 faiz (550-625 bal)
Orta 36 faiz (475-550 bal)
Aşağı 27 faiz (400-475 bal)
“Oxuya bilməyənlər”, yoxsa...
Aşağı bençmarka çatmayanlar isə 19 faiz (400 baldan aşağı) təşkil edib. Ola bilər ki, “Azərbaycanda dördüncü sinifdə oxuyan hər beş şagirddən dördü oxu bacarığına malikdir”, - qənaətinə məhz bu nəticəyə əsaslanaraq gəlinib. Amma bu, səhvdir. Belə ki, şagirdlərin arasında aşağı bençmarka çatmayan 19 faiz barədə onların oxuya bilmədiyini demək doğru deyil. Şagird imtahana səhlənkar yanaşaraq mətni öz istəyi ilə oxumaya bilər, oxuduğunu zəif anlaya bilər, cavabları səhv qeyd edə bilər və s. Heç YUNESKO belə həmin şagirdləri “oxuya bilməyən” (illiterate) adlandırmır və bu adlandırmanı da düzgün saymır. Xəbərdə iddia edildiyi kimi, YUNESKO hesabatlarında Azərbaycanın oxuya bilməyən IV sinifləri üçün hər hansı bir məlumat paylaşmır.
Əksinə, ölkədə savadlılıq (oxuma-yazma) səviyyəsi hər zaman müxtəlif beynəlxalq qurumlar tərəfindən (həmçinin YUNESKO) yüksək (99.9 faiz) qiymətləndirilib. YUNESKO-nun hesabatında Azərbaycanda 15-24 yaşlıların savadlılıq (oxuma-yazma) səviyyəsi 99.94 faiz kimi qeyd edilib.
“Belə statistikaya heç birinci siniflər arasında da rast gəlmək olmaz”
Təhsil üzrə ekspert Nadir İsrafilov da ortaya çıxan qənaətlə razılaşmır:
"Belə araşdırma müxtəlif qurumlar tərəfindən aparılsa da, ölkəmizdə dördüncü sinifdə oxuyan hər beşinci şagirdin oxuya bilmədiyi haqqında deyilənlər inandırıcı səslənmir. Məncə, bunu demək, ədalətsizlik olar. Belə statistikaya heç birinci siniflər arasında da rast gəlmək olmaz”.
Ekspertin sözlərinə görə, uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilən bir ölkədə bu göstəriciyə inanmaq mümkün deyil: “Ölkədə uşaqların savadlılıq səviyyəsinin artırılmasına yönəlmiş bir sıra tədbirlər görülür, məktəbəqədər təhsilə xüsusi diqqət ayrılır. 2020-ci ilə kimi uşaqların 90 faizinin məktəbəqədər təhsillə təmin olunması planlaşdırılır”.
Ruhiyyə DAŞSALAHLI
|
|
01.03.2019 | 10:54 | |
|
|
|