Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu | |
Tədqiqatlar, eyni zamanda təcrübə göstərir ki, cəmiyyətin davamlı inkişafının təmin olunması təhsilin inkişafı ilə, təhsilin məzmun keyfiyyəti və onun yeni texnologiyalarla idarəetmə xüsusiyyətləri, bu istiqamətdə aparılan elmi araşdırmaların tətbiq mexanizmi ilə bilavasitə bağlıdır. Bu baxımdan təhsil cəmiyyətin davamlı inkişafına mane olan amillərin aradan qaldırılmasında, o cümlədən dini radikalizm və ekstremizmə qarşı mübarizədə mühüm rol oynayır.
Məlumdur ki, tarixən din cəmiyyət həyatının vacib bir komponenti kimi meydana gəlmiş, dəyərlərin, insan münasibətlərinin formalaşmasına, insanın təbiət, cəmiyyət haqqında təsəvvürlərinə müəyyən təsir göstərmişdir. Məsələyə bu baxımdan yanaşsaq, müqəddəs kitablar, o cümlədən Qurani-Kərimdə əksini tapmış əxlaqi-mənəvi dəyərlər həmişə diqqət mərkəzində olmuş və insanın şəxsiyyətinin səciyyəvi xüsusiyyətindən biri kimi nəzərə alınmışdır. Lakin cəmiyyət üçün həmişə və bu gün də narahatlıq doğuran hal odur ki, bəzən dindən siyasi məqsədlər üçün istifadə olunmuş, insanları xurafata, fanatizmə sürükləməyə cəhd göstərilmiş, din pərdəsi altında radikal və ekstremist meyillər mənəvi cəhətdən sağlam həyat tərzini korlamağa, vətəndaş həmrəyliyini pozmağa, xalqın tarixi ənənələrinə, milli düşüncə sisteminə zərbə vurmağa hədəflənmişdir. Bu baxımdan dini radikalizm və ekstremizm bu gün də vətəndaş cəmiyyəti, hüquqi, demokratik dövlət üçün təhlükə mənbəyi hesab edilir.
Dini radikalizm və ekstremizm nədir? sualına konkret cavab vermək üçün bu anlayışların mahiyyəti ilə bağlı bəzi məqamlara diqqət yetirək. Ümumiyyətlə, radikalizm müəyyən bir hədəfə çatmaq üçün başqalarının hüquq və azadlıqlarını pozmağa hazır olan birlik və təşkilatların fəaliyyəti ilə bağlı işlədilən termindir.
Əsasən radikal dini birliklər bu mövqedən çıxış edir. Onlar özündən fərqli dini inanc və əqidələrə qarşı barışmaz mövqe nümayiş etdirirlər. Onlar aqressiv təbliğat metod və vasitələrindən istifadə edir, cəmiyyətin nizamını pozmağa cəhd göstərirlər.
Ekstremizm də qanunsuz fəaliyyət hesab edilir. Ekstremizm sosial-siyasi, dini və digər hədəflərə ifrat mübarizə metodları ilə çatmaq vasitəsidir. Bu baxımdan bir məsələnin həlli zamanı barışmazlıq, ifrat yanaşma, zorakı tədbirlərin tətbiqidir. Ekstremizm cəmiyyətdə qəbul edilmiş hüquqi və etik normalara uyğun gəlmir.
Qeyd edək ki, radikalizm və ekstremizm sözləri arasında nə qədər uyğunluq olsa da onları bir-birindən fərqləndirən xüsusiyyətlər də vardır. Ən başlıca fərq odur ki, ekstremizm ifrat ideyaların zorakı yollarla həyata keçirilməsidir.
Tədqiqatlar və təcrübə göstərir ki, müxtəlif dinlərin nümayəndələrinə qarşı dözümsüzlük, eyni zamanda konfessiyalararası qarşıdurma mahiyyətcə dini ekstremizmdir. Dini ekstremizmin tətbiqi əsasən dini ekstremist təşkilat vasitəsilə həyata keçirilir. Dini ekstremistlər milli-dini dəyərlərə hörmətlə yanaşmır, bu dəyərləri məhv etməyə, gözdən salmağa çalışırlar. Onların fəaliyyətində zorakılıq metodu üstünlük təşkil edir. Dini ekstremizmə yuvarlanmış gənclər milli və bəşəri dəyərlərdən imtina edir, beləliklə, onların fəaliyyəti dağıdıcı xarakter alır. Belə gənclər təhsildən də uzaqlaşır və nəticədə özünü mənəvi cəhətdən təkmilləşdirə bilmədiyindən cəmiyyət inkişafına mane olan elementlərə çevrilirlər.
Məsələyə bu baxımdan yanaşaraq qeyd etməliyik ki, dini radikalizmə və ekstremizmə qarşı mübarizədə təhsilin mühüm rolu vardır.
İnsanlar təhsil almaqla təbiət və cəmiyyət hadisələrinin mahiyyətini anlaya bilirlər. Təhsil insanın həyat yolunu nurlandıran, ona ən çətin məqamlarda yollar tapmağın sirlərini açan vasitədir. Məhz təhsil vasitəsilə insan milli və bəşəri dəyərləri mənimsəyir, cəmiyyətin inkişaf xüsusiyyətlərini öyrənə bilir, özünü dərk edərək həqiqəti anlamağa, cəmiyyətə fayda verməyin məsuliyyətini hiss etməyə başlayır.
Bu yanaşma həm də onu deməyə əsas verir ki, təhsil bilik, bacarıq və vərdişlərin məcmuyu olmaqla yanaşı prosesdir, nəticədir, dəyərdir, vasitədir.
Azərbaycan Respublikası dünyəvi, demokratik dövlətdir. Ölkə Konstitusiyasına görə din dövlətdən ayrıdır. Xalq milli ənənələrini, milli-mənəvi dəyərləri yaşatmağa çalışır, multikultural dəyərlərə böyük hörmətlə yanaşır. Ölkəmizdə heç bir din nümayəndəsinin başqaları ilə problemi yoxdur. Konfessiyalararası problemlərimiz də yoxdur. Biz dinin siyasiləşdirilməsini dünən də istəməmişik, bu gün də, gələcəkdə də bunu istəmirik. Sadəcə olaraq dünyada cərəyan edən hadisələr, bəzi xarici ölkələrdə dinlər, məzhəblər arasında ayrı-seçkiliyin yaradılması, bəzi gənclərin bu işə cəlb olunması narahatlıq doğurur.
Qeyd edək ki, Azərbaycan həmişə tolerant ölkə kimi tanınıb. Biz həmişə bir xalq, millət kimi başqa xalqlara, başqa dinlərə də hörmət göstərmişik. Lakin bəzi ölkələrdə dini radikalizm və ekstremizm elementlərinin güclənməsi təhlükə mənbəyi kimi bizi də narahat edir. Ona görə də mövcud ənənələrimizi yaşatmaq, milli birliyimizi möhkəmləndirmək üçün təhsil almaq, elmi biliklərə yiyələnmək, bu və ya digər məsələyə yanaşmada elmə üstünlük verməklə yanaşı, milli-dini dəyərlərə əsaslanmaq vacibdir. Respublikamızda dini radikalizm və ekstremizm elementlərinin yaranmaması, yaxud onlara qarşı mübarizə üçün möhkəm qanunvericilik bazası vardır.
Azərbaycan Respublikasının Konstitusiyasında (maddə18. Din və dövlət, bənd 2) göstərilir ki, “insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan” dinlərin(dini cərəyanların) yayılması və təbliği qadağandır”. Konstitusiyanın 48-ci maddəsində (maddə 48. Vicdan azadlığı. bənd 4.) göstərilir ki, “dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır”.
Təcrübə göstərir ki, bəzən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması cəhdləri də göstərilmişdir. Bu da demokratik ölkə və cəmiyyət üçün narahatlıq doğuran, qəbul edilməyən hal kimi başa düşülməlidir. Ona görə də belə hərəkətlər qanunla qadağan olunub. Bu baxımdan “Dini etiqad haqqında Azərbaycan Respublikasının Qanunu”nda müəyyən məhdudlaşdırma və qadağaların qoyulması təqdirəlayiqdir. Qanunun birinci maddəsində (maddə1. Dini etiqad azadlığı) yazılır: “Dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər”.
Müddəalardan göründüyü kimi, hər bir fəaliyyət qanun çərçivəsində olmalıdır. Qanunlarımız da insan hüquq və azadlıqlarının təminatına real imkanlar yaradır. Deməli, qanunların pozulması həm də insanların hüquq və azadlıqlarının qorunmasına mane ola bilər. Ona görə də hər bir vətəndaş qanun qarşısında məsuliyyətini dərk etməsi üçün hüquq qaydalarını bilməli, ölkə Konstitusiyasında və digər qanunvericilik sənədlərində əksini tapmış müddəaları öyrənməli, milli və bəşəri dəyərlər əsasında fəal vətəndaşlıq mövqeyindən çıxış etməlidir.
İctimai-humanitar fənlərin tədrisində bu baxımdan böyük imkanlar vardır. Ümumtəhsil məktəblərində həyat bilgisi, Azərbaycan tarixi, ümumi tarix, ədəbiyyat fənlərinin məzmununda milli-dini dəyərlərlə bağlı şagirdləri məlumatlandırmaq, onlarda milli-mənəvi keyfiyyətləri formalaşdırmaq, dini radikalizm və ekstremizmin cəmiyyət üçün təhlükəliliyini izah etməkdən ötrü kifayət qədər materiallar vardır. İlk növbədə təhsil proqramları şagirdlərdə qeyd etdiyimiz bilik, bacarıq, vərdişləri, nəticə etibarilə dəyərləri formalaşdırmaq üçün geniş imkanlar açır. Bu proqramlarda müxtəlif siniflər, fənlər üzrə verilmiş təlimin məqsədi əldə olunacaq ümumi nəticənin məzmununu əks etdirməklə müəllimin fəaliyyət istiqamətlərini konkret, aydın şəkildə ifadə edir. Şagirdlər həyat bilgisi fənnini öyrənərkən respublikamızın qanunları, həm də beynəlxalq insan hüquqları ilə tanış olurlar. Onlara aydın olur ki, həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə dini radikalizm və ekstremizmə qanunla yol verilmir. Dini ekstremizmə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu da qəbul edilmişdir.
Bu qanunda göstərilir ki, dini ekstremizmə qarşı mübarizə ilk növbədə ölkəmizin konstitusiya quruluşunun əsaslarının, habelə ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi; insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi məqsədini daşıyır (maddə 3).
Dini radikalist və ekstremist əməllər cinayət xarakterli əməllərdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bəzi maddəsində məhz bu əməllərə görə cəzalar nəzərdə tutulmuşdur. Məsələn, Dini etiqad etməyə məcbur etmə və ya bu əməlləri dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsini maliyyələşdirmə (maddə 167-1); Dini ekstremist materialları hazırlama, saxlama, yayma və ya bu əməlləri maliyyələşdirmə (maddə167-3); Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə (maddə 168) və s.
Bu və ya bu qəbilli digər əməllər, o cümlədən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması qanunla qadağandır və bu əməlləri törədənlər cinayət məsuliyyətinə cəlb olunurlar.
Qeyd edək ki, bu tipli məsələlərin təhsilalanlara öyrədilməsi üçün tədris prosesinin geniş imkanları vardır. Bu, eyni zamanda hər birimizin vətəndaşlıq borcumuzdur.
İctimai-humanitar fənlərin tədrisində təkcə islam dini haqqında deyil, bütün dinlər barədə təhsilalanlara dərin bilik və bacarıqlar aşılamaq mümkündür. İlk növbədə dövlətin təhsil sahəsində siyasəti, eyni zamanda təhsil proqramları, dərsliklər, dərs vəsaitləri, həm də digər tədris resursları buna imkanlar yaradır. Təlim prosesində və dərsdənkənar vaxtlarda şagirdlərə “Bir saat elm öyrənmək altımış illik ibadətdən yaxşıdır”, “Elmi uzaq Çində də olsa öyrənin”, “İslam dinində düzlük, doğruçuluq, sədaqətlilik, qəhrəmanlıq məsələləri”, “Elmi beşikdən qəbrə qədər öyrənin”, “İslam dinində dostluq, yoldaşlıq məsələləri”, “İslam dini və milli mənlik şüuru”, “Dövlət bayrağının rəngləri: bütövlük rəmzi” və sair konseptual, problem mövzulara aid müvafiq məsələlərlə bağlı kifayət qədər əsaslandırılmış fikirləri çatdırmaq mümkündür. Bu məsələlərin öyrədilməsi şagirdlərin milli ruhuna, şəxsiyyət kimi yetkinləşməsinə, onlarda Azərbaycan dövlətçiliyinə sədaqət hissinin möhkəmlənməsinə müsbət təsir göstərir. Araşdırmalar və təcrübə göstərir ki, milli-dini dəyərlər təhsilalanlara öyrədilərkən bir sıra elmi pedaqoji prinsiplər nəzərə alınmalıdır:
-təhsil proqramlarının imkanları;
-təlim və tərbiyənin keyfiyyət baxımından yüksəldilməsinə təsir edən müvafiq dəyərlərin düzgün seçilməsi;
-dəyərlərin şagirdlərdə milli mənlik şüurunun formalaşdırılması kontekstində izah edilməsi;
-şagirdlərdə məntiqi, tənqidi, yaradıcı təfəkkürün inkişaf etdirilməsi;
-şagirdlərdə vətəndaşlıq keyfiyyətlərinin formalaşdırılması və inkişafı;
-şagirdlərdə Azərbaycan dövlətçiliyinə sədaqət hissinin formalaşdırılması;
-təlim-tərbiyə işində problem baxımından məqsədəuyğunluğa, ardıcıllığa, sistmliliyə əməl olunması.
Təcrübə göstərir ki, dini radikalizm və ekstremizmə qarşı mübarizə aparmaq üçün müxtəlif elm sahələri, o cümlədən pedaqogika və psixologiya sahələri üzrə ciddi elmi tədqiqatların aparılması vacibdir. Elmi araşdırmaların nəticələri təhsil müəssisələrində, məktəbdənkənar müəssisələrdə əqidəcə sağlam, milli vətəndaş təfəkkürünə sahib olan şagirdlərin, yeniyetmə və gənclərin formalaşdırılması üçün praktik kömək göstərə bilər.
Xalqımızın ümummilli lideri Heydər Əliyev və ölkə Prezidenti cənab İlham Əliyev öz məruzə və çıxışlarında həmişə milli-dini-mənəvi dəyərlərə yüksək qiymət vermiş, bu dəyərlərin qorunması, tarixi ənənələrimizin yaşadılması və gənclərin milli ruhda şəxsiyyət kimi formalaşdırılmasının zəruriliyini əsaslandırmışlar.
Ölkə Prezidenti cənab İlham Əliyev dinin cəmiyyət həyatındakı rolundan bəhs edərkən demişdir: “Dinin cəmiyyət həyatında, xüsusən də gənclərin mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu düzgün istiqamətləndirilməli, mütərəqqi islami dəyərlərin təbliği və təşviqi müasir tələblər səviyyəsində aparılmalı, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir” .
Göründüyü kimi, dövlət dini dəyərlərimizi şəxsiyyət yetişdirilməsində mühüm vasitələrdən biri sayır. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsi hesab olunur. Məsələyə bu kontekstdən yanaşaraq qeyd etməliyik ki, milli dəyərlərimizin ana xətti isə Azərbaycançılıq məfkurəsi, Azərbaycançılıq ideologiyasıdır. Yəni, dini dəyərlər Azərbaycançılıq konsepsiyasına zidd ola bilməz və zidd deyil. Təhsil prosesində milli-dini dəyərlərin öyrənilməsi məhz Azərbaycançılıq konsepsiyasına əsaslanmalı, millətimizə xas olmayan yad elementlərə imkan yaradılmamalı, dini radikalizm və ekstremizmin cəmiyyət üçün çox ciddi fəsadlar törədə biləcəyi şagirdlərə (həm də tələbələrə) məqsədəuyğun şəkildə izah edilməlidir.
Tədqiqatlar sübut edir ki, müasir dövrdə insanın və bütövlükdə cəmiyyətin həyatında milli dəyərlərə böyük önəm verilməsi, həqiqətən, vacibdir. İnsan və cəmiyyətin davamlı inkişafı, rəqabətəqabil şəxsiyyətin yetişdirilməsi, dini radikalizmə və ekstremizmə qarşı mübarizə apara bilən vətəndaşın formalaşdırılması təhsillə, təlim-tərbiyə işinə son dərəcə ciddi elmi yanaşmalarla bağlıdır. Bu baxımdan dini radikalizmə və ekstremizmə qarşı mübarizədə təhsilin böyük rolu vardır.
İntiqam CƏBRAYILOV,
pedaqogika üzrə elmlər doktoru, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil nəzəriyyəsi şöbəsinin müdiri
|
|
02.02.2019 | 11:45 | |
|
|
|