Elm və biznesin “dostluğu”

XV əsrin sonlarından etibarən yeni qitələrin və dəniz yollarının kəşfi nəticəsində dünyanın siyasi və iqtisadi siması köklü dəyişikliklərə uğradı. Yeni torpaqlar uğrunda müharibələr insan fəaliyyətinin bütün sferalarına ciddi təsir göstərmiş oldu. Dünya dəyişirdi. Güclü olmaq üçün hərbi qüdrət başlıca və tək amil statusunu yavaş-yavaş itirməyə başladı. Ön plana elm çıxdı. Elmi ixtiralara daha çox vəsait ayıran dövlətlər güclü iqtisadi, məntiqlə həm də hərbi sıçrayışa nail oldular.

 

Təqribən elə bu dövrdən etibarən əksər hərbi ekspedisiyalarda hərbçilərlə yanaşı, elm adamlarının iştirakı adi hal almağa başlayır. Amerika, Asiya və Afrikada iri ərazilər zəbt edən Avropa dövlətləri burada yaşayan xalqlarla yanaşı, yerli flora və faunanı, ən əsası isə iqtisadi dividend gətirəcək müxtəlif təyinatlı xammal  imkanlarını öyrənirdilər. Bu işdə elmsiz keçinmək mümkünsüz idi. Bu səbəbdən hər hərbi-iqtisadi kampaniyada elm nümayəndələri olmalı idi. Deyilənə görə, Napoleon Misiri işğal edərkən səfərə özü ilə 150-dək alim götürübmüş.

 

Bu ekspedisiyalarda elmin iştirakı da kor-koranə olmayıb. Məsələn, dəniz səfərlərində gəmilərin göyərtəsinə alimlərin götürülməsi Britaniya Kral Akademiyasının xeyir-duası olmadan çətin mümkün idi. Belə kampaniyalardan biri - Cənubi Amerikaya, Qalapaqos adalarına səfərdə alimlərin iştirakı məqsədəuyğun sayılmamışdı. Ancaq gəmi kapitanı özü gənc alim Çarlz Darvini göyərtəyə almış və nəticədə dünya elmini dəyişən “Təkamül nəzəriyyəsi”nin əsası qoyulmuşdu.

 

Dövlətlə elm arasında yaranmış bu izdivac hər iki tərəfə qazanc gətirdi. Elm dövlətə yeni ərazilər tutmaqda və varlanmaqda kömək edir, dövlətin əks yatırımları nəticəsində isə özü inkişafa nail olurdu. XX əsrin ikinci yarısından etibarən elmə yatırımı tək dövlət deyil, özəl biznes də etməyə başladı. Qərbin sosialist düşərgəsini sürətlə geridə qoymasının bəlkə də başlıca səbəbi bu idi. Yaşadığımız günlərdə özəl sferanın elmi yenilikləri stimullaşdırma aksiyalarında iştirakı daha da genişlənir. Son bir neçə ilin inqilabi kəşflərinin əsasında məhz bu faktor durur.

 

Yeni üfüqlər

 

Elə elm sahələri var ki, texnoloji nəticəni dərhal əldə etmək olur. Məsələn, götürək aktiv inkişaf edən kvant texnologiyalarını. Son 10 ildə insanın qocalması və ömrünün uzanması problemləri ilə məşğul olan elm sahələri ciddi irəliləyşə nail olublar.

 

Söhbət insan beynini öyrənən sferalardan gedir. “Computer science”nin fərqli istiqamətləri - süni intellekt və obyektlərin tanınması texnologiyaları sahələrinə maraq getdikcə artır.

 

Daha bir mövzu yeni nəsil kompüterlərdir. Məlumdur ki, hazırda istifadəmizdə olan kompüterlər fon Neyman arxitekturasına malikdirlər: prosessor, yaddaş, sərt disk və s. Bu kompüterlər mövcud vəziyyətdəkindən artıq sürəti yığa bilmirlər. Ona görə də yeni arxitekturalara ehtiyac var.

 

Həm fundamental, həm də tətbiqi elmin rolu getdikcə artır. Dövlət üçün elmə yatırımlar etmək olduqca sərfəli prosesdir. Elm bilik yaradır, o isə öz növbəsində strateji və iqtisadi nailiyyətlərə çevrilir. Strateji nailiyyət deyərkən, misal üçün, hərbi potensialı qeyd edə bilərik. İqtisadi dividend isə adambaşına düşən ÜDM payı. Son bir neçə onillikdə bu gerçəklik daha aktual mahiyyət kəsb etməyə başlayıb. Bank işi üzrə məşhur ekspert, bir neçə bestsellerin müəllifi Kris Skinner sonuncu kitabında - “Rəqəmsal insan”da informasiya texnologiyalarının iqtisadi potensial, daha konkret desək, bank sferasına müsbət təsirindən bəhs edir. Bu gün, misal üçün, “Microsoft” bu sferanın nəhənglərindən biridir. Onun sahibi Bill Geyts hər il elmi nailiyyətlərə və təhsil problemlərinə on milyonlarla vəsait ayırır. Ancaq vaxtilə “Microsoft”u bu səviyyəyə qaldıran Amerika banklarından birinin risk edib ona yatırım etməsi olub.

 

Minillər boyu təbiət elmləri, fəlsəfə həyatdan təcrid şəkildə inkişaf edib. Asta sürətlə. Elmi axtarışlar və primitiv tapıntılar sadəcə hədsiz maraqdan doğan nəticələr idi. Alimlər indinin özündə də tez-tez deyirlər ki, gördükləri iş şəxsi maraqlarının doğurduğu nəticədir.

Bir çox elm adamları hətta elmi və texnoloji nəticə üçün deyil, sırf proses üçün çalışırlar. Son 50, əsasən də 20 ildə elmlə həyat arasındakı bu məsafə sürətlə qısalıb. Nə fundamental, nə də tətbiqi elm artıq əvvəllər təsəvvür edildiyi kimi sadəcə romantika deyil. Sadələşdirilmiş formada bu formulu belə təsvir edə bilərik: elmdən innovasiyalar doğulur, onlar proses nəticəsində qabaqcıl məhsullara çevrilir, məhsullar öz növbəsində iqtisadiyyatı hərəkətə gətirir, sonuncu isə, təbii ki, dövləti irəliyə aparır.

Elmi araşdırmalar və innovasiyalar üzrə avrokomissar olmuş Karlos Moedas bu mexanizmi belə izah edir: “Fundamental elm innovasiyaları tətbiqiyə ötürür, tətbiqi elm isə kommersiya məhsullarına. Fundamental elmin unudulması gələcək innovasiyaların tükənməsi deməkdir”.

 

Dövlətin inkişafı ilə elmin səviyyəsi və ona dövlət yatırımları arasında birbaşa bağlılıq mövcuddur. ABŞ-da özündə 50-dək universiteti, o cümlədən Harvard, Prinston, Stenford ali məktəblərini birləşdirən “Science Coalition” adlı assosiasiya fəaliyyət göstərir. Assosiasiya Konqresə göndərdiyi 9 bəndlik məktubda dövlətin elmi necə və nə üçün maliyyələşdirməsi barədə məsləhətlər verilir: “Əgər Amerika innovativ texnologiyalar sahəsində dünya liderliyini qorumaq, yeni iş yerlərinin yaradılması və iqtisadi artımı davam etdirmək istəyirsə, biz elmi araşdırmaların maliyyələşdirilməsi prosesini özümüzün milli prioritetimiz elan etməliyik”.

 

Hazırda dünyada təqribən 700 min nəfər kvant mexanikasının nə olduğunu bilir. 7 milyona yaxın insan isə bu barədə cüzi məlumata malikdir. Dünyanın əhalisi 7 milyarddır. Bu, o deməkdir ki, bəşəriyyətin yalnız kiçik bir qismi dünyanın mövcudluğu şərtləri barədə ümumi təsəvvürlərə malikdir. Belə bir mütənasiblik təbii ki, ürəkaçan deyil, çünki dünyanın problemləri və ehtiyacları barədə daha çox məlumatlı olan şəxs onların həlli və təmin edilməsində daha yaxından iştirak edə bilər. “Sonsuzluğun əvvəli” kitabının müəllifi Devid Koyç əmindir ki, insanlar savadlandıqca, elm inkişaf edəcək və məntiqlə onu maliyyələşdirmək də sadələşəcək. Yəqin bu reallıq heç kim tərəfindən danılmayan faktdır ki, bu gün dünyada elm və təhsilin maliyyələşdirilməsi qərarını qəbul edən şəxslərin  əhəmiyyətli bir qisminin elmin detalları barədə heç bir təsəvvürü yoxdur. Bu mexanizmi mürəkkəbləşdirən daha bir nüans ondan ibarətdir ki, qərar qəbul edən şəxslərin problemə yanaşmaları əhalinin savad səviyyəsindən birbaşa asılıdır. Əgər əhalinin yalnız kiçik bir qismi elmlidirsə, elmə maddi yatırımı əks etdirən qərarlar da çətinliklə ərsəyə gəlir.

 

Maliyyə və investisiyalar

 

Elmi araşdırmaların özəl şirkətlər və investorlar tərəfindən maliyyələşdirilməsi vacib trendlərdən birinə çevrilir. Yəni özəl sferanın dövlətlə müqayisədə payı getdikcə artır. Sadə bir misal, - götürək İlon Maskın ixtiralarını: elektrik enerjisi ilə işləyən avtomobil, iri meqapolisləri birləşdirəcək vakuum qatarlarının hərəkət edəcəyi yeraltı tunellər, yaxud kosmosa göndəriləcək özəl kosmik gəmilər. Bütün bunlar şəxsi vəsait hesabına başa gəlir, ancaq ümumən tərəqqiyə xidmət edirlər.

 

Elm və təhsili dövlət və özəl sektorun maliyyələşdirməsi prosesləri fərqlidir. Burada ayrıca olaraq baxılacaq başlıca detal qoyulan xərclərdən gələcək gəlir və onun nə vaxt əldə ediləcəyi tarixdir. Prinsiplər fərqlidir. Özəl investor qoyduğu pulu tez götürmək istəyir, özü də gəlirlə. “Google” kvant araşdırmalarına külli miqdarda vəsait yatırır. Tətbiqi əşyalar məhz elm nəticəsində meydana gəlir. Nüvə energetikası, lazer, tranzistorlar, maqnit-rezonans tomoqrafiya və s. “Google” və “İntel” kimi ağıllı biznes təmsilçiləri, xüsusilə monopoliyalar bu prosesi olduqca yaxşı əxz və dərk ediblər.

 

Dövlət yatırımlarında isə vəziyyət fərqlidir. Qoyulan xərc dərhal geri qayıtmır. Yaxud istifadə olunan sahədən deyil, digərindən qayıdır. Bu baxımdan, elmin maliyyələşdirilməsi ilə elmə yatırım etmək bir növ fərqli anlayışlara çevrilir. Dövlət yatırdığı vəsaiti necə geri qaytarır? Mexanizm belədir: pul qoyuluşu nəticəsində elmi biliklər formalaşır, onlar isə dövlətin strateji və iqtisadi qüdrətini möhkəmlədir. Sadə dildə desək, hər bir layihədə “pay”ı olan dövlət yatırdığı maliyyəni vergilər, məhsuldarlığın artımı və yeni iş yerlərinin açılması ilə geri qaytarır. Başqa sözlə, elmin maliyyələşdirilməsi pul üstünə pul gətirir.

 

Daha bir istiqamət xeyriyyəçilikdir. Ötən saylarımızdan birində təhsildə xeyriyyəçilik mövzusuna toxunmuşduq. Elmin inkişafına heç bir gəlir götürməmək məqsədilə yatırım etmək praktikası da geniş yayılıb. Bu prosesi “maliyyələşdirmə” deyil, daha çox “yarımxeyriyyəçilik”, yaxud elə xeyriyyəçilik kimi qələmə vermək olar. Bu, necə baş verir? Məsələn, xeyriyyəçi hər hansı elmi sahəyə vəsait ayırır, tutaq ki, öz marağı naminə dünyadan köçənədək elmi nəticənin şahidi olsun. Elə də olur ki, o, bunu tək öz şəxsi marağı (maliyyə marağı nəzərdə tutulmur) üçün deyil, bütöv bəşəriyyət naminə edir. Bir çox varlı və uğur qazanmış şəxslər ali məktəblərə, elmi mərkəzlərə, təhsillə məşğul olan qurumlara məhz bu düstürla yardımlar edirlər. Təsadüfi deyil ki, bir çox inkişaf etmiş ölkələrdə, məsələn, ABŞ-da şəxsi ianə və yatırımlar hesabına dövlət dəstəyinin faizi azalmaqdadır. 60 il əvvəl Amerikada bu göstərici üçdəiki həddində idi. Hazırda elmə dəstəyin 50%-dən çoxu özəl şirkətlərdən və filantroplardan gəlir.

 

Belə bir sual ola bilər ki, niyə inkişaf etmiş ölkələrdə imkanlı şəxslər və şirkətlər elm və təhsilə yardım edirlər, dünyanın digər qismində isə əsas etibarilə ya etmirlər, ya da bu göstəricinin səviyyəsi aşağıdır? Rusiyanın “Acronis” şirkətinin təsisçisi və baş direktoru Sergey Belousov hesab edir ki, inkişaf etməkdə olan və ya inkişafdan qalmış dövlətlərdə imkanlı şəxslər “yenicə varlanıblar”, vəsaitlərindən bir qismini digərinə vermək mədəniyyəti hələ tam inkişaf etməyib. Qərbdə isə filantropların var-dövləti çoxdandır, iki əsrə yaxındır nəsildən-nəslə ötürülən kapital mövcuddur. Xalq deyimi ilə desək, pul gəlir də, gedir də. Və bu reallığı tarixə malik kapital çoxdan əxz edib.

 

Görüş yeri

 

Elmlə biznes “dostlaşıb”lar. Bu “dostlar”ın görüş yeri isə universitetdir. Elə elm adamları var ki, özlərini sırf fundamental sahədə görürlər. Elələri də var ki, investisiyaların ilkin mərhələsində. Universitet bu iki sahəni bir növ birləşdirir, fundamental elmdən investisiyalara və geriyə. Bu səbəbdəndir ki, vençur sistemi əsas etibarilə baza universitetlərinin ətrafında formalaşıb. Məsələn, Berkli və ya Stenfordda, “Silikon vadi”də, Harvard və ya Bostonda. Bir sıra digər ölkələrdə də belə təcrübə mövcuddur: alimlər əvvəlcə elmdə, sonra özəl şirkətdə çalışır, ardınca yenidən geriyə dönürlər və ya əksinə. Ağıllı biznes yaxşı anlayır ki, elmə ehtiyacı var. Bu səbəbdən onu maliyyələşdirir. Sadə bir misal: bu gün kvant hesablamaları və kommunikasiyalarına ən çox pulu “Google”, “Intel”, IBM və “Microsoft”, Koreyadan ST TELEKOM və Çindən BAİDU və “AliBaba” şirkətləri ayırırlar.

 

Elm və təhsil biznesə həm də ona görə yaxınlaşır ki, keyfiyyətli və dəqiq idarəetmə anlayışı və problemi də mövcuddur. Bu gün elmi kəşflərlə onların həyatda tətbiqi, həmçinin texnologiyanın ərsəyə gəlməsi ilə onun istifadəsi arasındakı məsafə çox kiçikdir. Elm dinamik idarəetmə tələb edir. Lazımi idarəetmə sistemlərini haradan əxz etmək olar? Təbii ki, uğurlu biznesdən. Ən əsası isə texnoloji biznesdən. Bu qarşılıqlı asılılıq və ehtiyacın bir bəndi natamam olarsa, dövlətin rəqəmsallaşan dünyanın diqtə etdiyi sürətdən geri qalacağı şübhə doğurmur.

 

Rüstəm QARAXANLI



11.01.2019 | 10:05