Elm və təhsil naziri təhsil işçilərinin təltif olunması ilə bağlı əmr imzalayıb
Elm və təhsil naziri Emin Əmrullayev 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təhsil işçilərinin təltif edilməsi barədə əmr imzalayıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, əmrdə deyilir:
 
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, təsdiq edilmiş strategiya və proqramların icrası nəticəsində ölkəmizdə təhsilin inkişafı sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuş, keyfiyyət göstəriciləri, məktəblilərimizin yerli və beynəlxalq bilik yarışlarında nəticələri ildən-ilə yüksəlmiş, dünyanın ən nüfuzlu universitetlərində təhsil almaq imkanı əldə etmiş ümumi təhsil müəssisələrinin məzunlarının sayı əhəmiyyətli şəkildə artmışdır. Bu nailiyyətlərin qazanılmasında böyük əməyi olan müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi və əməyinin stimullaşdırılması sahəsində həyata keçirilən ardıcıl tədbirlər ölkəmizdə müəllim nüfuzunun yüksəlməsinə və müəllim peşəsinə marağın əhəmiyyətli şəkildə artmasına gətirib çıxarmışdır. Hər il peşə bayramı ərəfəsində təhsilin inkişafında xidmətləri olan təhsil işçilərinin əməyinin qiymətləndirilməsi onları daha əzmlə fəaliyyət göstərməyə ruhlandırır".
 
Əmrə əsasən, 77 nəfər “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 126 nəfər isə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəxri fərmanı” ilə təltif olunub.


05.10.2024 | 14:38