Məktəb dəyişikliyinin şagirdlər üzərində təsiri: Müəllim və valideynlər nə etməli?

Məktəbin dəyişdirilməsi şagirdlərin həyatında ciddi dəyişikliklərindən biridir. Bir neçə dəfə məktəb dəyişmək şagirdlərdə psixoloji və emosional sarsıntılara səbəb ola bilər.
 

Yeni bir mühitə keçid uşaqların stres və narahatlıq yaşamasına səbəb olur. Bu mərhələdə valideynlərin rolu böyükdür. Valideynlər övladlarına dəstək, onlarla açıq ünsiyyətdə olmalı və onların sosial bacarıqlarını inkişaf etdirmək üçün şərait yaratmalıdırlar. Məktəb dəyişimi qısa müddətdə çətinliklər yaratsa da, uzunmüddətli perspektivdə uşağın sosial çevrəsini genişləndirə, yeni dostluqlar qurmasına və müxtəlif təcrübələr qazanmasına kömək edə bilər. Bu keçid dövründə uşaqların sosial-emosional inkişafı əsas diqqət mərkəzində olmalıdır.
 

Məktəb dəyişməsinin uşaqlar üzərindəki mümkün təsirləri nə ola bilər?
 

Yeni məktəbə başlamaq uşağın adaptasiya prosesini çətinləşdirə və psixoloji vəziyyətinə təsir edir. Uşaqlar üçün yeni məktəb həm həyəcanverici, həm də narahatedici ola bilər. Bu dövrdə sosial mühit dəyişir, yeni dostlar qazanmaq vacib olur və uyğunlaşmaqda çətinlik yaranır. Bu səbəbdən valideynlərin və müəllimlərin dəstəyi olduqca vacibdir.
 

Hər bir uşaq məktəb dəyişikliyinə fərqli reaksiyalar verir. Bəzi uşaqlar asanlıqla uyğunlaşa bilsələr də, digərləri daha çox vaxt və dəstəyə ehtiyac duyurlar. Bu prosesdə uşaqların emosional ehtiyaclarına xüsusi diqqət yetirilməlidir ki, özlərini təhlükəsiz və rahat hiss etsinlər. Valideynlər uşağın duyğularını diqqətlə izləməli, onun narahatlıqlarına qarşı həssas olmalı və məktəbə uyğunlaşmasına yardım etməlidirlər. Məktəb dəyişimi, eyni zamanda uşağın akademik performansına da təsir göstərə bilər. Yeni tədris mühiti və metodlar uşağın əvvəllər alışdığı üsullardan fərqli ola bilər. Müəllim və valideynlər uşağın tədris ehtiyaclarına uyğun dəstək verərək onun müvəffəqiyyətinə töhfə verməlidirlər.
 

Məktəb dəyişikliyinin öyrənmə və akademik göstəricilərə təsiri də əhəmiyyətlidir. Belə ki, şagirdlər yeni məktəbə keçid zamanı uyğunlaşma çətinlikləri yaşayır. Bu isə dərs qiymətlərinə mənfi təsir göstərə bilər. Yeniliklərə alışmaq və yeni müəllimlərlə münasibət qurmaq şagirdlərdə stresi artıra, nəticədə imtahanlarda performansın azalması müşahidə oluna bilər. Bununla belə, məktəb dəyişimi sosial bacarıqların inkişafı, yeni dostlar qazanmaq və fərqli təcrübələr əldə etmək baxımından da faydalıdır. Şagirdlərə bu prosesdə dəstək vermək və onların adaptasiyasını asanlaşdırmaq akademik göstəricilərin qorunması üçün vacibdir. Məktəblər isə uyğunlaşma mərhələsində əlavə resurslar təqdim etməlidir. Məktəb dəyişikliyinin şagirdlərin sosial və emosional inkişafı baxımından dəyərləndirmək mühüm əhəmiyyət kəsb edir. Yeni məktəbə keçid zamanı uşaqlar yeni insanlarla tanış olmaq şansı əldə edirlər. Bu da, öz növbəsində, uşaqların sosial bacarıqlarının və qrup uyğunlaşma qabiliyyətlərinin inkişafına şərait yaradır. 
 

Eyni zamanda məktəbini dəyişən şagirdlər müxtəlif sosial fəaliyyətlərə qoşularaq, fərqli maraq sahələrini kəşf edə və emosional dəstək tapa bilərlər. Bu fəaliyyətlər onların özlərini ifadə etmələrinə və fərqli sosial rolları təcrübədən keçirmələrinə kömək edir. Çətinliklərin öhdəsindən gəlməyi öyrənmək isə uşaqların emosional davamlılığını gücləndirir, gələcəkdəki problemlərlə daha yaxşı başa çıxmalarına imkan yaradır və özünəinamı artırır. Beləliklə, məktəb dəyişməsi uşaqların sosial və emosional inkişafında əhəmiyyətli rol oynayır və onları gələcək həyatda daha güclü və adaptiv edir.
 

Ailə ilə düzgün ünsiyyət və dəstək strategiyaları uşaqların məktəb dəyişməsinin yaratdığı təsirlərlə daha rahat başa çıxmalarına kömək edir. Valideynlərin uşaqlarının hisslərini anlaması və onları qəbul etməsi bu prosesdə mühüm rol oynayır. Məktəb dəyişiliyi uşaqda narahatlıq və qorxu yarada bilər. Bu səbəbdən valideynlərin empatiya göstərərək onlara dəstək olması vacibdir.
 

Açıq və sağlam ünsiyyət ailə daxilində çox önəmlidir. Uşağın öz hisslərini ifadə etməsinə şərait yaratmaq və valideynlərin onları diqqətlə dinləməsi, uşağın yeni mühitə adaptasiya olmasını asanlaşdırır. Eyni zamanda ailə ilə qurulan güclü ünsiyyət uşağın özünəinamını artıraraq qarşıya çıxan çətinliklərin öhdəsindən daha inamla gəlməsinə imkan verir. Nəticədə, ailə dəstəyi və düzgün ünsiyyət strategiyaları uşağın yeni şəraitə daha sağlam və uğurlu şəkildə uyğunlaşmasına töhfə verir, ailə bağlarını möhkəmləndirir.
 

 Bəs uşağın yeni məktəbə və mühitə alışması üçün valideynlər və müəllimlər nələrə diqqət etməlidirlər?
 

Yeni məktəbə uyğunlaşmaq yeni dostlar qazanmaq və məktəbdəki yeni təcrübələri kəşf etmək üçün bəzi taktikalardan istifadə etmək vacibdir.
 

- Şagirdin məktəbə adaptasiya olmasına dəstək vermək üçün suallara cavab vermək metodundan istifadə edə bilərsiniz. Şagirdin narahatlıqlarını və maraqlandığı məqamları başa düşmək üçün ona vaxt ayırın. Məktəb haqqında suallarına cavab vermək onun özünə inamını artıra bilər. Həmçinin məktəbdəki gündəlik və gözləntilər haqqında müntəzəm məlumat verərək övladınızı hazırlamaq da mühüm addımdır.
 

- Uşaqların məktəbə adaptasiyası prosesində yeni təcrübələri kəşf etmək olduqca vacibdir. Valideynlər övladlarını məktəbin təklif etdiyi klublara və dərsdənkənar fəaliyyətlərə qoşulmağa təşviq etməlidirlər. Bu fəaliyyətlər uşaqların maraq dairəsini kəşf etməyə kömək edir, eyni zamanda onların sosial bacarıqlarını inkişaf etdirir. İdman, musiqi, teatr və rəssamlıq kimi sahələrdə iştirak uşaqların özlərini ifadə etmələrini və yeni dostlar qazanma imkanlarını artırır. Müxtəlif fəaliyyətlər uşaqların özünəinamını gücləndirir və yeni mühitə daha rahat uyğunlaşmalarına şərait yaradır. Beləliklə, valideynlər, övladlarına bu cür imkanlar təqdim edərək onların məktəb həyatını daha da zənginləşdirə bilərlər.
 

- Uşaqla müntəzəm olaraq söhbət edərək onun öz hisslərini ifadə etməsinə şərait yaratmaq lazımdır. Məktəbdə qarşılaşdığı çətinlikləri aşmasına kömək etmək üçün onunla empatiya qurun və dəstəkləyici bir mövqe göstərin.
 

- Müəllimlər yeni şagirdlərin özlərini rahat hiss etmələri üçün açıq ünsiyyət mühiti yaratmalıdırlar. Uşaqların suallarını cavablandırmağa, narahatlıqlarını dinləməyə və onların hisslərinə empatiya göstərməyə hazır olmalıdırlar. Bu, şagirdlərin məktəb mühitinə daha asan uyğunlaşmasına kömək edəcək.


- Müəllimlər sinfə yeni gələn şagirdlər üçün mentor sistemi qura bilərlər. Bu daha təcrübəli şagirdlərin yeni gələnlərə kömək etməsini və onlara dostluq etməsini təmin edir. Mentorlar yeni gələn şagirdlərə məktəbdaxili qaydalar, sosial mühit və dərs proqramı haqqında məlumat verərək onların adaptasiyasını asanlaşdıra bilərlər.


- Yeni şagirdlərin adaptasiyasını asanlaşdırmaq üçün müəllimlər tədris metodlarını və qiymətləndirmə sistemlərini onların ehtiyaclarına uyğunlaşdırmalıdırlar. Bu, uşaqların yeni mühitə daha tez uyğunlaşmasına kömək edəcək.


- Müəllimlər valideynlərlə müntəzəm olaraq əlaqədə olmalıdırlar. Valideynlərə şagirdlərin məktəbdəki vəziyyəti, sosial münasibətləri və akademik inkişafı haqqında məlumat vermək onların dəstəkləyici rolunu gücləndirəcək.
 

Müəllimlərin və valdieynlərin dəstəyi məktəb dəyişikliyi prosesini asanlaşdıraraq şagirdlərin yeni mühitə uyğunlaşmasına kömək edəcəkdir. Valideynlər və müəllimlər arasında güclü əməkdaşlıq uşaqların psixoloji və emosional inkişafına müsbət təsir edəcək, onları gələcəkdə daha güclü və müstəqil fərdlər halına gətirəcək.
 

Məktəb dəyişməsi ilə başa çıxma prosesi hər şagird üçün fərqli ola bilər, lakin bu tövsiyələr uyğunlaşma prosesini asanlaşdırmağa kömək edəcəkdir. Şagirdinizin yeni məktəbdə xoşbəxt və uğurlu bir təcrübə yaşaması üçün ona bələdçilik etmək və dəstək göstərmək vacibdir. Bu nöqtədə valideynlərin uşaqlarına empatiya və səbir göstərmələri son dərəcə vacibdir. Empatiya uşağın emosional ehtiyaclarını anlamaq və ona dəstək olmaq deməkdir. Məktəb dəyişikliyi zamanı uşaqların qorxu, narahatlıq və ya kədər kimi hisslər keçirdiklərini unutmamalıyıq. Onların nə hiss etdiyini başa düşmək və onlara güvən vermək üçün empatiya qurmalıyıq. Səbir də bu prosesdə böyük əhəmiyyət daşıyır. Uşaqların yeni dostlar qazanması və ya məktəbə alışması zaman ala bilər. Onları məcbur etmədən addım-addım irəliləmələrinə şərait yaratmalıyıq.
 

Məktəb dəyişikliyi prosesində uşaqları dəstəkləmək üçün səbir nümayiş etdirmək onların daha asan uyğunlaşmasına kömək edəcəkdir. Unutmayaq ki, hər uşağın özünəməxsus inkişaf sürəti və fərqli emosional ehtiyacları var. Buna görə də övladınızın/şagirdinizin yanında olub, onları anlamağa çalışaraq dəstək göstərmək vacibdir.

Mənbələr:

1. Singh, R.,&Chaudhary, M. (2020). Changing of Schools: How it affects the School Life Experiences of a Student. International Journal of Engineering and Management Research (IJEMR), 10(3), 45-50.

2. Lite, B. (2019, April 1). Student lives.
3. Kull, R. L. (2016). Is moving during childhood harmful?

 

Rasim HƏSƏNZADƏ,
Hökümətlərarası Təqaüd Proqramının təqaüdçüsü, Türkiyənin Qazi Universitetinin doktorantı



30.09.2024 | 12:00