Qubanın kənd məktəbindən Sinqapura uzanan müəllim yolu – MÜSAHİBƏ | |
Onunla ilk tanışlığım sosial şəbəkələr üzərindən olub. Təhsillə bağlı fikirlərini bölüşən, müəllimlik fəaliyyətinin müxtəlif məqamlarını, eləcə də beynəlxalq səviyyədə əldə etdiyi təcrübələrini paylaşan azərbaycanlı müəllim neçə müddət idi ki, diqqətimi cəlb etmişdi. Beynəlxalq layihələrdə, proqramlarda iştirak edən, xarici ölkələrin təhsil mütəxəssislərinin də etimad göstərdiyi Səbinə Məmmədova Sinqapurda yaşayır. Bu dəfə oxucularımızı ölkəmizin hüdudlarından kənarda uğurlu fəaliyyəti ilə seçilən azərbaycanlı müəllimimizlə tanış etmək qərarına gəldim.
"Düşünməzdim ki, bir vaxt gələcək və mənə yaxşı tanış olan bu qəzetlə yollarımız yenidən kəsişəcək"
- Səbinə müəllim, bir qədər özünüz haqqında məlumat verməyinizi istərdik
- Orta təhsilimi Bakı və Gəncə şəhərlərində almışam. 2016-cı ildə Bakı Dövlət Universitetini “Biologiya müəllimliyi” ixtisası üzrə bitirmişəm. Elə həmin il ali təhsilimin magistratura pilləsini Azərbaycan Dövlət Pedaqoji Universitetində “Biologiya fənninin tədrisi metodikası və metodologiyası” ixtisası üzrə davam etdirmişəm.
Sizinlə söhbətləşdikcə tələbəlik illərimi yenidən xatırlayıram. Düz 6 il əvvəl magistraturada təhsil aldığım müddətdə diplom müdafiəsi üçün araşdırma apararkən Azərbaycan Milli Kitabxanasına gedib, axşamacan orada “Azərbaycan müəllimi” qəzetinin müxtəlif nömrələrində dissertasiya mövzum ilə əlaqədar əlavə məlumatlar, tədqiqat xarakterli yazıları axtardığım vaxtları xatırlayıram. Düşünməzdim ki, bir vaxt gələcək və mənə yaxşı tanış olan bu qəzetlə yollarımız yenidən kəsişəcək.
- İlk dəfə müəllimliyə harada başladınız?
- İlk dəfə biologiya müəllimi kimi Quba rayonu Nurəddin Rzayev adına Aspərəsti kənd tam orta məktəbində sinfə daxil olmuşam. Bunun üçün Bakıdan Qubaya köçmüşdüm. Bir müddət həmin məktəbdə işlədikdən sonra Bakıya qayıdaraq müəllimlik fəaliyyətimi Avropa Azərbaycan Məktəbində davam etdirdim. 2 il həmin təhsil ocağında çalışdım. Növbəti fəaliyyət göstərdiyim məktəb 132-134 nömrəli Təhsil Kompleksi olub. Orada Beynəlxalq Bakalavriat Proqramı bölməsində müəllim kimi fəaliyyət göstərmişəm.
Xarici ölkədə ilk iş təcrübəsi...
- Azərbaycandakı müəllimlik fəaliyyətinizi sonradan xaricdə davam etdirdiniz. Bununla bağlı nə demək istərdiniz?
- Öncə onu qeyd edim ki, Azərbaycandakı fəaliyyətimdən sonra Myanmanın Yanqon şəhərində, mərkəzi İngiltərədə olan “Kings Education” Təhsil Şirkətinin “Kings Yangon-International School” məktəbində biologiya və elm fənlərini tədris etməyə başladım. Buradakı fəaliyyətim xarici ölkədə ilk iş təcrübəm olduğuna görə mənim üçün yaddaqalan dövrlərdən sayılır. Hazırda isə Sinqapurda “Global Schools Group” Təhsil Şirkətinin daxilində fəaliyyət göstərən “One World International School Nanyang Campus”da elm müəllimi işləyirəm. Qubada çalışmağa başladığım müddətdən 6 il sonra Sinqapurda fəaliyyətə başlamaq, milli kurikulumdan beynəlxalq kurikuluma keçid etmək, bu müddətdə maksimum dərəcədə özümü inkişaf etdirməyə çalışmaq təbii ki, mənə asan olmayıb. Bunun üçün də öyrənməyin, təhsilin, zəhmətkeşliyin uğurlarımın, nailiyyətlərimin əsas açarı olduğunun fərqindəyəm.
Fəaliyyət göstərdiyim bütün məktəblərdəki şagirdlər mənim üçün doğma, əziz və dəyərlidir. Hələ də işlədiyim məktəblərdəki vaxtilə dərs dediyim şagirdlərimlə ünsiyyətim davam edir. Onların təhsil almaq, öyrənmək üçün çəkdikləri zəhmətin bir hissəsi olmaq, ali məktəblərə daxil olmalarını, uğurlu karyera qurmalarını görmək qürurvericidir.
Sinqapura gedən yol...
- Qeyd etdiniz ki, hazırda Sinqapurda çalışırsınız. Müəllimliyi Qubadan başlayıb, Sinqapurda davam etdirmək sizin üçün çətin deyil ki?
- Bilirsiniz, Sinqapurun təhsil sistemində hansı metodlardan istifadə edilməsi mənim üçün çox maraqlı idi. Ölkənin təhsil sahəsindəki nailiyyətləri haqqında məlumatlı idim. Buna görə də Sinqapurdakı özəl məktəbdən iş təklifi gəldikdə, qəbul etdim. Əslində Sinqapura müəllim kimi dəvət almaq kifayət qədər çətin prosesdir, vakansiyalar adətən çox elan olunmur, viza prosesinin çətinliyi bunun əsas səbəblərindən biridir. Bunu belə izah edə bilərəm ki, Avropada işləməyə dəvət almaq üçün sizdən Avropa vətəndaşı və ya Avropa vizasına malik olmağınız tələb olunur. Ya da sizi dəvət edəcək məktəb, təhsil şirkəti Avropa vətəndaşı olmayan birinin yüksək viza xərclərini qarşılamağa hazır olmalı, ölkədə sizin kimi mütəxəssis tapmaqda çətinik çəkdiyini sübut etməlidir. Eləcə də, Sinqapurda iş üçün viza almaq, yaxud müəllim kimi başqa ölkədən birini dəvət etmək çətin prosesdir. Sizi dəvət edən təhsil şirkəti təcrübənizə, biliklərinizə malik müəllim tapmaqda çətinlik çəkdiyini müvafiq qurumlara bildirməlidir. Müəllimin diplomaları, sənədləri, sertifikatlarının əsl olması, keçmişi, ailəsi, bütün məlumatlar Sinqapurda nazirlik tərəfindən yoxlanılır. Bir sözlə, yəni burada işləmək üçün viza almaq asan deyil və uzun müddət davam edən prosesdir. Amma mənim üçün viza gözlədiyimiz vaxtdan daha əvvəl verildi. Məktəbimizin İnsan resurslarının şöbəsinin işçisi də ilk dəfə azərbaycanlı bir müəllim üçün viza müraciəti etdiyini bildirmişdi.
Sinqapurun nəinki təhsil, ümumiyyətlə bütün sahələrdə inkişafı ilə diqqət mərkəzində olan ölkələrdən biri olduğunu düşünürəm. Ölkə 1965-ci ildə müstəqillik əldə etdikdən sonra buradakı insanlar ancaq təhsil alaraq, öyrənərək inkişaf etməli olduqlarını başa düşüb, bütün sahələrdə əməyin əhəmiyyətini anlayıblar. Məhz Sinqapur təhsilin və əməyin sayəsində 60 il ərzində olan inkişafı ilə hazırda bir neçə sahədə liderlik edir. Buna görə də, ölkədəki insanlar təhsilin, zəhmətkeşliyin onlar üçün əhəmiyyətini bilir və dəyərləndirirlər. Buradakı insanların 70 faizə yaxını işləyir, əmək fəaliyyəti ilə məşğul olur. Dayanıqlı İnkişaf Məqsədləri insanların həyat tərzinə, təhsil sisteminə nüfuz edib, insanlar həqiqətən də yenidən emal edilmiş plastik məhsullardan hazırlanmış məmulatları istifadə edir, plastikdən istifadəni maksimum azaltmağa çalışırlar.
- Siz Qlobal Məktəblər Proqramında mentor kimi çalışmaq hüququ əldə etmisiniz. Proqramın əsas məqsəd və mahiyyəti nədir? Və necə oldu ki, siz mentor seçildiniz?
- Bu il UNESCO-nun Dayanıqlı İnkişaf üçün Təhsil üzrə Qlobal Fəaliyyət Proqramına (ESD) dəstək olaraq Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin təşəbbüsü olan Qlobal Məktəblər Proqramı üçün mentor seçildim. Qlobal Məktəblər Proqramında (Global Schools Program) artıq 4 ildir ki, könüllü olaraq ildə bir dəfə təşkil edilən müəllim kohortlarında fəaliyyət göstərirəm. Qlobal Məktəblər Proqramı müəllim və mentorlar üçün bir sıra dəyərli resurslar təqdim edir və dünyanın müxtəlif ölkələrindən olan təhsil işçilərinin əməkdaşlığı üçün şərait yaradır.
Qlobal Məktəblər Proqramı dayanıqlı inkişaf məqsədlərini təhsil proqramına əlavə etmək, bu mövzuya diqqət çəkməklə bərabər, təhsil sistemlərini dəstəkləmək üçün alətlər, resurslar və təşəbbüslər hazırlayır. Proqramın məqsədi isə hər bir ibtidai və orta məktəb şagirdinin XXI əsrin ən böyük çağırışlarını həll etmək və hər kəsə davamlı, firavan gələcəyə töhfə vermək üçün zəruri olan bilik, dəyərlər və bacarıqlarla təmin edilməsidir. Qlobal Məktəblər Proqramı daxilində bu 4 il ərzində müxtəlif ölkələrdən - Azərbaycan, Türkiyə, Malayziya, İndoneziya, Bruney, Çin, Vyetnam, Honk-Konq və Cənubi Koreyadan mentilərim olub.
Proqram daxilində iştirak etdiyim ən böyük genişmaştablı tədbirlərdən biri də Türkiyədəki mentim tərəfindən 2 beynəlxalq məktəbin müəllimləri ilə görüşümün təşkil edilməsi idi. Zoom vasitəsilə Türkiyədə Eraslan Okulu və FMV Işık Okulları müəllimlərinə Qlobal Məktəblər Proqramı (QMP) haqqında məlumat vermişdim. Həmin tədbirdə Mən Global Schools Advocates və Mentorluq Proqramları, Dayanıqlı İnkişaf Məqsədləri (DİM), müəllimlərin Qlobal Məktəblər Proqramına necə müraciət edə biləcəkləri, bu proqramda olmağın əhəmiyyəti, DİM-lər üzrə fəaliyyət göstərməyim və proqram çərçivəsində təcrübəm haqqında fikirlərimi bölüşmüşdüm.
Ümid edirəm ki, Azərbaycan müəllimləri də Qlobal Məktəblər Proqramında iştirak etməkdə maraqlı olacaqlar, çünki bu beynəlxalq səviyyədə tanınan nüfuzlu proqramlardan biri hesab olunur. Və düşünürəm ki, Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda təhsil prosesinə daxil edilməsi ilə əlaqədar faydalı ola bilər.
- Sinqapurda özəl məktəbdə çalışırsınız. Orada təlim-tədris prosesi necə aparılır, əsas nələrə diqqət verilir?
- Qeyd etdiyim kimi, "One World International School Nanyang Campus”da müəllim olaraq fəaliyyət göstərirəm. Mənim çalışdığım məktəb Sinqapurda 3 ən tanınmış təhsil müəssisəsindən biridir. Məktəbin Sinqapurda 1000-dən çox şagirdi olan 2 kampusu var. Məktəbin daxil olduğu “Global Schools Group” Təhsil Şirkəti dünyanın müxtəlif ölkələrində məktəbləri olan bir qurumdur. Təhsil müəssisəmiz Modified Cambridge Curriculum, IGCSE (International General Certificate of Secondary Education) və IB (International Baccalaureate) təhsil proqramlarına malikdir. Əsas tələb edilən şagirdlərin akademik fəaliyyətindən çox yararlı şəxsiyyət kimi inkişafına dəstək olmaqdır. Adətən, modelləşdirmə, təcrübələr, rəqəmsal alətlərdən istifadə edərək, dərslərimi hazırlayıram. Müdiriyyət müəllimlərin fəaliyyətini dəstəkləyən, resurslarla təmin edən mövqeyə malikdir, bunun üçün də şagirdlərdən, valideynlərdən müsbət rəylər eşidirik.
Şagirdlər vacib fənlərdən bir neçəsini seçərək sırf onları öyrənməyə fokuslanırlar
- Səbinə müəllim, Sinqapur təhsilinin özəllikləri nədir?
- Sinqapurda təhsilə yanaşma fərqlidir, dövlət təhsilə ciddi investisiyalar edir. Dövlət məktəblərinin çoxunda beynəlxalq proqramlar (International Baccalaureate, Cambridge International Education) tətbiq edilir. Hansı ki, akkreditasiyadan keçmək ödənişlidir və dövlət bu xərcləri qarşılayır. Sinqapurda tədris edilən kurikulumlardan əsası –“Cambridge General Certificate of Education Ordinary Level (GCE O-Level)” proqramıdır. Şagirdlər vacib fənlərdən bir neçəsini seçərək, sırf onları öyrənməyə fokuslanırlar. Bütün fənləri bilmək onlardan tələb olunmur. Tədris etdiyim fənlə əlaqədar deyə bilərəm ki, əgər şagird üçün hazırlanması lazım olan layihə verilibsə, özəl məktəblər, eləcə də dövlət məktəbləri bütün lazımi resurslarlə (məsələn, dəftərxana ləvazimatı, yaxud təcrübə üçün lazımlı hər hansı məlumat) onları təmin edir.
Şagirdlərin psixo-emosional inkişafına, zorakılığın qarşısının alınması kimi məsələlərə də ciddi diqqət yetirilir. Təhsil Nazirliyi mütəmadi olaraq monitorinqlər təşkil edib, məktəbdəki şəraitlə tanış olur. Bu proses sözdə deyil, tətbiqdə öz yerini tapır və müxtəlif rəylərin qəbul edilməsi prosesin inkişafına gətirib çıxara bilir. Mənim qeyd etdiklərim sadəcə bir neçə fərq idi.
- Bəs gələcək hədəfləriz nədir? Ölkəmizə qayıtmağı düşünürsünüzmü?
- Hər zaman özümü inkişaf etdirməyə, ixtisasımla əlaqədar yeni məlumatlar əldə etməyə maraq göstərmişəm. Ümid edirəm xaricdə, xüsusilə də Sinqapurda qazandığım təcrübələri və məlumatları bir gün Azərbaycana qayıtdıqdan sonra tətbiq edə, təhsil sistemimizin inkişafına töhfə verə bilərəm. Qısamüddətli məqsədlərim kimi onu deyə bilərəm ki, hazırda Sinqapurda çıxış etməli olduğum konfranslar, seminarlar var. Bu ölkənin təhsil sistemi mənim müəllim kimi inkişafıma çox dəstək olur. Hər həftə məktəbimizdə seminar, kurs, konfrans haqqında məlumatlar paylaşılır və düşünürəm ki, özünü inkişaf etdirmək istəyən bir müəllim üçün bundan yaxşı mühit ola bilməz. Öyrənib, öyrətməyə davam etmək, təhsil sahəsində yeniliklərdən xəbərdar olub, bunları tətbiq etməyə çalışmaq, yeni metodlar, texnikalar barədə geniş bilgilərə sahib olmaq əsas məqsədlərimdəndir.
- Uğurlu karyera qurmaq, beynəlxalq arenaya çıxmaq istəyən həmkarlarınıza nə tövsiyə edərdiniz?
- Bilirsiniz, uğurlu karyera qurmaq üçün öyrənməyə, özünü inkişaf etdirməyə hər zaman açıq olmaq lazımdır. Çünki təhsil də digər sahələr kimi inkişaf edir. Təhsil həm də bir prosesdir və tamamlanmır, daim öyrənəcək yeni məlumatlar yaranır. Xaricdə işləmək üçün ölkəmizdəki beynəlxalq məktəblərdə iş təcrübəsinin və ya xaricdə təhsil almağın vacibliyini qeyd etməliyəm. Çünki məktəblər malik olduqları kurikulum (International Baccalaureate, Cambridge International Education) üzrə təcrübəyə malik mütəxəssislər axtarır. Bu kurikulumlar üzrə rəsmi vörkşopları (dinamik iş prosesi zamanı yeni bilik və vərdişlərə yiyələnmə imkanı qazandıran qısamüddətli təlim) tamamlamış təhsil işçilərinə üstünlük verilir.
Hər regionun müəllimlər üçün müəyyənləşdirdiyi kriteriyalar olur. Bunun üçün də araşdırma edib, həmin kriteriyaları yerinə yetirmək məqsədilə özünüinkişaf etdirməyə hazır olmaq lazımdır. Xaricdə işləməyə müraciət bir prosesdir. İlk mərhələ olaraq xaricdə işləmək istəyən müəllimlər arzuladıqları ölkənin müəllimləri ilə ünsiyyətdə olub, proses haqqında məlumat ala, sonra isə özlərini inkişaf etdirməklə yanaşı, həmin ölkələrin təhsil müəssisələrinə müraciət edə bilərlər. Müsahibələrə hazırlaşmaq və müsahibədən sonra danışılan mövzuları təhlil etmək lazımdır ki, növbəti dəfə daha rahat cavab verilə bilsin. Adətən müsahibə bir neçə mərhələli olur və vaxt tələb edir. Bunun üçün də bir neçə məktəbə eyni vaxtda müraciət etmək lazımdır.
Onu da qeyd edim ki, başqa ölkədə fəaliyyət göstərmək kənardan göründüyü kimi asan olmaya bilər çünki hər bir yerin özünə görə çətinlikləri, müsbət, kəşf ediləcək yerləri var. Xaricdə işləmək şəxsi və peşə inkişafına səbəb ola bilir. Fərqli mədəniyyət, fərqli perspektivlər sizin qlobal vətəndaş kimi formalaşmağınıza təsir göstərir. Təbii ki, ölkəniz, sevdiyiniz insanlar üçün darıxırsınız, məsafə çox uzaq ola bilir. Məsələn, Myanmardan Azərbaycana 3 uçuş, 2 günlük məsafə, Sinqapurdan isə 2 uçuş, bir günlük məsafə var. Yəqin ki, sahib olduğumuz məqsədlər bu məsafəyə və uzaqlığa tab gətirməyə kömək edir. Amma hər bir halda xaricdə yaşamağın çətinliklərinin olduğunun fərqində olaraq, planlı formada, ətraflı araşdırdıqdan sonra bu addımı atmaq lazım olduğunu düşünürəm. Çünki sadəcə alacağınız maaş deyil, ölkənin təhlükəsiz olması, iqlimi, mətbəxi, mədəniyyəti də sizin seçiminizdə rol oynamalıdır.
Bəli, o, Azərbaycan təhsilinin yetirməsi, Azərbaycan müəllimidir. Və Səbinə Məmmədovanın timsalında bir daha şahidi oluruq ki, müəllim harada fəaliyyət göstərməsindən asılı olmayaraq yüksək bilik və bacarıqlara malik olmalıdır. Yetər ki, savadlı, müasir dövrün tələb və çağırışlarına cavab verə bilsin. Bu zaman uğur hər zaman onun yanında olacaq...
Samirə KƏRİMOVA
|
|
19.09.2024 | 10:38 | |
|
|
|