BMU-İNHA İDP tələbələri üçün Koreyada təşkil olunan yay məktəbi başa çatıb
Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində Koreya Respublikasının İnçon şəhərində təşkil edilən yay məktəbi başa çatıb.
 
BMU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, yay məktəbində proqram üzrə təhsil alan 122 nəfər I kurs tələbəsi iştirak edib. Üç həftə ərzində tələbələrə müxtəlif fənlər, eyni zamanda, Koreya dili tədris olunub. Bununla yanaşı, İNHA Universitetinin elektrik mühəndisliyi, elektronika mühəndisliyi, informasiya texnologiyaları və inşaat mühəndisliyi kafedralarında professorlarla görüşlər keçirilib. Tələbələr, həmçinin Koreyanın tarixi yerləri, muzeyləri ilə tanış olublar.
 
Yay məktəbinin sonunda tələbələrə sertifikatlar təqdim olunub. Bağlanış mərasimində Almaniya, Polşa, Özbəkistan, Çin, Rusiya, Macarıstandan olan tələbələrlə yanaşı, BMU-İNHA İDP tələbələri də Koreyanın milli geyimində rəqs nümayiş etdiriblər. Yay məktəbinin təşkili “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BMU və İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının əsas istiqamətlərindən biridir və burada iştirak xərcləri Dövlət Proqramı tərəfindən qarşılanır.


22.08.2024 | 12:00