Şahin Bayramov: Qarabağ Universitetinin timsalında yeni dövrün müasir universitetini qururuq - MÜSAHİBƏ

Bu ildən Xankəndi şəhərində ilk ali təhsil ocağı olan Qarabağ Universiteti fəaliyyətə başlayır. Yeni yaradılan ali təhsil müəssisəsinin fəaliyyət istiqamətinin düzgün və yüksək səviyyədə həyata keçirilməsində ən mühüm vəzifə və öhdəlik rəhbərliyin üzərinə düşür.

 
Universitet rəhbərliyinin bu istiqamətdə atdığı addımlarla daha geniş və yaxından tanış olmaq üçün işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayan ilk ali təhsil müəssisəsi - Qarabağ Universitetinin rektoru Şahin Bayramovla həmsöhbət olduq.

 

- Şahin müəllim, Qarabağ Universitetinin yaxın müddətdə fəaliyyətə başlaması münasibətilə sizi təbrik edirik. Universitet ilk tədris ilində tələbələri qarşılamaq üçün hazırdırmı, proses hansı mərhələdədir?

- İşğaldan azad olunmuş torpaqlarımızda yaradılmış ilk ali təhsil müəssisəsinin rektoru olmaq şərəfli və məsuliyyətli bir vəzifədir. Fürsətdən istifadə edib, göstərdiyi böyük etimada görə möhtərəm Prezidentimizə bir daha təşəkkürümü bildirirəm. Bütün imkanlarımızı, gücümüzü səfərbər edərək dövlətimizin dəstəyi ilə Qarabağımızın adına layiq bir universitetin qurulması kimi şərəfli yola çıxmışıq və bu məsuliyyəti dərk edirik.

2024-2025-ci tədris ili üçün Qarabağ Universiteti ilk tələbələrini qarşılayacaq. Hazırda həm tədris prosesinin məzmununun hazırlanması, həm infrastrukturun yaradılması, həm də universitetin akademik və inzibati heyətinin formalaşdırılması istiqamətində işlərimiz davam edir. Prosesdə dövlətimizin ciddi dəstəyi, Elm və Təhsil Nazirliyinin birbaşa iştirakı var. 15 sentyabr Bilik Günündə universitetimizə qədəm qoyacaq ilk tələbələrimizi qarşılamaq üçün əvvəlcədən nəzərdə tutduğumuz plan üzrə işlərimiz sürətlə davam edir, kompleks fəaliyyətlər həyata keçirilir.

 

İnzibati binamızın əsaslı şəkildə təmiri və yenidən qurulması həyata keçirilir, auditoriyalarımız formalaşdırılır, laboratoriya bazalarımız yaradılır. Eyni zamanda, tələbələrimizə və əməkdaşlarımıza yaşayış üçün təqdim edəcəyimiz mənzillərin hazır vəziyyətə gətirilməsi istiqamətində bütün işlər yekunlaşmaqdadır. Habelə, ixtisaslarımız üzrə tədris planları hazırlanır, akademik məzmun yaradılır, müəllimlərin seçimi həyata keçirilir, bir sözlə, hazırlıq prosesi qaydasında davam edir.

 

- Qarabağ Universitetində yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində hansı mühüm addımlar atılır?

- Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Qarabağ Universitetinin təməl məqsədi bölgəmizdə sosial-iqtisadi inkişaf trendlərinə uyğun gələn kadrlara ehtiyacın ödənilməsidir. Həmin sənəddə də vurğulandığı kimi, Qarabağ Universitetinin yaradılması işğaldan azad edilmiş ərazilərdə ali təhsil ənənələrinin yaşadılması baxımından çox önəmlidir.

 

Bildiyiniz kimi, Qarabağda ilk ali təhsil müəssisəsi 1969-cu ildə yaradılıb. Ulu Öndər Heydər Əliyevin birbaşa dəstəyi ilə o zaman Pedaqoji İnstitutun Xankəndi filialı şəklində fəaliyyət göstərib. Sonradan müstəqil universitet kimi fəaliyyətini davam etdirib. Təbii ki, işğal dövründə bu proses dayanmışdı. İşğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində aparılan işlərin tərkib hissəsi olaraq bu universitetin yaradılması geniş imkanlar açır. Belə ki, ali təhsil müəssisəsi inkişaf tələblərindən irəli gələrək yüksəkixtisaslı kadr hazırlığını həyata keçirməklə, eyni zamanda ölkənin inkişafında faydalı olacaq elmi tədqiqat işləri aparmaqla və onların nəticəsini təqdim etməklə bu prosesə öz töhfəsini verəcək. Hədəfimiz müasir dövrün tələblərinə cavab verə biləcək mütəxəssislər yetişdirmək və həmin kadrların layiqli vətəndaş olmasını təmin etməkdir. Bu məqsədlərə çatmaq üçün çox güclü akademik və inzibati heyət formalaşdırırıq.

 

Qarabağ Universitetinin timsalında yeni dövrün müasir universitetini qururuq. Yeni dövr universitetinin təməl məqsədlərindən biri müasir gənclərin arzu və istəklərinə uyğun təhsil verməkdir. Bu baxımdan universitetimizin əsas fəaliyyəti tədrisdən, yəni mütəxəssis hazırlığından ibarətdir. Bununla yanaşı, həm mövcud, həm də yaxın perspektivdəki əmək bazarının tələblərini nəzərə almaqla tədrisin məzmununu qurmaq niyyətindəyik.

 

Təbii ki, ali təhsil müəssisəsi olaraq fəaliyyət istiqamətlərimizdən biri də elmi tədqiqatların həyata keçirilməsidir. Qarabağ Universitetində fərqli akademik məzmun yaratmaq və dünyanın qabaqcıl universitetlərində tətbiq olunan formada nəticələrə əsaslanan tədqiqatlar aparmaq məqsədimiz var. Bu da tələbələrimizin əmək bazarında daha ciddi yer tutmasına imkan yaradacaq.

- Universitetdə elan olunan vakansiyalara maraq necədir?

- İlk gündən universitetimizdə əsas inzibati və akademik vəzifələr üzrə vakansiya elanları geniş ictimaiyyətin diqqətinə çatdırılıb. Elm və Təhsil Nazirliyinin resurslarında, Qarabağ Universitetinin sosial şəbəkə hesablarında vakansiyalarla bağlı elanlarımız verilir. Həmin elanlarda vakansiyaya çıxarılan vəzifələrlə bağlı konkret tələblər irəli sürülür, son müraciət tarixləri göstərilir. Vakansiyalara müraciət etmiş insanlar arasında ilkin tələbləri ödəyənlərlə əlaqə yaradılır. Onlar müsahibələrə dəvət edilir. İnzibati vəzifələr üzrə xeyli müsahibələrimiz artıq həyata keçirilib. Hazırda pedaqoji heyətin formalaşdırılması istiqamətində də işlərimiz sürətlə davam edir.

 

Bizi sevindirən odur ki, elanlara çıxardığımız vakansiyalara ictimaiyyətdə böyük maraq var. Yaxşı təhsil almış, əmək fəaliyyəti göstərmiş mütəxəssislər müraciət edirlər. Onlar arasında gənclər də çoxdur. Hesab edirik ki, proses çox şəffaf irəliləyir. Qarabağ Universitetində fəaliyyət göstərməsi üçün ən yaxşı namizədlər arasında seçimlər həyata keçirilir.

 

- Zamanın tələbinə uyğun olaraq müasir ixtisaslara tələbat yaranır. Gələcəkdə Qarabağ Universitetində süni intellekt və digər texnologiya elmləri sahəsində hansı ixtisaslar üzrə kadr hazırlığı aparılacaq?

- Qarşımızda müasir gənclərin maraqlarına əsaslanan, tələbə əsaslı universitetin formalaşdırılması tapşırığı var. Bu baxımdan yeni dövrün tələblərinə uyğun ixtisasların yaradılması əsas hədəflərimizdəndir. Süni intellekt sahəsində kadr hazırlığının inkişaf etdirilməsi və əhatə dairəsinin genişləndirilməsi də bu istiqamətlərə aiddir. Qarşıdakı dönəmdə Qarabağ Universitetində süni intellekt laboratoriyasının yaradılması da nəzərdə tutulub. Müasir Azərbaycan gənci hansı formada təhsil almaq, hansı bilik və bacarıqları əldə etmək istəyirsə, universitetimiz həmin amilləri nəzərə alaraq, yeni ixtisasların yaradılması ilə bağlı müvafiq qərarlar verəcək. Mövcud ixtisaslar üzrə məzmunun məhz yeni dövrün tələblərinə, dördüncü sənaye inqilabından irəli gələn ehtiyaclara uyğunlaşdırılması nəzərdə tutulur. Habelə, müasir dünyada davamlı inkişafla bağlı olan istiqamətlərdə laboratoriyaların yaradılması diqqətdə saxlanılır.

 

- Gələcəkdə universitetdə elmi tədqiqatların aparılması üçün daha hansı laboratoriyaların qurulması nəzərdə tutulur?

- Elmi tədqiqat sahəsində ilkin mərhələdə daha çox mühəndislik istiqaməti ilə bağlı laboratoriyaların formalaşdırılmasını nəzərdə tuturuq. Təbii ki, ixtisaslarımızın tələblərinə uyğun olan süni intellekt, fizika, kimya, robototexnika və informasiya texnologiyaları laboratoriyalarının yaradılması da planlaşdırılır. İlkin mərhələdə universitetimizdə yalnız birinci kursların təhsil aldığını nəzərə alsaq, laboratoriyaların seçilməsi və yaradılmasında ilk tədris ilinin ehtiyaclarını maksimal dərəcədə əsas götürürük. Növbəti mərhələdə müvafiq ixtisasların tələblərindən irəli gələn peşəkar və müasir laboratoriyaların qurulması istiqamətində də planlarımız var.

- Laboratoriyaların qurulmasıda hansı təcrübədən istifadə ediləcək? 

- Qarabağ Universitetini formalaşdırarkən dünyada artıq təsdiqini tapmış universitet modellərindən faydalanmağa çalışırıq. Həm tədris, həm tədqiqat prosesində, həm də laboratoriyaların qurulması ilə bağlı eyni yanaşma mövcuddur. Elə laboratoriyalar qurmağa çalışırıq ki, onlar müasir gəncimizə praktiki bacarıqların ötürülməsinə imkan versin və onlar həmin laboratoriyaların imkanlarından faydalanaraq daha peşəkar mütəxəssislər ola bilsinlər. Ümumiyyətlə, universitetimizin fəlsəfəsində gənclərimizin nəzəri biliklərlə bərabər, praktiki bacarıqlara malik olması vacib şərtlər arasındadır. Laboratoriyalarımız məhz həmin tələbin reallaşdırılmasına ciddi dəstək göstərəcək. Laboratoriyaların həm yerli, həm xarici universitetlərlə tərəfdaşlıqları da ola bilər. Bundan əlavə, sənaye tərəfdaşları da ola bilər ki, onlarla birgə laboratoriyaların qurulması və fəaliyyət göstərilməsi ilə bağlı ideyalarımız var.

 

- Növbəti illərdə əlavə təhsil, magistratura və doktorantura səviyyələrində təhsilin təşkili nəzərdə tutulur?

- 2024-2025-ci tədris ili üçün bu istiqamətlər üzrə təhsil nəzərdə tutulmayıb. Növbəti tədris illərindəki fəaliyyətimizlə bağlı müvafiq qərar verildikdən sonra ictimaiyyətə məlumat çatdırılacaq.

 

- Qarabağ Universitetində ilkin mərhələdə seçilmiş ixtisaslar üzrə kadr hazırlığı planlaşdırılır. İncəsənət fakültəsinin açılmasını zəruri edən faktorlar nədir?

- İlk dəfə fəaliyyətə başlayan bir universitet üçün 27 ixtisas üzrə tələbə qəbulu həyata keçirmək o qədər də az hesab olunmur. 27 ixtisasımız 6 fakültədə birləşdirilib, həmin fakültələrdən biri də incəsənət fakültəsidir. Mədəniyyətimizin beşiyi olan Qarabağda fəaliyyət göstərən bir universitetdə incəsənət və mədəniyyətlə bağlı ixtisasların olması vacibdir. Hesab edirik ki, incəsənət fakültəsi və həmin fakültənin tərkibindəki ixtisaslar universitetimizin ən güclü istiqamətlərindən biri ola bilər.

 

Hədəfimiz ondan ibarətdir ki, həmin fakültənin tələbə və müəllim heyəti də yüksək səviyyədə formalaşdırılsın. Buna görə də, yalnız bu sahənin özündə yox, həm də tədris sahəsində peşəkar olan insanları komandamıza cəlb edirik.

 

Şuşa şəhəri ali təhsil müəssisəmizdən cəmi 10 dəqiqəlik məsafədədir. İllərlə həsrətində olduğumuz Xarıbülbül Musiqi Festivalı artıq Şuşa şəhərində keçirilməyə başlayıb. Bu da bizə yaxşı imkanlar yaradır. Məhz incəsənət üzrə təhsil alacaq gənclərimizin Qarabağ mühitində olması onların bu istiqamətdə daha yaxşı mütəxəssis kimi formalaşmasına imkan verəcək, mədəniyyətimizin yeni xadimləri yetişəcək və bu, hər birimizi qürurlandıran məsələlərdən biridir.

 

- Bu il qəbul olan tələbələr üçün Qarabağ Universiteti çoxsaylı güzəştlər nəzərdə tutub. Növbəti illərdə də bu güzəştlər tətbiq ediləcəkmi?

- Hazırda ilk tədris ili üçün universitetimizdə təhsil alacaq tələbələr üçün çoxsaylı imkanlar yaradılır. Xüsusi vurğulamaq istəyirəm ki, universitetimizdə təhsil yalnız dövlət sifarişi əsasında həyata keçiriləcək. Bu, o deməkdir ki, universitetə qəbul olacaq tələbələrimizin hamısı dövlət tərəfindən təqaüd alacaq. Biz həmin tələbələrimizə dəstək olmaq məqsədilə əlavə təqaüd verilməsi imkanlarını da müzakirə edirik. Qarabağ Universitetində bu il təhsil alacaq bütün gənclərimiz dövlətimiz tərəfindən verilən və ödənişsiz əsaslarla təqdim olunan mənzil tipli yataqxanalarda yaşamaq imkanı əldə edəcəklər.

 

Hər bir tələbəmizə noutbuk hədiyyə olunacaq. Bir sözlə, universitetdə təhsil alan gənclərimiz üçün çoxsaylı imkanlar yaradılır. Əminəm ki, bu tipli dəstəklər qarşıdakı dönəmdə də davam edəcək. Əlavə imkanların növbəti illərdə qəbul olacaq gənclər üçün konkret formatı ilə bağlı tədris ili ərzində məlumatlar daha detallı şəkildə veriləcək.

 

- Əlavə təqaüdlərin verilməsi hansı mexanizmlərə əsasən təyin ediləcək?

- Əlavə təqaüdlər müvafiq seçimlər və kriteriyalar əsasında həyata keçiriləcək. Hazırda bununla bağlı mexanizmlər hazırlanır. Tərəfdaşlarımızla müzakirələr aparırıq. İxtisas seçimi bitdikdən və müvafiq ixtisaslar üzrə tələbələrimizin universitetimizə qəbul ballarını müəyyən etdikdən sonra bununla bağlı qərar veriləcək. Qərara uyğun şəkildə bal toplamış tələbələrə əlavə təqaüdlərin verilməsi imkanları nəzərdən keçiriləcək. Bundan əlavə, universitetimizdə bir sıra adlı təqaüdlərin verilməsi də nəzərdə tutulur. Tələbələrimiz bəlli olduqdan sonra təqaüdlərin verilməsi ilə bağlı məlumatlar onlara çatdırılacaq.

 

- Qarabağ Universitetinə qəbul olmaq istəyən tələbə potensialı ilə bağlı fikirlərinizi bilmək istərdik.

- İlk tədris ilində universitetimizə 1120 tələbə üçün qəbul planı verilib. Yəni ideal halda, 1120 tələbənin birinci kursda təhsil almasını gözləyirik. Universitetimizin təbliğatı çərçivəsində ölkəmizin, demək olar ki, bütün regionlarında Qarabağ Universiteti ilə bağlı görüşlər keçirilib. Abituriyentlərin, onların valideynlərinin universitetimizə çox böyük maraq göstərdiyinin şahidi olmuşuq.

 

Qarabağ Universitetinin qəbul planının dolacağına dair fikirlərimiz pozitivdir və gözləntimiz yaxşıdır. Təbii ki, arzumuz və istəyimiz ondan ibarətdir ki, ilk dəfə qəbul apardığımız Qarabağ Universitetində müvafiq ixtisaslar üzrə daha yüksək ballar toplamış gənclərin qəbulunu həyata keçirmiş olaq. Yəqin ki, qəbul nəticələri elan olunduqdan sonra bununla bağlı təhlillər aparıb ictimaiyyətə geniş məlumatlar təqdim ediləcək.

- Universitet daxilində tələbələrin vaxtlarını səmərəli dəyərləndirmələri və özlərini inkişaf etdirmələri üçün hansı fəaliyyətlərin təşkili planlaşdırılır?

- İlk tələbələrimiz üçün maraqlı tələbə həyatı vəd edirik. Qarabağ Universitetindəki sosial həyat çox maraqlı olacaq. Tələbələrimizin çoxsaylı sosial fəaliyyətlərə cəlb olunması, könüllülük fəaliyyətlərində aktiv iştirak etməsi, startap layihələrinə qoşulması, müvafiq qrup işləri yerinə yetirməsi, bölgənin ictimaiyyəti ilə əlaqələrinin qurulması, region ekosisteminin əsas iştirakçılarından birinə çevrilməsi istiqamətində planlarımız mövcuddur.

 

Tələbələrimizin idmanla məşğul olması üçün geniş imkanlar formalaşdırırıq. Xankəndi şəhərinin yerləşmə mövqeyi elədir ki, bununla bağlı çox yaxşı imkanlar var. Təbii ki, infrastrukturun qurulması ilə bağlı proses müəyyən zaman alacaq. Əminik ki, nəzərdə tutduğumuz sosial həyatın formalaşdırılmasında tələbələrimiz də öz ideyaları ilə fəal iştirak edəcəklər. Məhz həmin sosial, qeyri-akademik fəaliyyətlərin formalaşdırılmasında tələbələrimizin rəy və istəklərini mütləq şəkildə nəzərə almağı düşünürük. Qarabağ Universitetində təhsil alan tələbələrimiz üçün Xankəndi şəhərində gənclərin arzusunda olduğu bütün fəaliyyətlər təmin ediləcək.

 

- Xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərin universitetə cəlb edilməsi nəzərdə tutulub. Bu istiqamətdə hansı alimlərə təkliflər göndərilib, yaxud onlar sizə müraciət edibmi?

- Bu, qarşılıqlı və uzun müddət davam edəcək bir prosesdir. Qarabağ Universitetinin qurulmasında, onun məzmununun inkişaf etdirilməsində və yeni dövrün universitetinə çevrilməsində xaricdə yaşayan azərbaycanlı alimlərin dəstəyindən, iştirakından faydalanmağı düşünürük. Bizi sevindirən odur ki, xaricdə yaşayan alimlərimiz tərəfindən müraciətlər daxil olur. Özü də bu mütəxəssislər arasında həm gənc, həm də təcrübəli alimlərimiz çoxdur. Prosesə bizim marağımız olduğu kimi, onlar tərəfdən də maraq var. Bizə bununla bağlı istər qrup, istərsə də fərdi şəkildə müraciətlər edilir.

 

Hazırda çoxsaylı alimlərimizin universitetimizə daimi əməkdaş kimi cəlb olunması ilə bağlı danışıqlarımız gedir. Xaricdə yaşayan azərbaycanlı alimlərin universitetimizə gələrək həm tədris prosesinə, həm elmi prosesə dəstək göstərmələri ilə bağlı işlər həyata keçirilir. Şübhə yoxdur ki, Qarabağ Universitetinin fəaliyyətində xaricdə yaşayan azərbaycanlılarımızın iştirakı, onların dəstəyindən faydalanmaq nəzərə alacağımız əsas məsələlərdən biri kimi bütün dövrlərdə universitetimizin gündəliyində olacaq.

 

- Xankəndidə ailəsi ilə birgə yaşamaq istəyən tələbələr olsa, onlar üçün hansısa şəraitin yaradılması nəzərdə tutulur?

- Tələbələrimiz universitetimiz tərəfindən mənzil tipli yataqxanalarla təmin olunacaqlar. Bu, yalnız tələbələrin yaşayışı üçün nəzərdə tutulan imkanlardır. Valideynlərinin tələbələri müşayiət etməsi, istədikləri zamanlarda gəlib onlarla zaman keçirməsi ilə bağlı hər hansı bir problemimiz yoxdur. Yəni, ölkəmizin digər şəhərlərində təhsil alan tələbələrin valideynləri öz övladları ilə hansı formada təmaslarda olursa, eyni imkanlar Xankəndi şəhərində də yaradılacaq. Həmçinin valideyn tələbə övladının təhsil aldığı şəhərdə gedib yaşamaq imkanlarını nəzərdən keçirə bilər. Artıq bu həmin valideynin fərdi qaydada verəcəyi qərardır.

 

- Xankəndidə tələbələrin təhlükəsiz hərəkətinə lazımi şəraitin yaradılması ilə bağlı nə deyə bilərsiniz?

- 44 günlük Vətən müharibəsində və birgünlük antiterror tədbirlərində Azərbaycan dövləti bütün dünyaya gücünü göstərdi. Hazırda Xankəndidə təhlükəsizlik baxımından da bütün imkanlar formalaşdırılıb. Dövlətimizin müvafiq qurumları bununla bağlı zəruri olan bütün tədbirləri həyata keçiriblər. Qarabağ Universitetində təhsil alacaq gəncləri və onların valideynlərini əmin edirik ki, Xankəndi şəhərində, bütövlükdə Qarabağda təhlükəsizliklə bağlı məsələlər dövlətimiz tərəfindən ən yüksək səviyyədə təmin olunur.

 

Eyni zamanda universitetimizin tədris binalarında, tələbələrimizin və əməkdaşlarımızın yaşayacağı yaşayış binalarında da universitet tərəfindən müvafiq təhlükəsizlik mexanizmi hazırlanıb və uğurla reallaşdırılacaq.

- Qarabağ Universitetinin gələcək potensialı ilə bağlı hansı proqnozları verə bilərsiniz?

- Qarabağ Universiteti Azərbaycan milli ali təhsilini dünya ali təhsil arenasında təmsil etmək imkanlarına malik olacaq bir universitetdir. Bizə bunu deməyə əsas verən odur ki, ölkə rəhbərliyi tərəfindən Qarabağ Universitetinə ciddi və hərtərəfli dəstəyin göstərilməsidir. Ən müasir modellər üzərində qurulan bu universitet gələcəkdə həm ali təhsil xidmətlərinin göstərilməsi, həm müasir tədqiqatların aparılması sahəsində, həm də bütövlükdə cəmiyyətimizə faydalı olmaq baxımından yeni tipdə bir universitet olmaq imkanlarına malikdir.

 

Universitetimizin beynəlxalq əməkdaşlıqlarının yaradılması faktını da nəzərə alsaq, hesab edirəm ki, Qarabağ Universitetinin ən qısa zamanda elm və təhsil mərkəzinə çevrilmək potensialı var. Əsas məqsədimiz universitetin dünyada Azərbaycan ali təhsilini layiqli şəkildə təmsil etməsindən ibarətdir. Biz bu gün yaxın perspektivdə ali təhsil brendlərindən biri olmaq fürsətinə, imkanına malik bir universitet haqqında danışırıq. Bu mənada Qarabağ Universitetinin işıqlı gələcəyinə ümid böyükdür.

 

Qarabağ Universitetinə Azərbaycan təhsilinin brendi olmaq yolunda atılan bütün addımlarında uğurlar arzu edirik!

 

Günel ABBAS

Foto: Kənan QAFAROV



16.08.2024 | 09:55