Məktəblilərimiz Asiya Beynəlxalq Riyaziyyat Olimpiadasında 9 medal qazanıblar | |
27-31 iyul tarixlərində Cənubi Koreyanın paytaxtı Seul şəhərində Asiya Beynəlxalq Riyaziyyat Olimpiadasında (AIMO) final turu təşkil olunub.
"Azərbaycan müəllimi"nin əldə etdiyi məlumata görə, komandamız 17 ölkədən 2400 iştirakçı arasında müxtəlif məktəblərdə təhsil alan 2-11-ci sinif şagirdləri ilə təmsil olunub. Azərbaycan komandası sözügedən olimpiadada 1 qızıl, 2 gümüş, 6 bürünc medal qazanıb.
Böyük siniflər arasında Cəlil Rzayev qızıl medal qazanaraq dünya birincisi olub. Şahin Bədəlov gümüş medal qazanıb. Nəzrin İbrahimova isə bürünc medal əldə edib.
Digər yaş kateqoriyalarında isə Ünal Əliyev gümüş medal, Murad Qardaşzadə, İlya Şevelyov, İsgəndər Fərəculayev, İlknur Quliyeva və Əli Cəbrayılzadə bürünc medal qazanıblar.
Digər məktəblilərimiz Zəhra İsayeva, Raul İmanlı, Fatimə Əzimova, Ayxann Qarayev və Əlicamal Camalzadə isə fəxri fərmanla təltif olunublar.
İyulun 30-da keçirilən mükafatlandırma mərasimində Azərbaycanın Cənubi Koreyadakı konsulu Emin Teymurov komandamızla görüşüb və onlara uğurlar arzulayıb, təhsilin gələcəyimiz üçün nə qədər vacib olduğunu vurğulayıb, xatirə fotosu çəkilib.
Qeyd edək ki, ölkəmiz Asia Beynəlxalq Riyaziyyat Olimpiadasında (AIMO) ilk dəfədir ki iştirak edib.
|
|
31.07.2024 | 17:03 | |
|
|
|