Azərbaycanda erkən uşaqlıq təhsili: problemlər, nailiyyətlər və həll yolları – ARAŞDIRMA | |
İstənilən ölkədə və cəmiyyətdə məktəbəqədər təhsil bir ölkənin sosial-iqtisadi strukturunun möhkəmlənməsi, yeniliklərin və sürətli inkişafın təmin edilməsi üçün əsas və əhəmiyyətli rola malikdir.
Bu təhsil forması geniş və müstəqil düşüncəli vətəndaşlar yetişdirmək, onları müxtəlif bacarıqlara, sahələrə yönəltmək və onların sosial məsuliyyət sahibi, bacarıqlı fərdlər kimi yetişmələrini təmin etməklə, bir cəmiyyətin sosial və mədəni inkişafına əvəzsiz töhfələr verir. Həmçinin məktəbəqədər təhsil şagirdlərdə həyatları boyunca öyrənərək problemləri həll etmək və müstəqil olmaq bacarıqları formalaşdırır. O, uşaqlar üçün ibtidai məktəbə qədər olan təhsilin bir mərhələsinə aid olmaqla yanaşı, ömürboyu öyrənmə və fərdin inkişafı üçün mühüm baza yaradır.
Məktəbəqədər təhsil mərhələsi istər emosional, istər davranış, istərsə də idrak sahəsinin inkişafı baxımından uşağın düzgün inkişafında bütün mərhələlərdən ən vacibi hesab olunur.
Erkən uşaqlıq dövrü inkişafının məqsədi bütün azyaşlı uşaqların, o cümlədən ən həssas qruplara daxil olan uşaqların öz inkişaf potensiallarına nail olmasıdır. Buna iki faktor vasitəsilə imkan yaradılır:
1) Doğuşdan məktəbə qəbul yaşına qədər bütün azyaşlı uşaqların onların inkişaf ehtiyaclarını qarşılayan yüksək keyfiyyətli sağlamlıq, qidalanma, müdafiə və erkən təhsil xidmətlərinə bərabər çıxış imkanına malik olması;
2) Valideynlərə və uşaqlara qayğı göstərən digər şəxslərə dəstəyin göstərilməsi və onların öz azyaşlı uşaqlarını məsuliyyətli qayğı və pozitiv valideyn tərbiyəsi ilə təmin etməsi.
Erkən uşaqlıq dövrü inkişafı nə üçün zəruridir?
Həyatın ilk illəri uşağın gələcəyinə - beyninin inkişafına, sağlamlığına, xoşbəxtliyinə, məktəbdə öyrənmə qabiliyyətinə, rifahına və hətta yetkinlik dövründə əldə edə biləcəyi gəlirin məbləğinə böyük təsir göstərir. Həyatın bu formalaşma mərhələsində körpənin beyni hər saniyə 1 milyondan artıq yeni əlaqə yaradır ki, bu temp də həyat boyu daha heç bir vaxt təkrarlanmır.
Erkən təhsil önəmlidir və məhz buna görə də düzgün qidalanma, stimullaşdırma və qayğı körpənin həyatının ilk 1000 günündə onun beyninin inkişafı üçün çox vacibdir.
Erkən uşaqlıq dövrü inkişafına sərmayə qoyduqda, uşaqlar, ailələr və ölkələr aşağıdakılardan bəhrələnir:
UNICEF-in 2019-cu il hesabatına əsasən, Azərbaycanda erkən uşaqlıq dövrü inkişafının hazırkı vəziyyətində pozitiv trendlər aşağıdakılardır:
Bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub:
“Bu məqsədlə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən alternativ modellərin tətbiqi nəzərdə tutulub. İcma əsaslı məktəbəqədər təhsil qrupları və qrant layihələr çərçivəsində yaradılan qısamüddətli təlim qrupları bunlara misaldır. “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı - Hazırda ölkəmizdə erkənyaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi təxminən 35%-dir. Pilot qrant proqramının həyata keçirilməsində əsas məqsəd məktəbəqədər təhsildən kənarda qalmış uşaqların məktəbəqədər təhsil xidmətləri ilə təmin edilməsi istiqamətində qrant vasitəsilə maliyyələşdirmə mexanizminin sınaqdan keçirilməsidir. 2017-ci ildə yaradılan “İcma Əsaslı Məktəbəqədər Təhsil” layihəsinin məqsədi 3-5 yaşlı uşaqların dörd inkişaf sahəsini (sosial-emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı inkişaf və fiziki inkişaf) əhatə edən bacarıqların artırılması, İcma əsaslı məktəbəqədər təhsil mərkəzləri və valideyn birliklərinin yaradılması, məktəblə birgə əməkdaşlıq nəticəsində ibtidai təhsilin keyfiyyətini artırmaqdan ibarətdir”.
Şöbə müdiri qeyd edib ki, hazırkı dövrədək icma əsaslı məktəbəqədər təhsil qrupları ölkənin 55 şəhər və rayonu üzrə ümumilikdə 16500 uşağı əhatə edib:
“Bu model Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 fevral tarixli 64 nömrəli Qərarı ilə tənzimlənir. Həmin layihə çərçivəsində bölgələrdə məktəb daxilində icma əsaslı uşaq təlim mərkəzləri yaradılıb. Davamlı peşəkar təlimlərə cəlb olunan tərbiyəçi-müəllimlər valideynlərlə birlikdə əməkdaşlıq edərək həm icma əsaslı məktəbəqədər təhsil qrupunda, həm də evdə uşaqlar üçün keyfiyyətli öyrənmə mühiti yaradıb. Valideynlər uşaqların kiçik yaşlarından başlayaraq inkişaf etməsində özlərinin vacib rolunun və bunun övladlarına müsbət təsirinin şahidi oldular.
Layihənin region və kəndlərdə qadınların işlə təmin olunması, icma mədəniyyətinin bərpa olunması və valideyn-məktəb arasındakı bağların bərpası və inkişafı kimi sosial təsirləri olub. Layihə çərçivəsində həyata keçirilən uğurlu fəaliyyətlərdən biri olan “ilk5il” portalı erkən yaş təhsili ilə bağlı Azərbaycan dilində maarifləndirici, öyrədici resurslara əlçatanlığı təmin etdi. İcma əsaslı məktəbəqədər təhsil qrupları indi də uğurla davam etdirilir və bu layihənin məktəbəqədər təhsilin forma və məzmun kontekstində effektliliyinin artırılmasında önəmli rol oynayır”.
UNICEF-in 2019-cu il hesabatına əsasən, Azərbaycanda erkən uşaqlıq dövrü inkişafı ilə bağlı əsas problemlər aşağıdakılardır:
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova hazırda bu istiqamətdə həyata keçirilən layihələrə də aydınlıq gətirib. Onun sözlərinə görə, erkən uşaqlıq inkişafı ilə bağlı bir neçə alternativ model və qrant layihə nəzərdə tutulub və həyata keçirilir:
“Qidalanma ilə bağlı pilot layihəmiz var. Bu layihəyə əsasən, bağçalarda uşaqların qidalanması ilə bağlı müvafiq normalar var. Bu normalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 saylı və 2012-ci il 3 avqust 171 nömrəli Qərarı ilə tənzimlənir. Ötən ildən etibarən paytaxtın Binəqədi, Nərimanov, Nizami və Səbail rayonlarında, eləcə də Mingəçevir, Gəncə, Bərdə, 2024-cü ilin yanvarından isə Yevlax, Tərtər, Ağcabədi və Bakının Yasamal, Nizami, Xətai və Sabunçu rayonlarında yerləşən 196 bağçada qidalanma ilə bağlı pilot layihə icra edilir. Qidalanma vahid bir menyuya uyğun şəkildə təşkil olunub. Ötən il həmin bağçalarda valideynlər və məktəbəqədər təhsil müəssisələrində çalışanlar arasında sorğu keçirilib. Sorğulardan əldə edilən nəticə müsbətdir. Növbəti illərdə layihənin əhatə dairəsinin genişləndiriləcəyi gözlənilir.
Digər model isə ailə tipli təlim qruplarıdır. Bu model Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 fevral tarixli 64 nömrəli Qərarı ilə tənzimlənir. Belə ki, Şəki, Zaqatala və Balakəndən, ümumilikdə 40 ailə seçilib və onlar üçün proqram və resurslar qutusu hazırlanıb. Ailə tipli təlim qrupları çoxuşaqlı ailənin yaşadığı evdə təşkil olunur. Ailə tipli təlim qruplarında təhsil prosesinin təşkili uşaqların intellektual, fiziki, mənəvi inkişafına xidmət edən bilik, bacarıq və vərdişlərin aşılanması üçün şərait yaradılmasını nəzərdə tutur. Burada təkcə uşaqlar deyil, həm də valideynlər öyrənirlər.
Qısamüddətli təlim qrupları modeli isə alternativ məktəbəqədər təhsil modellərindən biri bağçaların içərisində olan boş otaqların dəyərləndirilməsinə yönəlib. Bu model Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 fevral tarixli 64 nömrəli Qərarı ilə tənzimlənir. Bu model Şirvanda və Zaqatalada artıq tətbiq edilib. Bağçaların içərisində olan boş otaqların qısamüddətli təlim qruplarına tam gün bağçaya gələ bilməyən, lakin bağça yaşında olan uşaqlar cəlb edilir.
Digər tərəfdən, özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir. Qrant vasitəsilə təhsil haqqının bir hissəsinin maliyyələşdirilməsi valideynlərin maliyyə yükünü azaldaraq daha çox uşağın keyfiyyətli təhsil almasına şərait yaradacaq. Bununla da məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayının artması 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının məqsədlərinə nail olunmasını təmin edəcək”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova mövcud problemlər və onların həll yolları barədə fikirlərini bildirib:
“Azyaşlı uşaqların effektiv qidalanması problemi Elm və Təhsil Nazirliyinin müdaxilə edəcəyi bir məsələ deyil. Bir yaşına qədər olan dövrə nazirlik hər hansı bir müdaxilə edə bilmir. Ancaq bir yaşından sonrakı dövrdə bütün ölkə üçün vahid menyu üzrə qidalanma prosesi təşkil olunur. Həmin qidalanma ilə bağlı müvafiq qərarlara uyğun tərtib olunub. Bu sistem əsasında Azərbaycanın bölgələrində və müəyyən ərazilərində xüsusi qida çatdırma prosesi təşkil olunub. Ancaq bağçaların daxilində yeməklərin vahid menyu üzrə bişirilməsi daha məqsədəuyğun olar.
Qidalanma dünya təcrübəsinə baxsaq, əslində bütün bağçalarda hazır qidanın və vahid, yaxud da xüsusi qidalanma menyusunun olmasını çox da görməyəcəyik. Bu yalnız postsovet ölkələrində olan bir şeydir və fərqli ölkələrdə fərqli yanaşmalar var. Məsələn, elə ölkələr var ki, ümumiyyətlə qida porsionları bağça tərəfindən yox, evdən valideynlər tərəfindən qoyulur və uşaqlar həmin qidalarla qidalandırılır”.
Onun sözlərinə görə, məktəbəqədər təhsil standartlarında fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik ilkin inkişaf sahəsidir:
“Hansı ki, bu inkişaf sahəsində biz ümumi olaraq uşaqların fiziki inkişafını tənzimləyən standartlar vermişik və həmin standartlar üzrə məşğələlərin təşkili təminatı verilmişdi. Düşünürəm ki, məktəbəqədər təhsil müəssisələri xüsusi bir prosedur apara bilərlər. Müəyyən ölkələrdə hovuzların olması və yaxud da əlavə uşaq trenajorlarının, videoterapiyaların olması təcrübəsi var. Bizim bağçalarda belə bir tələbnamə yoxdur. Çox az sayda dövlət bağçaları və bir neçə özəl bağçalarda hovuzlar var. Ümumi olaraq fiziki mədəniyyət məşğələsi keçirilir”.
X.Həmidova ailə və valideynlik təhsili ilə bağlı məsələyə də aydınlıq gətirib. Bildirib ki, ölkəmizdə hər hansı bir valideynlik təhsili yoxdur:
“Bununla bağlı hər hansı bir təlimlərin keçirilməsi, görüşlərin təşkil edilməsi və maarifləndirmə işlərinin aparılması, roliklərin çəkilməsi kimi işlər görülür. Təcrübəsini öyrəndiyim hər hansı bir ölkədə elə bir mexanizm görməmişəm ki, bütün valideynləri idarə edə bilsinlər və bunu hər hansı bir formada eləsinlər”.
O qeyd edib ki, erkən uşaqlıq təhsilinin inkişafı ilə bağlı elmi- tədqiqatların və məlumatların məhdudluğu ilə bağlı kompleks siyasət, strategiya və fəaliyyət planı yoxdur:
“Sadəcə müxtəlif qurumlar bir sıra proqramlar işləyir, bununla bağlı tədqiqatlar aparılır. Elm və Təhsil Nazirliyi, müxtəlif universitetlər, təhsil institutları müxtəlif tədqiqatlar aparır. Ancaq bu yetərli deyil. Çünki hazırkı vəziyyət konkret olaraq araşdırılmayıb. Çünki Azərbaycan vahid təhsil proqramı üzrə işləyən bir ölkədir. Bu mənada əlavə proqramların tətbiqi idarəetmə sisteminin itirilməsinə gətirib çıxara bilər. Əlavə proqramların tətbiqinə bizim müəllimlərimiz hazır deyil, bunun üçün müəllimlər, bağça müdirləri və bu prosesdə iştirak edən tərəflər tam olaraq maarifləndirilməlidir. Bundan sonra biz proqramlara alternativlər təklif edə bilərik, fərqli proqramları geniş formatda ortaya çıxara bilərik”.
Beləliklə, Azərbaycanda erkən uşaqlıq təhsilinin mövcud vəziyyətini, problemlərini və nailiyyətlərini qısa şəkildə təsvir etsək, gəlinən nəticələri aşağıdakı kimi qeyd edə bilərik:
Nailiyyətlər:
Problemlər:
Həll yolları:
Ümumilikdə nəticələr göstərir ki, erkən uşaqlıq təhsili Azərbaycanda mühüm əhəmiyyət kəsb edir və bu sahədəki problemlərin həlli üçün davamlı səylər göstərilir. |
|
31.07.2024 | 10:35 | |
|
|
|